Azərbaycan mətbuatı tarixboyu təqiblərə, senzuralara və maddi çətinliklərə sinə gərərək xalqının səsini ucaldan bötük fədailər yetişdirmişdir. Onlar mətbuatı, sadəcə, bir peşə deyil, millətin varlıq və azadlıq mübarizəsi üçün müqəddəs bir tribuna hesab edirdilər.
XX əsrin əvvəllərində Azərbaycan mətbuatı məhz belə bir missiyanı üzərinə götürmüşdü, o, Şərqdə ilk demokratik respublikanın qurulmasında, milli intibahın və maarifçiliyin dalğalanmasında əvəzsiz rol oynamışdı. Lakin 1920-ci ilin aprel işğalından sonra kök salan sovet totalitarizmi azad sözün nə qədər təhlükəli olduğunu çox yaxşı anlayırdı. Məhz bu səbəbdən sovet totalitar rejimi öz ideoloji imperiyasını qurarkən ilk növbədə cəmiyyətin beynini idarə edən ziyalıları hədəfə aldı. "Xalq düşməni", "pantürkist" damğası ilə susdurulan bu qələmlər, əslində, millətin həqiqət səsi idi. Təsadüfi deyil ki, 37-nin Stalin repressiyaları dövründə sovet ideoloji maşını cəmiyyətin beynini tamamilə idarə etmək, insanları kütləvi qorxu psixologiyası içərisində saxlamaq üçün ilk amansız zərbəni məhz mətbuat xadimlərinə, publisistlərə və jurnalistlərə vurdu. Saxta və uydurma ittihamlarla hədəf seçilən bu şəxslər millətin qorunub saxlanmalı olan tarixi yaddaşı idilər. Qırmızı terrorun qara siyahısına salınan onlarca qələm fədaisi bir-birinin ardınca susdurulur, redaksiyalar isə bir gecədə totalitar rejimin təbliğat ruporuna çevrilirdi. Bu, təkcə fərdlərin deyil, bütöv bir milli publisistika məktəbinin, bədii-fəlsəfi təfəkkürün məhv edilməsi prosesi idi.
1930-cu illərin Qırmızı terroru - buna ideoloji qırğın deyirlər - milli terminlərin qadağası, sifarişli qəzet məqalələri, qorxulu senzurun hökmranlığı, digər tərəfdən fiziki məhvolmalar - NKVD zindanlarında edamlar, Sibirə və Qazaxıstana sürgünlər, elmi və publisistik irsin yox edilməsi, yandırılması SSRİ adlı bütün imperiyanı bürümüşdü.
"Təmizləmə" dalğası
1930-cu illərin ortalarında Azərbaycanın mətbuat orqanlarında dəhşətli bir "təmizləmə" dalğası başladı. Aparıcı mətbuat vasitələri hər gün öz səhifələrində redaktorların, aparıcı müxbirlərin "ifşa olunması" xəbərlərini dərc etməyə məcbur qalırdı. Rejim jurnalistləri elə bir psixoloji tələyə salmışdı ki, sağ qalmaq üçün bir çoxu öz həmkarlarının əleyhinə ifadələr verməyə, yazılar yazmağa məcbur olurdular. Lakin totalitar maşının iştahası qapanmırdı, bu gün həmkarını ittiham edən jurnalist sabah tezdən özü NKVD-nin "qara maşın"ında (çornıy voron) zindana aparılırdı. Redaksiyalar sərbəst yaradıcılıq və müzakirə məkanı olmaqdan çıxıb qorxu, şübhə və xof yuvasına çevrilmişdi. Hər bir müxbir, korrektor, hər bir redaktor buraxdığı tək bir hərf səhvinə görə "təxribatçı" elan edilərək güllələnə biləcəyini aydın başa düşürdü. Bununla da Azərbaycan jurnalistikasının və publisistikasının ən parlaq simaları NKVD-nin (Xalq Daxili İşlər Komissarlığı) qaranlıq zirzəmilərinə sürüklənirdilər.
