Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın
Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin
bugünkü səviyyəsini və gələcək inkişaf istiqamətlərini qiymətləndirmək
baxımından xüsusi əhəmiyyət daşıyır. Müsahibə yalnız ikitərəfli əlaqələrin
ayrı-ayrı sahələrinə dair məlumatların təqdimatı deyil, eyni zamanda Azərbaycan–Özbəkistan
münasibətlərinin hansı strateji məzmun qazandığını və bu münasibətlərin Türk
dünyası, Mərkəzi Asiya və bütövlükdə Avrasiya geosiyasətində hansı imkanlar
yaratdığını göstərən mühüm siyasi mesajlar toplusudur.
Azərbaycan və Özbəkistan arasında münasibətlərin
təməlində ortaq tarix, dil, mədəniyyət, mənəvi dəyərlər və xalqlar arasında əsrlər
boyu formalaşmış qarşılıqlı rəğbət dayanır. Lakin son illərdə bu təbii yaxınlıq
artıq yalnız mədəni və mənəvi müstəvidə qalmayıb, dövlətlərarası münasibətlərin
bütün istiqamətlərini əhatə edən strateji tərəfdaşlığa və ən yüksək siyasi mərhələ
olan müttəfiqliyə çevrilib. Prezident İlham Əliyevin müsahibəsində də
vurğulandığı kimi, son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin və
sıx siyasi təmasların həyata keçirilməsi əlaqələrin nə qədər intensiv xarakter
aldığını göstərir.
Bu sürətli inkişafda Azərbaycan Prezidenti
İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış
qarşılıqlı etimad və şəxsi dostluq münasibətləri xüsusi rol oynayır. Liderlər
arasındakı siyasi dialoq dövlətlərarası əlaqələrin inkişafına ciddi impuls verməklə
yanaşı, iki ölkənin bir-birinin strateji maraqlarına həssas yanaşmasını da təmin
edir. 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri
və 2025-ci ilin iyulunda Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri
zamanı imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə”
və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” münasibətlərin hüquqi-siyasi
bazasını daha da möhkəmləndirib.
Münasibətlərin institusional əsasının gücləndirilməsi
də diqqətdən kənarda qala bilməz. 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası
Şura iki ölkə arasında strateji prioritetlərin müəyyənləşdirilməsi, yeni təşəbbüslərin
təşviqi və müxtəlif sahələrdə əməkdaşlığın əlaqələndirilməsi baxımından mühüm
mexanizmə çevrilib. Şuranın artıq həm Daşkənddə, həm də Bakıda iclaslarının
keçirilməsi Azərbaycan–Özbəkistan münasibətlərinin təsadüfi siyasi yaxınlaşma
deyil, uzunmüddətli dövlət strategiyasına əsaslandığını göstərir.
İki ölkə arasında siyasi etimadın ən mühüm nəticələrindən
biri onun iqtisadi münasibətlərə çevrilməsidir. Azərbaycan və Özbəkistan
arasında ticarət dövriyyəsinin 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən
çox artaraq 795 milyon dollara çatması əməkdaşlığın real iqtisadi məzmun
qazandığını göstərir. 2026-cı ilin yanvar–may aylarında da ticarət dövriyyəsinin
33 faiz artaraq 144 milyon dollara çatması dinamikanın davam etdiyini təsdiqləyir.
Burada xüsusilə Azərbaycan–Özbəkistan
İnvestisiya Şirkətinin rolunu qeyd etmək lazımdır. Ümumi kapitalı 500 milyon
dollar olan bu platforma iki ölkədə müxtəlif sektorlar üzrə investisiya layihələrinin
maliyyələşdirilməsi və həyata keçirilməsi üçün mühüm imkan yaradır. Bu
mexanizmin əhəmiyyəti ondadır ki, Azərbaycan və Özbəkistanın iqtisadi əməkdaşlığı
artıq yalnız məhsul mübadiləsi ilə məhdudlaşmır, qarşılıqlı investisiya və birgə
istehsal modelinə keçir.
