Maqnezium çatışmazlığı dərinin iltihabına, yaraların gec sağalmasına və onun qoruyucu funksiyalarının pozulmasına səbəb ola bilər. Bu qənaətə “Nutrients” jurnalında dərc olunan elmi işin müəllifləri gəliblər.
Tədqiqatçılar maqneziumun dərinin vəziyyətinə və dermatoloji xəstəliklərin inkişafına təsirinə dair məlumatları təhlil edərək bu mineralın maddələr mübadiləsi, enerji istehsalı və immun sisteminin işi üçün zəruri olan 600-dən çox fermentativ reaksiyada iştirak etdiyini müəyyənləşdiriblər.
Məlum olub ki, maqnezium dəri hüceyrələrinin yenilənməsində, kollagen istehsalında və epidermis qoruyucu baryerinin saxlanmasında mühüm rol oynayır. Eyni zamanda, o, iltihabi prosesləri tənzimləməyə və hüceyrələri vaxtından əvvəl qocalmaya səbəb olan oksidləşdirici stressdən qorumağa kömək edir. Maqnezium çatışmazlığı zamanı bu mexanizmlər pozula bilər. Nəticədə dəri zədələrə qarşı daha həssas olur, iltihab güclənir, toxumaların bərpası isə ləngiyir.
Alimlər, həmçinin maqnezium çatışmazlığı ilə psoriaz, atopik dermatit, akne, rozasea və saç tökülməsi arasındakı ehtimal olunan əlaqəni nəzərdən keçiriblər. Mütəxəssislər onun xroniki yaraların, o cümlədən diabetik xoraların sağalmasındakı roluna xüsusi diqqət ayırıblar.
Müəlliflər hesab edirlər ki, normal maqnezium səviyyəsinin qorunması dərinin sağlamlığı üçün mühüm şərt ola bilər. Lakin dəri xəstəliklərinin müalicəsi və qocalmanın qarşısının alınması məqsədilə əlavə maqnezium qəbulunun effektivliyi hələ ki əlavə təsdiq tələb edir.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”