Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasından 885 il ötür. Xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi böyük şəxsiyyətlər sırasında Nizami Gəncəvinin adı hər zaman xüsusi ehtiramla çəkilir. O, yalnız Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə Şərq və dünya poetik-fəlsəfi fikrinin ən möhtəşəm simalarındandır.
Aradan əsrlər keçsə də, Nizami yaradıcılığı öz bədii qüdrətini, fəlsəfi dərinliyini və mənəvi aktuallığını heç zaman itirmir. Əksinə, zaman dəyişdikcə böyük mütəfəkkirin insan, cəmiyyət, ədalət, hakimiyyət, məhəbbət, mənəviyyat, elm və s. haqqında düşüncələri yeni məna çalarları qazanaraq müasir insanı daha çox düşündürür.
Yubiley illəri isə Nizami irsinə zaman-zaman yenidən nəzər salmaq, onun əsərlərindəki bəşəri ideyaları müasir dövrün mənəvi və ictimai reallıqları kontekstində dərk və təbliğ etmək üçün əlamətdar fürsətdir.
Gəncədən çıxmadan sözü ilə dünyanı fəth etmişdi
Nizami Gəncəvi (İlyas Yusif oğlu) 1141-ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Gəncədə dünyaya gəlmişdir. O, bütün ömrünü doğma şəhərində keçirərək burada yaşayıb yaratmış, Yaxın və Orta Şərqin fəlsəfi-ictimai və ədəbi-estetik düşüncə tarixini zənginləşdirən ölməz əsərlərini qələmə almışdır. Bu faktın özü Nizami şəxsiyyətinin ən mühüm xüsusiyyətlərindən birini - doğma torpağa bağlılığını göstərir. O, öz dövrünün geniş coğrafiyasını düşüncə və mütaliə vasitəsilə mənimsəsə də, yaradıcılığının mənəvi dayağını doğma torpağında, Azərbaycan mühitində tapmışdır. Şairin əsərlərində Azərbaycanın tarixi şəhərlərinin, təbiətinin, insanlarının, adət və ənənələrinin geniş yer tutması da bunun göstəricisidir.
Nizami Gəncə mədrəsələrində öz dövrünün və mühitinin ən yüksək təhsil səviyyəsinə yiyələnmiş, sonralarsa mütaliə və şəxsi araşdırmaları ilə elmi dünyagörüşünü daha da genişləndirmişdir. Əsərləri onun ensiklopedik biliyə malik mütəfəkkir olduğunu göstərir. Nizami türk, ərəb və fars dillərini mükəmməl bilirdi, müxtəlif elm sahələrinə dərindən bələd idi. Əsərlərində astronomiya, tibb, riyaziyyat, həndəsə, fəlsəfə, tarix və digər elmlərə dair biliklərin əks olunması şairin intellektual miqyasını nümayiş etdirirdi. Qədim yunan fəlsəfəsi və tarixi ilə bağlı məlumatları da onun geniş dünyagörüşündən xəbər verirdi. Beləliklə, Nizami yaradıcılığında şeir poetik ifadə vasitəsi olmaqla yanaşı, həm də bilik, hikmət və dünyanı dərk etmək üsuludur.
"Xəmsə" zirvəsi
Nizami yaradıcılığa lirik şeirlərlə başlamışdır. O, qəzəl və qəsidə müəllifi kimi şöhrət qazanmış, böyük divan yaratmışdır. Şərq təzkirəçilərinin məlumatına görə, vaxtilə təqribən 20 min beytdən ibarət olduğu bildirilən bu zəngin irsdən, əfsus ki, günümüzə az hissə gəlib çatmışdır. Bu gün Nizami irsindən 6 qəsidə, 120 qəzəl, 30 rübai və onun ölməz "Xəmsə"si qalmışdı. Şairin qəzəllərini dünyəvilik, real eşqin tərənnümü və insan duyğularının səmimi ifadəsi fərqləndirir.
