Azərbaycan-Türkiyə-Gürcüstan strateji tərəfdaşlığı hər üç ölkəyə siyasi və iqtisadi dividendlər verməkdə davam edir
Sabah Azərbaycan-Gürcüstan-Türkiyə biznes-forumu keçiriləcək. Budəfəki tədbir Gürcüstanın Kaxeti bölgəsində, Telavi şəhərinin məşhur Tsenandali kəndində baş tutacaq. Belə ki, tarixi 2012-ci ildən başlanan bu biznes-foruma indiyədək sözügedən üç ölkənin müxtəlif şəhər və rayonları evsahibliyi edib.
Növbəti foruma da Azərbaycanın, Gürcüstanın və Türkiyənin müvafiq qurumlarının rəhbərləri, iş adamları, biznes dairələrinin nümayəndələri qatılacaq. Tədbirdə perspektiv layihələrin, regional əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub. Söhbət Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrindən, o cümlədən iqtisadi əməkdaşlığından gedəndə, təbii ki, deməli söz, müzakirə edilməli məsələlər çox olur. Çünki bu üç ölkə arasında üçtərəfli əməkdaşlıq regional əməkdaşlığın ən yaxşı nümunəsidir. Bu cür əməkdaşlıq regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına da mühüm töhfə verir.
Azərbaycan-Gürcüstan-Türkiyə arasında münasibətlərdən bəhs edərkən öncə diqqət siyasi dialoqun yüksək səviyyədə olduğuna yönəlir. Yəni siyasi dialoq ölkələrin rəhbərləri səviyyəsində, eləcə də digər instansiyalarda dəstəklənir. Üçtərəfli iqtisadi əməkdaşlıq da siyasi dialoqun yüksək səviyyəsinə uyğun qurulub. Bu gün Xəzər və Qara dəniz hövzələrini əhatə edən geniş coğrafiyada Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadi üçbucağının formalaşdığını hamı aydın görür.
Sadə sözlərlə desək, Azərbaycan yaxşı qonşudur və yaxın coğrafiyada yerləşən dövlətlərlə də xoş münasibətləri var. (Yalnız Ermənistan öz günahları ucbatından uzun illər bu münasibətlərdən kənarda qalıb). Azərbaycan region dövlətlərinin hər biri ilə sıx iqtisadi partnyorluq münasibətləri qurub. İkitərəfli və çoxtərəfli əsasda inkişaf edən bu münasibətlər qarşılıqlı maraqlara əsaslanır və bütün tərəflərə fayda gətirir. Bu baxımdan Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşmış iqtisadi əməkdaşlıq əlaqələri təqdirəlayiqdir.
Üç qonşu ölkə arasında iqtisadi əlaqələrdən söhbət gedəndə ilk növbədə qlobal enerji layihələri yada düşür. Təkcə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərini yada salmaq kifəyətdir. Başlanğıcını paytaxtımızın yaxınlığındakı Səngəçal terminalından götürən boru xətti Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə 1768 kilometr məsafə qət edərək mənzil başına çatır və bu üç ölkəni möhkəm polad kəmər kimi bir-birinə daha sıx bağlayır. 20 ildir tam sistem kimi fəaliyyət göstərən BTC bütün regiona xeyir-bərəkət gətirir.
Avropanın enerji xəritəsini dəyişdirən "Cənub qaz dəhlizi"nin üç seqmentinin ikisi bu regiondan keçir. Əvvəla xatırladaq ki, Cənubi Qafqaz Boru Kəməri (CQBK) 2006-cı ildən Azərbaycan qazını qonşu ölkəyə çatdırır. Azərbaycanın və Gürcüstanın ərazisindən keçən bu kəmərə calanan əlavə xətlə qaz 2007-ci ildən Türkiyənin Ərzurum şəhərinədək nəql edilir. Azərbaycanı qaz ixrac edən ölkə kimi tanıtdıran da məhz bütövlükdə Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri adlanan bu xətt olub.
"Cənub qaz dəhlizi"ni yaradan üç kəmərdən birincisi də genişləndirilmiş CQBK-dır. Daha sonra isə "Cənub qaz dəhlizi"nin ən böyük hissəsi - Türkiyənin ərazisində 1850 kilometrlik məsafə qət edən TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) gəlir. Azərbaycan qazını Avropaya çatdıran TAP (Trans-Adriatik Qaz Boru Kəməri) məhz TANAP-a bağlanır.
Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səylərlə reallaşdırdıqları digər regional və qlobal əhəmiyyətli layihə nəqliyyat sektoruna aiddir. Söhbət 2017-ci ildə inşası tamamlanan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolundan gedir. Azərbaycanın təşəbbüsü və böyük həcmlərdə investisiya yönəltməsi sayəsində ərsəyə gələn BTQ Avrasiyada ən qısa nəqliyyat bağlantısıdır. Təsadüfi deyil ki, bu marşrutun funksionallığı getdikcə artır.
