22 Oktyabr 2026 08:00
217
SİYASƏT
A- A+
GÜLƏN GÜNÜN AĞRILI XATİRƏLƏRİ

GÜLƏN GÜNÜN AĞRILI XATİRƏLƏRİ


İndi Azərbaycan xalqının üzü gülür!

Alnı açıq, könlü şaddır!

Bu gün keçmiş məcburi köçkünlər fərəh və razılıq içində yaşayırlar!

Ən müqəddəs arzularına çatmışlar, daha "qaçqın", "köçkün", "didərgin", "evsiz-vətənsiz" adları onlara şamil edilmir!

Bir qismi el-obasına qayıdaraq yenidən doğma yurd-yuvasında yaşayır, bir qismi isə qayıdış növbəsi gözləyir!

Bu gün Azərbaycan əsgəri və zabiti qürurla gəzir!

Vətən qarşısında borcunu şərəflə yerinə yetirib, torpaqları düşməndən təmizləyib, şəhid qardaşlarının qisasını alıb!

Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev sonsuz fərəh hissi keçirir!

"Dəmir yumruğ"u ilə düşmənin başını əzərək ona kapitulyasiya aktını imzalatdırıb, Vətən torpağını murdar ləpirlilərdən təmizləyib, təkcə Ermənistana deyil, dünya erməniliyinə, hayların dostlarına və havadarlarına da qalib gəlib!

Həm də üç cəbhədə: müharibə, diplomatiya və informasiya meydanında!

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tədbirlərdə, başqa ölkələrə səfər edəndə və ölkəyə gələn qonaqları qəbul edəndə qalib dövlətin rəhbəri kimi sonsuz qürur və fərəhlə, müzəffər komandan kimi danışıqlar aparır, qalib Azərbaycanı qalib sərkərdə kimi təmsil edir!

Bundan böyük sevinc və xoşbəxtlik ola bilərmi?!

Halbuki altı il bundan qabaq böyük sıxıntı içərisində idik, çiyinlərimizdə "məğlub", "torpağı işğalda qalan ölkə" kimi çox ağır və əzici olan bir yük vardı!

Şükürlər olsun ki, bütün bu acılara və məhrumiyyətlərə son qoyaraq qalib, qürurlu və üzügülər xalqa çevrilməyi bacardıq!

***

Heç nə unudulmur, heç kəs yaddan çıxmır!

Biz nə keçənləri unutmuşuq, nə də başımıza gətirilən müsibətləri!

Hətta faciə və fəlakətlərimizin səbəblərini də yaxşı bilirik!

Napoleonun nə vaxtsa söylədiyi məşhur fikri hərdən xatırlayıram: "Sərkərdəsi şir olan qoyun sürüsü hər şeyə qadirdir. Sərkərdəsi qoyun olan şir dəstəsi heç nədir!"

Düşmən və onun havadarları hər şeyi dəqiq hesablamışdılar:

Ulu Öndər Heydər Əliyev SSRİ-nin rəhbərlərindən biri kimi tutduğu vəzifədən və Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən istefa verəndən az sonra M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri akademik Aqanbekyan Parisdə "Humanite" qəzetinə müsahibə verərək ermənilərin Dağlıq Qarabağa iddialarını açıq şəkildə bəyan etdi.

Bununla da Azərbaycan ərazisində separatçılığa start verildi.

Göründüyü kimi, Ermənistanın Azərbaycan torpaqlarına iddiası Rusiya ilə hayların birgə layihəsi idi.

Bu münaqişə vasitəsilə Rusiya Cənubi Qafqazda hegemonluğunu qoruya bilir, hər iki dövlətə təsir və təzyiqini davam etdirir, Türkiyəyə qarşı qurduğu 102-ci hərbi bazasını ərazidə saxlayır və digər niyyətlərini həyata keçirir.

Ermənistan isə öz torpaqlarına faydalı qazıntılarla zəngin daha xeyli ərazi qatır.