"Molla Nəsrəddin" jurnalının yaradıcılarından və əsas sütunlarından biri, görkəmli publisist Ömər Faiq Nemanzadə 1937-ci ildə cəmiyyətdən təcrid olunaraq həbs edilmiş və cəmi 3 ay sonra - oktyabr ayında mühakimə edilmədən güllələnmişdir. Əhməd Cavad yalnız istiqlal şairi deyildi, həm də "Azərbaycan", "Dalğa" qəzetlərinin fəal publisisti idi. Bu böyük şəxsiyyət millətçilik ittihamı ilə 1937-ci ildə güllələnmişdi. "Yeni iqbal", "Bəsirət" qəzetlərinin redaktoru və Azərbaycan mətbuatında publisistik janrın ustadı olan yazıçı Seyid Hüseyn sovet senzurasına baş əymədiyi üçün 1938-ci ildə edam edilmişdi. Azərbaycan mətbuat tarixinin, qədim əlyazmaların ilk peşəkar araşdırmaçısı və publisisti olan fədakar alim Salman Mümtaz topladığı misilsiz arxivlə birgə məhv edilmiş, 1941-ci ildə Rusiyadakı Oryol həbsxanasında güllələnmişdi. Cümhuriyyət dövrü mətbuatında milli maraqları qoruyan kəskin analitik yazıların müəllifi Yusif Vəzir Çəmənzəminli uzun təqiblərdən sonra Qorki vilayətindəki düşərgəyə göndərilmiş və 1943-cü ildə orada ağır şəraitdə vəfat etmişdi. "Maarif və mədəniyyət" jurnalının redaktoru, xalq maarifinin inkişafında böyük xidmətləri olan yazıçı-publisist Tağı Şahbazi Simurğ mətbuatda gənclərin milli ruhda tərbiyə olunmasını müdafiə etdiyi üçün 1937-ci ildə sovet cəza maşınının qurbanı olmuşdu. Xəlil İbrahim 1938-ci ildə "əks-inqilabçı" kimi güllələnmişdi. Bəkir Çobanzadə latın qrafikalı əlifbaya keçid mətbuatını idarə etdiyi dövrdə "pantürkizm" ittihamı ilə 1937-ci ildə edam hökmü almışdı. "Rəhbər", "Məktəb" dərgilərinin fəal yazarı, pedaqoji mətbuatın rəhbərlərindən biri Qulam Bağırov 1938-ci ildə Qırmızı terrorun qurbanı olmuşdu. Əli Nazim (Mahmudov) 1937-ci ildə həbs edilərək güllələnmişdi. Hənəfi Zeynallı 1937-ci ildə xalq düşməni elan edilərək ölüm hökmü verilmişdi. Tərcüməçi, publisist, Bakı qazısı və dini-ictimai mətbuatın fəal yazarı Mir Cəfər Mir Məhəmməd Kərim 1938-ci il martın 2-də NKVD üçlüyünün qərarı ilə güllələnmişdir. Azərbaycan mətbuat tarixinin və ozan sənətinin ilk araşdırmaçılarından biri, mühacirət mətbuatı ilə gizli əlaqədə ittiham olunan publisist Əmin Abidin taleyi də belə olmuşdu. Vəli Xuluflu isə 1937-ci ildə repressiya edilmişdi. "Maarif işçisi" jurnalının redaktoru, dövlət xadimi və tənqidçi Mustafa Quliyev 1938-ci ildə sovet cəza maşını tərəfindən ölüm hökmünə məruz qalmışdı.
Repressiya dalğası təkcə ölkə daxilindəki mətbuat xadimlərini hədəfə almırdı, həm də Azərbaycan jurnalistikasını iki yerə bölmüşdü: vətəndə qalanlar və güllələnənlər ilə mühacirətə gedib azad sözü yaşadanlar. Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli kimi nəhəng mətbuat fədailəri sovet işğalından sonra xaricə - Türkiyəyə, Fransaya, Almaniyaya mühacirət etmək məcburiyyətində qalmışdılar. Onlar mühacirətdə "İstiqlal", "Qurtuluş", "Azərbaycan" kimi qəzet və jurnallar nəşr edərək sovet rejiminin törətdiyi qırğınları, mətbuatın boğulmasını beynəlxalq müstəvidə ifşa edirdilər. Lakin onların vətəndə qalan qohumları, redaksiya dostları sovet xüsusi xidmət orqanları tərəfindən amansızcasına cəzalandırılır, ailələri Qazaxıstanın qum düzlərinə ("Vətən xainlərinin xanımları üçün Akmola düşərgəsi" - ALJİR) sürgün edilirdi.
