Azərbaycanın yerləşdiyi regionda baş verən prosesləri artıq qlobal geosiyasət kontekstində nəzərdən keçirmək zərurəti yaranıb. Onu şərtləndirən bir neçə faktor mövcuddur. Hər şeydən öncə, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi qələbənin regional miqyasda yeni geosiyasi mənzərə və dinamika yaratdığının birmənalı şəkildə qəbul edilməsini vurğulamaq lazımdır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə fikir bildirmişdir. Dövlət başçısı çox müxtəlif beynəlxalq tədbirlərdə 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatlarının əsrlərlə regionda davam edən geosiyasi pozuculuq prosesinə öldürücü və həlledici zərbə vurduğunu ayrıca ifadə etmişdir.
Ancaq ölkə rəhbəri İlham Əliyev o qədər əsaslı, ədalətli və qətiyyətli siyasət yeridir ki, indi bütün opponentlər nəinki Azərbaycan Prezidentinin irəli sürdüyü tezisi qəbul edir, hətta Bakı ilə əməkdaşlığın yeni formatları ilə bağlı təkliflər irəli sürürlər. ABŞ-dən sonra Fransa rəhbərliyinin bu istiqamətə yönəlməsi bunun bariz göstəricisidir.
Digər mühüm faktor Azərbaycanın davamlı olaraq regional miqyasda böyük əhəmiyyəti olan siyasi, sosial, iqtisadi, enerji, mədəniyyət və təhlükəsizlik addımlarını atması nəticəsində Cənubi Qafqazın infrastruktur sistem kimi Mərkəzi Asiya, Yaxın Şərq və Avropa ilə əlaqələrinin konkret cizgilər alması ilə bağlıdır. Hazırda bizim region vurğulanan istiqamətlərdə vahid sistem olaraq fəaliyyət göstərməyə başlamışdır. Cəmi 3-4 il əvvəl bunu hətta böyük dövlətlər belə təsəvvür edə bilmirdilər. Günümüzdə isə "C5+1"-dən danışırlar, Azərbaycan Prezidentini Yaxın Şərqdə sülhün və təhlükəsizliyin təmin edilməsi prosesinə dəvət edirlər, ölkəmizi qlobal miqyasda alternativ sülh mexanizmi kimi irəli sürülmüş Sülh Şurasının üzv dövlətlərindən biri kimi tanıyırlar, Azərbaycanı Türk Dövlətləri Təşkilatının (TDT) fəal üzvü olaraq qəbul edirlər və sairə.
Nəhayət, Cənubi Qafqazın müasir geosiyasətin mühüm altsistemi kimi qəbul olunmasının Azərbaycanla bağlı başqa bir faktoru Zəngəzur dəhlizinin Orta dəhliz kontekstində dünya siyasətinin gündəmində xüsusi yer tutmasına nail olunması ilə əlaqəlidir.
ABŞ-nin vitse-prezidenti Cey.Di.Vensin Azərbaycana səfərinə və Bakıda imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın geosiyasi qiymətləndirilməsinə yuxarıda vurğuladığımız məqamlar müstəvisində yanaşmaq daha adekvat olardı.
Cey. Di. Vensin səfəri
Beyin mərkəzləri və ekspert dairələri Cey. Di. Vensin səfərini "strateji tərəfdaşlıqdan qlobal əməkdaşlığa" istiqamətlənmiş addım kimi qiymətləndirirlər. Bu kontekstdə bir neçə əhəmiyyətli geosiyasi faktor önə çəkilir. Məsələn, yeni mərhələdə Azərbaycan-ABŞ münasibətlərində təhlükəsizlik, enerji və sülh gündəliyinin formalaşdığı, təhlükəsizlik sahəsində əməkdaşlığın strateji dayaqlarının daha da möhkəmləndiyi, enerji təhlükəsizliyi məsələsində Bakının qlobal və regional sabitləşdirici faktor kimi rolunun yeni məzmun çaları əldə etdiyi, ümumiyyətlə, yeni siyasi mərhələnin başladığı, ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfərinin regional sabitlik, iqtisadi əməkdaşlıq və inteqrasiya baxımından əhəmiyyəti xüsusi vurğulanır, "Cənubi Qafqaz üçün inkişaf "resepti": iqtisadi diplomatiya və TRIPP təşəbbüsü" tezisi irəli sürülür və bütün bunlar regional miqyasda "yeni konturlar" kateqoriyasının elementləri kimi təqdim olunur.