Uduzan tərəf Azərbaycan olur.

Həm milli sərvətlərinə sahiblikdə, həm də müstəqil daxili və xarici siyasət yeritməkdə!

Münaqişənin aktiv fazaya keçirilməsi Ermənistanın silahlandırılması, Azərbaycan torpaqlarında "miatsum" çağırışları ilə kütləvi mitinqlərin və itaətsizlik aksiyalarının keçirilməsi, habelə "saqqallı"lar və "fədai"lər adı ilə ərazilərimizə terrorçuların və hərbi qruplaşmaların göndərilməsi ilə müşahidə olunurdu.

Məqsəd silahsız və müdafiəsiz Azərbaycanın yaşayış məntəqələrindəki insanlar arasında qorxu, təlaş yaratmaq, onların "könüllü köçünə" nail olmaq idi.

Bir qədər keçmiş "silahla qorxutma" soyqırımları ilə əvəzləndi.

Əslində, bu, hərbi əməliyyatlara, daha sonra isə ərazi iddiaları ilə Azərbaycana qarşı müharibəyə start verilməsi idi.

***

Ermənilər münaqişəyə və "miatsum"a uzun müddət hazırlaşmışdılar, SSRİ-nin ozamankı rəhbəri M.Qorba-çov isə onlara dəstək verirdi.

Azərbaycanın ozamankı rəhbərləri isə baş verənlərin mahiyyətini anlamaqda və hadisələrin qarşısını almaqda acizlik göstərirdilər.

Ə.Vəzirov "xalqlar dostluğu və proletar beynəlmiləlçiliyi" ideyasına sədaqətlə xidmət etsə də, nə 20 yanvar 1990-cı ildə Bakıya əksəriyyəti ermənilərdən ibarət olan sovet qoşun hissələrinin göndərilməsinin, nə də Ermənistandakı qədim Azərbaycan ərazilərində yaşayan soydaşlarımızın vəhşicəsinə ata-baba torpaqlarından qovulmasının qarşısını ala bildi.

Sonda xalqın qəzəbinə tuş gələrək hərbi təyyarə ilə Moskvaya qaçmaqla Rusiyaya sığındı.

Azərbaycanın ilk prezidenti A.Mütəllibovda da Moskvaya qul sadiqliyi vardı.

Qırmızı imperiyanın dağıldığı bir vaxtda mərkəzin göstərişi ilə Azərbaycanda SSRİ-nin qorunub saxlanılması ilə bağlı referendum keçirilirdi.

Sonda o da "həmkarı" kimi hərbi təyyarə ilə Moskvaya qaçdı...

"Meydan hərəkatı"ndan iqtidara gələn AXC-Müsavat cütlüyü əvvəlkilərdən zahirən fərqlənsələr də, mahiyyətcə eyni idilər.

"Bəylər" Azərbaycanın müstəqilliyindən dəm vursalar da, özlərini "əsl vətənpərvər"lər kimi təqdim etsələr də, əməldə şəxsi maraqlarını hər şeydən üstün tutdular, naşılıqları və səriştəsizlikləri, R.Qazıyev kimi xəyanətkarı və "Rusiyanın adamı"nı müdafiə naziri qoymaqla torpaqların işğalına əlverişli şərait yaratdılar.

Göründüyü kimi, I Qarabağ müharibəsi ərəfəsində ölkəyə rəhbərliyin vəziyyəti çox acınacaqlı idi.

Həmin illərdə əvvəlcə "Həyat", sonra isə "Azərbaycan" qəzetinin Qarabağ üzrə bölgə müxbiri olaraq Ağdamda yaşayır və işləyir, hadisələrin ən qaynar nöqtələrində olurdum.

Sonralar gördüklərim və şahidi olduğum hadisələr əsasında qələmə aldığım məqalələrin bir qismini 1994-cü ildə çap etdirdiyim "Qeyrət və xəyanət" adlı kitabımda oxuculara təqdim etdim.

