Bakı şəhərinin mədəni həyatında özünəməxsus yer tutan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binası yalnız mədəniyyətimizin və incəsənətimizin inkişafına xidmət göstərən əvəzolunmaz sənət ocağı deyil, həm də tarixlərin şahididir.
Azərbaycan peşəkar teatrı yaranandan, 1873-cü ildən Bakıda tamaşalara maraq göstərənlərin sayı artmağa başlayıb. Ancaq şəhərdə müasir və əsl teatr binasının olmaması millətpərvər, xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevi mühüm bir qərar verməyə sövq edib. O, 1882-ci ildə Bakı şəhərinin mərkəzində, Qorçakovskaya və Merkuryevskaya küçələrinin tinində yerləşən öz iri taxıl anbarını məkan olaraq seçib. Hazırlanmış 35 vərəqlik layihəni müvafiq idarəyə göndərib. Tikintiyə Azərbaycanda fəaliyyət göstərən, milliyyətcə alman olan mühəndis texnoloq, memar Ferdinand Lemkul rəhbərlik edib. Teatr binası onun nəzarəti altında inşa olunub və 1883-cü ilin sonunda başa çatıb.
Həmin il noyabrın 23-də binanın təhvil-təslimi üzrə xüsusi komissiya tərəfindən tərtib olunan aktda planlaşdırma, konstruktiv və yanğından mühafizə kimi xeyli qüsurlar qeyd olunub və onların aradan qaldılması tələb edilib.
Çoxsaylı nöqsanlara yol verilməklə inşa olunması belə, Azərbaycanın ilk teatr binasının əhəmiyyətinə kölgə sala bilməyib. Doğrudur, cəmiyyətdə səhnə sənətinə, teatra rəğbət bəsləyənlərin sayı yetərincə deyildi. Amma zəngin təbii sərvətləri ilə diqqət mərkəzinə çevrilməkdə olduğu, müasirləşməyə üz tutduğu bir zamanda - XIX əsrin sonlarında, Bakıda belə bir binaya böyük ehtiyac var idi. Azərbaycanın qabaqcıl övladları söydaşlarının da başqa xalqların nümayəndələri kimi dövrün tələbləri ilə ayaqlaşmaları üçün təhsilin, səhiyyənin, mətbuatın, eləcə də teatrın tərəqqisinin vacibliyini önə çəkərək bu istiqamətdə fəaliyyət göstərirdilər. Tağıyev teatrının binası da məhz belə bir vaxtda tikilib.
XIX əsrin axırlarında binanın fasadları, interyeri dəyişdirilməklə yenidən qurulması zərurəti meydana çıxıb. Bundan başqa, qazla və ya elektriklə işıqlanma əlavə olunması vacib idi. Amma teatrın bu problemi yalnız 1890-cı ildə həll olunub.
Teatrın populyarlığının azalmadığını, ildən-ilə aksiyalarının düşdüyünü görəndə Hacı Zeynalabdin Tağıyev yeni qərarlar verməli olub. Milyonçu binadan qurtulmaq fikrinə düşüb. Belə bir vaxtda - Tağıyev Teatrı binasının uçulma məsələsi ortaya çıxıb. Bununla Bakı şəhərinin tamamilə teatr binasız qalacağı müzakirəyə çevrilib.
O zaman teatra gəlir mənbəyi kimi maraq göstərən Bakının bəzi işgüzar adamları işə başlayıblar. Onlardan biri Bakıda Teatr meydanında "Nümunəvi teatr binasının inşası üzrə ortaqlıq" adlı səhmdar cəmiyyəti qurub. Cəmiyyətin təsisçiləri 1897-ci il oktyabrın 6-da Şəhər Dumasına Teatr meydanında sahə ayrılması ilə bağlı müraciət ünvanlayıblar. Teatr binasının "Avropadakı nümunəvi teatr binalarının planı üzrə fasadın üzü əsas küçəyə istiqamətləndirilərək" tikilməsi, işıqlandırılmanın texnikanın ən son nailiyyətlərindən yararlanaraq qurulması nəzərdə tutulub.
Şəhərdə yeni teatr binasının tikintisi barədə söz-söhbətlər dolaşmağa başlayıb. Onda Hacı Zeynalabdin Tağıyev öz teatrını yeniləmək qərarına gəlib və bu işlə ciddi məşğul olub. O, 1898-ci ildə teatrın rekonstruksiya layihəsinin tərtibi və bütün memarlıq-tikinti işlərinə nəzarəti mülki mühəndis P.İ.Koqnovitskiyə tapşırıb.