Başqa bir yanaşmada isə vurğulanır: "Yeni dünya düzəninin qurulması prosesi qlobal güclərin Cənubi Qafqaz regionuna olan marağını artırıb. Xüsusən Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması, aparılan sülh danışıqları bölgəmizi geniş əməkdaşlıq platformasına çevirib".
Ekspertlər sırasında Cey. Di. Vensin Bakıya səfərini ABŞ-nin Azərbaycanı müstəqil güc kimi qəbul etməsinin başlıca əlaməti kimi qiymətləndirənlər də vardır. Bu fonda ABŞ vitse-prezidentinin səfəri hətta 2026-cı ilin başlanğıcının "açar hadisəsi" kimi xarakterizə olunur.
Bir sıra ekspertlər Cey. Di. Vensin səfərinə regional bağlantılar, iqtisadi sərmayələr və təhlükəsizlik sahəsində əməkdaşlıq aspektlərində yanaşaraq, onu ABŞ-Azərbaycan münasibətlərində "qarşılıqlı anlaşma və perspektivlər" dönəmi kimi dəyərləndirirlər.
Səfərə maraqlı reaksiyalardan biri də Cey.Di.Vensin öz bəyanatı olmuşdur. ABŞ-nin vitse-prezidenti Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirmişdir ki, "Hazırda sülh sazişi baxımından düşünürəm ki, Prezident Əliyev həqiqətən böyük təşəkkürə layiqdir. ...gələcəkdə bir vaxtlar yalnız mübarizə və münaqişə olan yerdə əmin-amanlıq yaranacaq. Bu, Prezident Əliyevin liderliyinin və rəhbərliyinin bariz nümunəsidir... Bir halda ki, biz ticarətlə məşğul ola, tərəfdaşlıq qura biləriksə, nəyə görə biz bir-birimizlə vuruşmalıyıq?!"
Göründüyü kimi, ABŞ rəsmisi tezisini ABŞ-Azərbaycan münasibətləri, region və qlobal miqyas kontesktində əsaslandırmışdır. Cey.Di.Vensin Azərbaycana səfərinə siyasi və ekspert dairələri səviyyəsində verilən reaksiyalarda da milli, regional və qlobal kontekstlər bir-biri ilə sıx əlaqədə özünü göstərir. Bu, həm ABŞ-nin Cənubi Qafqazda proseslərə, əsasən, "Azərbaycan prizmasından" baxdığını, həm də geniş geosiyasi məkanda regionlararası əlaqələrin təkamülündə Bakıya xüsusi önəm verdiyini göstərir.
Bu ümumi geosiyasi mənzərənin fonunda Azərbaycanla ABŞ arasında imzalanan mühüm sənədin siyasi və geosiyasi məzmunu xüsusi maraq doğurur.
Strateji Tərəfdaşlıq haqqında Xartiya
Prezident İlham Əliyev ABŞ-nin vitse-prezidentinin ölkəmizə səfəri çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyanı "tarixi sənəd" adlandırmışdır. Həmin sənəd, sözün həqiqi mənasında, Azərbaycanın xarici siyasətinin prioritetləri kontekstində tarixi mahiyyət daşıyır. Birincisi, Strateji Tərəfdaşlıq haqqında Xartiya yalnız Azərbaycanın siyasi və geosiyasi müstəqilliyinin etirafının hüquqi təsbiti deyil. "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlətimizin başçısı qeyd etmişdir ki, sözügedən xartiya "data mərkəzləri, rəqəmsallaşma, süni intellekt və bu sahədəki Amerika şirkətləri ilə sıx əməkdaşlığı" əhatə edir. Və "bu, bizim üstünlüyümüzdür". Yəni, strateji mahiyyətli sənəddə Azərbaycanın ən yeni texnologiyalara yiyələnməsi mexanizmi də dəqiqliklə nəzərə alınmışdır. İqtisadi, enerji və nəqliyyat-kommunikasiya sferalarına qoyulacaq sərmayələri də nəzərə alsaq, söhbətin, faktiki olaraq, əhatəli inkişaf strategiyasından getdiyini görərik.
