Azərbaycanın xarici siyasətinin fundamental əsaslarını qarşılıqlı hörmət və ehtiram, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq və bərabərhüquqlu əməkdaşlıq prinsipləri təşkil edir. Ölkəmiz bu istiqamətdə ardıcıl siyasət yürütməklə qlobal arenada etibarlı tərəfdaş kimi tanınır, beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirir və sülhə, təhlükəsizliyə, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfələr verir.
Milli Məclisin deputatı Rəşad MAHMUDOV qəzetimizə açıqlamasında deyib ki, Avropa ölkələri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətində mühüm yer tutur. Ölkəmiz bu qitənin ölkələri ilə siyasi dialoqun genişlənməsində, iqtisadi əlaqələrin dərinləşməsində, enerji təhlükəsizliyinin möhkəmlənməsində maraqlıdır. Digər tərəfdən Prezident İlham Əliyevin praqmatik siyasəti və liderliyi nəticəsində Azərbaycan Avropa üçün etibarlı tərəfdaş kimi öz mövqeyini möhkəmləndirib, qarşılıqlı maraqlara əsaslanan münasibətlər isə yeni inkişaf mərhələsinə yüksəlib. "Bu baxımdan Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycanın Avropa ilə münasibətlərində formalaşmış etimad mühitinin, ölkəmizin beynəlxalq nüfuzunun və artan geosiyasi çəkisinin növbəti ifadəsi kimi yadda qaldı. Dövlət başçısının Almaniyaya rəsmi səfəri ikitərəfli münasibətlərin yeni mərhələyə keçməsi baxımından mühüm siyasi hadisə oldu. Xüsusilə nəzərə almaq lazımdır ki, səfər Almaniya Federal Kansleri Fridrix Mertsin dəvəti əsasında həyata keçirilir və bu da Bakı-Berlin dialoqunun ən yüksək siyasi səviyyədə davam etdirildiyini göstərir", - deyə o əlavə edib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı alman iş adamları ilə keçirilən görüşlər səfərin diqqətçəkən məqamları sırasında yer alıb. Bu təmaslar Azərbaycanın iqtisadi imkanlarına və investisiya mühitinə marağın artdığını nümayiş etdirir. Aparılan müzakirələr yeni layihələrin reallaşması, biznes əlaqələrinin genişlənməsi və uzunmüddətli tərəfdaşlıq üçün mövcud potensialı ortaya qoyur.
R.Mahmudov hesab edir ki, bu səfər münasibətlərin sistemli məcrada inkişafına təkan verə bilər: "Almaniya Azərbaycanın Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşlarından biridir. Almaniya Xarici İşlər Nazirliyinin məlumatına əsasən, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 1,7 milyard avro təşkil edib. Azərbaycan eyni zamanda Almaniyanın mühüm neft təchizatçılarından biridir və regionda yeganə Almaniya Xarici Ticarət Palatası məhz Bakıda fəaliyyət göstərir. Yeni mərhələdə əməkdaşlığın enerji təhlükəsizliyi ilə məhdudlaşmayaraq bərpaolunan enerji, "yaşıl keçid", sənaye, nəqliyyat-logistika, rəqəmsallaşma, səhiyyə, peşə təhsili və alman şirkətlərinin Azərbaycana investisiyalarının artırılması istiqamətlərində də genişlənməsi mümkündür. Prezidentin səfər çərçivəsində Almaniya iqtisadiyyatının Şərq Komitəsinin rəhbərliyi ilə görüşü də iqtisadi əməkdaşlığın səfərin əsas gündəliklərindən biri olduğunu göstərdi".
Digər mühüm istiqamətin Azərbaycan-Avropa İttifaqı münasibətləri olduğunu deyən deputat qeyd edib ki, Prezident İlham Əliyevlə Kansler Fridrix Merts arasında 2026-cı ilin martında keçirilmiş telefon danışığında ikitərəfli əlaqələrlə yanaşı, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsi də müzakirə olunub. Almaniyanın Avropanın aparıcı siyasi və iqtisadi dövlətlərindən biri olması nəzərə alınarsa, Berlində qarşılıqlı etimada əsaslanan danışıqlar Azərbaycanın Avropa İttifaqı ilə dialoquna da müsbət təsir göstərə bilər.
"Eyni zamanda səfərin regional əhəmiyyəti də böyükdür. Almaniya Azərbaycan və Ermənistan arasında sülh prosesini, onun regionda sabitlik və iqtisadi əməkdaşlıq üçün yaratdığı imkanları dəstəkləyir. Ölkəmizin formalaşdırdığı yeni regional reallıqlar, Orta dəhlizin əhəmiyyətinin artması və Avropanın enerji marşrutlarını şaxələndirmək istəyi Azərbaycanı Almaniya üçün daha vacib tərəfdaşa çevirir. Bütövlükdə bu səfəri Azərbaycan-Almaniya münasibətlərində mövcud imkanların daha səmərəli reallaşdırılması istiqamətində atılmış mühüm addım kimi dəyərləndirmək olar. Əminliklə demək mümkündür ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri ölkələrimiz arasında siyasi dialoqun daha intensiv xarakter almasına, iqtisadi əlaqələrin genişlənməsinə yeni imkanlar açacaq", - deyə o bildirib.
R.Mahmudov vurğulayıb ki, səfərin nəticələri Azərbaycanın Avropa ilə tərəfdaşlıq gündəminə yeni məzmun gətirəcək, əməkdaşlığın praktik müstəvidə daha məhsuldar nəticələr verməsinə şərait yaradacaq. Bu isə Avropanın enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri və iqtisadi maraqları baxımından faydalı nəticələr vəd edir və səfər Bakı-Berlin dialoqunda yeni səhifə kimi yadda qalacaq.
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"