Heydər Əliyev Fondu Qarabağ və Şərqi Zəngəzurun mədəni irsinin bərpasına böyük töhfələr verir
27 mindən çox vətəndaşımız artıq əzəli torpaqları olan Qarabağ və Şərqi Zəngəzurda məskunlaşıb. Ümumilikdə isə 70 mindən çox şəxs azad olunmuş torpaqlarda yaşayır, təhsil alır, müxtəlif sahələrdə çalışır. Təbii ki, bütün bunlar işğaldan azad olunmuş ərazilərdə görülən sürətli yenidənqurma və bərpa işlərinin nəticəsidir.
Qarabağ və Şərqi Zəngəzura dönüş adət və ənənələrimizin, mədəniyyətimizin qayıdışını da şərtləndirir. Bu baxımdan işğaldan azad olunmuş ərazilərdə tarixən mövcud olan mədəniyyət və dini abidələrin bərpası, yenidən qurulması qarşıya qoyulan vəzifələrdən biridir. Heydər Əliyev Fondu bu missiyanı Mehriban Əliyevanın rəhbərliyi ilə uğurla reallaşdırır.
Qarabağ və Şərqi Zəngəzurda keçirilən mühüm mədəni tədbirlərin və festivalların təşəbbüskarı və təşkilatçısı, eyni zamanda Qarabağ irsinin dünyada tanıdılması istiqamətində yorulmadan fəaliyyət göstərən Mehriban Əliyeva tarixi torpaqlarımızı da öz ruhuna qovuşdurur.
Qısa müddət ərzində Heydər Əliyev Fondu tərəfindən Qarabağ və Şərqi Zəngəzurda bir çox abidə yenidən qurulub və ya bərpa edilib.
Vaqifin muzey-məqbərə kompleksi və büstü
Qarabağda Heydər Əliyev Fondu tərəfindən ilk bərpaolunan abidələrdən biri Vaqifin məqbərəsidir. Muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılış mərasimi 2021-ci il avqustun 29-da baş tutub. Cəmi bir neçə aya ərsəyə gələn muzey kompleksi avqustun 30-da Şuşada keçirilən Vaqif Poeziya Günlərində qapılarını ziyarətçilərə açıb. Xatırladaq ki, 2021-ci ilin martından başlayaraq türbə ilkin mərhələdə konstruktiv müayinədən keçirilərək, tələb olunan hissələr üzrə gücləndirmə tədbirləri araşdırılıb və bu çərçivədə işçi layihələr hazırlanıb. Bu layihələr əsasında isə fasadın və daxili hissələrin divar səthləri mərmərlə üzlənib və abidənin tarixi görkəmi bərpa edilib. Abidə kompleksinin bütün infrastrukturu yenidən qurulub.
Onu da qeyd edək ki, 1982-ci il yanvarın 14-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı olmuşdu. Məqrəbənin daxilində Molla Pənah Vaqifin heykəltaraş Albert Mustafayev tərəfindən hazırlanan büstü qoyulmuşdu. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edilmişdi. Azərbaycan Ordusunun qələbəsindən sonra 39 il əvvəl məqbərənin açıldığı gündə - yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Prezident İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verilmişdi.
Yeni abidə 2021-ci ildə Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən qurulub. Bürüncdən hazırlanan şairin büstü isə əvvəlki yerinə qaytarılaraq Şuşadakı evinin yaxınlığında quraşdırılıb.
Yeni Şuşa məscidi
Təməli Prezident İlham Əliyev tərəfindən qoyulan yeni məscidin tikintisini Heydər Əliyev Fondu davam etdirir. Şəhərdə inşa ediləcək yeni məscidin forması 8 rəqəmini əks etdirir. Bu rəqəm Şuşanın azadlığı - Zəfər Gününü simvolizə edir. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirəcək. Minarələrinin hündürlüyü 72 metr olacaq məscid Şuşanın yuxarı hissəsində inşa edilir. Bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni əks etdirəcək. Məscid Şuşa şəhərinin yuxarı hissəsində tikilir. İnşasının bu il yekunlaşdırılması nəzərdə tutulub.
