Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni birləşmələrinə qarşı aparılan lokal xarakterli antiterror tədbirləri separatçıların ağ bayraq qaldırması ilə başa çatmışdır.
Son aylar Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan hərbçilərinin və mülki adamların müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərində əlavə olaraq yaratdıqları mühəndis-kommunikasiya işlərinin təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdu.
Xəbərdarlıqlara baxmayaraq, ermənilərin döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirərək bölmələrini yüksək döyüşə hazırolma səviyyəsinə gətirməklə günaşırı Qarabağ ərazisində terror aktı törətmələri bütün dünya ictimaiyyətinə məlumdur. Müdafiə Nazirliyinin açıqlamalarından da göründüyü kimi, ermənilərin Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməlləri aparılan müşahidələrdə də öz təsdiqini tapır. Yuxarıda qeyd etdiyimiz kimi, bütün bunların nəticəsində Azərbaycan Ordusu Qarabağ bölgəsində çoxdan gözlənilən lokal xarakterli antiterror tədbirləri keçirmişdir.
Qərbi Azərbaycan İcması erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktını kəskin şəkildə pisləyib.
İcma yaydığı açıqlamada Əhmədbəyli-Füzuli- Şuşa yolunda və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilmiş terror aktlarını hərbi cinayət adlandırıb.
"Hesab edirik ki, terror aktlarının törədilməsi üçün azad edilmiş ərazilərimizdə çəkilən yolların seçilməsi heç də təsadüfi deyildir. Bu, əvvəlcədən planlaşdırılmış, azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin, keçmiş məcburi köçkünlərin qayıdışının qarşısının alınmasına, qorxu və ruh düşkünlüyünün yaradılmasına hesablanmış xain bir addımdır.
Görünən odur ki, Ermənistan son aylar Azərbaycana qarşı başlatdığı diplomatik və informasiya müharibəsini artıq hərbi müstəviyə keçirir. Ermənistan nəinki bizim öz dədə-baba yurdlarımıza qayıdışımızla əlaqədar Qərbi Azərbaycan İcması ilə dialoq aparmaq niyyətindədir, əksinə, Azərbaycana qarşı ərazi iddiasını "Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məqsədilə beynəlxalq mexanizmin təsis olunması" adı altında davam etdirir", - deyə icmanın açıqlamasında bildirilir.
Qərbi Azərbaycan İcması bölgədə erməni separatçı terrorçu qruplaşmalara qarşı lokal xarakterli antiterror tədbirlərinə başlanılan zaman Argentina Prezidenti Alberto Fernandesin BMT Baş Assambleyasında anti-Azərbaycan açıqlamasını qətiyyətlə rədd edib.
İcmanın bu barədə yaydığı bəyanatda deyilir ki, Argentina Prezidentinin ölkəsinin ağır sosial-iqtisadi məsələlərini, yoxsulluq, korrupsiya kimi problemlərini həll etmək əvəzinə özünə aid olmayan məsələlərə, həm də diletant münasibət bildirdiyi qeyd olunur. "Hiss olunur ki, onun beynəlxalq münasibətlər, beynəlxalq hüquq, coğrafiya barədə bilikləri çox səthidir. "Azərbaycanı Dağlıq Qarabağı nəzarətə götürmək"də ittiham etmək Argentinanı Mendoza əyalətini nəzarətə götürməkdə ittiham etmək kimi bir şeydir.
Azərbaycanı "etnik, dini, irqi təqibdə" ittiham edən Alberto Fernandesə Argentinada XIX əsrdə köklü tayfaların məhv edildiyini xatırladır və diqqəti bu məsələlərə yönəltməyə çağırırıq".
Açıqlamada xüsusi olaraq vurğulanır: "Bu qanlı cinayəti, Ermənistanın Azərbaycana qarşı təcavüzünü mina terroru formasında davam etdirməsi kimi dəyərləndiririk. Terror aktları bir daha göstərir ki, Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazisindən çıxarılmalı, qanunsuz erməni silahlı dəstələri tərk-silah olunmalı və xunta rejimi ləğv edilməlidir".
İcmanın Avropa Şurasının bəzi rəsmilərinə müraciətində isə bildirilir: "Biz Qərbi Azərbaycan İcması olaraq Avropa Şurasının bəzi rəsmilərinin Azərbaycanın Qarabağ regionunda həyata keçirdiyi antiterror tədbirləri ilə əlaqədar verdikləri qərəzli bəyanatları qınayırıq. Çünki terror təhdidlərini dəf etmək və Konstitusiya quruluşunu bərqərar etməklə öz ərazisi daxilində tədbirlər həyata keçirmək Azərbaycanın suveren hüququdur".
Daha sonra bildirilir: "Ermənistandan azərbaycanlıların qovulmasına, Ermənistanın Azərbaycan ərazilərini işğal edib oranı viran qoymasına, bir milyona yaxın azərbaycanlını oradan didərgin salmasına göz yuman, Azərbaycanın təkidli müraciətlərinə cavab olaraq, Avropa Şurasının bu məsələ ilə məşğul olmadığını bildirənlər indi nədənsə Azərbaycanın qanuni tədbirləri ilə bağlı narahat olmağa başlayıblar.
Biz Avropa Şurasını Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə və Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına dəstək verməyə çağırırıq".
Qərbi Azərbaycan İcması digər məlumatında Qarabağda separatçılara qarşı lokal xarakterli antiterror tədbirlərinin aparılmasına qeyri-obyektiv münasibət bildirən almaniyalı nazirin qərəzli açıqlamasını davamlı sülhün bərqərar edilməsinə əngəl törədən amil hesab etməklə, Almaniya Fedarativ Respublikasının xarici işlər naziri Annalena Berbokun qərəzli mövqeyini qətiyyətlə pisləyib.
İcma bildirib ki, Almaniya xarici işlər naziri ermənilər tərəfindən törədilmiş mina terror aktını pisləməli, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycanın suveren ərazilərindən çıxarılmasına, qanunsuz erməni silahlı dəstələrinin tərk-silah olunmasına, oyuncaq xunta rejiminin ləğv edilməsinə çalışmalı idi.
"Bundan əlavə, xatırladırıq ki, Almaniya Ermənistandan azərbaycanlıların total etnik təmizləməyə məruz qalmasına və Ermənistan hökumətinin onların geri qayıtmasına imkan verməməsinə hələ də münasibət bildirməyib.
Nazir Berbokun məsələlərə dini və etnik təəssübkeşlik prizmasından baxması yanlışdır, davamlı sülhün və insan hüquqlarına hörmətin bərqərar edilməsinə əngəl törədir", - deyə İcmanın məlumatında vurğulanıb.
Rəhman SALMANLI,
"Azərbaycan"