"Bakı bulvarı, mən şəxsən belə hesab edirəm ki, dünyanın
ən gözəl bulvarıdır. Ən gözəl bulvarlarından biri deyil, ən gözəl bulvarıdır. Həm
təbii vəziyyətinə, həm abadlıq işlərinə, müasirliyinə, insanlar üçün yaradılmış
rahatlığına görə. Bakının gözəlliyi bənzərsizdir, təkrarolunmazdır”.
İlham ƏLİYEV
Millilikdən müasirliyədək
Bir çox tarixi
mənbələrə əsasən, Bakı bulvarının tikintisinə 1909-cu ildə başlanıb. Ötən 111 il
ərzində bulvar ərazisinin forması dəfələrlə dəyişib. Müxtəlif tikinti işləri aparılıb,
sahəsi genişləndirilib. Dənizkənarı Milli Parkın ərazisi köhnə, yeni və Ağ Şəhər bulvarı olmaqla, 3 hissəyə ayrılıb.
1998-ci ildən Dənizkənarı Bulvar Milli Park
statusunu daşıyır. Hazırda parkın uzunluğu
16 km.-dir və gələcəkdə ərazisinin 25 kilometrə çatdırılması nəzərdə tutulur.
Milli Parkın
ötən il 110 illiyi qeyd ediləndə onun tarixini əks etdirən fotosərgi açılmışdı.
XX əsrdə bir çox tanınmış yerli və əcnəbi
fotoqrafların lentə aldığı fotoşəkillər orada nümayiş olunurdu. Həmin sərgidə Bakı
bulvarının 1860-1990-cı illəri əhatə edən tarixi ilə bağlı 100-dən artıq nadir tapıntı
hasab edilən şəkillərdə bulvarın dənizdən çəkilmiş ilk fotosu da vardı...
Bakı bulvarının
ərazisində ilk tikinti işlərinə XIX əsrin əvvəllərində başlanılıb. Həmin dövrdə
esplanadanın inşası aparılırdı və İçərişəhərin sahil zolağı hələ boş idi. 1860-cı
ildən sonra "Qafqaz və Merkuri” paroxod şirkəti körpü və digər qurğuların tikintisini
həyata keçirir. Bu qurğuların inşası nəticəsində sahil zolağı 2 hissəyə bölünür:
qərb istiqamətində, qala boyunca - Aleksandrovski sahili, şərq istiqamətində - Bolşaya
Morskaya prospektinə qədər Petrovski sahili.
Sahil küçəsinin salınması
Sahildə aparılan
işlərlə bağlı ilk addımlar 1868-ci ilədək Bakı şəhərinin memarı olmuş Qasım bəy
Hacıbababəyov tərəfindən atılıb. 1860-cı ildə dəniz tərəfdən qala divarının sökülməsindən
sonra sahil zolağı nizamlanıb və o zaman imperator II Aleksandrın adını daşıyan
sahil küçəsi, yəni bulvar küçəsi 1865-1868-ci illərdə salınıb. Şəhərin sürətli inkişafına
1863-cü ildə icazə verilib.1867-ci ildə bu ərazidə su kəməri çəkilib, fontan və
digər tikililər də inşa edilib. Bundan sonra dəniz sahili bulvar statusu alıb və
şəhərin incisinə çevrilib. Bu dövrə sahilboyu ərazidə ilk evlərin tikilməsi də aiddir.
1902-ci ildə
Şəhər Duması Bakının dənizkənarı şəhər olduğunu, sahil zolağında çoxsaylı körpüləri
nəzərə alaraq, əhaliyə bulvar şəklində dənizə bir çıxış verməyi qərara alır. Sahil
zolağının abadlığı zəruri idi, bunu sahilyanı ərazinin mülki mühəndis K.B.Skureviç
tərəfindən tərtib edilmiş layihəsini təqdir edən şəhər Duması və İdarəsi də etiraf
edirdi. Bağ Komissiyasının 1902-ci il iclasında təqdim olunmuş layihə müzakirə edilir.
Dənizkənarı
bulvarın yaradılması məsələsi Şəhər Upravası tərəfindən dəfələrlə müzakirə edilsə
də, yalnız 1909-cu ildə praktiki addımlar atılır. Əvvəlcə "Qafqaz və Merkuri” cəmiyyətinin
körpüsündən Seyid Mirbabayevin evinə (Kukla teatrından "Azneft” meydanına kimi)
qədər olan sahilboyu ərazinin abadlaşdırılması qərara alınmışdı.