Üzeyir bəy Hacıbəylinin heykəli və ev-muzeyi
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan Üzeyir bəy Hacıbəylinin heykəli 2021-ci ilin avqustunda Şuşada ucaldılıb. Bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində qoyulub. Abidə heykəltaraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov, Mahmud Rüstəmov tərəfindən hazırlanıb.
Qeyd edək ki, dahi bəstəkarın ev-muzeyində Heydər Əliyev Fondu tərəfindən 2022-ci ilin aprel ayında bərpa işləri başlayıb. 2024-cü ildə isə açılışı olub.
Bərpa prosesi evin ilkin görünüşünə uyğun olaraq bünövrələrin möhkəmləndirilməsini, döşəmənin, fasadların və dam örtüyünün bərpasını, daxili və xarici bəzək işlərini, qapıların, pəncərələrin, mühəndis-kommunikasiya sistemlərinin quraşdırılmasını, həmçinin həyətyanı sahənin yaşıllaşdırılmasını əhatə edib. Ev-muzeyinin daxilində divarlar və arakəsmələr hörülüb, döşəmənin bərpası və yenidən qurulması işləri görülüb. Muzey binasında aparılan bərpa işlərinin yekununda yeni ekspozisiya yaradılıb. Burada muzeyin konsepsiyası üzrə Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin xilas edilən eksponatları nümayiş olunur.
Mədəniyyət ocağının birinci mərtəbəsində Üzeyir bəy Hacıbəylinin ailəsi, uşaqlıq illəri, təhsili haqqında sənədlər, məlumat və digər müxtəlif eksponatlar yer alıb. Bu mərtəbədəki ikinci otaqda Ü.Hacıbəylinin Qori Müəllimlər Seminariyasında təhsili, pedaqoji fəaliyyəti, müəllifi olduğu əsərlər və məqalələri nümayiş olunur. Burada divarboyu "Sənsiz" romansından notların əks olunduğu fraqment də yer alıb.
İkinci mərtəbədə bəstəkarın tamaşaya qoyulan əsərlərinin ilk premyeralarının afişa və proqramları, eləcə də tələbələrini, səfərlərini əks etdirən fotoşəkillər nümayiş olunur. Burada divarboyu "Koroğlu" operasından notların əks olunduğu fraqment yer alıb.
Ev-muzeyində Üzeyir bəy Hacıbəylinin səhnələşdirilən əsərlərindəki obrazlar üçün çəkilən eskizlər yerini tutub, əsərlərinin proqram və afişalarının kollajından ibarət divar dizayn edilib. Həmin bölmədə bəstəkarın həyatı, fəaliyyəti, onun əsərləri əsasında lentə alınan filmlərdən kadrlar nümayiş olunur.
Yuxarı Gövhər ağa məscidi
Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpaolunan dini abidələrimizdən biri də Yuxarı Gövhər ağa məscididir. İşğal dövründə məscidə ermənilər tərəfindən edilmiş müdaxilələr aradan qaldırılaraq əvvəlki formasına qaytarılıb. İbadət ocağı ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Məscidin müəllifi məşhur memar Kərbəlayi Səfixan Qarabağidir. Məscidin minarələrinin ornamentləri və otaqların divar rəsmləri Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabaği tərəfindən işlənib.
Yuxarı Gövhər ağa və ya Cümə məscidi Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscidin inşası dörd mərhələdə həyata keçirilib. Ərazidə ilk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel, təxminən 1750-ci illərdə qamışdan inşa edilib. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768-1769-cu illərdə bu məscidin yerində daşdan yenisi tikilib. XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilib. 1883-cü ildə isə bu məscidin yerində Şuşanın dördüncü və sonuncu Cümə məscidi inşa edilib.
Aşağı Gövhər ağa məscidi
Heydər Əliyev Fondu tərəfindən geniş bərpa işlərindən sonra 2024-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Aşağı Gövhər ağa məscidinin açılışı baş tutub. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Məscid şəhərin tarixi-memarlıq rəmzlərindən biridir.