Koqnovitskinin niyyəti memarlıq-planlaşdırılma strukturuna əhəmiyyətli dəyişiklik etmək deyildi. Odur ki, cüzi dəyişikliklərlə kifayətlənib. Koqnovitskinin tərtib etdiyi layihə xeyriyyəçi, səxavətli milyonçunun arzularına uyğun olmayıb. Çünki Hacı Zeynalabdin Tağıyevin niyyəti, Bakıya, çox dəbdəbəli gələcək teatr binaları ilə rəqabət apara biləcək teatr binası bəxş etmək idi. Hacı Zeynalabdinin dəvəti ilə teatrın rekonstruksiyasına Koqnovitski ilə bərabər, istedadlı memar Qoslovski də qatılıb.
Teatr binasının gözoxşayan olması üçün imkan daxilində bütün vasitələrdən istifadə olunub. Binanın layihələşdirilməsi və tikintisi istiqamətində mühüm işlər həyata keçirilib. Zalların dekorasiyası yenilənib. Demək olar ki, tamaşaçı zalında yerlərin sayı iki dəfə artırılaraq 1200-ə çatdırılıb, orkestrin yeri yeni tərzdə qurulub. Eyni zamanda teatrın binası texniki cəhətdən təkmilləşdirilib, elektrik işıqlandırma ilə təchiz edilib.
Bakı şəhərinin ilk teatrı - Tağıyev Teatrı Azərbaycan teatrının inkişafında əhəmiyyətli yer tutub. 1890-cı il martın 10-da bu teatrda təqdim edilən tamaşa ən böyük teatr hadisələrindən birinə çevrilib. Tamaşadan gələn gəlirin yoxsul şagirdlərə xərclənəcəyi barədə qabaqcadan elanlar vurulub.
1901-ci il yanvarın 10-da teatrda orucluq bayramı münasibətilə Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" tamaşası nümayiş olunub. Martın 17-də isə Tağıyev teatrının səhnəsində Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" ("Hacı Qənbər") komediyası göstərilib.
Daha bir tarixi hadisə də bu binada baş verib. Belə ki, 1908-ci il yanvarın 25-də müsəlman Şərqində opera janrının əsasının qoyan Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" əsərinin ilk tamaşası Tağıyev Teatrında təqdim edilib.
Dövrün mətbu orqanlarında Tağıyev teatrında keçirilən tədbirlər, tamaşalar barədə tez-tez məlumatlar dərc olunub.
Ancaq qədim Bakıya yeni ab-hava gətirən bu binanın qayğıları bitmək bilməyib. Dönə-dönə yanğınlara məruz qalıb. Yenidən bərpa olunub. Hər dəfə də memarlıq-planlaşdırma kompozisiyasında, interyer bəzəklərində, fasad dekorunun keyfiyyətində müəyyən dəyişikliklər olub və daha da yaxşılaşdırılıb.
Teatrın binası 1909-cu ildə yandırılıb. Binanı yenidən inşa etməli olublar. Əvvəlki ikimərtəbəli teatr binasının yerinə üçmərtəbəli bina tikilib. Əsas fasadın eni də genişləndirilib, divarların hündürlüyü isə 6,75 metr artırılıb.
1918-ci ildə bolşevik-daşnak birləşmələri Bakıda soyırımı həyata keçirib, şəhərin nadir memarlıq nümunələri olan binaları dağıdılıb, yandırılıb. Tağıyev teatrının binası da ermənilər tərəfindən vəhşicəsinə yandırılıb. Binanın yalnız daş və dəmir-beton karkası qalıb.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, 1921-1922-ci illərdə teatrın binası bərpa olunub. Layihəsini bu dəfə Bakının baş memarı, mülki mühəndis Zivər bəy Əhmədbəyov tərtib edib.
Tağıyev teatrının adı da dönə-dönə dəyişdirilib. 1922-ci ildə teatra Dadaş Bünyadzadənin adı verilib. Səksən dörd yaşlı Hacı Zeynalabdin Tağıyevi də açılış mərasiminə dəvət ediblər. Millət atası - Hacı Zeynalabidin Tağıyev hər zaman əyləşdiyi yerdə - lojada görünəndə bütün zal ayağa qalxıb. Hətta yeni hökumət nümayəndələri də onu alqışlayıblar.
Həmin ildən - 1922-ci ildən binada Akademik Milli Dram Teatrı, 1960-cı ildən isə Azərbaycan Dövlət Musiqili Teatrı fəaliyyət göstərib. Uçmaq təhlükəsi olduğuna görə 1988-ci ildə sökülən binanın yerində yenisi tikilib. 1998-ci ilin oktyabrında teatr binasının rəsmi açılışı olub.
2013-cü il aprelin 18-də binanın əsaslı bərpa və yenidənqurma işlərindən sonra rəsmi açılışı keçirilib. 2019-cu il martın 5-də Azərbaycan Dövlət Musiqili Teatrına "akademik" statusu verilməsi barədə sərəncam imzalanıb.
Tağıyev teatrı (hazırda Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) XIX əsrin sonlarından bu günədək Azərbaycan teatrının inkişafına xidmət göstərir. Teatrın binası isə füsunkar görünüşü ilə Azərbaycan memarlığının ən gözəl nümunələrindən sayılır.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"