28 Fevral 2026 09:10
179
İQTİSADİYYAT
A- A+
Şəhərə axan xəyallar, kənddə qalan imkanlar

Şəhərə axan xəyallar, kənddə qalan imkanlar


Urbanizasiya: Hüqonun Parisindən müasir dünyaya


Urbanizasiya anlayışı ilə ilk dəfə fransız yazıçısı Viktor Hüqonun "Səfillər" romanında qarşılaşmışdım. Ötən əsrin 70-ci illəri idi, o zaman 16 yaşım vardı. Həmin söz termin kimi deyil, bir tale toqquşması, bir şəhər dramı kimi yaddaşıma həkk olundu. Hüqonun Fransasında şəhər sadəcə binalar və küçələrdən ibarət deyildi, Paris insanı formalaşdıran, onu ya yüksəldən, ya da əzən bir canlı orqanizm idi.

Viktor Hüqo "Səfillər" romanında urbanizasiyanı birbaşa termin kimi izah etmir. Kənddən şəhərə axın, yoxsulluğun mərkəzlərdə cəmlənməsi, sosial bərabərsizliyin dərinləşməsi, şəhərin zəngin insanlarla kasıblar arasında sərhəd çəkməsi Hüqonun təsvir etdiyi Parisin əsas mövzularıdır. Æan Valjan, Fantina, Tenardye, Qavroş kimi obrazlar urbanizasiyanın yaratdığı sosial ziddiyyətlərin canlı təcəssümüdür. 

Urbanizasiya, yəni insanların kütləvi şəkildə kəndlərdən şəhərlərə köçməsi sənaye inqilabı ilə sürətlənib. XIX əsrdə Avropada fabriklərin yaranması, nəticədə iş yerlərinin əsasən şəhərlərdə cəmlənməsi milyonlarla insanı doğma torpaqlarını tərk etməsi ilə müşayiət olunub. Hüqonun yaşadığı və təsvir etdiyi dövr də məhz həmin keçid mərhələsinə təsadüf edib. Amma bu hesaba Paris böyüsə də, əlavə "insan yük"ünü götürə bilmirdi.

Dünyada urbanizasiya prosesi müxtəlif mərhələlərdən keçib. Əvvəlcə Avropa və Şimali Amerikada, daha sonra - XX əsrin ortalarından etibarən Asiya, Afrika və Latın Amerikasında geniş vüsət alıb. Əgər XIX əsrdə şəhər "ümid məkanı" kimi görünürdüsə, XX əsrdə urbanizasiya artıq yeni problemlər yaratmağa başlayıb: gecəqondular, işsizlik, ekoloji çirklənmə, sosial təcrid və s. 

XXI əsrdə isə proses təkcə problemlərin artması ilə deyil, həm də şəhərin funksiya və strukturunun dəyişməsi ilə xarakterizə olunur. Rəqəmsallaşma, qloballaşma və sürətli texnoloji inkişaf şəhəri həm fiziki, həm də virtual məkana çevirib. Doğrudur, "ağıllı şəhər" modeli, dayanıqlı inkişaf konsepsiyaları və "yaşıl enerji" təşəbbüsləri urbanizasiya prosesinə yeni istiqamət verib, amma sosial bərabərsizlik, mənzil böhranı, iqlim dəyişikliyinin təsirləri və miqrasiya axınları şəhərləri daha mürəkkəb sistem halına gətirib. O üzdən XXI əsrin şəhəri sadəcə "ümid məkanı" və ya "problem məkanı" deyil, həm də risk, innovasiya və imkanların toqquşduğu qlobal platformadır. Bugünkü şəhər insanın sosial kimliyini, iqtisadi fəaliyyətini və mədəni təcrübəsini formalaşdıran canlı sistemdir.

Viktor Hüqonun əsərində kanalizasiya tunellərinin xüsusi təsviri təsadüfi deyil. O, Parisin yeraltı dünyasını göstərməklə şəhərin gizlətdiyi həqiqətləri açıb. Eyni hal indi də davam edir. Urbanizasiya çox vaxt parlaq göydələnlər, müasir infrastrukturlar fonunda təqdim olunur, lakin onun kölgəsində sosial ədalətsizlik, yoxsulluq və mənəvi tənhalıq var. İnsanlar şəhərlərdə imkan tapsalar, firəvan həyat sürsələr də bəzən tənhalaşırlar. Kənd icmasının itməsi, ailə bağlarının zəifləməsi urbanizasiyanın ağrılı nəticələrindəndir. 