1909-cu ilin
aprelində Bakı Şəhər Upravasının tikinti şöbəsinin rəisi, mühəndis Məmmədhəsən Hacınski
Şəhər Dumasının iclasında Dənizkənarı bulvarın tikintisi ilə bağlı məsələnin müzakirəyə
çıxarılmasına nail olur. Onun alovlu çıxışı Dənizkənarı bulvarın salınmasında önəmli
rol oynayır. Aprelin 9-da "Kaspi” qəzetinin 77-ci sayında Hacınskinin Dənizkənarı
bulvarın tikintisi ilə bağlı iclasdakı məruzəsi çap olunur. O, çıxışında şəhərdə
yeganə olan Mixaylovski bağının azlıq etdiyini, əhalinin asudə vaxtını keçirməsi
üçün geniş bir yerin ayrılmasının zəruriliyini vurğulayır. M.Hacınski ilk gündən
bu vəzifədə Bakı şəhərinin Baş planının həyata keçirilməsində, bağ və bağçaların,
bulvarın, yolların və meydanların genişləndirilməsində, yeni binaların tikintisində
yaxından iştirak etmiş, Bakının ən məşhur abidələrindən biri - Şirvanşahlar tarixi
abidəsinin qorunması və bərpası, bulvarın genişləndirilməsi üçün dəniz sahilinin
qurudulub torpaq tökülməsi və s. haqqında məsələ qaldırmışdır. M.Hacınski eyni zamanda
Bakının ictimai və siyasi həyatında da yaxından iştirak etmişdi. Sahilyanı bulvarın
tikintisi üçün Duma vəsait ayırır. Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı ilə
həyata keçirilən Dənizkənarı bulvarın kompleks tikintisinə rəhbərlik etməsi M.Hacınskinin
əməkhaqqını ayda altı min rubla qədər yüksəldir və həmin layihələr iki il ərzində
yerinə yetirilərək başa çatır
Ağ Şəhərdən Bibiheybətəcən...
Bu gün Dənizkənarı
Milli Park ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra
Avropada ikinci yerdədir. 1998-ci il dekabrın 29-da Ulu Öndər Heydər Əliyevin sərəncamı
ilə Dənizkənarı bulvara "Milli Park” statusu verilib. Son illər burada böyük tikinti
və abadlıq işləri həyata keçirilib. Bulvarın ərazisi dənizə doğru xeyli genişləndirilib.
Yaşıllıq artırılıb, müxtəlif ölkələrdən gətirilmiş yeni dekorativ ağac və kollar
əkilib.
Bulvarda attraksionların,
kafelərin, səyyar ticarət və xidmət obyektlərinin sayı getdikcə artır. Parkda yeni
elektrobuslar, faytonlar, dəniz gəmiləri və s. gəzinti marşrutları işləyir, səyyar
fotostudiyalar, kiçik ticarət köşkləri, müasir kafelər, istirahət və əyləncə mərkəzləri
fəaliyyət göstərir.
Bu istirahət
məkanı Ümummilli Lider Heydər Əliyevin yadigarlarından biridir. Bura ölkə əhəmiyyətli
tarix və mədəniyyət abidələri sırasına daxil edilib. Azərbaycan Prezidenti İlham
Əliyevin tapşırığı ilə 2010-cu ildən etibarən
bulvar ərazisində genişmiqyaslı yenidənqurma işləri aparılıb. Bulvarın ərazisi Ağ
Şəhər və Bibiheybət istiqamətinə qədər genişləndirilib.
Bulvarda dövlət
səviyyəsində abadlıq, quruculuq, genişləndirmə işləri davam edir. 2010-cu ildə Dənizkənarı
Milli Parkın ərazisində Dövlət Bayrağı Meydanının açılışı olub. Bundan əlavə, Köhnə
bulvar ərazisində Park Bulvar, Bakı Biznes Mərkəzi, Azərbaycan Xalça Muzeyi, Beynəlxalq
Muğam Mərkəzi, Yeni Bulvar ərazisində Bakı Kristal Zalı, Bayıl bulvarı ərazisində
"Yarat” Müasir İncəsənət Mərkəzi, "Daş salnamə” muzeyi, Su İdmanı Sarayı kimi müasir
əhəmiyyətli memarlıq obyektləri inşa olunub.
Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”