03 Sentyabr 2026 10:25
80
CƏMİYYƏT
A- A+
Bir zabitin Vətən andı 

Bir zabitin Vətən andı 


Bu sözün içində insanın doğulduğu torpağın ətri, ata ocağının istisi, ana laylasının səsi, uşaqlıq xatirələri və doğma yurdun müqəddəsliyi yaşayır. Vətən yalnız yaşadığımız torpaq deyil, insanın varlığı, kimliyi, şərəfi və namusudur. Onu qorumaq isə hər kəsə nəsib olmayan müqəddəs bir borcdur. Bu borcun ən uca zirvəsi Vətən uğrunda canından keçmək, ömrünü xalqının azadlığına qurban verməkdir. Azərbaycan tarixində belə oğulların adı həmişə ehtiramla çəkilib. Onlar ölümün gözünə dik baxaraq Vətən üçün həyatlarını fəda ediblər. 

Belə qəhrəman oğullarımızdan biri də Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı, şəhid Elmar Şahin oğlu Mirzəyevdir. Onun qısa, lakin mənalı ömür yolu Azərbaycan zabitinin Vətən qarşısındakı sədaqətinin, hərbi andına bağlılığının və qəhrəmanlığının parlaq nümunəsidir.

Elmar Mirzəyev 1995-ci il mayın 1-də Biləsuvarın Ağalıkənd kəndində dünyaya göz açıb. Uşaqlıq illərindən Vətənə böyük sevgi bəsləyib. O, həyat yolunu tərəddüdsüz  seçib. Torpağa bağlılığı, hərb sənətinə marağı onu 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə aparıb. Elmar burada 4 il hərb elminin sirlərinə yiyələnib. O, Vətəni qorumağı peşə kimi deyil, müqəddəs vəzifə kimi qəbul edib. 2016-cı ildə ali hərbi təhsilini başa vuraraq leytenant rütbəsi alıb və həmin ildən zabit kimi xidmətə başlayıb.

Zabitlik onun üçün çiyinlərində daşıdığı paqonlardan, hərbi rütbədən böyük məna ifadə edirdi. Bu, Vətən qarşısında məsuliyyət, əsgərin taleyinə cavabdehlik, verilən tapşırığı sonadək yerinə yetirmək və lazım gələndə Vətən uğrunda canından keçmək demək idi.

Elmar valideynlərinin xatirəsində ağıllı, savadlı, tədbirli və qayğıkeş bir övlad kimi yaşayır. Harada necə davranmağı bilən, insanlarla münasibətdə mehriban və diqqətli olan Elmar ailəsində də çox sevilirdi. Elə yaşadığı kənddə ona olan hörmət onun insani keyfiyyətlərindən irəli gəlirdi. O, ata-anasına, doğmalarına münasibətdə  diqqətli, mehriban idi. 

Elmarın ürəyində Vətən sevgisinin isə özünəməxsus yeri vardı. Uşaqlıqdan Vətənə olan məhəbbəti illər keçdikcə daha da möhkəmlənir. O, Vətəni uğrunda canından keçməyə hazır olduğunu söyləyirdi. Bu sözlər sonradan onun həyatının ən ağır sınağında adi bir ifadə olmadığını təsdiqlədi. 

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Azərbaycan Ordusunun qarşısında tarixi missiya dayanırdı - uzun illər işğal altında qalan torpaqları azad və ölkənin ərazi bütövlüyünü bərpa etmək. Baş leytenant Elmar Mirzəyev də bu müqəddəs mübarizənin ön sıralarında idi. Murovdağ istiqamətində gedən döyüşlər, ardınca Füzuli və Xocavənd uğrunda ağır savaşlar əsgər və zabitlərimizdən böyük iradə, cəsarət və fədakarlıq tələb edirdi. Qarşıda və arxada Vətən vardı. Belə anlarda zabitin məsuliyyəti daha çox olur. O, həm döyüşən əsgərlərin, həm də Vətənin taleyini düşünür. Döyüş meydanında onun bir amalı vardı - verilən tapşırığı yerinə yetirmək və Azərbaycan bayrağının işğaldan azad edilən torpaqlarda dalğalandırmaq. Güllə səslərinin, partlayışların və döyüşün ən ağır anlarının içində belə zabitin iradəsi sınmırdı. Təəssüf ki, Füzuli istiqamətində gedən döyüşlərdə Elmar şəhidlik zirvəsinə ucaldı. 

