Ölkəmiz bu böhrana qarşı mübarizədə prinsipial mövqeyi və əməli dəstəyi ilə fərqlənir
Azərbaycan iqlim dəyişmələrinə qarşı qlobal mübarizənin intensivləşdiyi dövrdə prinsipial və məqsədyönlü siyasəti ilə bu istiqamətdə praktiki addımlar atdığını dünyaya nümayiş etdirir. Ölkəmizin 2024-cü ilin noyabr ayında evsahibliyi etdiyi COP29 konfransı Azərbaycanın iqlim gündəliyindəki aparıcı mövqeyini daha da möhkəmləndirib.
Prezident İlham Əliyevin 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına ünvanladığı müraciət də məhz bu ardıcıl siyasətin və məsuliyyət prinsiplərinə sadiqliyin təzahürüdür. Dövlətimizin başçısının müraciətində vurğulanan məqamlar bir daha göstərir ki, mürəkkəb çağırışlar fonunda Azərbaycan iqlim fəaliyyətinin təxirəsalınmazlığını beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırır. Prezident İlham Əliyev müraciətində COP29-a uğurla evsahibliyi etmiş ölkə olaraq Azərbaycanın davamlılığın təmin edilməsinə və qlobal iqlim gündəliyinin irəlilədilməsinə sarsılmaz sadiqliyini vurğulamaqla yanaşı, iqlim fəaliyyətinin mahiyyətinə dair mühüm bir reallığı xatırladıb: “COP tədbiri ilə bağlı təcrübəmiz iqlim fəaliyyətinin nə təxirə salına, nə də təcrid olunmuş şəkildə həyata keçiriləcəyini bir daha təsdiqlədi”. Bu fikirlər göstərir ki, iqlim dəyişikliklərinə qarşı mübarizə yalnız ayrı-ayrı dövlətlərin lokal addımları ilə məhdudlaşa bilməz. Burada hərtərəfli və sıx əməkdaşlıq, qlobal güclərin vahid platformada birləşməsi xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanın iqlim diplomatiyasında xüsusi yer tutan məqamlardan biri qlobal iqlim böhranının ağır nəticələri ilə üzləşən, lakin səsi beynəlxalq kürsülərdə kifayət qədər eşidilməyən ölkələrin müdafiəçisi rolunda çıxış etməsidir. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan bu ölkələrin səslərinin sadəcə eşidilməsini deyil, fəal şəkildə qlobal iqlim siyasətinə töhfə vermələrini də dəstəkləyir: “İnkişaf etməkdə olan kiçik ada dövlətlərini müdafiə etmək ümumi məsuliyyətimiz olmaqla yanaşı, heç bir dövlətin diqqətdən kənarda qalmamasını təmin etmək uğrunda yönəlmiş mənəvi borcumuzdur”. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlərdə hər zaman ədaləti və humanist dəyərləri rəhbər tutduğunu bir daha sübut edir.
Ölkəmiz xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi ekoloji, sosial və iqtisadi çətinlikləri daim diqqət mərkəzində saxlayır, onların problemlərinin aradan qaldırılması üçün əməli addımlar atır. Bakının təşəbbüsü ilə COP29 ərəfəsində və tədbirin gedişində atılan addımlar bu əməkdaşlığı keyfiyyətcə yeni müstəviyə qaldırıb. Dövlətimizin başçısı müraciətində bu mühüm tarixi mərhələyə diqqət çəkib: “COP29-dan əvvəl Baham adaları, Tonqa və Tuvalu liderləri Azərbaycanda bir araya gəldilər. Bu səfər inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarını vurğulayan və daha güclü qlobal iqlim tədbirlərinə çağırış edən Bakı Kommünikesinin qəbul edilməsi ilə nəticələndi”.
Bununla yanaşı, COP29 çərçivəsində təşkil edilən sammitlər və zirvə görüşləri ada dövlətlərinin haqq səsini dünya ictimaiyyətinə çatdırmaqda misilsiz rol oynadı. Prezident İlham Əliyev bu prosesin əhəmiyyətini belə ifadə edib: “COP29 inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə münasibətlərimizdə yeni bir mərhələnin əsasını qoydu. 2024-cü ildə Bakıda COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin İqlim Dəyişmələri üzrə Liderlər Sammiti həmin dövlətlərin üzləşdiyi çağırışlar barədə məlumatlılığı artırmaq üçün mühüm platforma rolunu oynadı”. Dövlətimizin başçısının da vurğuladığı kimi bu formatlar sadəcə müzakirə meydançası olmaqla qalmayıb, həm də ada ölkələrinin ekoloji fəlakətlər qarşısında tək olmadığını göstərən mühüm həmrəylik rəmzinə çevrildi.
Azərbaycanın kiçik ada dövlətlərinə göstərdiyi dəstək yalnız siyasi bəyanatlarla və diplomatik təşəbbüslərlə bitmir, eyni zamanda real maddi, texniki və humanitar yardımları əhatə edir. Ölkəmiz təbii fəlakətlərdən əziyyət çəkən regionlara, su təchizatı, ərzaq təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə birbaşa töhfə verir. Eyni zamanda, humanitar kapitalın inkişafı və kadr hazırlığı istiqamətində ardıcıl addımlar atılır.
Təhsil sahəsindəki bu dəstəklə yanaşı, Azərbaycanın ayırdığı maliyyə resursları ada dövlətlərinin iqlim dəyişmələrinə qarşı müqavimətini artırmağa xidmət edir. Dövlətimiz bu ölkələrdə iqlim dəyişmələri ilə mübarizə sahəsində layihələri dəstəkləmək üçün 5 il müddətində 10 milyon ABŞ dolları məbləğində yardım göstərir. Bu addım Azərbaycanın kiçik ada dövlətlərinə qol-qanad olmaq, onların ekoloji dayanıqlılığını təmin etmək niyyətinin nə dərəcədə səmimi və uzunmüddətli strategiyaya söykəndiyini aydın göstərir.
Coğrafi baxımdan minlərlə kilometr məsafədə yerləşməsinə baxmayaraq, ortaq hədəflər və bəşəri məsuliyyət Azərbaycanı bu dövlətlərlə sıx bağlayır. İqlim böhranının yaratdığı fəsadlar qarşısında qlobal həmrəylik nümayiş etdirmək bəşəriyyətin gələcəyi üçün yeganə doğru yoldur. Dövlətimizin başçısı müraciətinin yekununda bu sarsılmaz iradəni növbəti dəfə bəyan edib: “Biz həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olmuşuq və dayanıqlı inkişafa nail olmaq, iqlim dəyişmələri ilə mübarizə aparmaq səylərində onları dəstəkləməyə davam edəcəyik”.
Yekun olaraq deyə bilərik ki, Azərbaycanın COP təcrübəsi və iqlim diplomatiyası sahəsində ortaya qoyduğu model yalnız milli maraqlara deyil, bütün bəşəriyyətin, xüsusən də ən həssas regionların əmin-amanlığına xidmət edir. Pre-COP Liderlər Tədbirinə ünvanlanan bu müraciət Azərbaycanın qlobal iqlim ədalətinin bərqərar olunmasında, kiçik ada dövlətlərinin haqq səsini ucaltmasında və gələcək nəsillər üçün daha təhlükəsiz dünya qurulmasında ön sıralarda addımlamağa davam edəcəyini bir daha təsdiqləyir.
İsmayıl QOCAYEV,
“Azərbaycan”