Bu gün sayı 8 milyardı keçən dünya əhalisinin yarıdan çoxu, daha doğrusu, 51 faizi şəhərlərdə yaşayır. Proqnozlara görə, rəqəm artmaqda davam edəcək. Bu baxımdan urbanizasiya artıq qaçılmaz proses olmaqdan çox idarə edilməli bir məsuliyyətdir. Əsas məsələ şəhərlərin dayanıqlı, inklüziv və yaşana bilən mühitə çevrilməsidir. Əks halda plansız urbanizasiya sosial bərabərsizliyi, ekoloji böhranı və infrastruktur çatışmazlığını daha çox genişləndirə bilər. Təsadüfi deyil ki, Viktor Hüqonun XIX əsr Parisində təsvir etdiyi sosial uçurumlar XXI əsrin meqa şəhərlərində daha kəskin formada üzə çıxır, zənginlə kasıb arasındakı sərhədləri daha da sərtləndirir. Göydələnlərin kölgəsində sıxışıb qalan məhəllələr, bahalı mərkəzlərlə kənar ərazilər arasındakı görünməz divarlar cəmiyyət daxilində parçalanmanı dərinləşdirir. Şəhər bir tərəfdə imkan və parıltı məkanı kimi yüksələrkən, digər tərəfdə sosial bərabərsizliyin səssiz səhnəsinə çevrilir. 

XX əsr Azərbaycanın ictimai-iqtisadi həyatında köklü dönüş mərhələsi kimi yadda qaldı. Məhz bu dövrdə şəhərləşmə prosesi yeni nəfəs aldı, ölkənin siması dəyişməyə başladı. Xüsusən neft sənayesinin güclü yüksəlişi Bakını regionun ən iri və dinamik mərkəzlərindən biri kimi formalaşdırdı. "Qara qızıl"ın yaratdığı fürsətlər paytaxtı cazibə nöqtəsinə döndərdi. Kəndlərdə məhdud imkanlarla üz-üzə qalan minlərlə insan üçün Bakı ümid, çörək və yeni həyat demək idi. Beləliklə, urbanizasiya təkcə statistik göstərici deyil, minlərlə taleyin istiqamətini dəyişən böyük ictimai prosesə çevrildi. Sovetlər zamanı isə urbanizasiya planlı şəkildə aparılırdı. Yeni şəhərlər, zavodlar, yaşayış massivləri salınırdı. Kənddən şəhərə köç təkcə iqtisadi deyil, həm də mədəni dəyişikliklərə yol açırdı. 

Müstəqillik dövründə urbanizasiya Bakının mərkəzindən çox Abşeron yarımadası üzərində cəmlənib. Paytaxt və ətraf qəsəbələr ölkə üzrə iqtisadi fəallığın və investisiyaların böyük qismini birləşdirib. Nəticədə Abşeron ərazisində sürətli və çox vaxt plansız tikinti gedib, mühəndis-kommunikasiya xətlərinə çıxışı məhdud olan kortəbii yaşayış massivləri salınıb. Nizamsız məskunlaşma nəqliyyat sıxlığı, ekoloji yüklənmə, sosial infrastruktur çatışmazlığı (məktəb, uşaq bağçası, tibb müəssisələri) kimi problemləri də kəskinləşdirib.

Əhalinin məskunlaşma dinamikası və investisiya bölgüsü ilə bağlı statistik göstəricilər bu prosesin miqyasını təsdiqləyir: Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkə əhalisinin 54,3 faizi şəhərlərdə, 47,5 faizi kəndlərdə yaşayır. Amma şəhərlərdə yaşayan bu 54,3 faiz əhalinin 23 faizi Bakı və ətraf ərazilərdə məskunlaşıb. Özü də bu, rəsmi statistikadır. Əslində isə paytaxt və onun ətraf ərazilərində kənddə qeydiyyatda olan yüz minlərlə əhali yaşayır. İndi paytaxt elə bir cazibə mərkəzinə çevrilib ki, sanki bütün ölkə əhalisinin nicat yeridir. Amma bu, ilğımdırmı? Təbii ki, yox! Bu gün insanları paytaxta çəkən əsas səbəb iş, təhsil və sosial xidmət imkanlarının Bakıda mərkəzləşməsidir. Məsələn, ötən il ölkə üzrə yeni açılan iş yerlərinin nə az, nə çox - düz  76,5 faizi Bakının payına düşüb. Təbii ki, bu da fəsadsız ötüşmür. Məhdud iş imkanları və çox da böyük olmayan mövsümi gəlirlər kəndlini özlüyündə daha güvənli sabah naminə şəhərə köçməyə məcbur edir. Şəhərdə isə yel əsib, qoz tökülməyib. İş yerləri və imkanları daha çox xidmət və ticarət sektorlarındadır, o da əlində ilkin kapitalın, yəni mayan olsa. Paytaxtdan savayı digər şəhərlərdə, o cümlədən rayon mərkəzlərində ali və orta ixtisas təhsil müəssisələrinin az olması isə gənclərin karyera ardınca şəhərə axınını şərtləndirir. 

