22 İyul 2026 08:30
210
SİYASƏT
A- A+
Azərbaycan milli mətbuatının inkişaf yolu və müasir media siyasəti

Azərbaycan milli mətbuatının inkişaf yolu və müasir media siyasəti


Azərbaycan milli mətbuatının əsası 22 iyul 1875-ci ildə böyük maarifçi Həsən bəy Zərdabinin redaktoru olduğu "Əkinçi" qəzetinin nəşrə başlaması ilə qoyulub. Həmin tarixdən etibarən Azərbaycan mətbuatı uzun və şərəfli inkişaf yolu keçərək milli dövlətçilik tariximizin ayrılmaz tərkib hissəsinə çevrilib, xalqın maariflənməsinə, milli şüurun formalaşmasına və ictimai fikrin inkişafına mühüm töhfələr verib.

"Əkinçi" qəzeti cəmi iki ildən bir qədər artıq fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan milli mətbuatının təşəkkülündə və inkişafında müstəsna rol oynayıb. Bu qəzet milli mətbuatımızın ilk qaranquşu olmaqla yanaşı, xalqın maariflənməsinə, elmə, təhsilə və tərəqqiyə çağırış edən mühüm tribuna kimi çıxış etmişdir. Həsən bəy Zərdabi "Əkinçi" vasitəsilə demokratik ideyaları təbliğ etmiş, ictimai, siyasi və bədii fikrin inkişafına güclü təsir göstərmiş, cəmiyyət arasında böyük nüfuz qazanmışdır. Qəzetin milli oyanışa xidmət edən fəaliyyəti çar Rusiyası hakimiyyətini ciddi narahat etdiyindən 1877-ci ildə onun nəşri dayandırılmışdır.

"Əkinçi"nin bağlanmasına baxmayaraq, onun yaratdığı ənənə davam etdirilmişdir. Sonrakı dövrlərdə nəşr olunan "Ziya", "Kəşkül", "Həyat", "Füyuzat", "İrşad", "Molla Nəsrəddin", "Məktəb", "Kaspi" və digər qəzet və jurnallar Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuat məktəbini inkişaf etdirərək Azərbaycan jurnalistikasının zəngin irsinin formalaşmasına mühüm töhfələr vermişdir. Bu nəşrlər milli-mənəvi dəyərlərin qorunması, maarifçilik ideyalarının yayılması, milli özünüdərk və azadlıq düşüncəsinin inkişaf etdirilməsi istiqamətində əvəzsiz xidmətlər göstərmişdir.

Müstəqil Azərbaycan Respublikasında milli mətbuatın inkişafında yeni mərhələ 1993-cü ildən, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Həmin dövrdən etibarən ölkədə həyata keçirilən genişmiqyaslı siyasi, hüquqi və iqtisadi islahatlar çərçivəsində söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələrin aradan qaldırılması, demokratik media mühitinin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Medianın fəaliyyətini tənzimləyən müasir qanunvericilik bazası yaradılmış, onun iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafında rolunun artırılması və peşəkar jurnalistikanın formalaşdırılması məqsədilə ardıcıl dövlət siyasəti həyata keçirilmişdir.

Ümummilli Lider Heydər Əliyevin 1998-ci ilin avqustunda kütləvi informasiya vasitələri üzərində dövlət senzurasını ləğv etməsi Azərbaycan mətbuatının tarixində dönüş nöqtəsi olmuşdur. Bu mühüm qərar söz və mətbuat azadlığının təmin edilməsində yeni mərhələnin əsasını qoymuş, ölkədə azad və demokratik media mühitinin inkişafına güclü təkan vermişdir. Nəticədə qəzet və jurnalların sayı sürətlə artmış, media orqanları fəaliyyətlərini müstəqil şəkildə qurmağa başlamışdır. Beləliklə, cəmiyyətin obyektiv və operativ informasiya ilə təmin olunması istiqamətində geniş imkanlar yaranmışdır.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən media siyasəti milli mətbuatın inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. Bu siyasətin mühüm istiqamətlərindən biri kimi 31 iyul 2008-ci ildə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" təsdiq edilmişdir. Konsepsiyanın əsas məqsədi dövlət orqanları ilə media arasında səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, jurnalistlərin peşəkarlığının artırılması, medianın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafında kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi olmuşdur. Bu sənəd milli medianın müasir dövrün çağırışlarına uyğun inkişafına mühüm töhfə vermişdir.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə sadiq qalmalı, söz və məlumat azadlığından sui-istifadə hallarına yol verməməlidir. Bu prinsiplər müasir Azərbaycan jurnalistikasının etik və peşəkar fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir.

