22 İyul 2026 08:50
159
SİYASƏT
A- A+
Müstəqilliyə gedən yolun strateji təməli

Müstəqilliyə gedən yolun strateji təməli


Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində xalqın milli azadlıq mübarizəsinin parlaq təzahürü olan taleyüklü mərhələlər mövcuddur. Müasir müstəqil dövlətimizin qurucusu, milli intibahımızın memarı olan Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı bütün məqamlar xalqımızın dövlətçilik təfəkkürünün, siyasi şüurunun və milli ruhunun bərpa olunduğu mühüm mərhələləri təşkil edir. Ötən əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ məkanında cərəyan edən ictimai-siyasi proseslər, xüsusilə ittifaq miqyasında müşahidə olunan sistem böhranı Azərbaycanda istiqlaliyyət arzularının yenidən alovlanmasına tarixi zəmin yaratmışdı.

Lakin SSRİ-nin süqutuna doğru gedən bu mürəkkəb mərhələdə və xüsusilə onun tam dağılmasından sonra Azərbaycan olduqca ağır siyasi bəlalarla, ərazi bütövlüyünün pozulması, daxili xaosla üz-üzə qalmışdı. SSRİ rəhbərliyinin erməni separatizmini açıq dəstəkləməsi və respublikadakı yerli hakimiyyətin xalqın haqlı tələblərinə qarşı apardığı təqib, təzyiq və repressiya siyasəti şəraitində ölkəni gözlənilən dövlətçilik iflasından xilas edə biləcək dahi rəhbərə, təcrübəli və iradəli milli liderə tarixi ehtiyac yaranmışdı. Belə çətin və riskli geosiyasi məqamda daim öz xalqının taleyini düşünən, millətin yanında olmağı şəxsi təhlükəsizliyindən üstün tutan Ümummilli Lider Heydər Əliyev Moskvadan Azərbaycana qayıtmaq barədə qəti qərar qəbul etmişdi. Böyük dövlət xadimi Moskvada nə qədər ciddi nəzarət və təzyiqlər altında yaşamışdısa, Azərbaycanda da imperiya mərkəzinin diktəsi ilə hərəkət edən oyuncaq hakimiyyət tərəfindən Heydər Əliyevə qarşı maneələr, süni məhdudiyyətlər hazırlanmışdı. 

Bütün süni əngəllərə və real təhlükələrə baxmayaraq, Ümummilli Lider 1990-cı il iyulun 20-də Moskvadan Bakıya gəlsə də, rəsmi dairələrin inzibati təzyiqləri fonunda Heydər Əliyevin paytaxtda fəaliyyətinə, xalqla birbaşa ünsiyyətinə qətiyyən imkan verilmədi. Buna görə dahi şəxsiyyət cəmi iki gün sonra, 1990-cı il iyulun 22-də doğulub boya-başa çatdığı Naxçıvana yollandı. Heydər Əliyevin Naxçıvana gəlişi milli maraqların müdafiəsi naminə böyük siyasətə fəal, birmənalı, ardıcıl və qətiyyətli şəkildə qayıdış idi. Bu addım təkcə coğrafi baxımdan təcrid olunmuş qədim Naxçıvanın deyil, bütövlükdə Azərbaycanın siyasi tarixinin mütərəqqi və keyfiyyətcə tam fərqli dövrünün strateji təməlini qoydu. 

Ölkəmizin çətin dövründə Ulu Öndər Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı. Ümummilli Liderin ata ocağına qayıtması Naxçıvanı təhlükələrdən sovuşdurdu. Ən əsası, bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə mübarizə daha da genişləndi. Xalqımızın dahi oğlunun alovlandırdığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. 

1990-cı ildə keçirilən seçkilərdə Naxçıvan əhalisinin mütəşəkkil və yekdil iradəsi nəticəsində Heydər Əliyevin həm Azərbaycan SSR Ali Sovetinə, həm də Naxçıvan MSSR Ali Sovetinə xalq deputatı seçilməsi onun siyasi fəaliyyətinə hüquqi və demokratik legitimlik qazandırdı. Naxçıvandan başlayan milli dirçəliş dalğası qısa müddətdə bütöv Azərbaycan miqyasında aparıcı ideoloji qüvvəyə çevrilərək, real müstəqil dövlətçilik təsisatlarının bərpasını və milli həmrəyliyi sürətləndirdi. 

