Azərbaycan rəqəmsal hökumətin inkişafında dünyada tətbiq olunan ən müasir “Rəqəmsal Hökumət 2.0” (“Digital Government 2.0”) konsepsiyasına uyğun irəliləyir. Bu yanaşmanın əsas məqsədi dövlət xidmətlərinin vahid rəqəmsal pəncərə üzərindən təqdim olunması, vətəndaşların isə müxtəlif dövlət qurumlarının xidmətlərindən təkrar qeydiyyat və əlavə prosedurlar olmadan istifadə etməsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının üzvü, informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov deyib.
Ekspert bildirib ki, hazırda müxtəlif dövlət qurumlarının mobil tətbiqlərinin “mygov” platformasına inteqrasiyası mərhələli şəkildə həyata keçirilir.
“Azərbaycan rəqəmsal hökumət sahəsində dünyanın ən müasir yanaşmalarından biri olan istifadəçiyönümlü “Rəqəmsal Hökumət 2.0” konsepsiyasına uyğun inkişaf edir. Bu konsepsiyanın mahiyyəti dövlət xidmətlərinin vahid rəqəmsal pəncərə üzərindən təqdim edilməsidir. Məqsəd ondan ibarətdir ki, vətəndaş müxtəlif dövlət qurumlarının xidmətlərindən istifadə etmək üçün ayrı-ayrılıqda qeydiyyatdan keçməsin, müxtəlif parollar saxlamasın və bütün xidmətlərə bir platforma vasitəsilə çıxış əldə etsin”, - deyə F.Kazımov vurğulayıb.
O qeyd edib ki, bu proses çərçivəsində bir sıra mobil tətbiqlər artıq tam və ya qismən “mygov” sisteminə inteqrasiya olunub, yaxın dövrdə isə daha yeddi dövlət mobil tətbiqinin platformaya qoşulması gözlənilir: “Bu o demək deyil ki, həmin qurumların xidmətləri ləğv olunur. Əksinə, xidmətlər əvvəlki kimi göstəriləcək, sadəcə, vətəndaş onlara “mygov” vasitəsilə vahid giriş imkanına malik olacaq. Nəticədə çoxsaylı mobil tətbiqlərin telefonda saxlanılmasına, hər biri üçün ayrıca qeydiyyatdan keçməyə və müxtəlif bildirişləri izləməyə ehtiyac qalmayacaq”.

Ekspert qeyd edib ki, “Mobil Notariat” və “e-Polis” tətbiqlərinin inteqrasiyası artıq qismən həyata keçirilib və yaxın müddətdə bu proses tam başa çatdırılacaq. “Mygov” yalnız xidmətlərin təqdim olunduğu platforma deyil, həm də onların keyfiyyətinə nəzarət mexanizmini gücləndirən alətdir: “Əgər hər hansı dövlət xidməti göstərilərkən problem yaranarsa və vətəndaş xidməti vaxtında ala bilməzsə, “mygov” bunu izləməyə imkan verir. Bu da xidmətlərin keyfiyyətinə, icra müddətinə və vətəndaş məmnuniyyətinə nəzarət mexanizmini daha da gücləndirir”.
İnformasiya texnologiyaları üzrə mütəxəssis hesab edir ki, “mygov” artıq sadəcə platforma deyil, tam formalaşmaqda olan rəqəmsal ekosistemdir: “Mən “mygov”u artıq platformadan daha çox ekosistem hesab edirəm. Burada söhbət yalnız bir və ya iki xidmətdən getmir. İstifadəçinin bütün ehtiyaclarını vahid mühitdə qarşılayan rəqəmsal ekosistem formalaşır və bu istiqamətdə mühüm addımlar atılır”.
F.Kazımov bildirib ki, gələcəkdə bu model özəl sektorda da tətbiq oluna bilər və Azərbaycanın rəqəmsal həlləri beynəlxalq bazarda ixrac potensialına malikdir: “Hesab edirəm ki, gələcəkdə Azərbaycanda özəl sektorda da bu cür rəqəmsal ekosistemlər formalaşacaq. Eyni zamanda, “mygov” ekosisteminin və onun arxasında dayanan texnoloji həllərin xarici ölkələrə, xüsusilə Asiya və Afrika ölkələrinə ixracı Azərbaycanın informasiya texnologiyaları sahəsində ixrac potensialının artırılmasına mühüm töhfə verə bilər”.