28 Fevral 2026 08:40
194
SİYASƏT
A- A+
Erməni məkrinin şantajı

Erməni məkrinin şantajı


"Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi. Biz bunu açıq deməliyik. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi".

2019-cu il noyabrın 21-də Prezident İlham Əliyevin Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdəki çıxışında qeyd etdiyi kimi, Sumqayıt hadisələri Azərbaycanı ləkələmək və keçmiş Dağlıq Qarabağda separatçılığa haqq qazandırmaq üçün xalqımıza qarşı törədilmiş dövlət səviyyəli təxribat idi. Ancaq 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri sayəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan həm də bu qanlı ssenarilərin qarşısını birdəfəlik almış oldu.


Hər şey planlaşdırılmış ssenari üzrə baş verib


1980-ci illərin sonu Cənubi Qafqazda erməni separatizminin yenidən alovlandığı dövr oldu. Erməni şovinistləri XIX əsrin sonlarından etibarən formalaşdırdıqları qanlı planlarını - azərbaycanlıları öz tarixi yurdlarından qovmaq və Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı Ermənistana birləşdirmək niyyətlərini həyata keçirmək üçün fürsət gözləyirdilər. 1988-ci ilin fevralında hadisələr kritik həddə çatdı. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) İcraiyyə Komitəsinin azərbaycanlı deputatların iştirakı olmadan qəbul etdiyi qanunsuz "ayrılma" qərarı və fevralın 22-də Əsgəranda iki azərbaycanlı gəncin - Əli Hacıyev və Bəxtiyar Quliyevin qətlə yetirilməsi münaqişənin ilk qığılcımları oldu. Həmin vaxt erməni ideoloqlarına Azərbaycanı dünya ictimaiyyəti qarşısında "təcavüzkar" kimi qələmə vermək üçün daha böyük bir təxribat lazım idi. Məhz bu məqsədlə 27-29 fevral 1988-ci ildə Sumqayıt şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) himayəsi və erməni ekstremistlərinin birbaşa iştirakı ilə ssenariləşdirilmiş iğtişaşlar törədildi.

Hadisələr öz-özünə deyil, dəqiqliklə hazırlanmış bir plan üzrə cərəyan edirdi. Şahid ifadələri və arxiv sənədləri göstərir ki, Sumqayıtda baş verənlər kortəbii kütləvi iğtişaş deyil, hədəfləri öncədən müəyyən edilmiş bir əməliyyat idi. Təxribatçılar əllərində ermənilərin yaşadıqları ünvanların dəqiq siyahısı ilə hərəkət edirdilər. Hücuma məruz qalanlar yalnız erməni millətçi təşkilatı olan "Krunk" cəmiyyətinə üzvlük haqqı və ya "könüllü" ianə verməkdən imtina edənlər idi. 

Şahidlərin ifadələri ilə müəyyən edilib ki, "Krunk" cəmiyyətinə pul köçürən ermənilərin heç birinin evi hücuma məruz qalmayıb, onlar himayə olunub. 

Bu, həm də digər ermənilərə bir qorxu mesajı idi. 

Sumqayıt hadisələrinin erməni ekstremistləri tərəfindən planlı şəkildə həyata keçirilməsi ilə bağlı çoxsaylı dəlillərdən biri də hadisələrdən bir müddət əvvəl kütləvi şəkildə ermənilərin əmanət kassalarında olan pullarını çıxara bilmələri idi. Belə ki, 1988-ci ilin yanvar ayından etibarən Sumqayıtda yaşayan 1000-dən çox erməni əmanət kassalarındakı vəsaitlərini kütləvi şəkildə çıxarmış və şəhəri tərk etməyə başlamışdı. Bu, onların qarşıdan gələn hadisələrdən xəbərdar olduqlarını sübut edən ən ciddi dəlillərdən biridir.

Həmçinin aparılan istintaqla müəyyənləşdirilib ki, Sumqayıtda bir çox erməni mal-mülklərini öncədən çıxardıqdan sonra kompensasiya almaq məqsədilə öz evlərini yandırıblar.

Bütün bunlar Sumqayıtda planlaşdırılan "faciə ssenarisi"nin proloqu idi.


Eduard Qriqoryan - öz millətindən olanları qıran erməni cəlladı


Sumqayıt hadisələrinə başçılıq edən şəxs milliyyətcə erməni olan, əvvəllər dəfələrlə cinayət törətmiş Eduard Qriqoryan idi. 