Yazının sonrakı hissəsində həmin kitabdan müəyyən parçalardan istifadə etməklə I Qarabağ müharibəsi dövrünün bir neçə mənzərəsini yenidən diqqətə çatdırmağa çalışacağam.

***

Torpaqları işğaldan qorumaq, habelə müharibəni udmaq üçün ilk növbədə dövlətə həqiqi vətənpərvər, dövrün siyasi gedişatından dərindən baş çıxaran, güclü xarakterə və qətiyyətə malik insanlar rəhbərlik etməli, orduya sərkərdəliyi bacarmalıdırlar.

Nə Ə.Vəzirovda, nə A.Mütəllibovda, nə də Ə.Elçibəydə sadalanan keyfiyyətlərdən əsər-əlamət belə var idi!

Odur ki:

"Hər şey "gözlənildiyi" kimi də oldu. Xocalıya kömək getmədi, dinc əhali oradan vaxtında çıxarılmadı. Erməni-rus hərbi birləşmələri fevralın 25-dən 26-na keçən gecə Xocalıya son dərəcə qanlı və qəddar divan tutdular. Nə qocaya, nə qadına, nə də uşağa rəhm olundu. Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidməti isə artıq neçənci dəfə xalqa saxta məlumat verirdi. Fevralın 27-də respublika rəsmi mətbuatında "Xocalıda vəziyyət haqqında" başlığı ilə belə bir informasiya getdi:

Respublika Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, fevralın 26-na keçən gecə Xocalı bir neçə istiqamətdən şiddətli atəşə tutulmuşdur. Düşmənin zirehli texnikasının böyük qüvvələri şəhər üzərinə hücuma keçmişdir. Atəş və hücumlar dünən bütün gün ərzində davam etmişdir. Nəticədə aeroport dağıdılmış, evlər yandırılmışdır. Yaralılar vardır. İlkin məlumata görə, iki sakin həlak olmuşdur.

Şəhərin müdafiəçiləri və Milli Ordunun bölmələri düşmən basqınının qarşısını alır, onun saysız-hesabsız hücumlarını dəf edə bilirlər. Hazırda vəziyyət yenə də gərgindir. Lüzumsuz itkilərin qarşısını almaq məqsədilə əhalinin qismən köçürülməsi təşkil edilmişdir. Xocalının erməni birləşmələri tərəfindən tutulması haqqında vahiməli şayiələr həqiqətə uyğun deyildir. Şuşanın hərbi komendantı Rəhim Qazıyev xəbər vermişdir ki, Xocalı müqavimət göstərir. O, erməni quldur birləşmələrindən tamamilə təmizlənmişdir. Mühasirəyə alınmış şəhərin müdafiəsini möhkəmləndirmək üçün tədbirlər görülmüşdür". 

"Ölkənin rəhbəri"nin gücü yalnız baş verən soyqırımı faktını xalqdan gizlətməyə çatırdı...

NƏTİCƏDƏ:

"Xocalı faciəsi barədə respublikada uzun müddət söhbət getdi. Onun ilk və ən mühüm zərbəsi prezidentə dəydi. Məhz Xocalı soyqırımından istifadə edən AXC Ayaz Mütəllibovu zor gücünə istefaya göndərə bildi. A.Mütəllibovun hakimiyyətdən getməyi və "demokratik qüvvələr"in iqtidara gəlməyi torpaqların itirilməsi prosesinin qarşısını almadı. Şuşa və Laçın, təqribən bir il sonra isə Kəlbəcər eyni ssenari üzrə getdi. Təbii qala sayılan bu yaşayış məntəqələri o qədər qısa müddətdə, özü də "ölüm-dirim mübarizəsi" olmadan əldən verildi ki, bunu xəyanət, satqınlıq və torpaqların satılmasından başqa özgə cür qiymətləndirmək mümkün deyildi. Hər rayon bir rəhbərin karyerasına son qoyduğundan nəsə "şüurlu, düşünülmüş" bir qurğu qurulduğuna şübhə qalmırdı. Xocalı faciəsi Ayaz Mütəllibovu hakimiyyətdən uzaqlaşdırdı. Şuşa və Laçının verilməsi ilə Yaqub Məmmədov rəhbərlikdən getdi. Kəlbəcərin işğalı Əbülfəz Elçibəyin taxtını laxlatdı". 