Xartiyanın preambulasında bu məqam konkret bənddə aşağıdakı kimi ifadə edilmişdir: Tərəflər "regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqlarının əhəmiyyətini təsdiqləyirlər".
5-ci bənddə isə bu prosesin dövlət sektoru ilə yanaşı, özəl sektoru da əhatə edəcəyi xüsusi vurğulanır. Bu isə təsadüfi deyil, çünki hər iki dövlət qarşıya qoyulan məqsədlərə bütün mövcud imkanlar daxilində nail olmağı hədəfləyir.
5-ci bəndin məzmunu aşağıdakı kimidir: Tərəflər "strateji tərəfdaşlığın və genişləndirilmiş əməkdaşlığın planlaşdırılması və həyata keçirilməsinə yalnız dövlət qurumlarının deyil, həm də hər iki ölkənin özəl sektorlarının cəlb edilməsinin mühüm əhəmiyyətini təsdiqləyirlər".
Bundan əvvəlki bənddə isə maraqlı bir məqsəd xüsusi qeyd edilmişdir. Tərəflər qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə getdikcə daha güclü əməkdaşlıq etmək niyyətlərini açıq ifadə etmişlər. Bu, əməkdaşlığın və qarşılıqlı dəstəyin davamlı, əhatəli və getdikcə daha da güclənən dinamik bir proses olaraq qəbul edilməsi anlamına gəlir.
4-cü bənddə göstərilir: tərəflər "diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri gücləndirmək üçün birgə niyyətlərini vurğulayırlar".
Bütün bunlar fəaliyyət istiqamətlərinin konkret mexanizmi, məzmunu və məqsədləri ilə bağlıdır. Sənəddə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün siyasi, geosiyasi və hüquqi iradə də dəqiq ifadə edilmişdir. Bu, 1-ci və 2-ci bəndlərdə öz əksini tapmışdır. Həmin bəndlərdə yazılmışdır: Tərəflər "1. İkitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini bir daha təsdiqləyirlər; 2. 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində imzalanmış Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumundan çıxış edirlər".
Buradan aydın görünür ki, Azərbaycan hər bir strateji sənədin əvvəlində özü üçün prinsipial əhəmiyyət daşıyan müddəanı şərt kimi müəyyən edir. Türkiyə və Rusiya ilə imzalanmış strateji müttəfiqlik sənədlərində də həmin qayda mövcuddur. O, tərəflərin "bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədikləri" ilə bağlıdır.
Bu xüsusiyyət göstərir ki, Azərbaycan imzaladığı hər bir sənədə xarici siyasətin prioritetləri sırasında ilk yerdə dayanan suverenlik, müstəqillik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və bir-birinin daxili işlərinə qarışmamağı öncə nəzərə almaqla yanaşır.
ABŞ və Rusiya dünyanın böyük dövlətləridirlər, Türkiyə isə siyasi, geosiyasi, etnik, mədəni, strateji məqsəd baxımından qardaş dövlətdir. Ancaq dövlətlərarası münasibətlər Azərbaycan üçün bərabərhüquqluluq prinsipi əsasında qurulur.
Buna görə də ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyası yeni tarixi mərhələdə Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasətin prioritetlərinə tam uyğundur. Həmin sənəd Azərbaycan dövlətinin xarici siyasət kursunun strateji məqsədlərinə xidmət edir. Əlbəttə, bu, yalnız Azərbaycan üçün deyil, həm də bütövlükdə Cənubi Qafqaz regionu üçün böyük tarixi hadisədir.
