17 Oktyabr 2026 08:00
270
PARLAMENT
A- A+
Azərbaycanın suverenliyinin tam bərpa edilməsi milli maraqların müdafiəsinə yönələn dövlət siyasətinin nəticəsidir

Azərbaycanın suverenliyinin tam bərpa edilməsi milli maraqların müdafiəsinə yönələn dövlət siyasətinin nəticəsidir


Oktyabrın 16-da Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası açan  Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, oktyabrın 18-də xalqımız Müstəqilliyin Bərpası Gününü qeyd edəcək. 35 il öncə həmin gün Azərbaycanın yenidən dövlət müstəqilliyi qazanması müstəsna siyasi və tarixi əhəmiyyətli bir hadisə idi.

Spiker bildirdi ki, ölkəmizin müstəqilliyinin ciddi sınaqlara məruz qaldığı dövrdə, 1993-cü ilin iyununda Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması dövlətçiliyimizin tarixində dönüş nöqtəsi oldu: "Onun həyata keçirdiyi qətiyyətli tədbirlər sayəsində ölkəmizin parçalanması təhlükəsi aradan qaldırıldı, ictimai-siyasi sabitlik bərpa olundu, dövlət institutları möhkəmləndirildi. Ümummilli Lider milli dövlətçilik konsepsiyasını irəli sürdü və uğurla həyata keçirdi, dövlət müstəqilliyinə real siyasi, iqtisadi və hüquqi məzmun verdi, onun dönməzliyini təmin etdi, daxili və xarici siyasətin strateji hədəflərini müəyyənləşdirdi".

Milli Məclisin Sədri diqqətə çatdırdı ki, 2003-cü ilin 15 oktyabr günü -  cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi gün də ölkəmizin tarixində xüsusi yer tutur: "Bu hadisə müstəqil dövlətçiliyimizin inkişafında yeni dövr açmışdır. Xalqımızın bu müdrik qərarı müasir Azərbaycanın tarixi qələbələrlə zəngin olan sonrakı inkişaf yolunu müəyyən etmişdir. 

Ulu Öndərin siyasi kursunun Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev tərəfindən layiqincə davam və inkişaf etdirilməsi  nəinki əldə olunmuş  nailiyyətləri qorumağa və artırmağa, həm də ən mühüm ümummilli vəzifələri yerinə yetirməyə imkan yaratmışdır. 

Son dövrün ən böyük nailiyyətləri Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və birgünlük antiterror əməliyyatında qazanılan tarixi qələbələr olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi milli maraqların müdafiəsinə yönələn dövlət siyasətinin nəticəsidir. Bu möhtəşəm uğurlar Azərbaycanın tarixində yeni dövr açmış, dövlətimizin inkişafı üçün prinsipcə yeni siyasi və strateji şərait yaratmışdır". 

Bu gün Azərbaycanın azad edilmiş torpaqlarda irimiqyaslı bərpa işləri həyata keçirdiyini deyən spiker Sahibə Qafarova bildirdi ki, eyni zamanda Azərbaycan beynəlxalq mövqelərini ardıcıl olaraq möhkəmləndirir, strateji tərəfdaşlıq əlaqələrini genişləndirir, regional sabitliyin təmin edilməsinə, əməkdaşlığın inkişafına və Cənubi Qafqazda möhkəm sülh yaradılmasına yönələn təşəbbüslərlə çıxış edir. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Zirvə Görüşü barədə danışan Milli Məclisin Sədri dedi ki, bu tədbirin Bakıda keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun və uğurlu xarici siyasətinin növbəti bir göstəricisidir. Ölkəmizin sədrliyi ilə keçirilən bu böyük miqyaslı beynəlxalq tədbir dünyanın geniş bir məkanında çoxtərəfli əməkdaşlığın, siyasi dialoqun və qarşılıqlı etimadın möhkəmlənməsində dövlətimizin rolunu təsdiq edir. 

Spiker ölkə Prezidentinin liderliyinin və xalqımızın birlik və həmrəyliyinin dövlətimizin müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcəyinə əminliyini ifadə etdi. Milli Məclisin Sədri bildirdi ki, oktya-brın 17-də Füzuli Şəhəri Günü, bir neçə gündən sonra Zəngilan Şəhəri Günü, daha sonra isə Qubadlı Şəhəri Günü qeyd olunacaq. "Milli iradənin təntənəsini təcəssüm etdirən bu hadisələr cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbələrə nail olmuş Azərbaycan Respublikasının güc və qüdrətinin rəmzləridir", - deyə spiker diqqətə çatdırdı.

Çıxışına yekun vuran Milli Məclisin Sədri təklif etdi ki, Müstəqilliyin Bərpası Günü münasibətilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. Azərbaycan xalqının və dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni uğurlar arzulayaq. Spikerin bu təklifi alqışlarla qarşılandı.