***

Qələbənin şərtlərindən biri iqtidarla xalqın birliyidir!

Xalq rəhbərinə inanmalı, onun düzgün siyasət yürütdüyünə, doğru addımlar atdığına əmin olmalı, bu səbəbdən də dəstəkləməlidir.

Əgər I Qarabağ müharibəsi dövründə ölkəyə rəhbərlik edənlərin hər üçü təyyarəyə minib postunu ataraq qaçıbsa, onda hansı rəhbərə inamdan, xalq-iqtidar birliyindən danışmaq olar?

Qarabağdakılar özlərinin silahsız, kəndlərinin müdafiəsiz qaldığından qaçqına çevrildiklərindən, paytaxtdakılar isə özbaşınalıqlardan, qıtlıq və bahalıqdan narazı idilər.

1993-cü ilin 12 iyununda evlərində gecələməkdən qorxaraq kəndini tərk edən, Ağdam-Bərdə yolunun kənarında səhərin açılmasını gözləyən bir neçə qadına və qocaya rast gəldik (Cavanlar kəndin müdafiəsində qalmışdılar).

Qadınlar ağızlarının odunu üstümüzə tökdülər (Əllərinə keçən yalnız biz jurnalistlər idik).

Dedikləri haqlı olduğundan "Azərbaycan" qəzetinin 28 iyun 1993-cü il tarixli nömrəsində dərc etdik:

- "Mən mal-qaranı, ev-eşiyi qoyub hara gedim, - deyə yaşlı bir qadın dilləndi. -Kənddə nə təhər qalaq? Nə müdafiə edən var, nə də kömək göndərən! İndiyədək Xocalıdan, Kəlbəcərdən bir heylə qız-gəlin erməni əlinə keçdi. Heç onlar haqqında düşünən olubmu?

- Ay başına dönüm, qıtlıqdı, bahalıqdı bir təhər dözürük ki, müharibədir! Axı bunlar erməni ilə müharibə aparmırlar, stol davası edirlər?! Bəs bizim təqsirimiz nədir?!

- Bu uşağın qırxı çıxmayıb, - deyə qara paltarlı gəlin dilləndi. - Atası döyüşdə öldürülüb. İndi bu düzün ortasında onu necə açım bələyim?!

Başqa bir cavan gəlin isə sözlərini olduğu kimi yazmağı tələb etdi:

- Xalqın namusu ayaq altındadır, amma bu, Bakıdakıların qulağına girmir. Aparın mənim yaylığımı Bakıda gizlənib alver edənlər, müharibədə pul qıranlar, hər şeyi vəzifəyə qurban verənlər başlarına bağlasınlar! Hərə öz canının həşirindədir, qaçqın düşən xalqın dərdinə qalan isə yoxdur!"

***

Nə qədər igid, qeyrətli övladın olsa da, torpağını qorumaq, yağı düşmənə qalib gəlməkdən ötrü güclü ordu qurmalısan!

Yaxşı silahlanmayan, mükəmməl təlim görməyən, intizamlı və vahid mərkəzə tabe olmayan ordu ilə uğur qazanmaq qeyri-mümkündür!

Azərbaycanın ozamankı rəhbərləri vaxtında ordu yaradaraq torpaqların müdafiəsini təşkil etmədilər.

Yerlərdə yaradılan "könüllü özünümüdafiə batalyonları" peşəkar hərbçilərdən ibarət deyildi.