Elmar Mirzəyev cəmi 25 il yaşadı. Lakin bu 25 il onun həyatının məzmununu dəyərləndirmək üçün kifayət qədər böyük bir tarixdir. O özündən sonra bir ailənin xatirəsini deyil, bütöv bir xalqın qürur duyacağı qəhrəmanlıq salnaməsini yaratdı. 2020-ci il oktyabrın 16-da Elmar Mirzəyev doğma Biləsuvarda torpağa tapşırıldı. O gün Ağalıkəndin bir oğlu Vətən torpağına əmanət edildi. Amma onun adı xalqın yaddaşına yazıldı.

Şəhidin valideynləri Şahin Mirzəyev və Ceyran Əsgərova üçün Elmar heç vaxt yalnız bir xatirə olmayacaq. O, ailənin əziz oğlu, Daşqının və Amalyanın qardaşı kimi həmişə yaşayacaq. Ailə üçün oğul itkisi əvəzolunmaz dərddir. Lakin Elmarın adı ilə qürur duymaq, onun Vətən üçün yaşaması və şəhid olması böyük bir təsəllidir.

Elmar Mirzəyevin döyüşlərdə göstərdiyi misilsiz şücaət və Vətən qarşısındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. Şəhid baş leytenant ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

Lakin onun ən böyük mükafatı Azərbaycan torpağının azadlığıdır. Şəhidlik hər kəsin çata biləcəyi zirvə deyil, bu zirvəyə yalnız Vətən sevgisini həyatından üstün tutanlar yüksəlir. Elmar da həmin zirvəyə öz şərəfli zabit ömrü ilə ucaldı. İllər keçəcək, Ağalıkəndin yeni nəsilləri doğulacaq və onlar azad Qarabağın adını çəkəndə bu azadlığın hansı fədakarlıqlar hesabına qazanıldığını xatırlayacaqlar. O zaman Elmar Mirzəyev kimi qəhrəmanların adı bir daha ehtiramla çəkiləcək.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Antibiotiklər təsirini niyə itirir?

10:40
03 Sentyabr

Siyasi qütblər arasında sıxılan Ermənistan

10:30
03 Sentyabr

Bir zabitin Vətən andı 

10:25
03 Sentyabr

Bakının qədimdən qədim "keşikçi"si - Qız qalası

10:20
03 Sentyabr

Şuşalı olub musiqi və teatrdan kənarda qalmaq mümkün deyil

10:10
03 Sentyabr

Teatr və kinomuzun həmişə Yaşarı

10:00
03 Sentyabr

Gəncə ikinciliyi əldən vermir

09:50
03 Sentyabr

Rəqəmsal təhdidlərlə mübarizə müasir təhlükəsizlik çağırışlarının mühüm elementidir

09:40
03 Sentyabr

Görkəmli şəxsiyyətin ömür salnaməsi yeni nəşrdə

09:30
03 Sentyabr

Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi

09:20
03 Sentyabr

"ŞƏT+" Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyənin təbii şəkildə inteqrasiyası üçün platformaya çevrilir"

09:10
03 Sentyabr

Azərbaycanın çoxvektorlu diplomatiyasının nümunəsi

09:00
03 Sentyabr

"Azərbaycan coğrafi imkanlarından istifadə etməklə regional təsirini daha da artıra bilər"

08:50
03 Sentyabr

Sülh, müttəfiqlik və çoxtərəflilik 

08:40
03 Sentyabr

TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır

08:30
03 Sentyabr

Mehriban Əliyevadan növbəti humanist təşəbbüs

08:20
03 Sentyabr

Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilmiş "Ölümcül Miras" sənədli filminin təqdimatı olub

08:10
03 Sentyabr

Naxçıvanın yeni dövranı

08:00
03 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməsi haqqında

05:05
03 Sentyabr

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli və "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

05:04
03 Sentyabr

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

05:03
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!