Prezident İlham Əliyev hələ 2008-ci ilin iyul ayında BTQ-nin təməlqoyma mərasimində uzaqgörənliklə demişdir: "Üç ölkə arasında, üçtərəfli əməkdaşlıq bəlkə də, dünyada müşahidə olunmur, bunun analoqu yoxdur. Bu, həm siyasi, iqtisadi, mədəni sahələrdə olan əməkdaşlıqdır, eyni zamanda, real layihələrin həyata keçirilməsi baxımından çox önəmlidir. Təkcə bizim ölkələrimiz və xalqlarımız üçün deyil, Avropa üçün, dünya üçün önəmli olan irimiqyaslı layihələri Türkiyə, Gürcüstan, Azərbaycan birgə həyata keçiribdir. Vaxtilə əfsanə sayılan və bəzi dairələr tərəfindən qəbul edilməyən, yaxud şübhə ilə yanaşılan Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq reallıqdır. Biz buna nəyin hesabına nail olduq? Üç ölkənin iradəsi hesabına, xalqlarımızın bir yerdə olması və birgə əməkdaşlıq imkanlarımızın ortaya qoyulması hesabına. Bakı-Tbilisi-Ərzurum qaz kəməri də bəzi dairələr tərəfindən qəbul edilmirdi və şübhələr var idi. Ancaq həyat, reallıq və bizim yorulmadan çalışmağımız bu önəmli layihəni həyata keçirdi. Bakı-Tbilisi-Qars layihəsi də, demək olar ki, vaxtilə bəziləri tərəfindən ciddi qəbul olunmurdu və hesab edilirdi ki, bu layihə, sadəcə, kağız üzərində qalacaqdır. Bu layihə barədə söhbətlər gedirdi, danışıqlar aparılırdı. Amma hətta bizim ölkələrdə də bəziləri inanmırdı ki, biz bunu gerçəkliyə çevirəcəyik. Ancaq biz bunu etdik. Əlbəttə ki, Bakı-Tbilisi-Qars dəmir yolunun layihəsinin həyata keçirilməsində Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin də rolu böyükdür. Biz artıq bu dəhlizi açdıq. Azərbaycan, Gürcüstan və Türkiyəni enerji layihələri ilə birləşdirdik. Təbii ki, neft layihəsi, qaz layihəsi ona gətirib çıxarıb ki, bu gün biz öz nəqliyyat infrastrukturumuzu da birləşdiririk. Biz bunu da bacardıq. Beləliklə, bölgədə gedən əməkdaşlıq daha da güclənəcək, Türkiyə, Gürcüstan, Azərbaycanın milli maraqları daha da böyük dərəcədə müdafiə olunacaqdır. Biz Avropa və Asiya üçün əvəzolunmaz nəqliyyat nöqtəsinə çevriləcəyik və əlbəttə, bunun çox böyük iqtisadi və sirr deyil ki, böyük siyasi dividendləri vardır".
Ölkəmiz Türkiyədə bir sıra önəmli investisiya layihələri həyata keçirir. SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ən böyük xarici sərmayələri qardaş Türkiyədədir. Bunlar əsasən STAR Neft Emalı Zavodu, Petkim Neft-Kimya Kompleksi və digərləridir. Həmin layihələrdən tək birinə - STAR-a diqqət yetirək. İzmir şəhərindəki (Əliağa) bu zavod 6,3 milyard dollar investisiya ilə qurulub və Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan edilmiş nəhəng layihədir. Zavod illik 10 milyon ton xam neft emalı gücünə malikdir və əsasən nafta, dizel, aviasiya yanacağı kimi məhsullar istehsal edərək Türkiyənin idxaldan asılılığını azaldır.
SOCAR-ın və Dövlət Neft Fondunun iştirakı ilə reallaşan layihə "Petkim" kompleksi ilə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərir. Açılışı 2018-ci ilin oktyabr ayında baş tutan bu müəssisənin fəaliyyəti Azərbaycanın Türkiyədəki ən böyük birbaşa sərmayələrindən biri hesab olunur.
Azərbaycan iqtisadiyyatının inkişafında da türk şirkətlərinin rolu danılmazdır. Qardaş ölkənin şirkətləri neft-qazdan tutmuş kənd təsərrüfatına, tikintidən bank sektoruna qədər bir çox sahədə fəaliyyət göstərərək ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə töhfə verir. Bu şirkətlər təkcə investisiya gətirməklə kifayətlənmir, həm də yerli işçi qüvvəsinin məşğulluğuna dəstək verir, yeni texnologiyaların və idarəetmə təcrübələrinin ölkəyə gətirilməsinə kömək edir. Azərbaycanda fəaliyyət göstərən türk şirkətləri iki qardaş ölkə arasındakı iqtisadi əlaqələrin güclənməsinə xidmət edir və regional inkişafa təkan verir. Onların fəaliyyəti yerli bazarda rəqabəti artıraraq məhsul və xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olur. Bu şirkətlər həmçinin Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasına da müsbət təsir göstərir. Türk şirkətləri Azərbaycanın gələcək iqtisadi inkişaf strategiyasında önəmli tərəfdaşlar olaraq qalmaqdadır.
Azərbaycanın qonşu Gürcüstanın iqtisadiyyatına yatırdığı sərməyə milyardlarla dollar təşkil edir. Başqa sözlə, Azərbaycan bu ölkənin əsas xarici investorlarından birinə çevrilib. Sərmayələr bir sıra sahələri əhatə etsə də, enerji sektoru önəmli yeri tutur. Ümumiyyətlə isə Gürcüstanda 200-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir ki, bu da strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.
Enerji sektoru istiqamətində investisiyalar neft-qaz layihələrinə və infrastrukturuna yönəldilib. Hazırda qonşu ölkədə SOCAR brendi ilə onlarca yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyət göstərir.
Bunlar ikitərəfli və üçtərəfli formatda həyata keçirilən layihələrdən yalnız bir neçəsidir. Gələcəkdə onların sayının daha çox olacağına da şübhə yoxdur. Çünki əməkdaşlıq, həm də çoxşaxəli əməkdaşlıq dinamik inkişaf edir.
Sabah keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə biznes-forumu da məhz bu məqsədə yönəlir.
Flora SADIQLI,
"Azərbaycan"