Erməni diasporunun "siyasi şouları" heç bir təsirə malik deyil
Cənubi Qafqazda onilliklərlə davam edən münaqişənin həllindən sonra dayanıqlı sülh, təhlükəsizlik və bölgə xalqlarının rifahı üçün tarixi fürsət yaranıb. Lakin belə bir həssas dönəmdə Avropa səhnəsində yenidən köhnə, revanşist ssenarilərin dövriyyəyə buraxılması antiazərbaycançı şəbəkənin regiondakı sülh quruculuğuna qarşı çıxdığını göstərir. Lakin erməni diasporu Avropanın iki mühüm paytaxtında - Paris və Praqada Azərbaycana qarşı növbəti təxribat xarakterli aksiyalara hazırlaşır.
Həqiqət siyasi manevrlə dəyişdirilə bilməz
Xarici mediada yayımlanan məlumatlara görə, Fransanın paytaxtı Parisdə sentyabrın 4-dək Azərbaycanda törətdikləri ağır cinayətlərə görə məhkum edilən erməni hərbi-siyasi şəxslərin portretlərindən ibarət küçə sərgisi keçiriləcək. Tədbirin təşəbbüskarları arasında Paris merinin müavini Odri Pülvar, Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədrləri Ara Toranyan və Murad Papazyanın adı çəkilir.
Bu küçə şousuna yerli siyasi dairələrin, o cümlədən Paris meriyasının açıq dəstək verməsi prosesin, sadəcə, diaspor təşəbbüsü olmadığını, eyni zamanda müəyyən Qərb dairələrinin anti-Azərbaycan xəttini davam etdirmək cəhdini göstərir. Humanitar mövzular pərdəsi altında təqdim olunmağa çalışılan bu aksiya, əslində, Bakıda ağır hərbi cinayətlərə və separatçılığa görə layiqli cəzalarını almış şəxsləri "siyasi məhbus" kimi qələmə vermək məqsədi güdür.
Ancaq tarixi və hüquqi həqiqətlər heç bir siyasi manevrlə dəyişdirilə bilməz. Azad olunması tələb edilən şəxslərin kimliyinə diqqət yetirmək belə bəs edir ki, bu istəyi irəli sürənlərin, yumşaq ifadə etsək, ikiüzlülüyünü, qərəzini aydın görəsən.
Bunlar milli kimliyimizə düşmən kəsilərək xalqımızın qanına susayan, işğal etdikləri ərazilərimizdə əliyalın insanlarımıza divan tutmaları, eləcə də Vətən müharibəsi dövründə Gəncədə, Tərtərdə, Bərdədə terror törədərək mülki insanlarımızı qətlə yetirmələri ilə öyünən qatillər, terrorçular, hərbi canilərdir.
Hərbi cinayətlər törətmiş erməniəsilli şəxslər barəsindəki cinayət işi üzrə ittiham aktında da qeyd olunur ki, 1988-2024-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində 3 min 493 nəfəri mülki, 15 min 357 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 18 min 850 şəxs qəsdən öldürülüb. 4 min 435 nəfəri mülki, 51 min 803 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 56 min 268 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilib.
2023-cü ildə "dəmir yumruq" Qarabağda separatizmin tabutuna son mismarı çaldı. Azərbaycan dövlət suverenliyini tam təmin etdi və Konstitusiyası bütün ərazilərində hüquqi qüvvəyə mindi.
Bakıda beynəlxalq hüququn norma və prinsiplərinə uyğun keçirilən məhkəmə prosesi nəticəsində erməni canilər haqq etdikləri cəzalarını alıblar.
İkili standartlar və cavabsız qalan suallar
Bu gün Paris və Praqada hay-küy salan ermənipərəst dairələr nədənsə qarşı tərəfi görməzdən gəlirlər. Bu isə haqlı suallar doğurur. Görəsən, Birinci Qarabağ müharibəsindən bəri itkin düşmüş 4 mindən çox azərbaycanlının taleyi Avropadakı "insan hüquqları müdafiəçiləri"ni nə üçün narahat etmir?
1980-ci illərin sonlarında öz ata-baba yurdlarından kütləvi şəkildə deportasiya olunmuş yüz minlərlə azərbaycanlının geriyə, dinc şəkildə qayıtmaq hüququ nə üçün bir dəfə də olsun Qərb təsisatlarının gündəliyinə gətirilmir? Bunun üçün hansısa aksiyalar düzənlənmir, Ermənistana siyasi təzyiq göstərilmir. Əvəzində erməni diasporunun dəyirmanına su tökülməsi ilə məşğul olunur, çoxdan tarixin zibilliyinə tolazlanmış məsələlər yenidən süni şəkildə gündəmə gətirilməyə çalışılır.
Təbii ki, Avropanın bəzi paytaxtlarında təşkil olunan bu cür şoular və lobbi fəaliyyətləri Azərbaycanın öz milli maraqları istiqamətində atdığı qətiyyətli addımlara heç bir təsir göstərə bilməz. Revanşist ssenarilər artıq keçmişdə qalıb.
Bölgədə yeni reallığı yaradan Azərbaycan həm öz təhlükəsizliyini qorumaq, həm də ədaləti bərqərar etmək gücünə malikdir.
Azərbaycanın qətiyyəti Cənubi Qafqazda sülhü de-fakto bərqərar edib. Bu gerçəkliyi gözardı edən qərəzli Avropa dairələri isə yaxşı olar ki, revanşizmi qızışdıran aksiyalara dəstək vermək yerinə, regionda yaranmış bu unikal sülh fürsətini qiymətləndirərək tarixi ədalətin yanında yer alsınlar. O zaman dildə dedikləri ilə əməlləri də üst-üstə düşmüş olar.
Y.MUSAYEVA,
"Azərbaycan"