İnformasiya texnologiyalarının sürətli inkişafı nəticəsində Azərbaycan mediası qlobal informasiya məkanının ayrılmaz tərkib hissəsinə çevrilib. Rəqəmsal platformaların geniş yayılması, internet jurnalistikasının inkişafı və sosial media resurslarının imkanlarının artması informasiya mübadiləsini sürətləndirməklə yanaşı, jurnalistikanın qarşısında yeni vəzifələr də müəyyənləşdirib. Bu şəraitdə operativlik, dəqiqlik, obyektivlik və peşəkarlıq medianın əsas fəaliyyət prinsipləri kimi xüsusi əhəmiyyət kəsb edir.

Ölkəmizdə milli mətbuatın yubileylərinin yüksək səviyyədə qeyd olunması jurnalistika tariximizə verilən böyük önəmin və dövlət qayğısının bariz nümunəsidir. Milli mətbuatın yubileylərinin keçirilməsi bir tərəfdən zəngin media irsinin qorunmasına, digər tərəfdən isə gənc jurnalist nəslində peşəyə hörmət hissinin gücləndirilməsinə xidmət edir. Bu tədbirlər eyni zamanda milli mətbuatın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 3 fevral 2025-ci il tarixli sərəncamı ilə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi dövlətin milli mətbuata verdiyi yüksək qiymətin ifadəsi olmaqla yanaşı, jurnalistlərin əməyinin stimullaşdırılması və peşə nüfuzunun artırılması istiqamətində mühüm addım olmuşdur.

30 dekabr 2021-ci ildə qəbul edilmiş "Media haqqında" qanun media fəaliyyətinin müasir dövrün tələblərinə uyğun tənzimlənməsinə, informasiya mühitinin sağlamlaşdırılmasına, media subyektlərinin hüquq və vəzifələrinin daha dəqiq müəyyənləşdirilməsinə, jurnalist fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsinə və media sektorunda şəffaflığın artırılmasına xidmət edən mühüm normativ-hüquqi sənəddir. Azərbaycan Respublikasının Konstitusiyasında söz və mətbuat azadlığının əsas insan hüquqlarından biri kimi təsbit edilməsi ölkədə medianın azad, məsuliyyətli və güclü ictimai institut kimi formalaşmasının hüquqi əsasını təşkil edir. Dövlət media sektorunun inkişafını, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsini və peşə fəaliyyətinin stimullaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə müxtəlif dövrlərdə kütləvi informasiya vasitələrinə maliyyə dəstəyi göstərilmiş, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilmiş, milli mətbuatın inkişafındakı xidmətlərinə görə çoxsaylı media nümayəndələri fəxri adlara, orden və medallara layiq görülmüşdür. 2023-cü il yanvarın 1-dən etibarən media subyektlərinin media fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, reklam gəlirləri, eləcə də MEDİA Agentliyi tərəfindən ayrılan maliyyə vəsaitləri müəyyən edilmiş müddət ərzində bir sıra vergilərdən, o cümlədən əlavə dəyər vergisindən azad edilmişdir. Bu güzəştlər media sektorunun iqtisadi dayanıqlılığının gücləndirilməsinə, rəqabət qabiliyyətinin artırılmasına və milli medianın davamlı inkişafına mühüm dövlət dəstəyi kimi qiymətləndirilir.

Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev milli mətbuatın inkişafını daim dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirmiş, jurnalistikanın müasir dövrün tələblərinə uyğun inkişafı üçün ardıcıl tədbirlər həyata keçirmişlər. Məhz bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycan mediası bu gün həm milli maraqların qorunması, həm də ölkəmizin beynəlxalq informasiya məkanında layiqincə təmsil olunması istiqamətində mühüm rol oynayan güclü ictimai institutlardan birinə çevrilmişdir.

Azərbaycan mətbuatı Birinci və İkinci Qarabağ müharibələri dövründə də yüksək peşəkarlıq, fədakarlıq və məsuliyyət nümayiş etdirmişdir. Hər iki müharibə zamanı milli media rəsmi mənbələrə əsaslanan dəqiq, operativ və etibarlı informasiyanın ictimaiyyətə çatdırılmasında mühüm rol oynamış, cəmiyyətin düzgün məlumatlandırılmasına, milli həmrəyliyin möhkəmləndirilməsinə və vətəndaşlarda vətənpərvərlik ruhunun yüksəldilməsinə əhəmiyyətli töhfə vermişdir. İnformasiya müharibəsinin hərbi əməliyyatlar qədər mühüm əhəmiyyət kəsb etdiyi bir şəraitdə Azərbaycan mediası peşəkarlıq nümayiş etdirərək dövlətin informasiya siyasətinin həyata keçirilməsinə mühüm dəstək göstərmişdir.

Xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı milli mətbuatın fəaliyyəti xüsusi əhəmiyyət kəsb etmişdir. Bu dövrdə media orqanları yalnız ölkə ictimaiyyətinin operativ və obyektiv məlumatlandırılmasını təmin etməmiş, eyni zamanda beynəlxalq informasiya məkanında Azərbaycan həqiqətlərinin yayılmasında, dezinformasiyaların ifşa edilməsində və xarici auditoriyanın düzgün məlumatlandırılmasında həlledici rol oynamışdır. Jurnalistlər hadisələri operativ şəkildə işıqlandıraraq dövlət qurumlarının rəsmi məlumatlarının geniş auditoriyaya çatdırılmasına, informasiya təhlükəsizliyinin təmin edilməsinə və milli maraqların müdafiəsinə mühüm töhfə vermişlər.

Müasir dövrdə Azərbaycanın beynəlxalq media əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən mühüm təşəbbüslərdən biri də Şuşa Qlobal Media Forumudur. 2023-cü ildən etibarən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində təşkil olunan bu mötəbər beynəlxalq platforma dünyanın müxtəlif ölkələrindən yüzlərlə jurnalisti, media rəhbərini, eksperti, alimləri və beyin mərkəzlərinin nümayəndələrini bir araya gətirir. Forum qlobal informasiya mühitində baş verən proseslərin, rəqəmsal transformasiyanın, media təhlükəsizliyinin, süni intellektin, dezinformasiyaya qarşı mübarizənin və beynəlxalq media əməkdaşlığının müzakirə edildiyi nüfuzlu platformaya çevrilmişdir. Şuşa Qlobal Media Forumunun mühüm xüsusiyyətlərindən biri də forum iştirakçılarının Prezident İlham Əliyevlə açıq dialoq aparmaq imkanı əldə etmələridir. Dövlət başçısı forum çərçivəsində yerli və xarici media nümayəndələrinin suallarını ətraflı cavablandırır, Azərbaycanın daxili və xarici siyasəti, regional və qlobal proseslər, beynəlxalq təhlükəsizlik, iqtisadi inkişaf, enerji siyasəti və digər aktual məsələlərlə bağlı ölkəmizin mövqeyini birbaşa dünya ictimaiyyətinə çatdırır. Bu, beynəlxalq media nümayəndələrinin informasiyanı ilkin mənbədən əldə etməsinə, Azərbaycanın mövqeyinin daha dolğun və obyektiv şəkildə beynəlxalq auditoriyaya təqdim olunmasına mühüm töhfə verir.

