Ötən əsrin 80-ci illərinin sonlarından etibarən SSRİ
miqyasında, o cümlədən ittifaq respublikalarında milli özünüdərk düşüncəsinin,
siyasi fəallığın yüksəlməsi prosesi başlandı. Həmin dövrdə Sovet
Konstitusiyasının 6-cı maddəsində - yəni Kommunist Partiyasının rəhbər rolunu təsbit
edən müddəada dəyişiklik aparıldı, prezidentlik institutu yaradıldı,
çoxmandatlı əsasda xalq deputatları seçkiləri keçirildi.
Bu addımlar imperiyanın dağılmasının qarşısını almağa yönəlsə
də, real nəticə vermədi. Çünki qeyd edilən proseslər mahiyyət etibarilə Kremlin
labüd süqut taleyi qarşısında vaxt udmaq, ictimai narazılığı nəzarətdə saxlamaq
üçün apardığı təbliğat xarakterli tədbirlər idi. M.Qorbaçovun ətrafında cəmləşmiş
erməni mənşəli siyasi dairələr isə yaranmış vəziyyəti Azərbaycanın ərazi
bütövlüyünə qarşı yönəlmiş separatçı planlarını həyata keçirmək üçün fürsət
kimi görürdülər.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları
Bakı şəhərinə - əliyalın vətəndaşların üzərinə yeridildi. Hərbi müdaxilə nəticəsində
131 nəfər mülki şəxs qətlə yetirildi, 744 nəfər yaralandı, 400 nəfər həbs
olundu.
Moskvada yaşayan və imperiya rəhbərliyinin ağır təzyiqləri
ilə üzləşən Ulu Öndər Heydər Əliyev faciənin səhəri günü oğlu İlham Əliyev ilə
birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək mətbuat konfransı
keçirdi, heç bir təzyiq və təhdiddən, həbs olunmaq, hətta ölüm təhlükəsindən çəkinməyərək
imperiya rəhbərliyinin, şəxsən M.S.Qorbaçovun cinayətlərini bütün dünyanın gözləri
önündə ifşa etdi. Heydər Əliyevin mətbuat konfransındakı çıxışı 20 Yanvar faciəsi
haqqında ilk düzgün siyasi qiymət idi.
Çətin məqamlarda xalqının yanında olmağı məqsədəuyğun sayan
Heydər Əliyev 1990-cı il iyulun 20-də Azərbaycana qayıtdı. Amma bu böyük siyasətçi
Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Bakıda da xalqa zidd hakimiyyət tərəfindən ona qarşı
bir o qədər təzyiq və hədələr gözlənilirdi. Bütün təzyiqlərə baxmayaraq,
Ümummilli Lider Heydər Əliyev Bakıya gəldi. Bundan iki gün sonra - iyulun 22-də
isə hakimiyyətin təhdidləri nəticəsində Bakıdan Naxçıvana gəldi. Bu qayıdış təkcə
qədim Naxçıvanın deyil, ümumilikdə Azərbaycan tarixinin yeni bir dövrünün
başlanğıcı oldu. Ulu Öndərin Moskvadan Naxçıvana qayıdışı, o dövrün bəzi qəzetlərində
yazıldığı kimi, əyalət mərkəzinə yox, vətənə, böyük siyasətə fəal şəkildə, birmənalı,
ardıcıl, qətiyyətli qayıdışı idi.
22 iyul 1990 -cı il salnaməmizə yazılan ən şanslı tarixlərdən
biridir. Naxçıvana qayıdan Ulu Öndəri həmyerliləri doğma övladı kimi qarşıladılar.
Həmin illərdə Naxçıvan olduqca gərgin bir vəziyyətdə idi. Bu
dövrdə Dağlıq Qarabağ problemi ətrafında yayılan dalğanın zərbəsinə sərhədyanı
kəndləri ermənilər tərəfindən hücumlara məruz qalan, dincliyi əlindən alınan
Naxçıvan, doğrudan da, "taleyin ümidinə buraxılmış tənha bir ada"nı
xatırladırdı.
