Yeni reallıqlar bu köhnə və ədalətsiz qərarın tamamilə aradan qaldırılmasını şərtləndirir
Vaşinqtonla Bakı arasında strateji tərəfdaşlıq fonunda ABŞ Dövlət Departamentinin 907-ci düzəlişin tətbiqini donduran rəsmi bildirişi Konqresə təqdim etməsi mühüm hadisə kimi dəyərləndirilir. Bu addım Prezident Donald Tramp administrasiyasının Azərbaycanla ikitərəfli əlaqələri genişləndirmək və əməkdaşlığı dərinləşdirmək əzmini göstərir. Lakin Cənubi Qafqazda tamamilə yeni reallıqların formalaşdığı, davamlı sülhün təməllərinin atıldığı bir dövrdə 1992-ci ilin müharibə təfəkküründən qalma bu ədalətsiz düzəlişi, sadəcə, dondurmaq kifayət etmir. Müasir reallıqlar bədnam düzəlişin ölkə qanunvericiliyindən birdəfəlik silinməsini şərtləndirir.
Xatırlatmaq yerinə düşər ki, bu lazımsız qanunvericilik aktı 1992-ci ildə Qarabağ münaqişəsinin tam fərqli geosiyasi mənzərəsi fonunda, ermənipərəst konqresmenlərin və erməni diasporunun təsiri ilə qəbul olunmuşdu. Həmin dövrdə Ermənistan Azərbaycan ərazilərini işğal etmiş, Qərbi Azərbaycandan və Qarabağdan yüz minlərlə soydaşımız öz doğma yurdlarından qovulmuş, ölkəmiz qaçqın və məcburi köçkün axını ilə üz-üzə qalmışdı. Lakin regiondakı həqiqətləri təhrif edən Konqres erməni lobbisinin təsiri ilə və tamamilə ikili standartlara söykənərək, absurd bəhanələrlə Azərbaycanı günahlandırmışdı. Beləliklə, Azərbaycan keçmiş sovet respublikaları arasında ABŞ Konqresinin bu cür aşkar ayrı-seçkiliyinə və məhdudiyyətlərinə məruz qalan yeganə ölkə olmuşdu.
Bu gün Cənubi Qafqazda şərtləri Azərbaycanın tarixi Zəfəri ilə müəyyənləşən tamamilə yeni reallıqlar mövcuddur. Ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yanaşı, regionda davamlı sülhün və əməkdaşlığın əsas memarına çevrilib. 2025-ci ilin avqustun 8-də Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması, Bakının birtərəfli qaydada bütün tranzit məhdudiyyətlərini aradan qaldırması bunun əyani sübutudur. Azərbaycan bu gün Ermənistana Rusiya və Qazaxıstandan müxtəlif yüklərin daşınmasına şərait yaradır, eyni zamanda bu ölkəni neft məhsulları ilə təchiz edir. Bütün bunlar, eləcə də TRIPP marşrutu adlanan Zəngəzur dəhlizinin icrası prosesinə başlanması 30 il öncənin ədalətsiz qərarının birdəfəlik ləğvini labüd edir.
Prezident İlham Əliyev bu məsələdə dövlətimizin prinsipial mövqeyini dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Dövlətimizin başçısı IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirmişdi ki, bu qərar 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana münasibətdə çox ədalətsiz addımı idi: "O vaxt, Sovet İttifaqının süqutundan sonra yeni yaranan ölkələrə maliyyə yardımı formasında dəstəyin verilməsi üçün ABŞ Konqresi "Azadlığa Dəstək Aktı"nı qəbul etdi və 907-ci düzəliş ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdür. Yeri gəlmişkən, Prezident Bayden onlardan biri idi".
Azərbaycan Prezidenti həmin düzəlişin artıq tamamilə köhnəldiyini bəyan edib: "Birincisi, Azərbaycan ilə Ermənistan arasında Prezident Trampın iştirakı ilə Ağ Evdə sülh sazişi paraflandı. İkincisi, Azərbaycan birtərəfli olaraq Ermənistana bütün tranzit məhdudiyyətlərini aradan qaldırdı və hazırda biz bunu etməklə 40 min tondan artıq müxtəlif yüklər Rusiya, Qazaxıstan və digər yerlərdən Ermənistana daşındı. Bundan əlavə, Azərbaycan özü Ermənistana neft məhsullarını təchiz etməyə başlayıb və bildiyimə görə artıq 10 min tondan çoxdur. Bu, xüsusən də indi - bir çox ölkələrin yanacağa çıxışdan əziyyət çəkdiyi dövrdə baş verir və Ermənistan Azərbaycanı etibarlı mənbə kimi görür. Əgər belə olmasaydı, ola bilsin, bu gün onlar bütün dünyada benzin və dizel yanacağı axtarmalı olacaqdılar. Bir sözlə, bütün bunlar göstərir ki, həmin düzəliş tamamilə köhnəlib və tam ləğv edilməlidir".
Əsassız arqumentlərə söykənən 907-ci düzəlişin saxlanılması artıq heç bir siyasi-hüquqi məntiqə sığmır. Regionda bərqərar olan sülh mühiti və Azərbaycanın irəli sürdüyü regional əməkdaşlıq təşəbbüsləri ABŞ-nin Cənubi Qafqaz prioritetləri ilə üst-üstə düşür. İki ölkə arasındakı qarşılıqlı etimadı daha da dərinləşdirmək üçün qeyri-obyektiv hüquqi maneələrin aradan qaldırılması tarixi zərurətdir.
Nəzərə alınmalıdır ki, Bakı və Vaşinqton arasında münasibətlər keyfiyyətcə yeni müstəviyə yüksələrək strateji tərəfdaşlıq xarakteri alıb. Prezident İlham Əliyev və ABŞ vitse-prezidenti Ceyms Devid Vens tərəfindən Bakıda imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası iki dövlət arasında uzunmüddətli iqtisadi, təhlükəsizlik və siyasi əlaqələrin möhkəm təməlini qoyub. Bədnam düzəlişin tamamilə ləğvi iki ölkə arasında hərbi-texniki əməkdaşlığın önündəki sonuncu psixoloji və hüquqi səddi də götürə bilər.
ABŞ Konqresində respublikaçıların üstünlük təşkil etməsi Tramp administrasiyasına bu köhnəlmiş və zərərli düzəlişi tarixin arxivinə göndərmək üçün unikal fürsət yaradır. Hazırda rəsmi Bakı ilə Vaşinqtonu birləşdirən ortaq maraqlar və strateji hədəflər hər hansı lobbi qrupunun siyasi maraqlarından üstündür. ABŞ qanunvericilərinin bu tarixi ədalətsizliyə son qoyaraq 907-ci düzəlişi tamamilə ləğv etməsi yalnız Azərbaycan üçün deyil, eləcə də Vaşinqtonun regional maraqlarının, nüfuzunun və Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasının xeyrinə olacaq.
İsmayıl QOCAYEV,
"Azərbaycan"