Nizami Gəncəvinin dünya ədəbiyyatında əbədi yerini müəyyənləşdirən əsas yaradıcılıq abidəsi isə şübhəsiz ki, beş böyük poemadan ibarət "Xəmsə"dir. Nizami Şərq ədəbiyyatında "Xəmsə" ("Beşlik") yaratmaq ənənəsinin əsasını qoymuşdur. Bu monumental əsər təxminən 30 illik yaradıcılıq fəaliyyətinin məhsuludur. "Xəmsə"də şairin bədii təxəyyülü ilə elmi dünyagörüşü, fəlsəfi düşüncəsi ilə ictimai mövqeyi, insan və cəmiyyət haqqında qənaətləri vahid poetik sistemdə birləşir. "Xəmsə"nin hər bir poemasının özünəməxsus süjeti, obrazları və ideya istiqaməti olsa da, onları birləşdirən böyük bir mənəvi xətt var - insanın kamilləşməsi və ədalətli cəmiyyət idealına çatması.
Şairin "Sirlər xəzinəsi" "Xəmsə"nin ilk poemasıdır. Əsərin vahid süjet xətti və konkret baş qəhrəmanı yoxdur. Poema müxtəlif ictimai, fəlsəfi və dini problemləri əhatə edən rəvayət və hekayətlərdən ibarətdir. Burada Nizami şairdən çox mütəfəkkir kimi çıxış edir. O, insanın mənəvi məsuliyyətini, hökmdarın xalq qarşısında borcunu, ədalət və vicdan məsələlərini önə çəkir.
Əsərin əsas ideyalarından biri ədalətdir. Nizami üçün hökmdarın böyüklüyü onun sərvətində və hakimiyyətinin genişliyində deyil, məhz adilliyindədir. Şair insanın mənəvi ucalığını da zahiri şöhrət və var-dövlətlə yox, onun əxlaqı, vicdanı və mərhəməti ilə ölçür. Bu baxımdan "Sirlər xəzinəsi" XII əsrin əsəri olmaqla məhdudlaşmır, ondakı suallar indi də aktualdır: hakimiyyət insan qarşısında hansı məsuliyyəti daşımalıdır? İnsan nə zaman həqiqətən kamil sayıla bilər? Ədalətli cəmiyyət necə qurulmalıdır və s. Nizaminin böyüklüyü də məhz bundadır - o öz dövrünün hadisələrindən çıxış edərək bütün zamanlara aid suallar qoyur.
1180-ci ildə tamamlanmış "Xosrov və Şirin" poeması da Nizami yaradıcılığının mühüm mərhələlərindəndir. Şair bu poemada müxtəlif mənbələrdən, əfsanə və rəvayətlərdən, tarixi məlumatlardan və Firdovsinin "Şahnamə"sindən bəhrələnsə də, məlum materialı sadəcə təkrarlamamış, tamamilə fərqli poetik dünya yaratmışdır.
Sasani hökmdarı Xosrov Pərvizlə Şirin arasındakı məhəbbət əsərin əsas süjet xəttidir. Hadisələrin mühüm hissəsinin Azərbaycanda, o cümlədən Bərdə şəhərində cərəyan etməsi də diqqətəlayiqdir. Poemada məhəbbət sadəcə romantik hiss kimi təqdim olunmur. Nizami onu insanın mənəvi sınağı, sədaqət və məsuliyyət meyarı kimi təqdim edir. Şirin obrazı isə Şərq ədəbiyyatında qadın şəxsiyyətinin gücünü, iradəsini və mənəvi müstəqilliyini ifadə edən ən parlaq obrazlardan birinə çevrilir.
Əsərdə qadın azadlığı məsələsinin qoyulması Nizami humanizminin mühüm cəhətlərindəndir. Şair qadını yalnız sevgi obyektinə çevirmir, ona düşünən, qərar verən, öz taleyinə münasibət bildirən şəxsiyyət kimi yanaşır. "Xosrov və Şirin" bu xüsusiyyətlərinə görə Yaxın Şərq ədəbiyyatında ilk böyük məhəbbət poemalarından biri olmaqla vahid süjet xəttinə malik ilk mənzum roman nümunəsi kimi də qiymətləndirilir.
