Bu gün fermer xanımlarımızın uğurlarının sorağı uzaq ölkələrdən gəlir
Qadınların cəmiyyətin sosial-iqtisadi həyatında fəal iştirakı müasir inkişaf proseslərinin mühüm istiqamətlərindən biridir. Xüsusilə kənd yerlərində onların əmək bazarında və sahibkarlıq fəaliyyətində rolunun artması ailələrin gəlir imkanlarının genişlənməsinə və regionların iqtisadi potensialının daha səmərəli həyata keçirilməsinə şərait yaradır. Aqrosahibkarlıq qadınların iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi ilə yanaşı, kənd təsərrüfatında yeni təşəbbüslərin, ailə təsərrüfatlarının və kiçik bizneslərin inkişafına təkan verir.
Bu potensialın reallaşdırılması və qadınların aqrar sahədə daha fəal iqtisadi subyektə çevrilməsi isə ilk növbədə onların təşəbbüslərinin dəstəklənməsindən və zəruri imkanlarla təmin olunmasından asılıdır. Son illər dövlət tərəfindən həyata keçirilən müxtəlif dəstək mexanizmləri qadınların aqrar sahədə sahibkarlıq fəaliyyətinin genişlənməsinə yeni imkanlar açır. Bu siyasət qadınların aqrar sahədə sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına, onların maliyyə imkanlarının genişləndirilməsinə yönəlib. Sahibkar qadınların güzəştli maliyyə resurslarına çıxışının təmin edilməsi, investisiya layihələrinin dəstəklənməsi, müxtəlif qrant və təşviq mexanizmlərinin tətbiqi, eləcə də biznesin qurulması və inkişafı ilə bağlı məsləhət və təlim xidmətlərinin göstərilməsi əsas addımlardandır.
Xüsusilə kənd yerlərində qadınların öz təsərrüfatlarını qurması və mövcud fəaliyyətlərini genişləndirməsi üçün yaradılan imkanlar sahibkar xanımların iqtisadi fəallığının artmasına şərait yaradır. Fermer təsərrüfatlarının inkişafı, müasir texnologiyaların tətbiqi, məhsulların emalı və qablaşdırılması, həmçinin yerli və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi qadın sahibkarların aqrar dəyər zəncirində rolunu bir qədər də gücləndirir. Bu isə o deməkdir ki, dövlət dəstəyi qadınların aqrar biznesdə fəal iştirakına, yeni iş yerlərinin yaradılmasına və kənd yerlərində dayanıqlı iqtisadi fəaliyyətin formalaşmasına xidmət edir.
Qadın fermerlərin aqrar sahədə fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında "Aqrar Fəaliyyətli Azərbaycan Qadınları" (AFAQ) layihəsi xüsusi yer tutur. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən həyata keçirilən bu layihə qadınların aqrar biznesə cəlb olunmasına, bilik və bacarıqlarının artırılmasına, informasiya və resurslara, eləcə də bazarlara çıxış imkanlarının genişləndirilməsinə yönəlib. Layihə çərçivəsində qadın fermerlərə təsərrüfatlarının ehtiyaclarına uyğun avadanlıq və digər texniki dəstək göstərilir. Belə dəstək mexanizmləri qadınların aqrar dəyər zəncirinin bütün mərhələlərində fəal iştirakına şərait yaradır. Nəticədə kənd yerlərində qadın sahibkarlığının genişlənməsi, ailə təsərrüfatlarının gəlirlərinin artması və yeni iş imkanlarının yaranması üçün daha əlverişli mühit formalaşır.