Bu gün dünya nizamı sürətlə dəyişir, geosiyasi proseslər yeni mərhələyə qədəm qoyur və qlobal informasiya mühitində rəqabət daha da kəskinləşir. Belə mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan mediasının qarşısında da yeni vəzifələr və çağırışlar dayanır. Müasir medianın inkişafı qabaqcıl rəqəmsal texnologiyaların tətbiqi, sosial media platformalarında peşəkar fəaliyyətin genişləndirilməsi, rəqəmsallaşma proseslərinin sürətləndirilməsi, süni intellekt texnologiyalarından səmərəli istifadə, media savadlılığının yüksəldilməsi, kibertəhlükəsizliyin gücləndirilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizənin daha da təkmilləşdirilməsi, eləcə də effektiv ictimai kommunikasiyanın təmin olunması kimi mühüm istiqamətləri əhatə edir. Məhz bu amillər Azərbaycan mediasının gələcək inkişaf perspektivlərini və qlobal informasiya məkanındakı mövqeyini müəyyənləşdirəcək əsas faktorlar hesab olunur. Eyni zamanda milli media müasir informasiya mühitinin tələblərini nəzərə almaqla xalqımızın maraqlarını daim ön planda saxlamalı, dövlətçilik prinsiplərinə sadiq qalmalı və ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, sosial-iqtisadi inkişafının, həyata keçirilən islahatların, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin, "Böyük qayıdış" proqramının icrasının və digər mühüm dövlət siyasəti istiqamətlərinin ölkə və dünya ictimaiyyətinə operativ, obyektiv və peşəkar şəkildə çatdırılmasını təmin etməlidir. Bu, həm Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyinin möhkəmləndirilməsinə, həm də milli informasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir.

Güclü, peşəkar, müstəqil və məsuliyyətli media hər bir dövlətin dayanıqlı inkişafının mühüm sütunlarından biridir. Doğru, obyektiv və operativ informasiya cəmiyyətin sağlam inkişafına, dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə, milli həmrəyliyin güclənməsinə və ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət edir. Məhz buna görə də Azərbaycan milli mətbuatı zəngin tarixi ənənələrinə söykənərək müasir çağırışlara uyğun inkişaf etməli, innovativ texnologiyalardan səmərəli istifadə və milli maraqların etibarlı müdafiəçisi kimi fəaliyyətini gələcəkdə də uğurla davam etdirməlidir.

 

Azər BADAMOV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransanın 27 departamentində yüksək yanğın təhlükəsi elan edilib

09:25
22 İyul

Judit Polgar ölkə prezidentliyinə namizəd olmaq istəmədi

09:20
22 İyul

Vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklif ediblər

09:15
22 İyul

Bakıda yaşıllaşdırma işləri davam etdirilir

09:10
22 İyul

Bakı-Berlin siyasi dialoqu yeni müstəviyə qədəm qoyur

09:05
22 İyul

Münasibətlər daha sistemli və çoxşaxəli xarakter alacaq

09:00
22 İyul

Ulu Öndər xilas missiyasına Naxçıvandan başladı

08:55
22 İyul

Müstəqilliyə gedən yolun strateji təməli

08:50
22 İyul

Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolu və müasir çağırışlar

08:45
22 İyul

Qələmi qırılan aydınlar

08:45
22 İyul

Mətbu söz zamanın salnaməsidir

08:40
22 İyul

Həqiqətin və dövlətçiliyin xidmətində

08:35
22 İyul

Azərbaycan milli mətbuatının inkişaf yolu və müasir media siyasəti

08:30
22 İyul

Yeni məşğulluq strategiyası əhalinin sosial güvənliyini daha etibarlı təmin edəcək

08:25
22 İyul

"Sinxua" Agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

08:20
22 İyul

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq dərinləşir

08:15
22 İyul

Azərbaycan mediası – beynəlxalq informasiya axınının fəal subyekti

08:10
22 İyul

"AZƏRBAYCAN"ın "Zəfər" imzası

08:05
22 İyul

AZƏRBAYCAN XALQI İLHAM ƏLİYEVİ NİYƏ SEVİR

08:00
22 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

02:20
22 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 mart tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi Qaydası”nda və 2021-ci il 25 may tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti Qaydası”nda dəyişiklik edilməsi barədə

02:18
22 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!