Onun başçılığı ilə edilən basqınlar zamanı Sumqayıtda müxtəlif millətlərdən olan 32 nəfər (onlardan 26-sı erməni olub) öldürülmüşdü. Baş verən ixtişaşlarda əsas təşkilatçı və icraçı olan və bir neçə dəfə məhkum edilmiş Eduard Qriqoryan ermənilərin "Krunk" cəmiyyətinin üzvüymüş.

İstintaq materialları ilə təsdiq olunub ki, o, iğtişaşçı dəstələrə rəhbərlik edib və özü 6 ermənini qətlə yetirib. Erməni qadınlarına qarşı zorakılıq hallarında birbaşa iştirak edib. Məhkəmədə zərərçəkən ermənilər məhz Qriqoryanı öz cəlladları kimi tanımışdılar. 

Qriqoryan Azərbaycan məhkəməsi tərəfindən 12 il müddətinə azadlıqdan məhrum edilsə də, cəzasını çəkmək üçün Ermənistana göndərildikdən dərhal sonra "naməlum səbəblər"dən azadlığa buraxılıb. Bu fakt Sumqayıt hadisələrinin kimin maraqlarına xidmət etdiyini bir daha sübut edir.

Sumqayıtın 70 illiyi ilə bağlı tədbirdəki çıxışında Prezident İlham Əliyev də deyib ki, biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi: "Sonra nə baş verdi? İstintaqı Moskvadan gəlmiş qrup aparırdı, yəni tam ədalətli aparırdı. Verilmiş bütün ifadələr, şahidlərin ifadələri, üzləşmələr sübut etmişdi ki, həmin o Qriqoryan erməni xalqının nümayəndələrini qətlə yetirmişdir".

Dövlətimizin başçısı onu da əlavə edib ki, Qriqoryan həbs edilir, bütün sübutlar təsdiq olunur. Ondan sonra o, cəza çəkmək üçün Ermənistana göndərilir və ancaq orada sərbəst buraxılır: "Bax sual yaranır. On nəfərə yaxın ermənini öldürən bir qatili Ermənistan niyə sərbəst buraxır? Ona görə buraxır ki, o, onların tapşırıqlarını icra edirdi. Sumqayıt hadisələrindən istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət almışdır və nəticə etibarilə Dağlıq Qarabağda münaqişə baş vermişdir".


Yüzlərlə erməni xilas oldu


Erməni təbliğat maşınının yaratmaq istədiyi mənzərənin əksinə olaraq, Sumqayıtdakı iğtişaşlar zamanı sadə azərbaycanlı ailələr böyük cəsarət göstərərək erməni qonşularını öz evlərində gizlətmiş, onları qəzəbli kütlədən və Qriqoryanın dəstəsindən qorumuşdular. Baxmayaraq ki, həmin vaxtlarda indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar ermənilər tərəfindən silah zoruna deportasiya edilir, əmlakları talanır, özlərinə qaşı zorakılıqlar törədilirdi. Həmçinin separatçı qüvvələr DQMV İcraiyyə Komitəsinin sessiyasını çağıraraq Qarabağın Ermənistana birləşdirilməsi kimi qeyri-qanuni qərar qəbul etmiş, azərbaycanlı əhaliyə qarşı təzyiqlərə başlamış, iki gəncimizin qanını tökmüşdülər. Ancaq məhz Azərbaycan xalqının sərgilədiyi humanist münasibət sayəsində təxribatçıların planlaşdırdığı "kütləvi qırğın" ssenarisi baş tutmadı və itkilərin sayı az oldu.

Buna baxmayaraq, ermənilər lobbilərinin köməyi ilə Sumqayıt hadisələrini şişirdərək dünyaya yalan formada çatdırmağa, bu təxribatları guya azərbaycanlıların  törətməsi kimi tirajlamağa başladılar. İndiyə qədər də Ermənistan Sumqayıt hadisələrini saxtalaşdıraraq, tarixi faktları təhrif edərək təqdim edir, bəyanatlar verir. 