Ölkənin çətin bir dövründə Ulu Öndər Azərbaycan xalqının və
dövlətinin xilas missiyasına Naxçıvandan başladı. Ulu Öndərin 1990-cı ilin
ortalarında, Naxçıvanın çətin vaxtlarında bura qayıtması bu qədim Azərbaycan
torpağını təhlükələrdən sovuşdurdu. Ən əsası, bu qayıdışla Azərbaycanda müstəqillik
uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə
mübarizə daha da genişləndi. Xalqımızın dahi oğlunun alovlandırdığı istiqlal
mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə,
milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib
çıxardı. SSRİ hökumətinin hələ fəaliyyətdə olduğu dövrdə Naxçıvan MSSR-in
adından "Sovet Sosialist" sözlərinin çıxarılması zamanın dahisi Heydər
Əliyevin sarsılmaz siyasi iradəsinin və böyük uzaqgörənliyinin nəticəsində
mümkün oldu. Eyni zamanda həmin sessiyada dahi rəhbərin təklifi ilə Naxçıvan
MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da,
sadəcə, sözün redaktəsi deyildi. Bu,
dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran
möhtəşəm bir ölkənin strukturunda dəyişiklik edilməsi demək idi. 1990-cı il
noyabrın 17-də Ulu Öndərimizin sədrliyi ilə keçirilən tarixi sessiyada Azərbaycan
Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın Dövlət bayrağı kimi
qəbul olundu. Bütün bunlar yalnız və yalnız Naxçıvan Muxtar Respublika Ali Məclisinin
sessiyasına sədrlik edən Ulu Öndərin həm böyük siyasi iradəsinin, yüksək azərbaycançılıq
idealının, həm də qeyri-adi cəsarətinin sayəsində həyata keçirilmişdi.
Naxçıvanda atılan bu addımlar tezliklə bütün Azərbaycan üçün
nümunəyə çevrildi. Azərbaycan SSR Ali Sovetinin 1991-ci il 5 fevral tarixli
sessiyasında bir sıra tarixi qərarlar qəbul olundu. Dövlətin adı - "Azərbaycan
SSR" dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı. Azərbaycan
Xalq Cümhuriyyətinin bayrağı Dövlət bayrağı kimi təsdiqləndi.
Ümummilli Liderin uzaqgörənliyini tarix bir daha sübuta yetirdi,
1991-ci ilin 30 avqustunda Azərbaycan Respublikası Ali Sovetinin sessiyası
"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında
Bəyannamə" qəbul etdi. Bu sənədin qəbul olunduğu növbədənkənar sessiyada
Ulu Öndər Heydər Əliyev də Azərbaycanın müstəqilliyinin elan olunması ilə bağlı
tarixi çıxış etdi. Belə bir bəyannamənin qəbulu ölkənin SSRİ tərkibindən
çıxması və suveren dövlət kimi beynəlxalq hüquq subyektliyini bərpa etməsi
yolunda atılmış ilk fundamental siyasi-hüquqi addımlardan oldu.
Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi müasir müstəqil Azərbaycanın
dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin
Naxçıvan dövründə Heydər Əliyev gördüyü işlərlə, atdığı tarixi əhəmiyyətli
addımlarla muxtar respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin
etdi. Ali Məclisin 16 dekabr 1991-ci il tarixli sessiyasında isə "Dünya Azərbaycan
türklərinin milli həmrəylik və birlik günü haqqında" qərar qəbul olundu.
Ali Məclisin sədri Heydər Əliyev müzakirələrə yekun vurarkən geniş nitq söylədi
və məsələnin siyasi əhəmiyyətinə xüsusi önəm verdi: "Dünya Azərbaycan
türklərinin milli həmrəylik və birlik günü haqqında" məsələnin Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sessiyasında müzakirə olunması, böyük əhəmiyyətli
qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi
yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə deyirik ki, bu, Naxçıvanda, qədim
türk diyarında irəli sürülmüşdür".
Ötən əsrin 90-cı illərinin əvvəlindən etibarən ölkədə cərəyan
edən mürəkkəb və ziddiyyətli proseslər də bir daha təsdiqlədi ki, müstəqilliyin
qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Ölkədə 1991-1993-cü
illərdə hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət
idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı,
daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac
vermişdi. Belə ağır şəraitdə respublikanın tərəqqipərvər qüvvələri, mütərəqqi
ruhlu ziyalıları çıxış yolunu Ulu Öndər Heydər Əliyev kimi müdrik şəxsiyyətin
hakimiyyətə gəlməsində görür, hər cür riskə rəğmən bu istəklərini açıq ifadə
etməkdən çəkinmirdilər.
Xalqın rəyini ifadə edən bir qrup ziyalı Ümummilli Liderə
müraciətində ölkəni anarxiya mühitindən çıxarıb aydın sabaha doğru aparacaq,
müstəqilliyimizi əbədi və yenilməz edəcək, millətimizi bir bayraq, eyni amal ətrafında
birləşdirəcək, milli həmrəyliyə, vətəndaş cəmiyyətinə qovuşduracaq siyasi
partiyanın yaradılmasına yardımçı olmağı xahiş edirdilər. Müraciəti
imzalayanlar yaxşı bilirdilər ki, yeni müstəqillik qazanmış ölkəni düşdüyü ağır
və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Vətənpərvər
Azərbaycan ziyalılarının həmin müraciəti sonralar çağdaş tariximizə məşhur
"91-lərin müraciəti" adı ilə daxil oldu. Bu tarixi müraciət, əslində,
bütün Azərbaycan vətəndaşlarının istəyi, arzusu, haqlı tələbi idi. Xalqının
taleyinə heç zaman biganə qalmayan, respublikanın dağılmasına dözməyən Ulu Öndər
ziyalıların müraciətinə müsbət cavab verdi.
