25 Fevral 2026 08:45
156
Mədəniyyət
A- A+
Rənglərin dili ilə danışan sənətkar

Rənglərin dili ilə danışan sənətkar


XX əsr Azərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynamış sənətkarlardan biri də Xalq rəssamı Böyükağa Mirzəzadədir. O, milli rəngkarlıq məktəbinin formalaşmasında özünəməxsus yaradıcılıq dəst-xəti, zəngin bədii təfəkkürü və yüksək peşəkarlığı ilə seçilərək Azərbaycan incəsənət tarixində silinməz iz qoyub. Həyat yolu çətinliklərlə başlasa da, istedadı, zəhmətsevərliyi və sənətə sonsuz sevgisi onu böyük sənət zirvəsinə yüksəldib.

Böyükağa Məşədi oğlu Mirzəzadə 1921-ci il fevralın 21-də Bakıda Abşeronun Fatmayı kəndində dünyaya gəlib. Ailənin ilki, doqquz uşağın böyüyü olub. Valideynləri təhsilsiz insanlar idi. Böyükağa kiçik yaşında ikən ailənin qayğılarına ortaq olmaq məcburiyyətində qalıb. İşdə zədələnən atası Məşədi görmə qabiliyyətini qismən itirib. Qırx bir yaşlı anasını isə vərəm xəstəliyi əllərindən alıb. Anasının vaxtsız vəfatından sonra ailənin düzəni pozulub. Evi yenidən nizama salmaqda çətinlik çəkən, məişət qayğılarının öhdəsindən gələ bilməyən Məşədi kişi yenidən evlənməyə məcbur olub.

Taleyin Böyükağagilə bu dəfə rəhmi gəlib. Analıqları insaflı qadın olub. Uşaqlara ögeylik göstərməyib, doğma ana tək qayğılarına qalıb.

Böyükağa gün-güzəran dərdindən uşaqlıq illərindən işləməyə məcbur olub. Hələ uşaq olsa da, ailəsini ağır dolanışıq qayğılarından qurtarmağa gücü yetməsə də, çalışıb. Qonşulara qəpik-quruşa su daşıyıb. Hərdən də bazarda alverçilərə kömək edib. Qazancı böyük olmasa da, çörək alıb evə sevinə-sevinə, qürurla gətirməyə yetib. 

O vaxtlar Böyükağagil məşhur "Sovet" (indiki Nəriman Nərimanov) küçəsində yaşayırdılar. Bu ərazi həmin dövrdə qanunsuz əməllərin, cinayətlərin tez-tez törədildiyi yerlərdən biri kimi tanınırdı. Həmin küçənin sakinləri arasında ali təhsil alıb, mövqe, ad-san sahibi olanların sayı çox az idi. Böyükağa Mirzəzadə belə bir məhəllədə böyümüşdür. 

Onun üçün kiçik yaşlarından ən gözəl nümunə atası olub. Böyükağa Mirzəzadənin xatirələrində atası təhsilsiz olsa da, ağıllı, mehriban, mədəni insan kimi qalmışdı. Məşədi kişi halal zəhməti ilə dolandığına, dürüstlüyünə görə, hamının hörmətini qazanmışdı. Atası tez-tez Böyükağaya təsəlli verir, qəlbinin hökmü ilə seçdiyi, doğru bildiyi yolla yorulmadan, ruhdan düşmədən getməyi tövsiyə edir, onu gələcəkdə böyük uğurlar gözlədiyini deyirdi. 

Atası ən çox ümid bəslədiyi böyük oğlunun həkim olmasını arzulayıb. Ancaq taleyi onu başqa bir təhsil ocağına - Rəssamlıq Məktəbinin ünvanına aparıb çıxarıb...