İkincisi, imzalanan strateji tərəfdaşlıq sənədində yer almış bölmələr kompleks halda vahid məzmun və məqsədə malik sistemi xatırladır. Həmin bölmələr aşağıdakı kimi müəyyən olunmuşdur: regional bağlantılar; iqtisadi sərmayələr; təhlükəsizlik əməkdaşlığı; institusional çərçivə və tətbiq.
Bu bölmələrin hər birinin əsas tərkib hissələri də müəyyən edilmişdir. Belə ki, birinci bölmə üçün enerji, ticarət və tranzit, ikinci bölmə üçün süni intellekt (AI) və rəqəmsal infrastruktur, üçüncü bölmə üçün müdafiə və təhlükəsizlik əməkdaşlığı, terrorizm təhdidinə qarşı birgə mübarizə, kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi, "humanitar ekologiya" mühitinin (məsələn, minatəmizləmə sferasında) yaradılması, dördüncü bölmə üçün isə əməkdaşlığın bütün sferalarını əhatə edən istiqamətlərin institutlaşmasını nəzərdə tutan xüsusi işçi qruplarının yaradılması əsas sayılır.
Müxtəlif sahələrdə fəaliyyətin sinxronlaşdırılması
Xartiyanın bölmələrinin əsas tərkib hissələrinin məzmunu və məqsədi mütləq surətdə Azərbaycanla ABŞ-nin sinxron fəaliyyətini tələb edir. Burada maraqlı iyerarxik mənzərə yaranır. Birinci bölmədə nəqliyyat və ticarət faktorları enerji ilə vahid kontekstdə götürülür.
İkinci bölmə müasir ən yeni texnologiyalar və elmi nəticələrdən qarşıya qoyulan məqsədlərə varmaq üçün maksimum istifadəni diqqət mərkəzinə gətirir. Bu zaman süni intellekt və rəqəmsal infrastrukturun ön plana çıxarılması strategiyada iki ölkə arasında əməkdaşlığın elm, təhsil, informasiya, idarəetmə və mədəniyyət aspektlərində aparıcı rol oynayacağına əsas yaradır.
Bu kimi məqsədlərə nail olmaq üçün tərəflər təhlükəsizliyin bütün istiqamətlərdə təmin edilməsinə ciddi önəm verirlər. Həmin məqam üçüncü bölmənin başlıca məzmun və məqsədlərində ifadəsini tapmışdır. Bu, çox əhəmiyyətli və lazımlı yanaşmadır. Çünki sabitlik, təhlükəsizlik olmayan mühitdə praktiki nəticə əldə etmək mümkün deyil. Müdafiə gücünün artırılması (müdafiə sənayesinin inkişafı da daxil olmaqla), kibertəhlükəsizlik və terrorla mübarizənin bir sistem-strukturda cəmləşməsi tarixi mahiyyət kəsb edir. Bu prosesdə Türkiyənin müsbət rolunu və imkanlarını nəzərə alsaq, Azərbaycanın şansının xeyli çox olduğu qənaətinə gəlmək olar.
Burada bizim "humanitar ekologiya" adlandırdığımız faktor strateji vacibliyi böyük olan məsələ kimi qəbul edilməlidir. Sənəddə həmin özəllik minatəmizləmə sferası ilə bağlı təqdim edilmişdir. Bu, mülki bir prosesdir. Yəni dinc insanların həyatlarının qorunması istiqamətində atılmış mühüm humanitar addımdır.
Müasir dövr üçün "humanitar ekologiya" ön sıraya çıxan strateji məsələdir. Çünki təhdidlər, risklər və ciddi ekoloji problemlərin üstünlük təşkil etdiyi bir dönəmdə insanın həyatının qorunmasından qiymətli başqa dəyər ola bilməz.