2021-ci ilin dekabr ayından məsciddə fond tərəfindən bərpa işlərinə başlanılıb. İlkin memarlıq üslubunun qorunması ilə həyata keçirilən bərpa işləri məscidlə yanaşı, ərazidəki mədrəsə binasını da əhatə edib. Xarici mütəxəssislərin iştirakı ilə qübbələrin daxili səthində tarixi naxış hissələri mikroinyeksiya üsulu ilə bərkidilib.
Bərpa işləri zamanı Aşağı Gövhər ağa məscidində erməni vandalizminə dair bir sıra faktlar aşkarlanıb. Belə ki, məscid divarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən divara həkk olunmuş xaç işarəsi müəyyən edilib. İşğal dövründə erməni vandalizminə məruz qalmış mədrəsə binasının dağıntılarının bir qismi də konservasiya olunub.
Məscid ərazisindəki tarixi mədrəsə binasında muzey yaradılıb. "Qarabağ və Şərqi Zəngəzur Muzeyi: İşğaldan əvvəl və sonra. Dirçəliş." mövzusundakı ekspozisiyada Qarabağın və Şərqi Zəngəzurun işğaldan əvvəlki dövrü, işğal illərində ermənilər tərəfindən dağıdılmış dini abidələr, tarix və mədəniyyət abidələri, ekosid barədə faktlar, o cümlədən hazırda dirçəlişinə dair məlumatlar, foto və videomateriallar yer alıb.
Mehmandarovların malikanə kompleksi
Ötən ilin mayında Heydər Əliyev Fondu tərəfindən təmir-bərpa edildikdən sonra istifadəyə verilən abidələrdən biri də Şuşada Mehmandarovların malikanə kompleksidir. Malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, əvvəlki vəziyyətinə gətirilib.
Malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Bu kompleksə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir. Böyük yaşayış binası sovet dövründə Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərib. İşğaldan sonra böyük bina tamamilə dağıdılıb. Kiçik yaşayış binası isə işğalçılar tərəfindən muzey kimi istifadə edilib. Kompleks ərazisindəki məscid həm də məhəllə məscidi funksiyasını yerinə yetirib. İşğal dövründə məscid Geologiya Muzeyi kimi istifadə edilib. Tikilinin memarı Kərbəlayi Səfixan Qarabaği olub.
Çöl Qala məscidi
Heydər Əliyev Fondu tərəfindən 2023-cü ildən bərpa işlərinə başlanılan dini abidələrdən biri olan Çöl Qala məscidinin ötən il açılışı baş tutub. Məscid XIX əsrdə Şuşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri olub və Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikdirilib. Məscid minarəsiz formada inşa edilib. Onun forması Şuşa şəhərinin əksər məscidləri kimi düzbucaqlı şəkildə, ümumi girişi asimmetrik düzülmüş əsas fasaddan ibarət olub. Restavrasiya nəticəsində dəmir giriş qapısı və hasar üzərindəki məhəccərlər Qarabağ memarlığına xas bəzəklərlə hazırlanıb. Məscid giriş hissə, ibadət zalı və köməkçi otaqlardan ibarətdir. Şuşanın digər məscidlərindən fərqli olaraq, burada giriş sağ tərəfdən daş pillələrlə təmin edilib.
Məscidin inşasında istifadə olunan daşlar bərpa edilib, mehrab yenidən qurularaq üzərinə "Qurani-Kərim"dən ayələr və naxışlar işlənib.
Çöl Qala məscidinin yaxınlığında yerləşən və XIX əsrə aid olan Çöl Qala bulağı da bərpa edilib. Dördbucaqlı formada olan bulaq yaxınlıqdakı məscidlərin üslubunda inşa edilib. Bərpa prosesində bulağın orijinal memarlıq üslubu qorunub, strukturu möhkəmləndirilib və əvvəlki görünüşü özünə qaytarılıb.
"Yasəmən" hoteli
Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən layihələrdən biri də "Yasəmən" hotelidir. XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş, Şuşa şəhərinin Köçərli küçəsində yerləşən üç yaşayış binası işğal zamanı dağıdılaraq istifadəyə yararsız vəziyyətə salınıb. Bərpa zamanı binalarda təməlbərkitmə işləri görülüb, dağılmış hissələri yenidən tikilib. Sonradan inşa olunmuş əlavə tikililər isə sökülüb.