Bəzi siyasi partiyaların yaratdıqları dəstələr isə özlərinin hakimiyyətə gətirilməsinə xidmət edirdi.

Vahid mərkəzə tabe olmayan hərbi dəstələrdə başıpozuqluq hökm sürür, müdafiə və hücum əməliyyatları birgə və əlaqəli şəkildə keçirilmirdi.

Ermənilərə isə hərbin bütün tələblərinə cavab verən, hər cür silah-sursatla təmin olunan, Rusiyaya məxsus nizami hərbi hissələr yardım göstərirdi.

Nizamsız dəstələrlə onun qarşısında duruş gətirmək qeyri-mümkün idi!

"Qeyrət və xəyanət" kitabından daha bir sitat:

"İkinci ən böyük səhvimiz müharibəni "məhəlli müharibə", "özfəaliyyət müharibəsi" şəklində qəbul etmək cəhdimizdir. Müharibənin başlandığı vaxtdan beş ildən artıq müddət keçsə də, onun dövlət səviyyəsində aparılması qətiyyən hiss olunmur. "Qarabağın xilası" - adı altında gündə bir siyasi partiya, hərəkat peyda olur. Müharibənin maliyyələşdirilməsində xalqa, ayrı-ayrı pullulara istinad edilir. Yaxud, "Laçını laçınlılar", "Şuşanı şuşalılar" və s. müdafiə, yaxud azad etməlidir fikrinə rəvac verilir. Dəstəbazlıq, mənəm-mənəmlik azarı sağalmaq bilmir. "Qarabağ kartı" ilə vəzifəyə gəlmək, siyasi kapital toplamaq istəyənlərin sayı və iştahası günbəgün artır. Xalq isə bundan əziyyət, olmazın məşəqqət çəkir".

***

Məcburi köçkün həyatı yaşamaq çox ağır və məşəqqətlidir.

İnsan bir günün içində ömür boyu qazandıqlarının böyük bir qismini itirir:

* evindən məhrum olur;

* əmlakının bir hissəsini qoyub gedir;

* daimi iş yerini itirir;

* qohum-qardaşdan ayrı düşür;

* uşaqları bağçadan və məktəbdən ayrılır;

* haraya gedəcəyini, kimə pənah aparacağını kəsdirmir;

* dövlət isə dərhal hamıya sahib çıxaraq yardım göstərə bilmir və s.

I Qarabağ müharibəsi nəticəsində bir milyonadək Azərbaycan vətəndaşı belə bir çıxılmaz duruma düşdü.

Dövlətə isə naşılar və səriştəsizlər, xəyanətkarlar başçılıq edirdilər.

Nə vətəndaşına sahib çıxan, nə də kömək əlini uzadan var idi.

Əvəzində...

Kəlbəcər və Ağdamdan köçənlərin Bakıya gəlişinə qadağa qoyuldu.

Yalnız Ulu Öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra dövlət vətəndaşına sahib çıxdı!

Ulu Öndər Heydər Əliyev beynəlxalq humanitar təşkilatlara, müsəlman dövlətlərinə müraciət edərək kömək istədi.

Bundan sonra türk Qızılay çadır şəhərciyi, ərəb çadır şəhərcikləri, Biləsuvarda çadır şəhərciyi yaradıldı, dövlətin bu sahəyə sistemli yardımı təşkil olundu.

Lakin həmin vaxtlarda dövlətin iqtisadi imkanları da aşağı səviyyədə idi...

Qışda soyuqdan, yayda istidən, il boyu işsizlikdən və ehtiyacdan, xəstəliklərdən əziyyət çəkən nə qədər insan dünyadan vaxtsız getdi...

30 illik məşəqqətli məcburi köçkün həyatı dövlətin ardıcıl tədbirləri sayəsində xeyli yüngülləşsə də, vətən həsrəti, itkilər insanlara ağır başa gəldi.

