Bu gün İkinci Dünya müharibəsinin başlanmasından 87 il ötür. Bəşər tarixinin ən qanlı hadisələrindən olan bu müharibə 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşa üzərinə hücumu ilə başladı. Tarixdə silinməz izlər qoyan bu qanlı müharibə təxminən 71 milyon insanın həyatına son qoydu ki, bunun da yarıdan çoxunu dinc sakinlər təşkil edir. 1945-ci il sentyabrın 2-nə kimi davam edən müharibədə 61 dövlət, 1,7 milyard insan iştirak edib. Hərbi əməliyyatlar 40 ölkənin ərazisində aparılıb.
İkinci Dünya müharibəsi bütövlükdə bəşəriyyətin yaşam böhranı idi. Birinci Dünya müharibəsindən sonra məğlub dövlətlərə tətbiq olunan ağır iqtisadi və siyasi cəzalar Avropada qisas hissini gücləndirdi. Xüsusilə Almaniyada nasistlərin hakimiyyətə gəlməsi və qonşu torpaqların işğal edilməsi qlobalmiqyaslı bu müharibəni qaçılmaz etdi.
Müharibənin ağır yükünü çiyinlərində daşıyan milyonlarla insan faşizmə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Bu mübarizədə Azərbaycan xalqı əsl qəhrəmanlıq və fədakarlıq nümunəsi göstərdi. Həmin dövrdə ərazisində hərbi əməliyyatlar getməsə də, Azərbaycan ön və arxa cəbhədə qələbəni təmin edən əsas dayaq nöqtələrindən birinə çevrildi. Arxiv sənədləri və tarixi faktlar ölkəmizin bu qələbəyə verdiyi töhfənin miqyasını açıq-aydın ortaya qoyur: müharibə illərində Azərbaycan 600 mindən çox oğul və qızını cəbhəyə yola saldı. Onların təqribən yarısı Qələbə uğrunda döyüşlərdə canlarından keçdi. Döyüşlərdə göstərdikləri misilsiz şücaətə görə 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adını aldı, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edildi. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş əfsanəvi tankçı korpus komandiri, general Həzi Aslanov, Mehdi Hüseynzadə və digər igidlərimiz bütün dünyaya Azərbaycan oğullarının şücaətini nümayiş etdirdilər.
İkinci Dünya müharibəsində Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi. 416-cı Taqanroq, 223-cü, 402-ci və digər milli diviziyalarımız faşizmə qarşı vuruşaraq Qafqaz döyüşlərindən tutmuş Berlinə hücuma qədər mühüm hərbi əməliyyatlarda fəal iştirak etdilər. Həmyerlilərimiz Brest qalasının müdafiəsindən tutmuş Moskva, Leninqrad, Kiyev, Stalinqrad döyüşlərinə qədər qəhrəmanlıq nümayiş etdirdilər. Fransa, İtaliya, Yuqoslaviya və Polşa kimi ölkələrdə yüzlərlə soydaşımız yerli partizan dəstələrinin tərkibində faşistlərə qarşı qəhrəmancasına vuruşdular. Mehdi Hüseynzadənin İtaliya və Yuqoslaviya partizanları arasında göstərdiyi igidliklər dastana çevrildi.
İkinci Dünya müharibəsinin taleyini həll edən əsas amillərdən biri də Azərbaycan nefti idi. Azərbaycan neftçiləri arxa cəbhədə gecəli-gündüzlü fədakarlıqla çalışaraq ön cəbhəni zəruri yanacaqla təmin etdilər.
İkinci Dünya müharibəsi 1945-ci il sentyabrın 2-də başa çatdı. Bununla da faşizm ideologiyasına son qoyuldu. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması məqsədilə Birləşmiş Millətlər Təşkilatı (BMT) yaradıldı.
İkinci Dünya müharibəsi bəşəriyyətə unudulmaz yaralar vursa da, həm də xalqların əzm və iradəsinin nümayişinə çevrilərək sınaq meydanı oldu. Azərbaycan xalqı həm ön cəbhədə döyüşən igid əsgərləri, həm də arxa cəbhədə fədakarlıqla çalışan əmək adamları ilə faşizm üzərində qələbənin qazanılmasına böyük töhfə verdi.
Təhminə VERDİYEVA,
"Azərbaycan"