Dahi şəxsiyyətin rəhbərliyi altında sovet imperiyasının siyasi-ideoloji sütunlarına ilk ciddi, sistemli və sarsıdıcı zərbə 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin yeni tərkibdə keçirilən birinci sessiyasında qəbul edilən tarixi qərarlar vasitəsilə endirildi. Heydər Əliyevin şəxsi rəhbərliyi, fenomenal cəsarəti və siyasi uzaqgörənliyi sayəsində muxtar respublikanın rəsmi adından "Sovet" və "Sosialist" sözlərinin çıxarılması, qurumun "Naxçıvan Muxtar Respublikası" adlandırılması hələ tam süqut etməmiş, nəhəng hərbi-repressiv aparata malik olan bir imperiyaya qarşı meydan oxumaq demək idi. 

Həmin tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il noyabrın 9-da qəbul etdiyi, lakin sovet işğalı dövründə qadağan olunmuş üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqlənməsi və bu bayrağın bütövlükdə Azərbaycanın dövlət rəmzi kimi qəbul edilməsi barədə məsələnin respublika Ali Soveti qarşısında vəsatət olaraq qaldırılması milli dövlətçilik intibahının bünövrəsini qoydu. 1990-cı il noyabrın 21-də isə daha bir mühüm və cəsarətli addım atılaraq, 1990-cı il yanvarın 20-də sovet ordusunun Bakıda törətdiyi qanlı qırğına - 20 Yanvar faciəsinə ilk dəfə rəsmi dövlət sənədi səviyyəsində siyasi-hüquqi qiymət verildi.

Bunun ardınca SSRİ-nin yeniləşmiş formada saxlanılması ilə bağlı 1991-ci il martın 17-də keçirilən ümumittifaq referendumunun Naxçıvan ərazisində qətiyyətlə boykot edilməsi imperiya rejiminin legitimliyinin süqutunu bütün dünyaya nümayiş etdirdi. 

Naxçıvandan idarə olunan bu siyasi və hüquqi proseslərin məntiqi nəticəsi olaraq, 1991-ci il avqustun 30-da Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyannamə qəbul edilməsi Ulu Öndərin Naxçıvanda ucaltdığı müstəqillik amalının bütöv bir ölkənin rəsmi strateji xəttinə çevrilməsinin birbaşa təsdiqi idi. 

1991-ci il sentyabrın əvvəllərində Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzünün genişlənməsi, Naxçıvanın sərhəd kəndlərinə intensiv hücumların təşkil olunması və muxtar respublikanın kommunikasiya xətlərinin kəsilərək tamamilə təcrid edilməsi regionu fiziki məhv olmaq sınağı qarşısında qoymuşdu. Belə gərgin geosiyasi şəraitdə muxtar respublika əhalisinin təkidli tələbi ilə 1991-ci il sentyabrın 1-də başlayan ümumxalq hərəkatı öz müsbət nəticəsini verdi və həmin il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi regionun işğaldan xilasını birmənalı olaraq şərtləndirdi. Bundan cəmi dörd gün sonra - 1991-ci il sentyabrın 7-də Naxçıvan Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında fərmanın imzalanması müasir Azərbaycanın ordu quruculuğu istiqamətində atılmış ən fundamental və praktiki addım idi. Bakıdakı mərkəzi rəhbərliyin hərbi sahədəki uğursuzluqları fonunda 1991-ci il oktyabrın 26-da "Naxçıvan Muxtar Respublikasında yerləşən silahlı qüvvələrin hissələrinin statusu haqqında" Ali Məclis tərəfindən qəbul edilən qərar və onun yüksək diplomatik məharətlə icra olunması nəticəsində bölgədəki keçmiş sovet hərbi hissələrinin və rus qoşunlarının mərhələli şəkildə, qan tökülmədən çıxarılması təmin edildi. Bu dahi taktika çərçivəsində 1992-ci ilin iyul-avqust aylarında bölgəni tərk edən keçmiş SSRİ Müdafiə Nazirliyinin 75-ci motoatıcı diviziyasının bütün silah-sursat, ağır texnika və infrastruktur bazası yerli dövlət strukturlarına, Dövlət Milli Müdafiə Komitəsinə təhvil verildi. 