1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik
tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi. Naxçıvanda 550-yə yaxın
nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayı
keçirildi, Ulu Öndər Heydər Əliyev yekdilliklə təşkilata sədr seçildi. Yeni Azərbaycan
Partiyasının qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə
etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz Heydər Əliyevin
fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənirdi.
1993-cü il iyunun 9-da xalqın təkidi ilə Bakıya qayıdan Heydər
Əliyev fövqəlidarəçilik keyfiyyətlərindən məharətlə bəhrələnərək ölkəni vətəndaş
qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş
tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. İyunun 15-də
Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədəki kütləvi
inamsızlıq, hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən
azalmasına, sözün həqiqi mənasında xalqın böyük fəlakətlərdən qurtulmasına real
zəmin yaratdı.
Ulu Öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdandan
sonra da Naxçıvanla bağlı gerçəkləşdirdiyi kompleks layihələr blokada şəraitində
də inkişaf etməyin, tarixi nailiyyətlər qazanmağın örnəyini dünyaya sərgilədi.
Bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də davam etdirilərək
özünün ən yüksək mərhələsinə çatdı. Muxtar respublikanın sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Prezident sərəncamı
imzalanmış, muxtar respublikanın sosial-iqtisadi həyatının ayrı-ayrı sahələrinin
və onun müxtəlif rayonlarının inkişafı ilə bağlı sənədlər qəbul edilmişdir.
Bütün bunlar da Naxçıvan Muxtar Respublikasının hərtərəfli tərəqqisini təmin
etmişdir. Prezident İlham Əliyevin 2023-cü il iyun ayının 5-də "Naxçıvan
Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün
Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı isə müasir
Naxçıvanın yeni yüksəlişinin yol xəritəsini müəyyənləşdirdi.
2020-ci ilin Vətən müharibəsində, 2023-cü ilin antiterror əməliyyatında
Azərbaycan xalqı bilavasitə Prezident İlham Əliyevin müdrik dövlət rəhbərliyi,
təfəkkürü, strateqliyi, diplomatik-siyasi ustalığı və sərkərdəlik məharəti nəticəsində
şanlı tarix yazdı. Doğma Vətən naminə çarpışan Azərbaycan igidlərinə müdrik, qətiyyətli
və rəşadətli sərkərdə İlham Əliyev bilavasitə özü başçılıq etdi. Müzəffər Ali
Baş Komandan ordumuzun gücü ilə əldə etdiyimiz şanlı Qələbəyə, Azərbaycanın ərazi
bütövlüyünün, suverenliyinin bütün dünyada - hətta Ermənistanda da qəbul edilməsi
faktına qədər bu mövqeyindən bir addım da olsun geri çəkilmədi. Həyata
keçirdiyi siyasəti, diplomatiyanı, strateji gedişləri məhz belə bir haqlı
mövqe, belə bir aydın həqiqət ətrafında qurdu.
Bu, qətiyyətin təntənəsidir: Azərbaycan Prezidenti əsrlərin
müşkülünü yoluna qoydu, təkcə Azərbaycanı deyil, ümumilikdə Cənubi Qafqazı
böyük bir çıxılmazlıqdan aydın, rəvan inkişaf yoluna çıxardı, əsrlərlə bu
torpaqlarda davamlı sülhün, mehriban qonşuluq münasibətlərinin, faydalı əməkdaşlıq
əlaqələrinin olmasını arzulayan, bu amal uğrunda çalışan düşüncə adamlarımızın
arzularını reallığa qovuşdurdu.
Bu gün ölkəmizin həyatında əldə edilən böyük nailiyyətlərin əsasında
fəal yaradıcı gücə malik olan Ulu Öndərin milli dövlətçilik konsepsiyası,
inkişafın Heydər Əliyev modeli dayanır. "Mənim yaratdığım hər bir şey mənim
üçün əzizdir. Zavod da, fabrik də, elektrik stansiyaları da, yol da, körpü də,
ev də, bina da, saray da - hər bir şey. Amma mənim üçün hər şeydən əziz mənim
xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır" fikirləri Ulu Öndər Heydər
Əliyevin xalqımızın müstəqilliyinin qorunub yaşadılması uğrunda misilsiz xidmətinin
təzahürüdür.
Xalqın ümid çırağına çevrilərək ürəklərdə əbədi qalmaq heç də
bütün liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş zamanın
dahisi Heydər Əliyev xalqın qəlbində özünə əbədi abidə ucaldıb.
Arzu ABDULLAYEV,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, tarix
üzrə fəlsəfə doktoru