Nəhayət, sənədin dördüncü bölməsi sinxron fəaliyyətin təmin edilməsi baxımından çox mühümdür. Burada söhbət institutlaşmadan gedir. Bunun üçün səmərəli işləyən işçi qrupları yaradılmalıdır. Bu o deməkdir ki, işin təşkili və onun müsbət nəticələrinin əldə olunması öncədən planlaşdırılmış fəaliyyət mexanizmi əsasında həyata keçiriləcəkdir. Bu da tərəflərin münasibətlərə dərin, əhatəli və tam əsaslı yanaşmaq niyyətində olduqlarını göstərir. Həmin kontekstdə Xartiyada yer almış aşağıdakı fikilər çox əhəmiyyətlidir: "Müvafiq işçi qrupları hazırkı xartiyanın imzalanmasından sonrakı üç ay ərzində layihələrin siyahısını və onların həyata keçirilməsi üçün yol xəritələrini razılaşdırmaq niyyətindədirlər.
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları hazırkı xartiya çərçivəsində ildə ən azı bir dəfə müntəzəm olaraq görüş təşkil etmək niyyətindədirlər və tərəfdaşlıqlarının həyata keçirilməsi üçün zəruri olan və qarşılıqlı surətdə müəyyən edilmiş digər dialoq platformaları yarada bilərlər".
Azərbaycan-ABŞ münasibətləri və qlobal güc balansı
Bir sıra ekspertlər hesab edirlər ki, Azərbaycanla ABŞ-nin imzaladığı Strateji Tərəfdaşlıq Xartiyası bütövlükdə qlobal güc balansını dəyişir. Bu, maraqlı qiymətləndirmədir, çünki XXI əsrin gəlişi ilə tədqiqatçılar dünyada güc balansının xarakterinin dəyişdiyi qənaətindədirlər. Onun başlıca əlaməti kimi çoxqütblülüyü deyil, çoxtərəfliliyi vurğulayırlar. "Çoxtərəflilik" geosiyasi kontekstdə iki əlaməti özündə ehtiva edir. Birincisi, dünya sərt fərqli mövqeləri olan bloklara və ya qütblərə bölünmür. İkincisi, əsas qərarlar bir dövlət tərəfindən deyil, qlobal geosiyasətin fəal aktoru olan dövlətlər qrupu tərəfindən qəbul edilir. Bu isə dünya miqyasında mütəhərrik çoxtərəfli əməkdaşlıq və tənzimləmə mexanizmlərinin yaradılmasını tələb edir.
Eyni zamanda həmin mexanizmlər dünya səviyyəsində gücləri balanslaşdırmalıdır. Məhz vurğulanan anlamda ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının qlobal güc balansını dəyişməklə əlaqəli qiymətləndirilməsi vacib bir qənaətdir. Məsələ həm də onunla bağlıdır ki, Azərbaycan ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil edilmiş Sülh Şurasının qurucu dövlətlərindən biri kimi qəbul edilmişdir. Deməli, xartiya dövlətlər qrupu olan Sülh Şurasında Azərbaycanın aktiv iştirakı baxımından da vacib siyasi-hüquqi sənəddir.
Xarici siyasət kursu nöqteyi-nəzərindən vurğulanan yeni məqam onu göstərir ki, ölkənin xarici siyasət prioritetləri kompleks şəkildə Azərbaycan dövlətinin dünya miqyasında geosiyasi yeri və rolunun yeni səviyyəyə yüksəldilməsinə xidmət etməlidir. Bu da öz növbəsində Azərbaycanın dövlət identikliyinin XXI əsrin tələbləri aspektində yeni məna çalarları almağa başladığını göstərir. Təbii ki, bu proses Azərbaycanın başqa istiqamətlərdə də fəaliyyətində yeni məqamları meydana gətirəcəkdir. Həmin kontekstdə Sülh Şurasının təsisçilərindən biri kimi Azərbaycan beynəlxalq platformalarda fəal iştirak etməklə, sülh gündəliyinin formalaşmasına və qlobal etimadın güclənməsinə töhfə verəcəkdir.
Kamal ADIGÖZƏLOV,
beynəlxalq münasibətlər üzrə ekspert