İqtisadi əlaqələrin digər mühüm xüsusiyyəti
müxtəlif sahələrin bir-birini tamamlamasıdır. Sənaye, kənd təsərrüfatı, nəqliyyat,
tikinti, xidmətlər və enerji sahələrində birgə layihələrin həyata keçirilməsi
iki ölkənin iqtisadi potensialını birləşdirir. Azərbaycanda Özbəkistan
investisiyalı 130-dan çox kommersiya təşkilatının fəaliyyət göstərməsi, eyni
zamanda Azərbaycan şirkətlərinin Özbəkistanda müxtəlif layihələr həyata keçirməsi
qarşılıqlı iqtisadi etimadın artdığını nümayiş etdirir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə
Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız ikitərəfli deyil, regional əhəmiyyətini
müəyyən edən əsas istiqamətlərdən biridir. Özbəkistan Mərkəzi Asiyanın mühüm
iqtisadi mərkəzi, Azərbaycan isə Xəzər vasitəsilə Mərkəzi Asiyanı Qafqaz,
Türkiyə və Avropa ilə birləşdirən əsas nəqliyyat qovşaqlarından biridir. Bu
baxımdan iki ölkənin coğrafi mövqeləri rəqabətdən daha çox tamamlayıcı əhəmiyyət
daşıyır. 2025-ci ildə Azərbaycan–Özbəkistan arasında tranzit daşımaların 1,4
milyon tona çatması və 6,7 faiz artması, 2026-cı ilin ilk yarısında isə daha
12,2 faiz artım qeydə alınması bu əməkdaşlığın praktiki nəticələrini göstərir.
Bu mənada Azərbaycan və Özbəkistanın əməkdaşlığını
Orta Dəhlizdən kənarda təsəvvür etmək mümkün deyil. Çin–Qırğızıstan–Özbəkistan
dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası gələcəkdə Mərkəzi
Asiya ilə Qafqaz və Avropa arasında daha səmərəli nəqliyyat bağlantısının
formalaşmasına şərait yarada bilər. Bu layihələrin reallaşması Azərbaycanın
tranzit imkanlarını, Özbəkistanın isə dünya bazarlarına çıxış imkanlarını
genişləndirəcək.
Enerji sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm
qoyması da münasibətlərin strateji xarakterini göstərir. Ənənəvi neft-qaz əməkdaşlığı
ilə yanaşı, Azərbaycan və Özbəkistanın yaşıl enerji sahəsində birgə fəaliyyəti
yeni imkanlar açır. Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən “Yaşıl Dəhliz
Birliyi”nin yaradılması bərpaolunan enerjinin ixracı və gələcəkdə Xəzər dənizinin
dibi ilə nəqli imkanlarının əlaqələndirilməsi baxımından mühüm addımdır. Bu
proses Azərbaycanın enerji siyasətində ənənəvi enerji resurslarından yaşıl
enerjinin ixracına doğru keçidin Mərkəzi Asiya ilə əməkdaşlıq formatında da
genişləndiyini göstərir.
Azərbaycan–Özbəkistan münasibətlərinin xüsusi
mənəvi məzmun daşıyan istiqamətlərindən biri Qarabağın bərpasında Özbəkistanın
iştirakıdır. Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin inşa edilməsi və
Füzulidə 100 hektarlıq “Dostluq bağı”nın salınması Özbəkistanın Azərbaycanın ərazi
bütövlüyünün bərpasından sonrakı quruculuq prosesinə verdiyi real dəstəyin ifadəsidir.
Bu cür layihələr sırf iqtisadi və ya tikinti layihəsi kimi qiymətləndirilə bilməz;
onlar iki xalq arasında həmrəyliyin və qarşılıqlı etimadın simvoluna çevrilir.
Mədəni-humanitar əlaqələr isə Azərbaycan–Özbəkistan
münasibətlərinin uzunmüddətli dayanıqlığını təmin edən ən mühüm amillərdəndir.
2023 və 2025-ci illərdə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin, 2024-cü
ildə Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi, Xivədə “Şuşa
Günləri”nin təşkil olunması xalqların bir-birinin mədəni irsinə marağının
artdığını göstərir. Bakıda “Özbəkistan” parkının yaradılması da bu qardaşlığın
şəhər və ictimai məkan səviyyəsində rəmzləşdirilməsinin nümunəsidir.
Təhsil sahəsində əməkdaşlıq da xüsusi
perspektiv vəd edir. 2025–2026-cı tədris ilində 67 Özbəkistan vətəndaşının Azərbaycanda,
176 Azərbaycan vətəndaşının isə Özbəkistanda təhsil alması iki ölkənin gəncləri
arasında birbaşa əlaqələrin genişləndiyini göstərir. Füzulidə Mirzə Uluqbəy
adına məktəbin fəaliyyət göstərməsi isə təhsil əməkdaşlığının Qarabağın bərpası
və iki ölkənin gələcək nəsillərinin yaxınlaşdırılması ilə birləşdiyini göstərən
mühüm nümunədir.