Həmin dövrdə qəzet səhifələrindən milli ruhlu bütün ifadələr, tarixi faktlar tər-təmiz silinirdi. Jurnalistika sahəsi sərbəst yaradıcılıq məkanı olmaqdan çıxıb partiya plenumlarının qərarlarını kor-koranə tirajlayan bir mexanizmə çevrilirdi. Hər bir jurnalist iş masasının arxasında əyləşərkən yazdığı tək bir cümləyə, hətta buraxılan tək bir səhvə görə gecə evindən aparıla biləcəyi qorxusunu yaşayırdı.
Totalitar sovet rejimi düşünürdü ki, qələm sahiblərini fiziki olaraq yox etməklə onların yaratdığı milli təfəkkürü və mətbuat ənənəsini birdəfəlik yaddaşlardan silə biləcək. Lakin zaman ən böyük və ədalətli hakimdir. SSRİ-nin qurulmasından onilliklər keçdi, o nəhəng imperiya və onun qanlı ideologiyası tarixə gömüldü. Bu gün müstəqil Azərbaycan dövlətində həmin o repressiya qurbanı olmuş mətbuat xadimlərinin adları fəxrlə anılır, vaxtilə yandırılan, qadağan edilən məqalələri və kitabları yenidən nəşr olunaraq gənc nəslə ötürülür. Azad söz uğrunda canından keçən Salman Mümtazların, Əhməd Cavadların, Seyid Hüseynlərin qanı bahasına qorunan prinsiplər bu gün müstəqil və azad Azərbaycan jurnalistikasının ən möhkəm təməl daşını təşkil edir.
Gecikmiş təsəlli
Stalinin ölümündən və onun şəxsiyyətinə pərəstişin ifşa olunmasından sonra - 1950-ci illərin ortalarında sovet hüquq sistemi özü ziyalılara qarşı verilən ittihamların tamamilə saxta olduğunu etiraf etməyə məcbur oldu. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının bəraət (reabilitasiya) sənədlərində qeyd olunurdu: "Əhməd Cavad Axundzadə, Salman Mümtaz Əsgərov və digərlərinin işi üzrə aparılmış təkrar yoxlama göstərir ki, onlara qarşı irəli sürülmüş əks-inqilabi fəaliyyət və xəyanət ittihamları tamamilə əsassızdır. İstintaq materialları saxtalaşdırılmış, müttəhimlərin ifadələri qanunsuz üsullarla alınmışdır. Cinayət tərkibi olmadığı üçün hökm ləğv edilir və onlara ölümündən sonra tam bəraət verilir" (SSRİ Ali Məhkəməsinin Bəraət Qərarından (1955-1956-cı illər). Bu sənədlər gecikmiş bir təsəlli olsa da, tarixin ən böyük hökmü idi. Lakin zaman sübut etdi ki, imperiyalar keçicidir, azad söz isə əbədidir.
Fədakarlıq təkcə keçmişdə qalmayıb. Yaxın tariximizdə də həyatı bahasına həqiqətləri tarixə köçürən qəhrəmanlarımız var: Qarabağ müharibəsinin ilk illərində qaynar nöqtələrdən reportajlar hazırlayan, Xocalı faciəsini dünyaya çatdıran və 1991-ci ildə Qarakənd üzərində helikopterin vurulması nəticəsində şəhid olan telejurnalist Alı Mustafayev, Xocalı soyqırımının dəhşətlərini dünyaya nümayiş etdirən yeganə video-görüntüləri canı bahasına lentə almış, 1992-ci ildə cəbhədə reportaj apararkən şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev, "Molodyoj Azerbaydjana" qəzetinin müxbiri kimi Qarabağda ermənipərəst qüvvələrin törətdiyi vəhşilikləri yazarkən 1991-ci ildə Laçın-Şuşa yolunda pusquya salınaraq qətlə yetirilən ilk şəhid qadın jurnalistimiz Salatın Əsgərova, 2020-ci il Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdəki erməni vandalizmini lentə alarkən 2021-ci ildə Kəlbəcərdə tank əleyhinə minaya düşərək şəhid olan Məhərrəm İbrahimov (AZƏRTAC) və Sirac Abışov (AzTV). Uzadılması mümkün olan bu xronologiya sübut edir ki, Azərbaycanda fədakar jurnalistika, sadəcə, bir peşə deyil, vətəndaşlıq və şərəf missiyasıdır.
İradə ƏLİYEVA,
"Azərbaycan"