XX əsrin sonlarında Azərbaycan tarixinin ən ağır və taleyüklü dövrünü yaşayırdı. Dövlət idarəçiliyində dərin böhran hökm sürür, Ermənistanın hərbi təcavüzü genişlənir, Qarabağda qan tökülür və beləliklə, ölkə getdikcə idarəolunmaz vəziyyətə sürüklənirdi. Naxçıvan tam blokada şəraitində yaşayır, sərhəd kəndləri mütəmadi olaraq erməni quldurlarının hücumlarına məruz qalır, muxtar respublikanın iqtisadi və sosial həyatı iflic vəziyyətinə düşürdü. Belə bir şəraitdə xalqın sabaha olan inamı sarsılmışdı. Heydər Əliyevin məhz bu ağır dövrdə - 1990-cı il iyulun 20-də Moskvadan Bakıya gəlməsi, iyulun 22-də isə Naxçıvana getməsi təkcə böyük dövlət xadiminin doğma yurda dönüşü deyildi, Azərbaycan dövlətçiliyinin xilasına aparan yolun başlanğıcı oldu.
Sonralar Heydər Əliyev həmin günləri xatırlayaraq deyirdi ki, Naxçıvan onu böyük məhəbbətlə qarşıladı və xalqın bu səmimiyyəti son illərin bütün çətinliklərini ona unutdurdu. Bu fikirlər yalnız şəxsi duyğuların ifadəsindən çox xalqla lider arasında mövcud olan sarsılmaz etimadın və mənəvi bağlılığın parlaq təzahürü idi.
Naxçıvana qayıdışdan cəmi iki ay sonra keçirilən parlament seçkilərində Heydər Əliyevin həm Azərbaycan Respublikasının, həm də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanlarına deputat seçilməsi xalqın ona olan böyük etimadının növbəti təsdiqi oldu. İnsanlar anlayırdılar ki, ölkənin düşdüyü ağır vəziyyətdən çıxış yolu yalnız zəngin dövlətçilik təcrübəsinə, siyasi iradəyə və uzaqgörənliyə malik liderin rəhbərliyi ilə mümkündür.
1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin ilk sessiyası Azərbaycanın müasir dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu. Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi iclasda qəbul edilən qərarlar müstəqil Azərbaycan dövlətinin ideoloji və hüquqi təməllərinin formalaşmasında mühüm rol oynadı. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist" sözləri çıxarıldı, Ali Sovet Ali Məclis adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın dövlət bayrağı kimi qəbul edildi və ölkəmiz üçün dövlət bayrağı elan olunması barədə Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı.
SSRİ-nin hələ mövcud olduğu bir dövrdə belə qərarların qəbul edilməsi siyasi iradə və cəsarətin ifadəsi idi. Bu addımlar bir daha göstərirdi ki, Heydər Əliyev yalnız hadisələrin gedişini izləyən siyasətçi deyil, eyni zamanda müstəqil Azərbaycanın gələcəyini müəyyənləşdirən dövlət xadimidir.
Naxçıvanın blokada şəraitində yaşaması siyasi problemlərlə yanaşı, ciddi hərbi və iqtisadi təhlükələr də yaradırdı. Buna görə də Ulu Öndər ilk növbədə muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirdi. Milli Müdafiə Komitəsi yaradıldı, yerli özünümüdafiə qüvvələri formalaşdırıldı, əhalinin səfərbərliyi təmin olundu, hərbi texnikanın qorunması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Bütün bunlar Naxçıvanın işğal təhlükəsindən qorunmasında mühüm rol oynadı və sonralar müasir Azərbaycan Ordusunun formalaşması üçün dəyərli təcrübəyə çevrildi.
Lakin Ulu Öndər Heydər Əliyevin fəaliyyəti yalnız təhlükəsizlik məsələləri ilə məhdudlaşmırdı. Böyük təcrübəyə malik dövlət xadimi yaxşı bilirdi ki, güclü dövlətin əsas dayaqları milli birlik, sağlam iqtisadiyyat və düşünülmüş idarəçilikdir. Məhz buna görə də blokada şəraitinə baxmayaraq, Türkiyə və İranla əlaqələrin genişləndirilməsi, Araz çayı üzərində "Ümid" körpüsünün istifadəyə verilməsi, sərhəd-keçid məntəqələrinin fəaliyyətə başlaması və iqtisadi əməkdaşlığın inkişafı üçün Naxçıvanın qonşu ölkələrlə əlaqələrini bərpa etdi. Aqrar islahatların başlanması, torpaq münasibətlərinin yenidən qurulması və bazar iqtisadiyyatına keçid istiqamətində atılan addımlar isə Azərbaycanın gələcək iqtisadi inkişaf modelinin ilk uğurlu nümunələrindən biri oldu.