Eşqin əbədi zirvəsi
1188-ci ildə Şirvan hökmdarı I Axsitan Nizamiyə "Leyli və Məcnun" mövzusunda əsər yazmağı sifariş edir. Əvvəlcə bu təklifə tərəddüdlə yanaşan şair sonradan oğlu Məhəmmədin təkidi ilə əsəri qələmə alır.
Qədim ərəb əfsanəsi əsasında yazılmış "Leyli və Məcnun" əsərində Nizaminin böyük poetik ustalığı nümayiş olunur. Şair məlum süjeti yenidən danışmaqla kifayətlənmir, ona öz fəlsəfi və humanist baxışlarını əlavə edir. Məcnunun Leyliyə olan sevgisi məhəbbət sərhədlərini aşaraq mənəvi və fəlsəfi məna qazanır. Eşq burada insanın özünü dərk etməsinin, dünyanı və varlığı başqa gözlə görməsinin vasitəsinə çevrilir. Poemada qadın obrazları xüsusi diqqət çəkir. Leyli və digər qadınlar Nizaminin qələmində passiv obrazlar kimi nəzərə çarpmır, onlar öz hissləri, düşüncələri və mənəvi dünyaları olan şəxsiyyətlərdir.
Əsərin faciəli sonluğu isə Nizaminin təsvir etdiyi ictimai reallığın sərtliyini göstərir. Leyli və Məcnunun sevgisi cəmiyyətin qoyduğu sərhədləri aşa bilmir və əsər qəhrəmanların ölümü ilə başa çatır.
1197-ci ildə tamamlanan "Yeddi gözəl" poemasının baş qəhrəmanı isə V əsrdə hakimiyyətdə olmuş Sasani hökmdarı Bəhram Gurdur. Nizami burada sadəcə tarixi hadisələri təsvir etməklə məhdudlaşmadan Bəhram Gur obrazı vasitəsilə öz dövrünün ictimai-siyasi və mənəvi problemlərinə münasibət bildirməyi qarşısına məqsəd qoyur və bu məqsədə uğurla çatır.
Burada yeddi ölkədən gəlmiş gözəllərin danışdıqları hekayətlər insan və cəmiyyət haqqında düşüncələrdir. Şair müxtəlif hekayələr vasitəsilə insanın ehtiraslarını, zəifliklərini, mənəvi seçimlərini və həyatın ziddiyyətlərini göstərir. Bəhram obrazı üzərindən isə hökmdarın məsuliyyəti məsələsini ön plana çəkir. Nizami keçmişdən nümunə gətirərək öz dövrünün hakimlərini ədalətə, müdrikliyə və xalqın taleyinə məsuliyyətlə yanaşmağa çağırır.
Tədqiqatçılar bildirirlər ki, Nizami Gəncəvinin təxminən 1203-cü ildə tamamladığı "İsgəndərnamə" onun 30 illik elmi və bədii axtarışlarının məntiqi yekunu, yaradıcılığının zirvəsidir. Poema tarixi mövzuda yazılsa da, İsgəndər obrazı şair üçün insan, hakimiyyət, elm, dünya və mənəvi kamillik haqqında düşüncələrini ifadə edən poetik vasitəyə çevrilir. Şair İsgəndərin cahangirlik tarixini əsərin yalnız zahiri süjet xətti kimi təqdim edir. Əsas diqqət məhz insanlığın əbədi problemlərinə yönəlir.
