Hər şəhərin öz siması olduğu kimi, həm də öz yaddaşı var. Bu yaddaş bəzən bir qala divarında, bəzən qədim məscidin daş kitabəsində, bəzən də əsrlər boyu küləyə, yağışa, zəlzələlərə sinə gərmiş bir sarayın divarlarında yaşayır. Azərbaycan memarlığının bu nadir, tarixi numunələrini inşa edənlər onun xarici görünüşünün cəlbediciliyini, gözəlliyini düşünməklə yanaşı, təbii relyefə uyğunluğunu, təbiətin şıltaqlıqlarına dözümlülüyünü də nəzərə alıblar. Odur ki, tarixin keşməkeşli zamanlarının onları məhv etməyə gücü çatmayıb.
2026-cı ilin Prezident İlham Əliyevin sərəncamı ilə "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ölkəmizin nadir memarlıq incilərinə yalnız bu günün gözü ilə deyil, keçmişin dəyərli nişanələri kimi yenidən baxmaq imkanı verib. Bu qərar xalqımızın tarixinin, mədəniyyətinin zənginliyini əks etdirən milli-mədəni irsimizin öyrənilməsinin, qorunmasının, tanıdılmasının vacibliyini bir daha diqqətə gətirib.
Orta əsr Azərbaycan memarlığının ən qiymətli yadigarlarından biri olan Şirvanşahlar sarayı Bakının tarixini, dövlətçilik ənənələrini və şəhərsalma mədəniyyətini bu günə çatdıran, tayı-bərabəri olmayan memarlıq ansamblıdır. Saray Şirvanşahlar dövlətinin hökmdarlarının Bakıdakı iqamətgahı olub. Kompleksin formalaşması uzun tarixi dövrü əhatə edir və onun ayrı-ayrı tikililəri əsasən XIV-XVI əsrlər arasında inşa edilib. Kompleksə saray binası ilə yanaşı, divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Seyid Yəhya Bakuvinin türbəsi, saray hamamı, ovdan, Murad darvazası və Keyqubad məscidinin qalıqları daxildir.
Sarayın inşa olunması Şirvan dövlətinin tarixində baş verən mühüm siyasi hadisələrlə sıx bağlıdır. 1192-ci ildə Şamaxıda baş vermiş güclü zəlzələdən sonra Şirvanşah I Axsitanın iqamətgahını Bakıya köçürməsi şəhərin siyasi əhəmiyyətinin artmasına səbəb olub. XV əsrdə Bakının iqtisadi və siyasi mövqeyinin daha da güclənməsi ilə Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə saray kompleksinin əsas hissələrinin tikintisi geniş vüsət alıb.
Kompleksin ayrı-ayrı binaları müxtəlif dövrlərdə meydana gəlsə də, onların arasında güclü memarlıq və kompozisiya bütövlüyü mövcuddur. Şirvan-Abşeron memarlıq məktəbinin ənənələrinə əsaslanan ustalar yerli əhəngdaşından istifadə etməklə monumental və zərif tikililər yaradıblar. Kubik həcmli binalar, günbəzlər, portallar, daş üzərində oyma naxışlar və müqərnəs elementləri kompleksin bədii simasını müəyyən edir.
Saray binası mürəkkəb memarlıq quruluşuna malikdir. Tarixi məlumatlara görə, binada ilkin olaraq 52 otaq olub. Onlar dar və dolama pilləkənlərlə bir-biri ilə əlaqələndirilib. İkinci mərtəbədə yerləşən səkkizbucaqlı qəbul zalı sarayın ən diqqətçəkən hissələrindən biridir. Zalların və otaqların yerləşmə xüsusiyyətləri burada həm dövlət qəbullarının keçirildiyini, həm də hökmdar ailəsinin yaşadığını göstərir.
Kompleksin mühüm memarlıq nümunələrindən biri divanxanadır. Bu tikilinin funksiyası barədə müxtəlif fikirlər mövcuddur. Onun dövlət şurası, qəbul və ya məhkəmə məqsədləri üçün istifadə edildiyi ehtimal olunur. Divanxananın memarlıq həlli Şirvan-Abşeron məktəbinin yüksək bədii və texniki imkanlarını nümayiş etdirir.
Şirvanşahlar türbəsi isə kompleksin həm tarixi, həm də dini-memorial baxımdan xüsusi əhəmiyyət daşıyan hissəsidir. Türbə Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə - 1435-1436-cı illərdə inşa edilib. Kitabədə tikilinin I Xəlilullah tərəfindən anası və oğlu üçün ucaldığı bildirilib. Buranın zəngin portal bəzəkləri, daş işləmələri və günbəzli quruluşu Orta əsr Azərbaycan memarlığının yüksək səviyyəsini nümayiş etdirir.