Ötən il Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfinin bu hadisələrlə bağlı əsassız bəyanatını şərh edərkən bildirib ki, bu, 1980-ci illərin sonlarından başlayaraq, Ermənistanın Azərbaycana qarşı əsassız və qeyri-qanuni ərazi iddialarını həyata keçirmək məqsədilə zorakılıq əməllərini, Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalinin kütləvi qovulmasını, Azərbaycan xalqına qarşı terroru, etnik zəmində təxribatları və hərbi gücdən istifadəni ört-basdır etmək cəhdləridir. Həmçinin bildirilir ki, Sumqayıtda etnik zəmində törədilən iğtişaş SSRİ və Ermənistan rəhbərliyinin, erməni şovinist ideoloqların və ekstremist təşkilatların öncədən düşünülmüş və planlaşdırılmış məqsədyönlü təxribatlarının tərkib hissəsi idi: "27-29 fevral 1988-ci il tarixli Sumqayıt hadisələri ilə əlaqədar məhkəmə prosesinin nəticələri ilə bağlı təqsirkar bilinən 92 nəfər barəsində həbs cəzası verilib, həmçinin bir nəfər ölüm cəzası alıb.

Müqayisə üçün onu da qeyd etmək istərdik ki, 1980-ci illərin sonlarında Ermənistan SSRİ-də azərbaycanlıların tarix boyu sıx yaşadıqları rayonlardan 300 minə yaxın əhalinin zorla qovulması zamanı 200-dən çox azərbaycanlının ölümündə təqsirli olanlar barəsində heç bir tədbir görülməyib".


Erməni separatçılığının tabutuna vurulmuş son mismar 


Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan sonradan etiraf edirdi ki, bu proseslər Ermənistanı digər xalqlardan təmizləmək və monoetnik dövlət yaratmaq üçün strateji addım idi. O, 1993-cü il iyulun 23-də "Yerkrapa" terrorçu birliyinin toplantısında erməni şovinistlərinin əsrlərdir həyata keçirdikləri planlarını, xalqımızı deportasiya, işğal, soyqırımı, terror və təxribatlarla necə üz-üzə qoymalarını açıq şəkildə dilə gətirib. Son dövrlər yayılan həmin çıxışında Petrosyan deyib: "Bizim hərəkat hesabına Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 il həll edə bilmədiyi problemin öhdəsindən gələ biliblər - Ermənistan və "Artsax" digər xalqlardan tamamilə təmizlənib. 

...Təsəvvür edirsinizmi, bu gün 1988-ci ilədək burada yaşayan 170 min nəfər digər millətlərin nümayəndələri olsaydı, indi bizim dövlətçiliyimiz yox idi".

Ermənistanı necə monoetnik ölkəyə çevirdiklərini deyən Petrosyan daha sonra açıq şəkildə bildirir ki, Azərbaycanda yaşayan ermənilərin köçünü də məhz özləri təşkil edib: "Əgər biz vaxtında başlamasaydıq, ən yaxşı halda 500 min erməni əsirlikdə olacaqdı (ovaxtadək onlar fiziki cəhətdən məhv edilməsəydilər). Bu, Ermənistanı dizi üstə qoymaq üçün güclü rıçaq ola bilərdi. Bir daha təkrarlayıram ki, onların böyük qismi əzab çəksələr də, bu ermənilər istənilən halda xilas oldular və 300 min nəfərdən çoxu Ermənistanda özlərinə sığınacaq tapdılar. 10-20 ildən sonra həmin 300 min insan bir milyon, yaxud milyon yarım olacaqlar. Milli miqyasda olan daha bir problem bizim hərəkatımızla həllini tapdı".

Faşist Levon Ter-Petrosyanın Ağdamın işğalından sonra etdiyi çıxışı da təkzibolunmaz şəkildə ortaya qoyur ki, Sumqayıt hadisələri məhz erməni şovinistləri tərəfindən həyata keçirilib. 

Bəli, Sumqayıt hadisələri erməni məkrinin siyasi şantajı idi. Bu faciənin əsas məqsədi qurbanların sayı deyil, o qurbanlar üzərindən Azərbaycana vurulacaq ləkə, "təcavüzkar" adı idi. Bu sayədə Qarabağın işğalına dünya birliyi qarşısında mənəvi "haqq" qazandırmaq niyyəti güdülürdü. 

Ancaq bu gün Qarabağda dalğalanan üçrəngli bayraq ikiəsrlik sərsəm "böyük Ermənistan" planlarının darmadağın edilməsini özündə simvolizə edir. 

Fevralın 26-da Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında bəyan etdiyi kimi: "2023-cü ildə cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində qanunsuz xunta rejimi məhv edildi, işğalçılar torpaqlarımızdan qovuldu, ərazilərimizdə qanunsuz məskunlaşmış 15 minlik erməni ordusu tərk-silah edildi və təslim oldu. Bu da erməni separatçılığına, onların tabutuna vurulmuş son mismar idi".  


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!