Əsərdə elmə, biliyə, müdrikliyə xüsusi qiymət verilir. İsgəndərin dünyanın müxtəlif yerlərinə səfərləri, alim və filosoflarla görüşləri, müxtəlif xalqlar və cəmiyyətlərlə təmasları vasitəsilə Nizami insanlığın gələcəyi haqqında düşüncələrini ifadə edir. "İsgəndərnamə"də şairin ömrü boyu düşündüyü məsələlər bir növ yekunlaşır. O, insanın dünyadakı yerini, hakimiyyətin mahiyyətini, elm və ağılın gücünü, ədalətli cəmiyyət idealını və mənəvi kamillik problemini bir bütöv fəlsəfi sistemdə birləşdirir.
İsgəndərin dirilik suyunu axtarması motivi də burada xüsusi məna daşıyır. Nizami göstərir ki, insanın əbədi yaşaması yalnız fiziki ölümsüzlüklə bağlı deyil. Əsl ölümsüzlük insanın yaratdığı əsərdə, qoyduğu mənəvi irsdə və gələcək nəsillərə ötürdüyü fikirdədir. Bu mənada, Nizaminin özü də öz əsərləri ilə "dirilik suyuna" yetişmiş şəxsiyyətdir. Onun fiziki ömrü XII əsrdə - 1209-cu ildə başa çatsa da, sözü əsrləri keçərək bu günə gəlib çatıb.
Mütəfəkkir şairin sərhədləri aşan təsir gücü
Nizami Gəncəvinin Azərbaycanla bağlılığı yalnız coğrafi bağlılıqdan ibarət deyil. Onun əsərlərindəki dünyagörüşü, insan və cəmiyyət haqqında düşüncələri, mənəvi dəyərləri Azərbaycan xalqının zəngin mədəni irsinin mühüm tərkib hissəsidir. Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatındakı mövqeyi sonrakı əsrlərdə də böyük şairlərin yaradıcılığına təsir göstərmişdir. Əlişir Nəvai, Əmir Xosrov Dəhləvi, Füzuli, Əssar Təbrizi, Əbdürrəhman Cami kimi Şərqin böyük sənətkarları Nizami yaradıcılığından bəhrələnmişlər. Beləcə, Gəncədə yaranan söz sənəti məktəbi əsrlər boyu geniş coğrafiyaya yayılmış, Nizaminin adı böyük bir ədəbi ənənənin simvoluna çevrilmişdir.
Amma Nizaminin təsiri yalnız Azərbaycan və Şərq ədəbiyyatı ilə də məhdudlaşmayıb. XIII əsrdən başlayaraq, onun poemalarına çoxsaylı nəzirələr yazılmışdır. Şairin yaratdığı poetik ənənə əsrlər boyu davam etmiş, Nizami məktəbi Şərq ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. Onun əsərləri miniatür sənətinin də inkişafına ciddi təsir göstərmişdir. Nizaminin "Xəmsə"si əsrlər boyu xəttatların, miniatürçülərin, kitab sənətkarlarının və tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Bu əsərlər əsasında yaradılmış miniatürlər Şərq incəsənətinin ən möhtəşəm nümunələri kimi Şərq təsviri sənətinin ən qiymətli inciləri sırasında yer alır.
Nizami yaradıcılığının təsiri Qərbi Avropaya da çatmışdır. Bokkaççonun "Ameto", Karlo Qotsinin "Turandot", Lesajın "Çin şahzadə xanımı", Volterin "Paxıl" kimi əsərlərində Nizami motivlərinin və ideyalarının təsirini görmək mümkündür. Bu, Nizami yaradıcılığının coğrafi sərhədləri aşan gücünü göstərir.
Nizami Gəncəvinin əsərləri dünyanın çoxsaylı xalqlarının dillərinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri Bakı ilə yanaşı, London, Paris, İstanbul, Moskva, Sankt-Peterburq, Daşkənd, Təbriz, Tehran, Qahirə, Dehli və digər şəhərlərin kitabxana, muzey və əlyazma fondlarında qorunur. Bu əlyazmalar dünya mədəni irsinin qiymətli nümunələridir.