Kompleksin digər mühüm abidəsi Şah məscididir. Məscidin minarəsi üzərindəki kitabə onun 1441-1442-ci illərdə Şirvanşah I Xəlilullahın əmri ilə inşa edildiyini göstərir. Məscidin ibadət zalı günbəzlə örtülüb, memarlıq quruluşunda həm estetik, həm də konstruktiv həllərdən istifadə edilib. Məscid və türbə arasında olan memarlıq əlaqəsi kompleksin ümumi kompozisiyasını daha da tamamlayır.
Sarayın cənubunda yerləşən Seyid Yəhya Bakuvinin türbəsi də xüsusi maraq doğurur. XV əsrin ikinci yarısında inşa edildiyi ehtimal olunan bu səkkizbucaqlı tikili saray alimi, filosof və mütəfəkkir Seyid Yəhya Bakuvinin adı ilə bağlıdır. Onun elm, fəlsəfə, tibb, riyaziyyat və astrologiya sahələrində fəaliyyəti Azərbaycan elmi-mədəni tarixində mühüm iz qoyub. Seyid Yəhya Bakuvi Dərviş türbəsi kimi də tanınır.
Şirvanşahlar sarayının tarixində müxtəlif siyasi hadisələrin izləri də qalıb. XVI əsrin sonlarında Osmanlıların Bakı üzərində hakimiyyəti dövründə sarayın şərq hissəsində Murad darvazası inşa edilib. Darvazanın üzərindəki kitabə onun 1585-1586-cı illərdə yerli əyan Rəcəb babanın əmri ilə tikildiyini göstərir. Bu abidə saray kompleksinin müxtəlif siyasi və mədəni dövrlərin memarlıq izlərini özündə birləşdirir.
Sonrakı əsrlərdə saray müxtəlif dəyişikliklərə və dağıntılara məruz qalıb. XVIII əsrdə Bakının bombardmana tutulması zamanı sarayın cənub-şərq fasadı zədələnib. XIX əsrdə isə Rusiya imperiyasının Hərbi Nazirliyinin istifadəsinə verilən kompleksdə uyğunlaşdırma məqsədilə bir sıra dəyişikliklər aparılıb. Bu müdaxilələrin bir qismi abidənin ilkin memarlıq görünüşünə ciddi təsir edib.
XX əsrin əvvəllərindən etibarən Şirvanşahlar sarayının tarixi-memarlıq abidəsi kimi qorunması istiqamətində məqsədyönlü tədbirlər görülməyə başlanıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə sarayın ölçmə çertyojlarının hazırlanması onun elmi əsaslarla öyrənilməsi baxımından mühüm addım olub. 1920-ci ildən sonra saray ərazisində təmizləmə, arxeoloji araşdırma və bərpa işləri həyata keçirilib.
Ötən əsrin 30-cu illərində aparılan bərpa işləri, eləcə də 1937-1938-ci illərdə həyata keçirilən arxeoloji qazıntılar kompleksin tarixinin öyrənilməsinə böyük töhfə verib. Qazıntılar zamanı müxtəlif dövrlərə aid keramika nümunələri, sikkələr və digər arxeoloji materiallar aşkar edilib. Tədqiqatlar göstərib ki, saray kompleksinin yerləşdiyi ərazidə daha qədim yaşayış məskənləri də mövcud olub.
1964-cü ildə Şirvanşahlar Sarayı Kompleksi dövlət tarixi-memarlıq qoruq-muzeyinə çevriləndən sonra burada müxtəlif bərpa və konservasiya tədbirləri həyata keçirilib, 1990-cı illərdən etibarən isə kompleksin restavrasiyasına yenidən xüsusi diqqət göstərilib.
Şirvanşahlar sarayının əhəmiyyəti 2000-ci ildə unikal memarlıq və mədəniyyət kompleksinin - Bakının qala divarları ilə əhatə edilmiş tarixi hissəsinin (İçərişəhər, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksinin) UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi ilə bir daha təsdiq olunub. Bununla saray yalnız Azərbaycanın deyil, bəşəri mədəni irsin mühüm nümunələrindən biri kimi beynəlxalq səviyyədə tanınıb. 2001-ci ildə isə Nazirlər Kabinetinin qərarı ilə Şirvanşahlar sarayı dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb.
Bu gün Şirvanşahlar sarayı Azərbaycanın dövlətçilik və memarlıq tarixinin canlı salnaməsi kimi öz əhəmiyyətini qoruyur. Onun daş divarlarında Orta əsr Azərbaycan memarlarının sənəti, əsrlərin tarixi yaşayır. Kompleksin hər bir tikilisi - saray binası, divanxana, Şah məscidi, türbə, hamam və digər memarlıq nümunələri Azərbaycanın zəngin keçmişini əks etdirir.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"