Bu zəngin hərbi-texniki bazanın təməlində Azərbaycan Silahlı Qüvvələrinin tərkibində ilk nizami hərbi birləşmə olan 5-ci əlahiddə gücləndirilmiş motoatıcı briqadanın təşkil olunması və 1992-ci il oktyabrın 9-da Naxçıvan şəhərində müstəqil dövlətimizin ilk rəsmi hərbi paradının keçirilməsi düşmənin bütün işğalçılıq planlarını birdəfəlik alt-üst etdi, Naxçıvanın təhlükəsizliyini etibarlı şəkildə qorudu. 

Xüsusi vurğulamaq lazımdır ki, Naxçıvanın müqəddəratı və müdafiəsi olduqca ağır iqtisadi, nəqliyyat və sosial blokada şəraitində həyata keçirilirdi. Naxçıvana təbii qazın və elektrik enerjisinin verilməsinin tamamilə dayandırılması bölgəni qaranlığa, soyuğa və istehsalat böhranına qərq etmişdi. İstər Ayaz Mütəllibov iqtidarının, istərsə də 1992-ci ilin yayında hakimiyyətə gələn AXC-Müsavat rəhbərliyinin muxtar respublikanın çox ağır sosial-iqtisadi durumuna qarşı nümayiş etdirdiyi laqeyd, siyasi maraqlardan doğan zərərli və ögey münasibət mövcud humanitar böhranı daha da dərinləşdirirdi. Belə humanitar fəlakət ərəfəsində yalnız Heydər Əliyevin böyük şəxsi nüfuzu, sarsılmaz dövlətçilik iradəsi və qonşu dövlətlərlə, Türkiyə və İranla qurduğu birbaşa, çevik diplomatik əlaqələr regionu tam məhv olmaqdan qorudu. Ulu Öndərin Ankaraya səfəri və apardığı intensiv danışıqlar nəticəsində 1992-ci il mayın 28-də Araz çayı üzərində istifadəyə verilən, Azərbaycanla Türkiyəni birbaşa birləşdirən və tarixə "Ümid körpüsü" kimi daxil olan mühüm infrastruktur obyekti iqtisadi blokadanı yararaq yüz minlərlə insanın həyat damarına çevrildi. 

Ölkədə daxili etnik-siyasi çəkişmələrin, separatçılıq meyillərinin, hərbi xaosun və dövlət idarəçiliyindəki səriştəsizliyin pik nöqtəyə çatdığı dövrdə Azərbaycan xalqının gələcəyə olan ümidləri və nicat axtarışları məhz xilaskar Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdi. Azərbaycanın tanınmış ziyalılarının çoxsaylı müraciətlərinə cavab olaraq, 1992-ci il noyabrın 21-də çətin blokada şəraitində, rabitə və nəqliyyat məhdudiyyətləri fonunda, habelə rəsmi Bakının bütün inzibati maneələrinə baxmayaraq, Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi ümummilli miqyaslı fundamental siyasi hadisəyə çevrildi. Bu partiya qısa müddətdə bütöv ölkəni bürüyən dərin siyasi-hərbi böhrandan çıxış yolunu göstərən, cəmiyyəti milli ideya ətrafında birləşdirən yeganə alternativ və intellektual siyasi güc statusunu qazandı. 

Heydər Əliyevin Naxçıvandan başlatdığı böyük dövlətçilik və xilaskarlıq missiyası 1993-cü il iyun ayının 9-da xalqın təkidli tələbi ilə onun respublika rəhbərliyinə qayıtması ilə nəticələndi. Ulu Öndər zəngin təcrübəsindən və yüksək idarəçilik keyfiyyətlərindən məharətlə bəhrələnərək ölkəni vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. İyunun 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ölkədəki kütləvi inamsızlıq, hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi mənasında xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı. 