"Şirin su" hamamı
Bərpa edilən memarlıq abidələrindən biri də "Şirin su" hamamıdır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən açılışı baş tutan hamam 1880-ci ildə inşa edilib. Vaxtilə şəhərin hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunub. Bu hamam isə xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi şirin su ilə təchiz edilib. Məhz buna görə də "Şirin su" hamamı adlandırılıb.
Bərpa işləri zamanı hamama aidiyyəti olmayan hissələr sökülüb, bütün xarici və daxili hissələr bərpa edilib.
Mamayı məscidi
Fond tərəfindən bərpa edilən Mamayı məscidi şəhərin mərkəzi hissəsində yerləşən Mamayı məhəlləsində XIX əsrin sonlarında tikilib. Mamayı məscidi sovet hakimiyyəti illərində poeziya evi kimi də fəaliyyət göstərib. İşğal dövründə məscid və onun yanında yerləşən bulaq yararsız hala salınıb. Bulağın üzərindəki yazılar silinib və yerinə xaç işarəsi həkk olunub. Aparılan bərpa işləri zamanı erməni vandalizminin bütün izləri aradan qaldırılıb.
Saatlı məscidi
Heydər Əliyev Fondunun layihəsi çərçivəsində Saatlı məscidi də yenidən həyata qayıdıb. Konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun olaraq aparılıb. İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılıb.
Bu məscid də 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunub. 1980-ci illərdə məsciddə restavrasiya işləri aparılıb. Şuşanın işğalından sonra məscid xarabalığa çevrilib, onun zəngin interyerləri tamamilə, minarəsi isə qismən dağıdılıb. Araşdırmalara görə, Saatlı məscidinin yerində 1759-cu ildə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi məscid və mədrəsə olub, bu mədrəsədə böyük Azərbaycan şairi Molla Pənah Vaqif dərs deyib.
Ağdam Cümə məscidi
Dini abidələrin bərpası istiqamətində görülən işlərin bariz nümunələrindən biri də Ağdam Cümə məscididir. Konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun olaraq aparılıb. Məscid ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. Ağdam şəhərindəki Cümə məscidi də memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə tikilib. Məscid Ağdam şəhərində dağıdılmayan tək tikilidir, lakin ermənilər tərəfindən burada mal-qara və donuzlar saxlanılıb.
Mir Möhsün Nəvvabın qəbirüstü abidəsi
Cıdır düzündə yerləşən Mir Möhsün Nəvvab Qarabağinin məzarı və qəbirüstü abidəsi də Heydər Əliyev Fondu tərəfindən bərpa olunub.
Şuşa şəhəri işğal altında olduğu illərdə məzar ermənilər tərəfindən tamamilə dağıdılıb. 2023-cü ilin mart ayından ərazidə müvafiq işlərə başlanılıb və qəbirüstü abidə bərpa olunub.
Milli Xalça Muzeyinin Şuşa filialı
Şəhərin yuxarı məhəlləsində yerləşən Xalça Muzeyinin binası XIX əsrin ikinci yarısında inşa edilib. İşğal dövründə yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən yenidən bərpa edilib. Hazırda muzeydə yeni xalça ekspozisiyası təqdim olunur. Ekspozisiyada vaxtilə təxliyə edilmiş və əsasən XVIII-XX əsrlərə aid eksponatlarla yanaşı, son illər filialın kolleksiyasına daxil edilən dəyərli xalçalar da sərgilənir. Burada ümumilikdə 115 ədəd xovlu və xovsuz xalça, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə və geyim dəstləri, zərgərlik və bədii metal nümunələri yenidən nümayiş olunur.
Keçmiş məcburi köçkünlərin qayıdışı üçün bu gün Qarabağ və Şərqi Zəngəzurda görülən davamlı quruculuq işləri kimi, bu torpaqlarda mədəniyyətin dirçəlişi, tarixə qayıdış, milli irsin özünə qaytarılması istiqamətində də Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr davam etdirilir. Bu nəcib missiyası ilə birinci xanım Qarabağa və Şərqi Zəngəzura milli ruhu, mədəni həyatı yenidən qaytarır.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"