“Bugünlərdə Azərbaycan daha bir mötəbər beynəlxalq idman yarışına ev sahibliyi edir. Söhbət cüdo üzrə dünya çempionatından gedir. Tədbirin oktyabrın 5-də Bakıda, Milli Gimnastika Arenasında keçirilən açılış mərasimində Prezident İlham Əliyevin iştirak etməsi dövlətimizin idman sahəsinə və onun inkişafına göstərdiyi xüsusi diqqətin nümunəsidir”.
Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Onun sözlərinə görə, beynəlxalq miqyasda böyük populyarlığa malik cüdo üzrə növbəti dünya çempionatına ev sahibliyi hüququnun Azərbaycana verilməsi təsadüfi deyil. Bu, beynəlxalq idman ictimaiyyətinin ölkəmizə artan inamının əyani göstəricisidir. Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev daim qlobal həmrəylik təşəbbüslərindən çıxış edir ki, bu da dünyada böyük təqdirlə qarşılanır. Bundan başqa, ölkəmizin müsbət reallıqları – uzunmüddətli sabitlik, cəmiyyətdəki tolerantlıq, güclü iqtisadi potensial beynəlxalq idman ictimaiyyətinin Azərbaycana artan inamını şərtləndirən amillər sırasında yer alır. İndiyədək respublikamız Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, III MDB Oyunlarına böyük uğurla ev sahibliyi etməklə bu sahədə yaxşı təcrübə qazanıb. Ötən il ölkəmizdə həmçinin ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirilib.
“Ölkəmizdə ənənəvi olaraq keçirilən Formula 1 yarışı bu il də Bakının ev sahibliyi ilə uğurla baş tutdu. Hazırda isə Azərbaycanda ilk dəfə keçiriləcək 15 yaşadək oğlan futbolçular arasında (FIFA U-15) dünya çempionatına və festivalına, həmçinin 2027-ci ildə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatına (FIFA U-20 World Cup) hazırlıq işləri yüksək səviyyədə davam etdirilir. Bütün bunlar Azərbaycanın beynəlxalq idman ictimaiyyəti ilə sıx əməkdaşlığının və ölkəmizin töhfələrinin dünyada yüksək dəyərləndilməsinin göstəricisidir” – deyən deputat əlavə edib ki, cənab İlham Əliyevin ilk dəfə 1997-ci il 31 iyul tarixində Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsi ilə idmanın inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb. Onun milli təəssübkeşliyi, idmançılara böyük qayğı ilə yanaşması, klubların, federasiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, bütövlükdə ölkənin idman həyatında yüksəliş dalğası yaradıb. Ötən dövrdə paytaxt Bakıda və regionlarda beynəlxalq standartlara cavab verən müasir idman infrastrukturu qurulub. Hazırda ölkəmiz idman infrastrukturu təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır. Təkcə belə bir faktı qeyd edək ki, son 22 ildə Bakıda və regionlarda 50-dək müasir Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib.
“Öz növbəsində geniş əhatə dairəsinə malik olan dövlət qayğısı ölkəmizdə idmanın inkişafına və bunun nəticəsi olaraq idmançılarımızın yüksək nəticələr qazanmalarına güclü stimul verir. Qürurverici haldır ki, idmançılarımızın mötəbər beynəlxalq yarışlarda qazandıqları medalların sayı ilbəil artır” – deyə, deputat bildirib.
“Azərbaycan”