Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. Komitə sədri Hicran Hüseynova gündəliyə bir məsələnin daxil edildiyini bildirib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Veteranlar haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Yetkinlik yaşına çatmayanlarınbaxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Uşaq hüquqları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.
Qeyd edilib ki, təqdim olunan qanun layihəsi “Pulsuz hüquqi yardım haqqında” yeni qanun layihəsinin hazırlanması zərurətindən yaranıb. Qanun layihəsinin əsas məqsədi həssas əhali qruplarının pulsuz hüquqi yardımdan yararlanmaq hüququnu genişləndirmək və onların hüquqlarının daha etibarlı müdafiəsini təmin etməkdir. Layihə şəhid ailələri, veteranlar, qaçqınlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar, yetkinlik yaşına çatmayanlar, insan alveri və məişət zorakılığı qurbanları, sosial yardım alan ailələrin üzvləri və digər müəyyən edilmiş şəxslərin pulsuz hüquqi yardım alma hüququnu təsbit edir. Bununla əlaqədar “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna da müvafiq dəyişikliklər edilərək vəkillərin və Vəkillər Kollegiyasının pulsuz hüquqi yardım sahəsində vəzifə və fəaliyyətləri müəyyənləşdirilir.
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.