Münasibətlərin cəmiyyətlər səviyyəsində dərinləşməsində
şəhərlərarası əməkdaşlığın da mühüm rolu var. Bakı–Daşkənd, Şuşa–Xivə, Lənkəran–Buxara,
Şəki–Kokənd, Mingəçevir–Namanqan, Füzuli–Gülüstan, Quba–Cizak və digər şəhərlər
arasında qardaşlaşma münasibətlərinin yaradılması dövlətlərarası əməkdaşlığı
yerli səviyyəyə daşıyır. Belə əlaqələr xalqlar arasında qarşılıqlı tanıma və
etimadı gücləndirən mühüm humanitar diplomatiya vasitəsidir.
Azərbaycan və Özbəkistanın münasibətlərində
media və vətəndaş cəmiyyəti əməkdaşlığının genişlənməsi də diqqətəlayiqdir. İki
ölkə arasında keçirilən media forumları və QHT əməkdaşlığı forumları artıq
praktik nəticələr verir. 2026-cı ildə iki ölkənin ilk dəfə birlikdə QHT-lər
üçün qrant müsabiqəsi elan etməsi əlaqələrin yalnız hökumətlərarası deyil,
ictimai institutlar səviyyəsində də genişləndiyini göstərir.
Bütün bunlarla yanaşı, Azərbaycan–Özbəkistan
münasibətlərinin əhəmiyyətini yalnız ikitərəfli çərçivədə qiymətləndirmək kifayət
deyil. Bu münasibətlər Türk dünyasının geosiyasi və geoiqtisadi çəkisinin
artmasına birbaşa təsir göstərir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatında
fəal mövqe tutaraq siyasi, iqtisadi, nəqliyyat, təhsil, elm və mədəniyyət sahələrində
inteqrasiyanın dərinləşdirilməsinə töhfə verirlər. Prezident İlham Əliyevin
müsahibəsində də TDT-nin gələcəkdə daha sıx birliyin və beynəlxalq təsirin
mühüm platformasına çevrilməsi məsələsinə xüsusi diqqət yetirilir.
Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna
tamhüquqlu üzv qəbul edilməsi də bu baxımdan əhəmiyyətlidir. Bu addım Türk
dünyasının ortaq tarixi və mədəni irsinin qorunması üçün əməkdaşlıq imkanlarını
genişləndirir və Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız siyasi və
iqtisadi deyil, sivilizasion məzmun daşıdığını göstərir.
Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində
Özbəkistanın xüsusi rolunu ayrıca qeyd etmək lazımdır. Azərbaycan son illərdə Mərkəzi
Asiya dövlətləri ilə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar əlaqələrini
sürətlə genişləndirib. 2025-ci ilin noyabrında Daşkənddə keçirilən Mərkəzi
Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycanın bu formata tamhüquqlu
iştirakı ilə bağlı qərarın qəbul edilməsi Azərbaycanın regionlararası əlaqələrdə
yeni mövqeyini təsdiqlədi. Bunun nəticəsində əvvəlki “C5” əməkdaşlıq formatının
faktiki olaraq “C6” məzmunu qazanması Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində
keyfiyyətcə yeni mərhələnin göstəricisidir.
Bu prosesdə Özbəkistanın dəstəyi xüsusi siyasi
əhəmiyyət daşıyır. Daşkəndin Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının
genişlənməsinə müsbət yanaşması Bakı ilə Daşkənd arasında strateji etimadın
yalnız ikitərəfli məsələlərdə deyil, regional platformalarda da özünü göstərdiyini
nümayiş etdirir. Beləliklə, Azərbaycan–Özbəkistan müttəfiqliyi Cənubi Qafqaz ilə
Mərkəzi Asiya arasında yeni siyasi və iqtisadi körpünün formalaşmasına xidmət
edir.
Əslində, Azərbaycan və Özbəkistanın coğrafi
mövqeləri bu iki ölkəni təbii regional tərəfdaşlara çevirir. Azərbaycan Cənubi
Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biridir. Bir tərəfdə
Xəzər dənizi, digər tərəfdə Mərkəzi Asiyanın geniş iqtisadi və demoqrafik
potensialı yerləşir. Bu iki məkanın nəqliyyat, enerji, ticarət və kommunikasiya
xətləri ilə birləşdirilməsi həm Azərbaycan, həm də Özbəkistan üçün yeni
iqtisadi imkanlar yaradır.
Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətlərini
yalnız “iki qardaş ölkənin münasibətləri” ifadəsi ilə məhdudlaşdırmaq artıq
mümkün deyil. Burada daha böyük regional proses formalaşır. Bakı–Daşkənd xətti
Cənubi Qafqazla Mərkəzi Asiyanın siyasi və iqtisadi yaxınlaşmasının əsas
istiqamətlərindən birinə çevrilir. Bu yaxınlaşma isə Türk dünyasının
inteqrasiyasına, Orta Dəhlizin inkişafına, enerji və logistika imkanlarının
genişlənməsinə və Avrasiyanın yeni iqtisadi bağlantılarının formalaşmasına əlavə
stimul verir.
Münasibətlərin gələcək inkişafı baxımından əsas
məsələ əldə olunmuş siyasi nəticələrin daha böyük iqtisadi və regional layihələrə
çevrilməsidir. Ticarət dövriyyəsinin daha da artırılması, qarşılıqlı
investisiyaların genişləndirilməsi, birgə sənaye müəssisələrinin yaradılması,
Orta Dəhliz üzrə yükdaşımaların artırılması, yaşıl enerji layihələrinin
reallaşdırılması və humanitar əlaqələrin daha da dərinləşdirilməsi növbəti mərhələnin
əsas istiqamətlərini təşkil edə bilər.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Özbəkistanın
Milli İnformasiya Agentliyinə müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin
hazırkı səviyyəsini xarakterizə etməklə yanaşı, bu münasibətlərin gələcəkdə
hansı strateji istiqamətdə inkişaf edə biləcəyini də göstərir.
Bu gün Azərbaycan və Özbəkistan arasında
münasibətlər artıq tarixi və mədəni yaxınlığın yaratdığı dostluq mərhələsini
geridə qoyaraq siyasi müttəfiqlik, iqtisadi tərəfdaşlıq və regional əməkdaşlığın
vahid sisteminə çevrilib. Bu sistemin gücü onun üç əsas dayağından qaynaqlanır:
dövlət başçıları arasında yüksək etimad, xalqlar arasında dərin tarixi-mədəni
yaxınlıq və iki ölkənin strateji maraqlarının getdikcə daha çox üst-üstə düşməsi.
Azərbaycan üçün Özbəkistan Mərkəzi Asiyanın
mühüm siyasi və iqtisadi mərkəzlərindən biri olmaqla yanaşı, Türk dünyasında
strateji tərəfdaşdır. Özbəkistan üçün Azərbaycan isə Xəzər üzərindən Qafqaza,
Türkiyəyə və Avropaya çıxış imkanlarını genişləndirən əsas tərəfdaşlardan
biridir. Məhz bu qarşılıqlı tamamlayıcı mahiyyət Azərbaycan–Özbəkistan müttəfiqliyini
uzunmüddətli və dayanıqlı edən əsas amillərdəndir.
Bu mənada Bakı–Daşkənd münasibətlərinin gələcək
inkişafı təkcə iki ölkənin deyil, bütövlükdə Türk dünyasının və Avrasiya məkanının
siyasi-iqtisadi arxitekturasına təsir göstərə biləcək strateji proses kimi qiymətləndirilməlidir.
Azərbaycan və Özbəkistanın qarşılıqlı etimad əsasında həyata keçirdiyi siyasət
göstərir ki, tarixi qardaşlıq müasir dövrdə konkret iqtisadi layihələrə, nəqliyyat
dəhlizlərinə, enerji təşəbbüslərinə, humanitar proqramlara və regional siyasi əməkdaşlığa
çevrilə bilir.
Ən mühüm nəticə isə bundan ibarətdir ki, Azərbaycan–Özbəkistan
münasibətləri artıq yalnız iki dövlətin münasibəti deyil.
Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın bir-birinə
daha sıx bağlanmasının, Türk dünyasının güclənməsinin və Şərqlə Qərb arasında
yeni əməkdaşlıq imkanlarının formalaşmasının mühüm siyasi dayaqlarından
biridir.
Vasif Qafarov,
Milli Məclisin deputatı