Bir gün qonşu uşaqlar onu da özləri ilə həmin məktəbə aparıblar. Dostları Muxtar Cəfərov və Mikayıl Abdullayev həmin dövrdə İncəsənət Məktəbində oxuyurdular. Onlar Rəssamlıq Məktəbinə daxil olması üçün Böyükağanı dilə tutublar. Çünki Böyükağa Mirzəzadənin yaxşı şəkil çəkmək qabiliyyəti olduğunu bilirmişlər. Sonralar Azərbaycanın böyük sənətkarı kimi tanınacaq Mikayıl Abdullayev və  Muxtar Cəfərov onu sənədlərini Rəssamlıq Məktəbinə verməyə həvəsləndiriblər.

Albomunda qələmlə çəkdiyi natura rəsmlərinin arasında görkəmli rəssam Əzim Əzimzadənin də portretinin olması müəllimlərin xoşuna gəlib. O, Rəssamlıq Məktəbinə qəbul olunub.

Artıq Rəssamlıq Məktəbinin tələbəsi idi. Amma bir problemi vardı. Atasının bu xəbəri necə qarşılayacağı onu da, dostlarını da düşündürürdü. Amma Böyükağanın valideynləri məsələdən hali olanda çox seviniblər. 

Böyükağa Rəssamlıq Məktəbində əla qiymətlərlə oxuyub. Bu məktəb onun üçün yalnız təhsil müəssisəsi olmayıb. O, vaxtının çox hissəsini Rəssamlıq Məktəbində keçirib, sonsuz maraqla, böyük həvəslə sənətin sirlərini öyrənib. 

Böyükağa Mirzəzadə bu məktəbi bitirdikdən sonra seçdiyi sənəti daha dərindən öyrənmək üçün Moskva şəhərinə yollanıb. Çətinliklərə baxmayaraq, İ.V.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. İnstitutda da əla qiymətlərlə oxuyub və rəssamlıq bacarığı ilə müəllimlərinin diqqətini cəlb edən tələbələrdən biri olub.

Ancaq 1941-ci ildə alman faşist ordusunun SSRİ ərazisinə hücumu nəticəsində müharibə başlayıb. Böyükağa Mirzəzadə də təhsilini yarımçıq qoyaraq Bakıya qayıtmalı olub. Və erkən yaşlarından yaradıcılığa başlayıb.

Rəssam olduğu üçün onu ön cəbhəyə göndərməyiblər. Gənc rəssam arxa cəbhədə yorulmaq bilmədən çalışıb. O, təbliğat plakatları, klub və zabitlər evlərinin interyerlərini işləyib, döyüşdə fərqlənmiş əsgərlərin rəsmlərini çəkib.  

İstedadı onu rəssamlar arasında tez tanıdıb. Hələ gənclik illərində rəngkarlıq, qrafika rəssamlığı və digər janrlarda, müxtəlif mövzularda yaratdığı əsərləri yalnız müasirləri tərəfindən bəyənilərək təqdir edilməyib. Həm də həmin əsərlər dəyərli  sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olub.

Böyükağa Mirzəzadə 1940-cı ildən yerli və beynəlxalq sərgilərin fəal iştirakçılarından olub. Müxtəlif illərdə xaricdə və ölkəmizdə bir çox fərdi sərgisi təşkil edilib. Rəssam Çexoslovakiya, Fransa, İtaliya və digər xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərinə gedib. 

Onun əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində və Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində, eləcə də başqa muzeylərin ekspozisiyalarında təqdim edilib. Böyükağa Mirzəzadənin əsərləri ölkəmizlə yanaşı, bir çox xarici ölkənin muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.

Böyükağa Mirzəzadənin yaradıcılığı zəngin və çoxşaxəli idi. Onun "Dirijor Niyazinin portreti", "Şıxəli Qurbanovun portreti", "Aşıq Ələsgərin portreti", "Şəmsi Bədəlbəylinin portreti", "Həyat yoldaşının portreti", "Qırmızı çətirlə natürmort", "Bakı mənzərəsi", "Yeddi gəmi adası", "Çimərlikdə", "Göyçə gölü", "Günorta", "Lənkəran mənzərəsi", "Qala", "Xəzər neftçiləri", "Bizim kəndin insanları", "Çəhrayı geyimli qız", "Sarı gəlin" və başqa əsərləri Azərbaycan rəssamlığının ən dəyərli nümunələrindən hesab edilir.