Sonra gündəlikdəki məsələlərə baxıldı. 

İclasda ilk olaraq müzakirələrdən sonra "Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanun layihəsi (üçüncü oxunuş), "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" 2023-cü il 22 dekabr tarixli və "Diplomatik xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) və Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında", "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) təsdiq olundu.

Milli Məclisin Sədri gündəliyin növbəti iki məsələsinin uyğunlaşdırma xarakteri daşıdığını və "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələblərinə əsasən, bu cür layihələrin bir oxunuşda qəbul edildiyini bildirdi.

Gündəliyin dördüncü məsələsi - "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verdi. Komitə sədri diqqətə çatdırdı ki, "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli qanunla Quba rayonunun inzibati ərazisinə daxil olan Vladimirovka, Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adları müvafiq olaraq Elbir, Çinarlı və Bəhrəli olaraq dəyişdirilib.

Bununla əlaqədar "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda Quba rayonunun Timiryazev-Alekseyevka bələdiyyəsinin Bəhrəli-Çınarlı bələdiyyəsi, Vladimirovka bələdiyyəsinin isə Elbir bələdiyyəsi adlandırılması təklif olunub.

Qanun layihəsi qəbul edildi.

Növbəti qanun layihəsi ilə bağlı məlumatı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təqdim etdi. O bildirdi ki, "Dövlət xidmətləri haqqında" Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi uyğunlaşdırma xarakteri daşıyır və dövlət xidmətlərinin səmərəli təşkili, prosedur qaydalarının daha çevik tətbiqi məqsədilə mövcud hüquqi normaların təkmilləşdirilməsini nəzərdə tutur. Sənəddə "elektron xidmət" anlayışı dəqiqləşdirilir, Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) tətbiq imkanları genişləndirilir. 

Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Gündəliyin altıncı məsələsi - "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təqdim etdi. O, dəyişikliklərin bank sektorunda hesabatlılığın artırılmasına və şəffaflığın güclənməsinə xidmət etdiyini bildirdi. Layihəyə əsasən, Mərkəzi Bankın nəzarəti maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarını da əhatə edəcək. Nəzarət çərçivəsində maliyyə institutlarının və maliyyə qruplarının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində risk profilləri, o cümlədən qanunvericiliyin tələblərinə əməl edilməməsi ilə bağlı risklər dövri olaraq qiymətləndiriləcək. Sənəddə bu tədbirlərin həyata keçirilmə dövriliyi və intensivliyi, onların icra qaydaları və digər məsələlər tənzimlənir.

Qanun layihəsi birinci oxunuşda qəbul edildi.

Vüqar Bayramov daha sonra "Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumat verdi. Bildirdi ki, layihə Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli  sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaradılması məqsədilə beynəlxalq təcrübə, xarici ölkələrin analoji qanunvericiliyi və ölkəmizin kapital bazarlarının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb. Sənəd Azərbaycan Respublikasında sekyuritizasiya fəaliyyətinin əsaslarını, sekyuritizasiya şirkətinə və xidmət agentinə dair tələbləri, aktivlərin bu şirkətə satılması, sekyuritizasiya planının tərtibi və təsdiqi, sekyuritizasiya olunmuş istiqrazların emissiyası, risklərin idarə edilməsi və şəffaflıq üzrə tələbləri müəyyən edir.

Qeyd olunub ki, sekyuritizasiya kreditorlara aktivlər üzrə daxil olacaq pul vəsaitlərini vaxtından əvvəl əldə etməyə imkan verən bir alətdir. Qanun layihəsində sekyuritizasiya prosesinin hər bir iştirakçısına, o cümlədən aktivlərin satıcısına (ilkin kreditor), sekyuritizasiya olunmuş istiqrazları emissiya edən şirkətə dair tələblər, onların səlahiyyətləri və funksiyalarına dair müddəalar və prosesin tətbiqi ilə bağlı mexanizmlər tənzimlənir.

Sənədə əsasən hər bir sekyuritizasiya prosesinin Mərkəzi Bank tərəfindən təsdiq edilmiş plan ilə müşayiət olunması nəzərdə tutulur. Sekyuritizasiya planında sekyuritizasiya prosesinin iştirakçıları və sekyuritizasiyanın predmeti olan aktivlər barədə məlumat, mövcud risklər və onların azaldılması üsulları, həmçinin aktivlərin qanunvericiliyin tələblərinə uyğunluğunu əks etdirən kənar auditor rəyi əks etdirilməlidir. Sekyuritizasiya planı Mərkəzi Bank tərəfindən təsdiq edildikdən 60 iş günü ərzində sekyuritizasiya şirkəti istiqrazların buraxılışının dövlət qeydiyyatına alınması üçün Mərkəzi Banka müraciət etməlidir.