Urbanizasiyanın, nə qədər qəribə də olsa, bir səbəbi də azərbaycanlıların şəhərə meyilli olmalarıdır. Burada söhbət kəndi sevməməkdən getmir, sadəcə kənd həyatının zəhməti, çətin iş şəraiti və fiziki yükü kəndlini şəhərin ilk baxışdan rahat və gözqamaşdıran mühitinə çəkir. Nəticədə kəndlər tədricən boşalır, həyətlərdə toyuq-cücə, mal-qara azalır, məktəblərdə şagird sayı seyrəlir, torpaqlar əkin-biçinsiz qalır. Gənclərin şəhərlərə kütləvi köçü isə ölkədə demoqrafik tarazlığı dəyişir. Kəndlərdə əsasən yaşlı nəslin qalması sosial və iqtisadi dinamikanı zəiflədir. Yerli istehsal zəifləyir, ən əsası, nəsillər boyu formalaşmış həyat tərzi və ənənələr sıradan çıxır. Çünki kəndlərin boşalması təkcə coğrafi məkanın deyil, həm də soyun, kökün, təbii dəyərlərin, yaddaşın itirilməsi deməkdir. 

Məsələnin daha bir xoşagəlməyən tərəfi odur ki, kəndli özünə haqq qazandırdığı obyektiv və subyektiv səbəblər üzündən paytaxta köçsə belə, burada arzuladığı həyatı tapa bilmir. Kənd təsərrüfatı ilə məşğul olmuş, müəyyən peşə və bacarıqlara yiyələnmiş insan şəhər həyatına uyğunlaşmaqda çətinlik çəkir. Çox vaxt iş tapmaq mümkünsüz olur, evsiz-eşiksizlik də bir yandan. Odur ki, kirayə pulunu çıxarmaq işgəncəyə dönür. Səhər tezdən "qul bazarı" adlanan ərazilərdə "klient" gözləyir, kiminsə onlara birgünlük və ya bir neçə saatlıq iş verəcəyinə ümid edir. Əlacsızlar isə şəhərətrafı bağ evlərində, tikintilərdə, təmir və təsərrüfat işlərində müvəqqəti və aşağı maaşla işləməyə məcbur qalırlar. Amma bu vaxt onun kənddə qalıb təsərrüfat işlərinin çətinliklərindən qorxmayan qonşusu, əmisi, yaxud xalası oğlu dolanışıq, güzəran sarıdan heç bir problem yaşamır, üstəlik, yurdu, evi sahibsiz qalmır, işığı, ocağı sönmür. 

Buna baxmayaraq, kənddən şəhərə kütləvi axın dayanmır və həm kəndlər, həm də şəhərlər üçün müxtəlif problem yaratmaqda davam edir. Şəhərlərdə əhalinin sürətlə artması işsizlik, evsizlik, təhsil və səhiyyə xidmətlərinə əlçatmazlıq, nəqliyyat sıxlığı və ekoloji çətinliklərə yol açır. Kəndlərdə isə əhali azalır, kənd təsərrüfatı zəifləyir və ənənəvi həyat tərzi tədricən yox olur. Halbuki  ölkəmizdə bu gün infrastrukturuna görə qəsəbələrdən, rayon mərkəzlərindən heç də geridə qalmayan kəndlər kifayət qədərdir. Odur ki, indi kənddə yaşamaq 30 il əvvəlki kimi çətin deyil. Bununla belə, şəhərlər, xüsusən Bakı daha çox gənclər üçün cazibədar olaraq qalır. 

Görünür, urbanizasiya qaçılmazdır, amma onun doğurduğu problemləri minimuma endirmək və urbanizasiyanı düzgün idarə etmək mümkündür. Düzgün idarəetmə dövlətin və əlaqədar qurumların şəhərlərin baş planlarına uyğun inkişafının təmin olunması, eyni zamanda kəndlərdə infrastrukturun daha da yaxşılaşdırılması, ən əsası örüş yerləri və su çatışmazlığı problemlərinin həlli deməkdir. Ona görə də kəndlərin və şəhərlərin inkişafında balansı gözləmək vacibdir. Unudulmamalıdır ki, urbanizasiya yalnız şəhərlərin böyüməsi ilə deyil, kəndlərin müasirləşdirilməsi ilə də müşayiət olunmalıdır. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!