"Meta" şirkəti, "Instagram"da "Snapchat" tipli yeni funksiyanı istifadəyə verdikdən sonra Böyük Britaniyanın rəqəmsal təhlükəsizlik qanunlarını potensial şəkildə pozması səbəbindən araşdırmaya cəlb edilib.
Rabitə sahəsində tənzimləyici qurum olan "Ofcom" bazar dəyəri 1,9 trilyon dollar olan şirkətin "Instagram Instants" məhsulunun qanunsuz məzmun nümayiş etdirə biləcəyi və ya uşaqların ona çıxış əldə edə biləcəyi ilə bağlı lazımi yoxlamaları həyata keçirməməklə "Onlayn Təhlükəsizlik Aktı"nı pozub-pozmadığını araşdırır.
Qeyd olunub ki, sosial media şirkətləri xidmətlərinin dizaynında və ya əməliyyatında əhəmiyyətli dəyişikliklər etməzdən əvvəl risk qiymətləndirmələri aparmalıdırlar. "Onlayn Təhlükəsizlik Aktı"nın pozulması rəsmi xəbərdarlıqdan tutmuş, qlobal gəlirin 10%-ə qədər cəriməyə cəlb olunmasını əhatə edə bilər.
Ofcom-un icraçı direktoru Corc Lusti risk qiymətləndirmələrinin texnologiya platformalarının istifadəçilərinin təhlükəsizliyini təmin etmək baxımından vacib bir addım olduğunu deyib. "Yeni bir avtomobili düzgün sınaqdan keçirmədən işə sala bilməzsiniz və onlayn xidmətlər üçün də bu, eynidir", - deyə o bildirib.
“Meta”nın sözçüsü isə deyib ki, bu funksiyanı istifadəyə verməzdən əvvəl "Instants" ilə bağlı risk təhlili aparıb. Qeyd olunub ki, funksiya mesajların başqasına ötürülməsinin qarşısının alınması kimi müdafiə tədbirlərini ehtiva edir,həmçinin “Instagram”, “Facebook” və “Messenger”də 18 yaşdan aşağı olan şəxslər üçün standart rejim olan yeniyetmə hesabları parametrlərindəki bütün təhlükəsizlik tədbirlərini özündə birləşdirir.
Bununla belə araşdırma zamanı “Ofcom” ilə əməkdaşlıq edəcəklərini vurğulayıb.
Qeyd edək ki, “Instagram”ın "Instants" funksiyası istifadəçilərə baxıldıqdan sonra yox olan şəkilləri göndərməyə imkan verir.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”