SOCAR-ın Rumıniyada 100-cü məntəqəsi
Azərbaycanın enerji sektorunda beynəlxalq fəaliyyətini genişləndirən SOCAR Avropa bazarındakı mövqelərini möhkəmləndirməkdə davam edir. Şirkət Rumıniyada 100-cü yanacaqdoldurma məntəqəsini istifadəyə verib. Bu hadisə SOCAR-ın 15 il əvvəl başladığı fəaliyyətin yeni mərhələsi olmaqla yanaşı, Azərbaycan brendinin Avropa ölkələrində tanıdılması baxımından da diqqət çəkir.
Şirkətin yaydığı məlumata görə, yubiley yanacaqdoldurma məntəqəsi Rumıniyanın şərqində, Dunay çayının sahilində yerləşən Qalati şəhərində açılıb. Rəsmi açılış mərasimində iştirak edən SOCAR-ın vitse-prezidenti Anar Məmmədov bildirib ki, 15 il əvvəl Rumıniyada ilk SOCAR brendli yanacaqdoldurma məntəqəsi istifadəyə verilərkən əsas hədəflər güclü brend formalaşdırmaq, yüksək keyfiyyətli məhsul və xidmətlər təqdim etmək, müştərilərin etimadını qazanmaq olub.
Onun sözlərinə görə, Rumıniya SOCAR-ın beynəlxalq strategiyasında xüsusi yer tutur. Bu ölkə şirkətin SOCAR brendi altında investisiya yatırdığı ilk Avropa İttifaqı ölkələrindən biridir. Rumıniya bazarında fəaliyyətin genişləndirilməsi isə ölkənin iqtisadiyyatına, biznes mühitinə və insanlarına olan inamın göstəricisidir.
SOCAR-ın Rumıniyadakı fəaliyyətinin növbəti mərhələsində əsas hədəf bazardakı mövqelərin daha da möhkəmləndirilməsi və bazar payının artırılmasıdır. “SOCAR Petroleum SA” şirkətinin baş direktoru Ramin Əliyev bildirib ki, bu məqsədlə yanacaq anbarları da daxil olmaqla, logistika infrastrukturuna investisiyalar yatırılır. Hazırda Rumıniyada fəaliyyət göstərən üç yanacaqsaxlama deposu yanacaqdoldurma məntəqələrinin fasiləsiz təchizatına və məhsulların davamlı çatdırılmasına imkan verir.
Ramin Əliyevin sözlərinə görə, SOCAR-ın əsas üstünlüklərindən biri yanacağın birbaşa istehsalçıdan əldə olunmasıdır. Bu yanaşma şirkətə məhsulun keyfiyyətinə və xidmət standartlarına nəzarət etmək imkanı verir. Şirkət qarşıdakı illərdə rumıniyalı müştərilərin etibar etdiyi geniş yanacaqdoldurma məntəqələri şəbəkəsi formalaşdırmağı hədəfləyir.
Yanacaqla yanaşı, Azərbaycan məhsulları da Avropada tanıdılır
SOCAR-ın Rumıniyadakı fəaliyyəti yalnız yanacaq satışı ilə məhdudlaşmır. Şirkət bu şəbəkə vasitəsilə Azərbaycan məhsullarının və milli brendlərin xarici bazarda tanıdılmasına da çalışır.
Belə ki, yanacaqdoldurma məntəqələrinin ərazisində fəaliyyət göstərən “Nar” kafelərində yerli məhsullarla yanaşı, Azərbaycandan gətirilən məhsullar da satışa çıxarılır. “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə məntəqələrdə xüsusi Azərbaycan guşələri yaradılıb. Bundan başqa, quraşdırılan monitorlarda ölkəmizin təbliğinə xidmət edən videoçarxlar nümayiş etdirilir.
Beləliklə, SOCAR-ın Rumıniyadakı yanacaqdoldurma məntəqələri təkcə enerji məhsullarının satış nöqtələri deyil, həm də Azərbaycan məhsullarının, mədəniyyətinin və milli brendinin tanıdılması üçün platforma rolunu oynayır.
Rumıniya bazarında 400 milyon leilik investisiya
SOCAR Rumıniyada fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsilə həyata keçirir. Şirkətin 2025-ci il üzrə dövriyyəsi 3,9 milyard Rumıniya leyi (təxminən 750 milyon avro) təşkil edib. Bu, əvvəlki illə müqayisədə 9,7 faiz artım deməkdir.
İndiyədək SOCAR Rumıniya iqtisadiyyatına 400 milyon Rumıniya leyi, başqa sözlə, təxminən 78,4 milyon avro investisiya yatırıb. Ölkə üzrə üç yanacaqsaxlama deposunun mövcudluğu da şirkətin burada yalnız satış şəbəkəsini deyil, həm də logistika imkanlarını inkişaf etdirdiyini göstərir.
100-cü yanacaqdoldurma məntəqəsinin açılması SOCAR-ın Rumıniyada 15 illik fəaliyyətinin mühüm nəticələrindən biridir. Şirkətin gələcək planları isə bu bazarda daha geniş iştirak, investisiyaların artırılması və Azərbaycan brendinin mövqelərinin möhkəmləndirilməsi ilə bağlıdır.
Bir sözlə, Qalati şəhərində açılan yeni məntəqə SOCAR üçün sadəcə növbəti satış nöqtəsi deyil. Bu, Azərbaycan şirkətinin Avropa bazarında formalaşdırdığı mövqeyin, qurduğu biznes əlaqələrinin və uzunmüddətli inkişaf strategiyasının daha bir göstəricisidir.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”