1993-2003-cü illər Azərbaycanın dövlətçilik tarixinə xaosdan qurtuluş, daxili sabitlik və qlobal inteqrasiya mərhələsi kimi daxil olmuşdur. Ölkədə hökm sürən siyasi və iqtisadi böhranı, vətəndaş müharibəsi təhlükəsini və separatçılıq meyillərini qətiyyətlə aradan qaldıran Heydər Əliyev ilk növbədə daxili ictimai-siyasi sabitliyi bərqərar etdi. Sabitlik mühitinin yaradılması ölkədə genişmiqyaslı dövlət quruculuğuna, müstəqil respublikamızın Konstitusiyasının qəbuluna və fundamental hüquqi islahatların aparılmasına yol açdı. Qısa müddətdə görülən nəhəng işlər, atılan fundamental addımlar nəticəsində Azərbaycan dağılmaq təhlükəsi ilə üz-üzə qalan bir ölkədən daxili sabitliyi təmin edilmiş, güclü iqtisadi bünövrəyə malik, regionun aparıcı dövlətlərindən birinə çevrildi. 

Ulu Öndərin uzaqgörən və milli maraqlara əsaslanan dövlətçilik siyasətinin 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunması, Azərbaycanın öz tarixinin ən qüdrətli, iqtisadi cəhətdən müstəqil, hərbi baxımdan sarsılmaz və beynəlxalq miqyasda söz sahibi olan lider dövləti səviyyəsinə yüksəlməsi ilə nəticələndi. 

İllər ötdükcə bir daha əmin oluruq ki, Ulu Öndər Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Məhz bu kurs ölkəmizin bu gününün, sabahının və gələcəyinin dayanıqlı inkişaf yolu və əsas təminatıdır. Ümummilli Liderin ideyaları hər zaman Azərbaycanın bu gününə və gələcəyə gedən yollarına işıq salacaq.  


Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri Almaniya və dünya mediasının diqqət mərkəzindədir

10:14
22 İyul

Fransanın 27 departamentində yüksək yanğın təhlükəsi elan edilib

09:25
22 İyul

Judit Polgar ölkə prezidentliyinə namizəd olmaq istəmədi

09:20
22 İyul

Vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklif ediblər

09:15
22 İyul

Media: İranla münaqişədə 500-dən çox ABŞ hərbçisi yaralanıb

09:10
22 İyul

Bakıda yaşıllaşdırma işləri davam etdirilir

09:10
22 İyul

Bakı-Berlin siyasi dialoqu yeni müstəviyə qədəm qoyur

09:05
22 İyul

Münasibətlər daha sistemli və çoxşaxəli xarakter alacaq

09:00
22 İyul

Ulu Öndər xilas missiyasına Naxçıvandan başladı

08:55
22 İyul

Müstəqilliyə gedən yolun strateji təməli

08:50
22 İyul

Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolu və müasir çağırışlar

08:45
22 İyul

Qələmi qırılan aydınlar

08:45
22 İyul

Mətbu söz zamanın salnaməsidir

08:40
22 İyul

Həqiqətin və dövlətçiliyin xidmətində

08:35
22 İyul

Azərbaycan milli mətbuatının inkişaf yolu və müasir media siyasəti

08:30
22 İyul

Yeni məşğulluq strategiyası əhalinin sosial güvənliyini daha etibarlı təmin edəcək

08:25
22 İyul

"Sinxua" Agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

08:20
22 İyul

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq dərinləşir

08:15
22 İyul

Azərbaycan mediası – beynəlxalq informasiya axınının fəal subyekti

08:10
22 İyul

"AZƏRBAYCAN"ın "Zəfər" imzası

08:05
22 İyul

AZƏRBAYCAN XALQI İLHAM ƏLİYEVİ NİYƏ SEVİR

08:00
22 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!