1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi təkcə muxtar respublikanın deyil, bütövlükdə Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu.
1991-ci il dekabrın 16-da qəbul edilən daha bir mühüm qərar - 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunması milli birlik ideyasının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Bu təşəbbüs dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını vahid milli məfkurə ətrafında birləşdirən tarixi addım oldu. Beləliklə, Naxçıvan təkcə mühüm siyasi qərarların qəbul edildiyi məkan deyil, həm də azərbaycançılıq ideologiyasının yeni inkişaf mərhələsinin başlandığı mərkəzə çevrildi.
Naxçıvanda baş verən hadisələr göstərdi ki, xalqın taleyini dəyişən amil təkcə mövcud şərait deyil, həmin şəraitdə qəbul edilən düzgün siyasi qərarlardır. Blokada, iqtisadi çətinliklər və hərbi təhlükələrə baxmayaraq, Heydər Əliyevin rəhbərliyi ilə atılan addımlar insanlarda sabaha inam yaratdı, dövlətçiliyin sarsılmaz təməllərini formalaşdırdı. Məhz buna görə də Naxçıvan həmin illərdə Azərbaycanın siyasi düşüncə mərkəzinə çevrildi.
Bu dövrdə ölkənin müxtəlif bölgələrində yaşayan ziyalılar, elm və mədəniyyət xadimləri, cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanlar Azərbaycanın nicatını məhz Heydər Əliyevin siyasi rəhbərliyində görürdülər. Onların "Azərbaycan Sizi gözləyir!" müraciəti təkcə bir çağırış deyil, xalqın ümumi iradəsinin ifadəsi idi. Bu tarixi müraciətin nəticəsi olaraq 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis olunması ölkənin ictimai-siyasi həyatında mühüm bir mərhələnin başlanğıcı oldu.
Yeni Azərbaycan Partiyasının yaranması təsadüfi siyasi hadisə deyildi. O, dövlətçiliyin qorunmasını, milli həmrəyliyin möhkəmləndirilməsini və ölkənin gələcək inkişafını qarşıya məqsəd qoyan ümumxalq siyasi hərəkatına çevrildi. Çox keçmədən bu siyasi qüvvə Azərbaycanın taleyində həlledici rol oynayaraq xalqın ümid yeri oldu.
Əslində, 1993-cü ilin Milli Qurtuluşu birdən-birə baş vermədi. Onun ideoloji, siyasi və mənəvi təməli 1990-cı ilin iyulunda Naxçıvanda qoyulmuşdu. Ulu Öndərin burada həyata keçirdiyi dövlətçilik siyasəti, qəbul etdiyi tarixi qərarlar və formalaşdırdığı idarəçilik modeli sonrakı qurtuluş prosesinin əsasını təşkil etmişdi. Naxçıvanda başlanan yol üç il sonra Azərbaycanın xilasına aparan yola çevrildi.
1993-cü ilin iyununda ölkəmiz vətəndaş qarşıdurması, siyasi anarxiya və dövlətçiliyin süqutu təhlükəsi ilə üz-üzə qalanda xalq yenidən öz xilaskarına üz tutdu. Heydər Əliyevin Bakıya qayıdışı Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi, ölkədə sabitlik bərpa olundu, dövlət institutları möhkəmləndirildi və müstəqilliyin dönməzliyi təmin edildi. Məhz buna görə də 15 İyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Artıq Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edərək Cənubi Qafqazın ən güclü dövlətlərindən birinə çevrilib. Son illər əldə olunan möhtəşəm uğurlar bir daha sübut edir ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası zamanın sınağından şərəflə çıxıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs uğurla davam etdirilir, ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur, milli maraqlar qətiyyətlə təmin edilir.
Tarixin yaddaşında elə hadisələr var ki, onların əsl dəyəri illər keçdikcə daha aydın görünür. 1990-cı il iyulun 22-də Heydər Əliyevin Naxçıvana qayıdışı məhz belə taleyüklü hadisələrdəndir. Bu qayıdış təkcə böyük dövlət xadiminin doğma yurda dönüşü deyildi. Bu, milli iradənin yenidən dirçəlişi, dövlətçilik ideyasının xilası və Azərbaycanın gələcəyinə açılan yol idi.
Elşən QƏNİYEV,
"Azərbaycan"