Məlum səbəbdən Avropanın Rusiyaya qarşı tətbiq etdiyi və artıq sayı itirilən sanksiyaları "qoca qitə"nin öz iqtisadiyyatına da təsirsiz ötüşmədi. Şimal qonşumuzdan aldığı ucuz neft və qaz Avropa iqtisadiyyatının dinamik inkişafını təmin edirdi. İndi "qoca qitə" özünün neftə, xüsusən də qaza olan tələbatı ödəmək üçün onları Amerikadan baha qiymətə almağa məcburdur.
Məlum olduğu kimi, Avropanın iqtisadi lideri Almaniyadır. Bu qitədə istehsal olunan ÜDM-in önəmli hissəsi bu ölkənin payına düşür. Almaniya iqtisadiyyatının mühüm hissəsini ağır maşınqayırma təşkil edir. Bu sahənin inkişafı isə təbii qazla birbaşa bağlıdır. O üzdən alternativ mənbələrdən baha qiymətə alınan təbii qaz alman iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Özü də belə vəziyyətə düşən təkcə Almaniya deyil, qitənin Rusiyaya qarşı sanksiyalara qoşulmuş bütün ölkələri yaranmış həmin çətinlik üzündən iqtisadi artıma nail ola bilmirlər. Dünyanın tanınmış mütəxəssisləri hesab edirlər ki, artıq Avropa qlobal iqtisadi və siyasi güc olmaqdan çıxmaq üzrədir.
Dünya iqtisadiyyatı ən böyük zərbəni isə ABŞ-İran müharibəsinin başlanmasından sonra aldı. Gah alovlanan, gah da kövrələn həmin savaş səbəbindən dünya bazarında neft və təbii qazın qiymətləri kəskin şəkildə bahalaşıb. Artan qiymətlər üzündən dünyada enerji daşıyıcılarının tədarükü xeyli azalıb və bu səbəbdən dünyanın bir çox neft ölkəsi istehsalı məhdudlaşdırmaq məcburiyyətində qalıb.
Beynəlxalq Enerji Agentliyi (BEA, IEA) 2026-cı ildə gündəlik qlobal neft tələbatının 1,6 milyon barelə yaxın azalacağını proqnozlaşdırır. Agentlik cari il üzrə gündəlik qlobal neft tələbinə dair proqnozunu öncəki gözləntisi ilə müqayisədə 510 min barel azaldıb. Xatırladaq ki, BEA iyul ayında 2026-cı ildə gündəlik qlobal neft tələbinin 1,047 milyon barel azalacağını proqnozlaşdırmışdı.
Hesabata əsasən, cari il gündəlik qlobal neft tələbatı 103,288 milyon barel təşkil edəcək, halbuki ötən il bu göstərici 104,844 milyon barel olmuşdu. Bundan başqa, BEA 2027-ci ildə gündəlik qlobal neft tələbatının 105,7 milyon barelə çatacağını gözləyir.
Agentlik gündəlik qlobal neft tələbinin azalmasını Hörmüz boğazının bağlanmasının davam etməsi və yüksək neft qiymətlərinin neft istehlakını məhdudlaşdırması ilə əlaqələndirir.
Bu müharibənin özünəməxsusluğun bir səbəbi də deyilən hər sözün neft-qaz qiymətlərinə təsir göstərməsidir. Tərəflərdən biri Hörmüz boğazı ilə bağlı hədə dolu bəyanat verən kimi müəyyən qədər enməkdə olan enerji resurslarının qiyməti anındaca bahalaşır. O səbəbdən alıcılar bazarın nəbzini tuta bilmirlər. Uzağa getməyək.
Bu yaxınlarda ABŞ-nin İranı qeyri-müəyyən müddətə dəniz blokadasına almaqla hədələməsi neftin qiymətinin artmasına səbəb oldu. Çünki dünyanın mühüm neft nəqli marşrutlarından biri olan bu boğazda hər hansı uzunmüddətli gərginlik qlobal bazarda neft tədarükünün pozulması riskini yaradır.
BEA-nın qiymətləndirməsinə görə, iyul ayında dünyada gündəlik neft təklifi 2,4 milyon barel artaraq 101,5 milyon barelə çatıb. Buna Fars körfəzi ölkələrinin neft hasilatını bərpa etməsi səbəb olub. Ancaq belə hal müvəqqətidir. Hərbi əməliyyatlar yenidən başlasa, körfəz ölkələrinin neft infrastrukturu atəşə məruz qalsa, hasilat yenə də azalacaq.
ABŞ və İran arasında müharibənin başlaması səbəbindən dünya 2,6 milyard barel neft itirib. Belə hal 1979-cu il İran inqilabının nəticələri istisna olmaqla, ümumi həcm baxımından tarixdə ən böyük neft tədarükü pozuntusudur. Mütəxəssislərin hesablamalarına görə, neftin itirilmiş həcmi dünya üzrə təxminən 25 günlük istehlaka bərabərdir.
Rüstəm KAMAL,
"Azərbaycan"