Prezident İlham Əliyev avqustun 20-də İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin (KOBİA) Əsasnaməsinin təsdiq edilməsi barədə fərman imzalayıb. Bu sənədə əsasən, agentliyin fəaliyyət istiqamətləri genişlənəcək.
Əvvəla xatırladaq ki, bu agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft-qaz sektoru üzrə investisiyaların və ixracın təşviqi istiqamətində fəaliyyət göstərən, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında iştirak edən, dövlət orqanlarının (qurumlarının) və sahibkarların bu sahədə xidmətlərini əlaqələndirən İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.
Agentliyin əsasnaməsində onun fəaliyyət istiqamətləri,vəzifələri, hüquqları və digər məsələlər öz əksini tapıb. Belə ki, agentliyin fəaliyyət istiqamətlərinə müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə həyata keçirilməsini təmin etmək, dövlət dəstəyi tədbirlərinin və mexanizmlərinin həyata keçirilməsi ilə bağlı işlər görmək, sahibkarların, o cümlədən investorların və ixracatçıların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üzrə tədbirlər həyata keçirmək daxildir.
Qurum eləcə də "G2B" (dövlət-biznes) xidmətlərinin inkişaf etdirilməsində, keyfiyyətinin artırılmasında, habelə vahid "G2B" elektron reyestri əsasında göstərilməsinin və şəffaflığının təmin olunmasında iştirak etməli, respublikamızın xarici ölkələrdə ticarət nümayəndələrinin fəaliyyətini əlaqələndirməli, müvafiq sahədə beynəlxalq və regional iqtisadi əməkdaşlığın inkişafına dəstək göstərməlidir və s.
Agentliyin vəzifələrinə gəldikdə isə, onlardan bir neçəsini qeyd edək: müvafiq sahəni tənzimləyən normativ hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək, müvafiq sahədə dövlət proqramlarının və inkişaf konsepsiyalarının, dövlət dəstəyi tədbirlərinin və mexanizmlərinin hazırlanmasında iştirak etmək və normativ hüquqi aktlarla müəyyən edildiyi halda həyata keçirilməsini təmin etmək; müvafiq sahədə rəqəmsallaşmanın təşviqində, rəqəmsal reyestrlərin formalaşdırılmasında və rəqəmsal təhlil sistemlərinin yaradılmasında iştirak etmək və s.
Qurumun üzərinə eləcə də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətliliyinin artırılması, o cümlədən qeyri-neft-qaz sektoru üzrə investisiyaların və ixracın təşviqi məqsədilə təhlillər aparmaq və onların əsasında dəstək tədbirlərinin həyata keçirilməsi ilə bağlı təklifləri nazirliyə təqdim etmək, KOB subyektlərinin inkişaf mərhələləri (startap, erkən inkişaf, genişlənmə, ixrac və s.) üzrə təsnifləşdirilməsini həyata keçirmək və hər bir seqment üçün hədəfli dəstək proqramları formalaşdırmaq vəzifələri düşür.
Sözügedən sənədə əsasən, KOBİA vahid səlahiyyətli qurum qismində xarici investorların yerli bazara daxil olması, uyğunlaşması və fəaliyyətinin genişləndirilməsi üzrə xidmətlər göstərəcək və müvafiq tədbirləri həyata keçirəcək. Potensial investorların müəyyənləşdirilməsi, investisiyaların, o cümlədən prioritet sektorlar və hədəf bazarlar üzrə investorların cəlb edilməsi istiqamətində tədbirlər görmək, investisiya təşəbbüslərinin, biznes layihələrinin və ixrac fəaliyyətinin həyata keçirilməsi vəziyyətini sistemli şəkildə təhlil etmək, onların reallaşdırılmasına mane olan amilləri müəyyən etmək və aradan qaldırılması ilə bağlı nazirliyə aidiyyəti üzrə təkliflər təqdim etmək vəzifəsini də bu qurum daşıyır.
Əsasnamədə qurumun hansı hüquqlara malik olduğu da göstərilib.
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Yaşar Məmmədov sözügedən sənədi belə şərh edir: "Yeni Əsasnamənin başlıca mahiyyəti Azərbaycanda kiçik və orta biznesin inkişafı, qeyri-neft-qaz sektoruna investisiyaların cəlb edilməsi və ixracın təşviqi istiqamətlərinin vahid institusional idarəetmə çərçivəsində birləşdirilməsidir. Sənəd sahibkarlara göstərilən dövlət xidmətlərinin əlaqələndirilməsini, dövlət-biznes münasibətlərinin rəqəmsallaşdırılmasını və dəstək tədbirlərinin müəssisələrin inkişaf mərhələlərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Burada əsas məqsəd yalnız yeni sahibkarlıq subyektlərinin yaradılması deyil, startapdan ilkin inkişafa, genişlənmədən ixraca qədər bütün mərhələlərdə biznesin davamlı böyüməsinə şərait yaratmaqdır. Agentliyin sahibkarların hüquqlarının müdafiəsi, maliyyə mənbələrinə çıxışın yaxşılaşdırılması, investisiya layihələrinin müşayiəti və biznesin inkişafına mane olan amillərin müəyyənləşdirilməsi üzrə səlahiyyətləri bu siyasətin daha çevik və nəticəyönümlü həyata keçirilməsinə imkan verər".
Alimin fikrincə, əsasnamənin gözlənilən mühüm töhfəsi dövlət dəstəyinin ayrı-ayrı tədbirlər toplusundan vahid inkişaf sisteminə çevrilməsi ola bilər. Regional klasterlərin, "yaşıl KOB"ların, rəqəmsal və innovativ müəssisələrin dəstəklənməsi, yerli biznesin qlobal dəyər zəncirlərinə qoşulması və ixrac coğrafiyasının genişləndirilməsi qeyri-neft-qaz iqtisadiyyatının şaxələndirilməsinə yeni imkanlar açır. Dəstək mexanizmlərinin sosial-iqtisadi təsirinin qiymətləndirilməsi ayrılan vəsaitlərin nəticəsini yaradılan əlavə dəyər, daimi iş yerləri, məhsuldarlıq və ixrac artımı ilə ölçməyə şərait yaradar. Əsasnamənin səmərəli icrası mikro müəssisələrin kiçik, kiçik müəssisələrin isə orta biznes səviyyəsinə yüksəlməsini sürətləndirə, regionlarda yeni iqtisadi fəallıq mərkəzlərinin formalaşmasına və sahibkarlığın milli iqtisadiyyatdakı real çəkisinin artmasına mühüm töhfə verə bilər.
Qeyd edək ki, sənəd 2026-cı il oktyabrın 1-dən qüvvəyə minir.
Flora SADIQLI,
"Azərbaycan"