Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun əməkdaşları işğaldan azad edilmiş ərazilərin coğrafi və ekoloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində kompleks elmi tədqiqatlar aparırlar. Tədqiqatların əsas məqsədi həmin ərazilərdə ekoloji vəziyyətin qiymətləndirilməsi, təbii ekosistemlərin bərpası və davamlı inkişafın təmin edilməsinə xidmət edən elmi yanaşmaların hazırlanmasıdır.
Bu barədə AZƏRTAC-a institutundan məlumat verilib.
Bildirilib ki, institut son beş il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı tədqiqatlar həyata keçirib. Ərazilər işğal altında olduğu dövrdə meteoroloji müşahidələrin aparılması mümkün olmadığından iqlim göstəricilərinin əldə edilməsi üçün aerokosmik tədqiqat metodlarından istifadə olunub. Hazırlanmış metodikalar əsasında həmin ərazilərin iqlim göstəriciləri bərpa edilir və onların elmi təhlili aparılır. Bu istiqamətdə institutun bütün şöbə və laboratoriyalarında müvafiq tədqiqatlar həyata keçirilib.
Məlumata görə, torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağ və Şərqi Zəngəzura bir neçə elmi ekspedisiya təşkil olunub. Ekspedisiyalar zamanı aparılan çöl tədqiqatları və toplanmış materiallar əsasında elmi hesabatlar hazırlanıb, əldə olunan nəticələr müxtəlif elmi nəşrlərdə dərc edilib. Həmçinin bu istiqamətdə beynəlxalq elmi konfranslar keçirilib və monoqrafiya nəşr olunub.
Bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərində ekoloji dayanıqlılıq prinsiplərinə xüsusi önəm verilir. Yeni salınan yaşayış məntəqələrində günəş panellərinin quraşdırılması, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, aqrar sahənin, turizm sektorunun və müasir istehsal müəssisələrinin inkişafı bu yanaşmanın əsas elementlərindəndir. Eyni zamanda, xidmət infrastrukturu beynəlxalq standartlara uyğun şəkildə formalaşdırılır.
Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən inkişaf modeli yaşıl iqtisadiyyat prinsiplərinə əsaslanır. Bu model iqtisadi inkişafın ekoloji təhlükəsizlik və təbii resurslardan səmərəli istifadə prinsipləri ilə uzlaşdırılmasını nəzərdə tutur. Mütəxəssislərin fikrincə, bölgədə icra olunan layihələr Azərbaycanın davamlı inkişaf və yaşıl enerji siyasətinin uğurlu nümunələrindən biridir.