O, teatr-dekorasiya sənəti sahəsində də uğurla çalışıb. 1960-cı ildə Şıxəli Qurbanovun "Milyonçunun dilənçi oğlu" pyesi əsasında hazırlanmış eyniadlı  tamaşası ilə debüt edən rəssam bu quruluşa görə Üzeyir Hacıbəyli adına Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. Böyükağa Mirzəzadənin "Mənim günahım", "Qayınana", "Bayadera" və başqa əsərlərin tamaşalarında yaratdığı dekorasiyalar da mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib. 

O, həm də pedaqoji fəaliyyətlə məşğul olub. Böyükağa Mirzəzadə ömrünün son günlərinədək müəllim kimi də çalışıb. Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri, Rəssamlıq Akademiyasının professoru, yaradıcılıq emalatxanasının rəhbəri vəzifələrində çalışıb. O, bilik və bacarığını, zəngin təcrübəsini gənc rəssamların hazırlanmasına sərf edib.

Rəssamlıq sahəsində gördüyü işlər yüksək dəyərləndirilib. Böyükağa Mirzəzadə 1959-cu ildə "Şərəf nişanı" ordeninə, 1960-cı ildə Əməkdar incəsənət xadimi, 1966-cı ildə Üzeyir Hacıbəyli adına Dövlət mükafatına və 1967-ci ildə isə Xalq rəssamı fəxri adına, 1981-ci ildə "Qırmızı əmək bayrağı" ordeninə, 1998-ci ildə "Şöhrət" ordeninə layiq görülüb. 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.

XX əsrin yetirdiyi çox istedadlı rəssamlardan biri, Azərbaycan milli rəngkarlıq məktəbinə Avropa ruhunu gətirərək onun daha da zənginləşməsinə nail olan Böyükağa Mirzəzadə 2007-ci il noyabrın 3-də səksən altı yaşında dünyasını dəyişib.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərenerji"də rəqəmsal idarəetmə məsələləri müzakirə edilib

08:55
25 Fevral

Mansurovlar tarının sehri

08:50
25 Fevral

Rənglərin dili ilə danışan sənətkar

08:45
25 Fevral

Azərbaycan iqtisadiyyatı 2026: yeni iqtisadi yol xəritəsi

08:43
25 Fevral

Qərbi Azərbaycan şəhərləri və yaşayan xatirələr

08:40
25 Fevral

Rəqəmsallaşma zamanın tələbidir

08:35
25 Fevral

Azərbaycan elminin strateji transformasiyası və yeni inkişaf paradiqması

08:30
25 Fevral

Antimilli qüvvələr xalq-iqtidar birliyinə ziyan vura bilməz

08:25
25 Fevral

Vaşinqtonda törədilən təxribat

08:20
25 Fevral

Brüssel Bakı ilə strateji tərəfdaşlıqda maraqlıdır

08:15
25 Fevral

Mədəniyyətimizin böyük hamisi

08:10
25 Fevral

İKİƏSRLİK CİNAYƏTLƏRİN ƏDALƏTLİ YEKUN CƏZASI

08:05
25 Fevral

Dünyada analoqu olmayan regional əməkdaşlıq

08:00
25 Fevral

Naxçıvan Muxtar Respublikasında subartezian quyularının qazılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısı  

02:18
25 Fevral

Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında

01:44
25 Fevral

Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

01:43
25 Fevral

Bahar Muradova “Ailə dəyərlərinin qorunması – çağırışlar və məsuliyyətlər” adlı paneldə çıxış edib  

23:46
24 Fevral

Şuşada Su çərşənbəsi qeyd edilib

23:45
24 Fevral

Ceyhun Bayramov: İslam dünyasında birlik və həmrəylik çağırışlara qarşı ən güclü cavabdır  

22:23
24 Fevral

Ağdam şəhərində ilk bayram tonqalı qalanıb

21:46
24 Fevral

G7 ölkələrinin liderləri Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü ilə əlaqədar bəyanat yayıblar  

21:19
24 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!