Dövlət Statistika Komitəsinin son məlumatlarında ölkəmizdə demoqrafik vəziyyətin necə olduğu da öz əksini tapıb. Burada əhalinin sayı, doğum, nikah və s. haqqında rəqəmlər göstərilib. Belə ki, cari ilin əvvəlindən ölkə əhalisinin sayı 17 min 445 nəfər və ya 0,2 faiz artaraq sentyabr ayının 1-i vəziyyətinə 10 milyon 279 min 796 nəfərə çatıb.
Maraq doğuran rəqəmlər sırasında Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən doğma yurda dönən insanların sayı yer alır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, işğaldan azad edilmiş ərazilərə 40 min 520 nəfər keçmiş məcburi köçkün geriyə qayıdıb. Bununla da həmin ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 96 min 68 nəfər təşkil edib.
Məlum olduğu kimi, Azərbaycanda əhalinin sayı əsasən təbii artım və qismən ölkəmizə daimi yaşamağa gələnlərin hesabına artır. Bu, yenə də belədir, baxmayaraq ki, təbii artımın səviyyəsi əvvəlki illərə nisbətən aşağı düşüb. Belə ki, cari ilin 8 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 min 404 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici əhalinin hər 1000 nəfərinə 9,3-dən 8,2-yə düşüb. Doğulan körpələrdən 1902-si əkiz, 69-u isə üçəm olub. Bu isə o deməkdir ki, 951 ailə eyni gündə 2 körpə ilə, 23 ailə isə 3 övladla sevinib.
Ölkə üzrə dünyaya göz açan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Bir daha vurğulayaq ki, dəfələrlə deyilən və cəmiyyəti çox narahat edən səbəb sarıdan doğulan oğlanların sayı təbii normadan artıqdır. Yəni təbii norma oğlanların 51, qızların isə 49 faiz olmasıdır. Təəssüf ki, hələ həyata gəlməyə macal tapmamış qız uşaqlarına cəllad əli uzadanların sayı azalmır.
Elə buradaca onu da qeyd edək ki, deyilənlər ölkədə qadınların sayının azalmasına səbəb olur. Hazırda əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Rəqəmlər göstərir ki, zərif cinsin sayı ötən illərə nisbətən azalıb.
Təəssüf ki, nikahların da sayı azalıb: cari ilin 8 ayında 26 min 485 nikaha daxilolma halı qeydə alınıb. Bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayının 4,6-dan 3,9-a enməsi deməkdir. Boşanmaların nisbətən azalması isə təqdirəlayiq hal kimi qeyd olunmalıdır. Belə ki, cari ilin 8 ayında ölkədə 13 min 278 boşanma halı baş verib və onların sayı hər 1000 nəfərə hesabı ilə 2-dən 1,9-a düşüb.
Statistika Komitəsinin təqdim etdiyi rəqəmlər həmçinin göstərir ki, ölkə əhalisinin 54,3 faizi şəhərlərdə yaşayır, 45,7 faizi isə kənd sakinləridir. Əlbəttə, vaxtilə Qarabağdakı və Şərqi Zəngəzurdakı bölgələrimizdən düşmən əli ilə didərgin salınan soydaşlarımız öz doğma yurdlarına qayıtdıqca kənd sakinlərinin sayı artacaq və bu da ölkəmizdə urbanizasiya probleminin həllinə böyük dəstək olacaq.
Bu ilin 8 ayı ərzində ölkədə 40 min 191 ölüm halı qeydə alınıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.
Qeyd etdiyimiz kimi, Azərbaycanda əhalinin sayı təbii artımla yanaşı, nisbətən miqrasiya vasitəsi ilə də artır. Miqrasiya saldomuz isə yenə də müsbətdir. Bunu cari ilin birinci yarısında ölkəmizə daimi yaşamaq üşün gələnlərin 2085, digər yerlərə həmişəlik gedənlərin sayının isə 1159 nəfər olduğu da təsdiqləyir. Yəni müsbət saldo 926 nəfər təşkil edir. Statistika Komitəsi bu barədə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən verilən rəqəmlərə əsasən məlumat yayıb. Saldonun müsbət olduğunu əks etdirən rəqəmlər sıradan bir göstəricilər deyil. Bu, Azərbaycanı özünə daimi yaşayış yeri seçənlərin sayının getdikcə artdığı deməkdir. Bu da bir danılmaz həqiqətdir ki, insan hər zaman dolanışığının yaxşı olduğu, gününün xoş keçdiyi yerdə həmişəlik məskunlaşmağı qərara alır.
Xatırladaq ki, son illər ölkəmizdə bu tendensiya - miqrasiya saldosunun müsbət olması davamlı xarakter daşıyır.
Flora SADIQLI,
"Azərbaycan"