İlham Əliyevin rəhbərliyi dövründə iqtisadi imkanların artması, 116 yeni qaçqın şəhərciyi yaradılaraq məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, bununla bağlı bir neçə dövlət proqramının icrası xeyli kara gəldi.

Əsas hədəf isə işğal altındakı torpaqların nəyin bahasına olursa-olsun qaytarılması idi!

Müzəffər Ali Baş Komandan İlham Əliyev bunu da bacardı!

Məcburi köçkünlərin əzabını sevinclə, vətən həsrətini doğma yurda qayıtmaq səadəti ilə əvəz etdi!

* İlham Əliyev "dəmir yumruğ"u ilə 

30 illik işğala son qoydu!

* İlham Əliyev bizə bu əzabları yaşadan düşmənin başını əzərək qarşısında diz çökdürdü!

* İlham Əliyev bizə bu məşəqqəti yaşadanlardan qisasımızı hərb meydanında aldı!

* İlham Əliyev bizi qalib dövlətə, müzəffər xalqa çevirdi!

* İlham Əliyev ağlayan Azərbaycanı güldürdü!

* İlham Əliyev gülən Ermənistanı ağlatdı!

6 il əvvəl Azərbaycan vətəndaşlığını qəbul etməyərək ərazimizi tərk edən ermənilər indi biz çəkənlərdən artığını çəkirlər!

İrəvandakılar onlara "ikinci sort" ermənilər kimi baxırlar!

Nə sistemli yardım alırlar, nə evləri var, nə də gələcəyə ümidləri!

Ən imkanlıları və diribaşları ölkələrini tərk edərək dünyaya səpələnirlər!

Layiq olduqları qaraçı həyatını sürməkdən ötrü!

"Özü yıxılan ağlamaz", - demişlər!

Artıq İlahi ədalət öz yerini alıb!

Bu ədalətin bərpasına da Müzəffər Ali Baş Komandan İlham Əliyev "dəmir yumruğ"u ilə kömək göstərdi!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yarımçıq qalan arzular... 

09:00
22 Oktyabr

Özü görməsə də, arzusu çin oldu

08:50
22 Oktyabr

Avropa İttifaqı xarici sərhədlər üçün yeni plan hazırlayır

08:40
22 Oktyabr

Əsas vəzifə yeni enerji marşrutunun iqtisadi cəhətdən səmərəli fəaliyyətini təmin etməkdir

08:30
22 Oktyabr

ABŞ-də faiz xərci 1 trilyon dolları keçdi

08:20
22 Oktyabr

Sülh sazişinin imzalanmasını uzatmaqla Paşinyan siyasi dividend qazanmağa çalışır 

08:10
22 Oktyabr

GÜLƏN GÜNÜN AĞRILI XATİRƏLƏRİ

08:00
22 Oktyabr

"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin təsdiq edilməsi barədə

02:24
22 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş"in təsdiq edilməsi barədə

02:23
22 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
22 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi"nin təsdiq edilməsi barədə

02:22
22 Oktyabr

"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun yaradılması haqqında

02:22
22 Oktyabr

Çempionlar Liqası: “Qalatasaray” ilk qələbəsini qazanıb, “Mançester Yunayted” böyük hesabla uduzub  

23:08
21 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub YENİLƏNİB

22:27
21 Oktyabr

Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb  

21:51
21 Oktyabr

Rusiya noyabrda Ukrayna ilə bağlı üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb  

21:01
21 Oktyabr

Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub  

20:52
21 Oktyabr

Afrika mətbuatı Azərbaycanın “ASAN xidmət” və DOST mərkəzlərinin beynəlxalq uğurlarından yazıb  

20:51
21 Oktyabr

Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

20:46
21 Oktyabr

Özbək dilinin yeni əlifba səhifəsi: keçmişdən gələcəyə uzanan yol  

20:46
21 Oktyabr

“Muse” ilk 40 gündə 10,9 milyon dəfə yüklənib  

20:36
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!