"Cənub Qaz Dəhlizi" və "Yaşıl Enerji" Məşvərət şuralarının iclaslarında bu dəfə də vacib məsələlər müzakirə ediləcək
2015-ci ildən başlayaraq, ildə bir dəfə Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclası keçirilir. Azərbaycanın təşəbbüsü və aparıcı qüvvəsi ilə həyata keçirilən bu möhtəşəm layihənin gerçəkləşməsində həmin iclasların mühüm rolu olub. Belə ki, Məşvərət Şurası il boyu görülən işlərə yekun vurur, qarşıdakı işləri müəyyənləşdirir.
2018-ci ilin mayında "Cənub qaz dəhlizi" istifadəyə verildi. 2020-ci ilin sonunda isə Azərbaycan qazının Avropaya çatması ilə dəhliz tam sistem kimi işə salındı. Bununla belə, Məşvərət Şurası yenə də hər il Bakıda toplaşır. Çünki zaman qarşıya yeni tələblər, yeni vəzifələr qoyur. Azərbaycan qazına tələbat artır. Azərbaycandan qaz idxal edən ölkələrin sayı getdikcə çoxalır. Buna görə də dəhlizin ayrı-ayrı seqmentlərinin genişləndirilməsi, yeni interkonnektorların çəkilməsi üçün zərurət yaranır. Prezident İlham Əliyev bu barədə belə deyib: "Cənub qaz dəhlizi" layihəsi başa çatıb, bizim işimiz isə davam edir. Əminəm ki, biz yeni nəticələr əldə edəcəyik".
Məhz bu məqsədlə Məşvərət Şurası hər il özünün növbəti toplantısını keçirir. İndi biz artıq 12-ci iclasın ərəfəsindəyik. Toplantının bu ilin birinci rübü ərzində keçiriləcəyi gözlənilir. Son bir neçə ildə bu tədbirlə eyni vaxtda "Yaşıl enerji" Məşvərət Şurasının da iclası baş tutur. Bu il həmin istiqamətdə sayca dördüncü iclas olacaq.
Keçən il bu iki Məşvərət Şurasının iclaslarına birlikdə Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatıldığını qeyd etsək, tədbirlərin əhəmiyyəti haqqında bir az da aydın təsəvvür yaranar. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak etmişlər.
Toplantı açılış sessiyasından sonra işini nazirlər sessiyası, "Cənub qaz dəhlizi" sessiyası: "Cənub qaz dəhlizi"nin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar" və "Yaşıl enerji" layihələri və "yaşıl enerji dəhlizləri" üzrə plenar sessiyalarla davam etdirmişdi.
Həmçinin Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında "yaşıl enerji"nin ötürülməsi və ticarəti üzrə II Nazirlər Görüşü, "Xəzər-Qara Dəniz-Avropa "Yaşıl Enerji Dəhlizi" üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə "dəyirmi masa" keçirilmişdi.Tədbir çərçivəsində enerji sahəsində əməkdaşlıq üzrə sənədlər imzalanmışdı.
Prezident İlham Əliyev tədbirin miqyasının da genişləndiyini vurğulayaraq demişdir: "Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı. İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. Hesab edirəm ki, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür. Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir. Əlbəttə ki, bu prosesin üç əsas iştirakçısı arasında maraqların tarazlığı beynəlxalq maliyyə təsisatlarının dəstəyi ilə bizim hekayətimizi və ya hekayətlərimizi uğura çevirdi. Ölkələr, onların hökumətləri, investorlar, şirkətlər, aparıcı maliyyə təsisatları bizim komandamızdır və bu komanda genişlənir".
İndi bizdən 16 ölkə - Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Suriya, Almaniya və Avstriya qaz alır. Keçənilki toplantıdan əvvəl isə onların sayı 12 idi. Azərbaycan qazının ixrac coğrafiyası daha da genişlənəcək. İxracın artması isə öz növbəsində hasilatın artmasını, infrastrukturun genişlənməsini, şaxələnməsini tələb edir. Deməli, növbəti toplantıda da çözüləcək məsələlər, müzakirə ediləcək məsələlər çox olacaq.
Qaldı ki, bərpaolunan enerji məsələsinə, burada da nailliyyətlər, planlar, görüləcək işlər çoxdur. Azərbaycanın "yaşıl enerji" gündəliyi artıq bütün dünyaya bəllidir. Hələ 2020-ci ildə ölkəmiz növbəti 10 ildə, yəni 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin (BOEM) payını 30 faizə çatdırmağı hədəfləyib. Gələn il BOEM-in payının artıq 25 faizə çatdırılacağı nəzərdə tutulur. Azərbaycan bu məqsədlərə doğru inamla irəliləyir.
Ölkəmizdə "yaşıl enerji" mənbələrinin texniki potensialı böyükdür - quruda 135, dənizdə isə 157 qiqavat təşkil edir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji" zonaları elan olunub. Bunun da əsası var. Çünki bərpaolunan enerji resurslarının texniki potensialı Qarabağ və Şərqi Zəngəzurda 10 qiqavat, Naxçıvanda isə 5 qiqavat həcmində qiymətləndirilir.
İşğaldan azad edilmiş ərazilərdən söz düşmüşkən, qeyd edək ki, burada su-elektrik stansiyalarının sayı 39-a çatıb. İndi bu ərazilərdə daha böyük bərpaolunan enerji layihələri icra olunmaqdadır. Bakıda COP29-un davam etdiyi günlərdə Cəbrayıl rayonunda BP şirkəti ilə birlikdə tikiləcək 240 meqavatlıq "Şəfəq" Günəş-Elektrik Stansiyasının təməli qoyuldu və hazırda layihə qrafikə uyğun irəliləyir.
Ümumiyyətlə, "yaşıl enerji" layihələri artıq digər şəhər və bölgələrimizə də "addımlayır". Bu istiqamətdə ən böyük uğurlarımızdan biri 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə tikilən 230 meqavatlıq "Qaradağ" Günəş-Elektrik Stansiyası istifadəyə verilməsi oldu. İndi Abşeronda, Neftçalada, Biləsuvarda da növbəti bərpaolunan enerji stansiyaları layihələri öz icrasının müxtəlif mərhələlərindədir. Bir sözlə, 2030-cu ilə qədər ölkəmizdə təxminən 6 qiqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır. Lakin bu, planlarımızın hamısı deyil, çünki 10 qiqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb.
Bu yaxınlarda investoru Səudiyyə Ərəbistanının "ACWA Power", tikintisinin baş podratçısı Çinin "Power China" şirkətləri olan 240 meqavat gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyası istismara verildi. Digər bölgələrdə də "yaşıl enerji" stansiyalarımız açılacaq.
Deməli, növbəti toplantılarda bu sahəyə də aid bir çox məsələlər müzakirə olunacaq, yeni planlar cızılacaq, yeni qərarlar qəbul ediləcək.
Flora SADIQLI,
"Azərbaycan"