Layihədə sekyuritizasiya prosesi üzrə yarana biləcək risklərin azaldılması məqsədilə bir sıra üsullar müəyyən edilib. Habelə aktivlər üzrə pul tələblərinin öhdəliklərin icrasının təminat üsulları ilə təmin olunması, eləcə də istiqrazların fərqli kredit risklərinə malik bir neçə buraxılışla emissiyası kimi mexanizmlər də nəzərdə tutulur.

Qanun layihəsi birinci oxunuşda qəbul edildi.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim etdi. Diqqətə çatdırıldı ki, sözügedən qanunda nəzərdə tutulan dəyişikliklər ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi məqsədi daşıyır. Sənəddə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil edilməsi təklif olunur. Digər dəyişikliyin məhkəmə ekspertizası idarəsində qulluq keçən xüsusi rütbəsi olan ədliyyə işçilərinin xüsusi geyim forması ilə təmin edilməsinin qanunvericilik səviyyəsində təsbit edilməsi ilə bağlı olduğu söylənildi.

Qanun layihəsi birinci oxunuşda qəbul edildi.

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyətindən danışdı. Qeyd edildi ki, layihə hasilat sektorunda ətraf mühitə və sosial təsirlərə dair məlumatların açıqlığının artırılması, o cümlədən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) hesabatlarının ictimaiyyətə açıqlanması və Təbii Resursların İdarə Edilməsi İndeksinin "yerli təsirlərin idarə edilməsi" alt-komponenti üzrə ölkəmizin göstəricilərinin yaxşılaşdırılması məqsədilə hazırlanıb. 

Sənəddə ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslərin ətraf mühitin istehsalat monitorinqini mütləq şəkildə aparması tələbi müəyyən edilir. Bununla yanaşı, dəyişikliklərə əsasən, istehsalat monitorinqində istifadə edilən ölçmə vasitələrinin tipi təsdiq edilməli və onlar yoxlamadan keçməlidirlər.

Qanun layihəsi birinci oxunuşda qəbul edildi.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsindən (birinci oxunuş) bəhs etdi. Bildirdi ki, layihənin hazırlanmasının əsas məqsədi Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinə daxil edilmiş limanlarda istismar olunan kranların küləkli hava şəraitində təhlükəsiz və səmərəli istifadəsinə şərait yaratmaqdır. Belə ki, Əmək Məcəlləsinin 2-ci əlavəsinə nəzərdə tutulan dəyişiklikdə küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol verilməsi, küləyin gücü 8 baldan artıq olduqda isə həmin kranlarda görülən bütün növ işlərin hər bir halda dayandırılması təklif edilir.

Təqdim olunan sənəd işin dayandırılması hallarının azaldılmasına, əmək məhsuldarlığının artırılmasına, layihələrin vaxtında tamamlanmasının təmin edilməsinə və iş prosesinin daha səmərəli təşkilinə xidmət edəcək.

Qanun layihəsi birinci oxunuşda qəbul edildi.

İclasda son olaraq "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri (ikinci oxunuş) qəbul edildi.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

10:17
17 Oktyabr

Nə əkərsən...

10:10
17 Oktyabr

Hədəf məhsuldarlığı 50 sentnerə çatdırmaqdır

10:00
17 Oktyabr

Dövlət başçısının YAP-ın VIII qurultayındakı çıxışı yerlərdə müzakirə edilir

09:50
17 Oktyabr

ZƏFƏR gündəliyi

09:40
17 Oktyabr

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir

09:30
17 Oktyabr

Dünyəvi təhsil milli tərəqqinin və sivil gələcəyin təminatıdır

09:20
17 Oktyabr

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub

09:10
17 Oktyabr

Məzarsız atanın neftçi oğlu: "Qara qızıl"ın Vətən payı

09:00
17 Oktyabr

Xudafərin - daş tarixdən Zəfər zirvəsinə 

08:50
17 Oktyabr

Böyük Zəfər tarixinin qəhrəmanlıq səhifəsi

08:40
17 Oktyabr

Siyasi müstəqillik iqtisadi inkişafın təməlidir

08:30
17 Oktyabr

Əbədi müstəqillik, güclü dövlətçilik, sarsılmaz birlik 

08:20
17 Oktyabr

YAP İdarə Heyətinin iclası keçirilib

08:10
17 Oktyabr

Azərbaycanın suverenliyinin tam bərpa edilməsi milli maraqların müdafiəsinə yönələn dövlət siyasətinin nəticəsidir

08:00
17 Oktyabr

"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

03:11
17 Oktyabr

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

03:10
17 Oktyabr

"Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə

03:09
17 Oktyabr

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında

03:07
17 Oktyabr

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

03:06
17 Oktyabr

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

03:05
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!