Nizami irsinə diqqət
Azərbaycanda Nizami irsinin öyrənilməsi və təbliği dövlət səviyyəsində həmişə xüsusi diqqət mərkəzində olub. Ötən əsrin 40-cı illərində dahi şairin 800 illik yubileyinin təntənəli şəkildə keçirilməsi onun əsərlərinin tədqiqi və təbliğində mühüm dönüş yaratmışdır. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" qərarın qəbul edilməsi isə nizamişünaslığın inkişafına yeni imkanlar açmışdır. 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley tədbirləri də Azərbaycanın mədəni həyatının mühüm hadisəsinə çevrilmişdir.
Nizami Gəncəviyə bu rəğbət dolu münasibət Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə də davam etmişdir. 2011-ci ildə dahi şairin 870 illik yubileyi dövlət səviyyəsində geniş qeyd olunmuşdur. 2021-ci il isə dövlət başçısının sərəncamı ilə 2021-ci il "Nizami Gəncəvi ili" elan edilmiş və dahi mütəfəkkirin 880 illik yubileyi tam bir il ərzində ölkəmizdə və xaricdə geniş silsilə tədbirlərlə qeyd olunmuşdur. Bu tədbirlər Nizami irsinin müasir Azərbaycanın milli-mədəni kimliyinin də mühüm təməllərindən olduğunu bir daha nümayiş etdirir. Prezidentin 23 dekabr 2011-ci il tarixli sərəncamına əsasən, 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncədə keçirilmiş xüsusi toplantı zamanı təsis edilən və ötən illər ərzində mühüm qlobal təşəbbüsləri ilə beynəlxalq aləmdə böyük nüfuz qazanan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dahi şairin adını daşıması da bu diqqətin nümunəsidir. Bu gün Moskva, Sankt-Peterburq, Çeboksarı, Roma, Lüksemburq, Kişinyov, Daşkənd, Təbriz və digər şəhərlərdə abidələrinin olması isə Nizami irsinin beynəlxalq miqyasını göstərir.
Nizami yalnız ədəbiyyatın deyil, müxtəlif incəsənət sahələrinin də ilham mənbəyidir. Onun həyatı və yaradıcılığı haqqında romanlar, pyeslər, poemalar yazılıb, operalar, simfoniyalar və baletlər yaradılıb, filmlər çəkilib. M.S.Ordubadinin "Qılınc və qələm" romanı, M.Hüseynin "Nizami" pyesi, B.Azəroğlunun "Nizami Gəncəvi" poeması, Ə.Bədəlbəylinin "Nizami" operası, F.Əmirovun "Nizaminin xatirəsinə" simfoniyası və "Nizami" baleti, Q.Qarayevin "Yeddi gözəl" baleti və "Leyli və Məcnun" simfonik əsəri, baş rolda Müslüm Maqomayevin çəkildiyi "Nizami" bədii filmi kimi nümunələr Nizami obrazının Azərbaycan incəsənətində necə böyük yaradıcı potensiala malik olduğunu göstərir.
Mütəfəkkir şair əsrlərdir ki, dünya şərqşünaslığının diqqət mərkəzindədir. Onun həyat və yaradıcılığı ilə bağlı çoxsaylı tədqiqatlar aparılıb, əsərlərinin elmi-tənqidi mətnləri hazırlanıb, müxtəlif dillərdə monoqrafiyalar və araşdırmalar nəşr olunub. A.Y.Krımski, Y.E.Bertels, Y.N.Marr, H.Araslı və başqa görkəmli alimlərin araşdırmaları nizamişünaslığın inkişafında mühüm rol oynayıb. Amma bu gün nizamişünaslığın qarşısında dayanan əsas vəzifələrdən biri yalnız Nizaminin əsərlərini öyrənmək deyil, onun ideyalarını yeni elmi yanaşmalarla təhlil və dünya elmi-mədəni ictimaiyyətinə daha geniş təqdim etməkdir.
İradə ƏLİYEVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"