Qeyd edək ki, kiçik və orta təsərrüfatların inkişafında qadın sahibkarların rolu getdikcə artır. Evdə hazırlanan mürəbbə, turşu, müxtəlif meyvə quruları, süd məhsulları, şirniyyat və digər kənd məhsullarının kommersiyalaşdırılması qadın əməyinin iqtisadi dəyərə çevrilməsinə imkan verir. Əslində, ailənin tələbatını ödəmək məqsədi daşıyan bu çalışmalar zaman keçdikcə kiçik biznesə, bəzi hallarda isə daha geniş istehsal və emal müəssisələrinə çevrilir. Fermer yarmarkaları, aqrar sərgilər, festivallar və müxtəlif satış platformaları qadın sahibkarların öz məhsullarını daha geniş auditoriyaya təqdim etməsinə şərait yaradır. Belə tədbirlər yalnız məhsul satışına deyil, həm də yeni tərəfdaşlıqların qurulmasına, təcrübə mübadiləsinə və istehlakçı tələbinin öyrənilməsinə imkan verir.
Qadın fermerlərin aqrar sahədə göstərdiyi təşəbbüslər və əldə etdiyi nəticələr yalnız yerli səviyyədə deyil, beynəlxalq müstəvidə də diqqət çəkir. Bu baxımdan Azərbaycan qadınlarının ərzaq sektorunun və kənd yerlərinin inkişafına verdiyi töhfələrin beynəlxalq platformalarda tanınması xüsusi əhəmiyyət daşıyır. Kənd qadınının əməyinin beynəlxalq səviyyədə tanınması isə onun aqrar sahədəki roluna verilən yüksək qiymətin, yerli təşəbbüslərin isə qlobal miqyasda yaratdığı dəyərin parlaq ifadəsidir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərovanın "FAO 100 Women Heroes in Agrifood Systems and Rural Development" (Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı) təşəbbüsünün ilk seçilmiş iştirakçıları sırasında yer alması bunun nümunələrindəndir.
Bu təşəbbüs kənd təsərrüfatı, ərzaq sistemləri və kənd yerlərinin inkişafında mühüm rol oynayan qadınların fəaliyyətinin beynəlxalq səviyyədə fəaliyyətini artırmağa xidmət edir. Gülbəniz Qənbərovanın bu təşəbbüs çərçivəsində təmsil olunması isə qadın fermerin əməyinin, təşəbbüskarlığının və aqrar sahədə yaratdığı dəyərin beynəlxalq səviyyədə diqqətə çatdırılması baxımından əlamətdar hadisədir. Belə nümunələr kənd yerlərində fəaliyyət göstərən digər qadınların da öz imkanlarına daha böyük inamla yanaşmasına və yeni təşəbbüslərə qoşulmasına stimul verir.
Qeyd edək ki, Gülbəniz Qənbərovanın seçilməsi son dərəcə rəqabətli qlobal seçim prosesi nəticəsində baş tutub. Təşəbbüs çərçivəsində dünyanın 131-dən çox ölkəsindən 600-dən artıq namizəd irəli sürülüb. Bu namizədlər arasında Gülbəniz Qənbərova aqrar-ərzaq sistemlərinin gücləndirilməsi və kənd icmalarının həyat şəraitinin yaxşılaşdırılmasına verdiyi töhfələr, eləcə də liderlik, fədakarlıq və innovativ yanaşmaları ilə fərqlənib. Beynəlxalq tanınmanı təbii ki, sadəcə bir qadının şəxsi uğuru kimi qeyd etmək doğru olmaz. O, Azərbaycan kənd qadınlarının aqrar-ərzaq sistemlərində dəyişiklik yaradan qüvvə kimi artan rolunun təqdir olunması deməkdir.
Təsadüfi deyil ki, BMT Baş Assambleyası 2026-cı ili "Qadın Fermerlər Beynəlxalq İli" elan etməklə qadınların kənd təsərrüfatında, ərzaq təhlükəsizliyinin təmin olunmasında və kənd yerlərinin sosial-iqtisadi inkişafında rolunun daha da gücləndirilməsinin vacibliyinə diqqət çəkib. Gülbəniz Qənbərovanın nümunəsində isə sahibkarların bu qlobal prosesdə fəal iştirakı ölkədə qadın aqrosahibkarlığının inkişafına göstərilən diqqətin və əldə olunan nəticələrin beynəlxalq müstəvidə tanınmasının əhəmiyyətini daha çox artırır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"