Elə körpülər var ki, onlar iki sahili birləşdirməklə kifayətlənmir, xalqın keçmişi ilə gələcəyi, ayrılıq ağrısı ilə qovuşmaq arzusu, tarixi ədalətsizliklə onun bərpası arasında mənəvi bağa çevrilir. Arazın sahillərində ucalan Xudafərin körpüsü də məhz belə bir tarixi və mənəvi rəmzdir. 2020-ci il oktyabrın 18-də bu qədim memarlıq abidəsinin üzərində Azərbaycan bayrağının dalğalanması yalnız Vətən müharibəsinin mühüm hərbi-siyasi hadisələrindən biri deyildi, bu, milli qürurumuzu, mənəvi bütövlüyümüzü və dövlətçilik iradəmizi təcəssüm etdirən möhtəşəm Zəfər anı idi.
1993-cü ildə Ermənistanın işğalı altına düşən Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsü 27 il ərzində xalqımızın doğma torpaqlarına qayıdış arzusunun və tarixi ədalətin bərpasına inamının rəmzlərindən biri oldu. İşğal illərində həmin ərazilərin yaşayış məntəqələri, infrastrukturu və mədəni irsi dağıntılara və talana məruz qaldı. Lakin işğal xalqımızın tarixi həqiqətlərə bağlılığını, doğma torpaqlarına sahib çıxmaq əzmini sarsıda bilmədi. Xudafərin azadlığını gözləyirdi, Azərbaycan isə bu azadlığı təmin etmək üçün siyasi iradəsini, iqtisadi potensialını və hərbi qüdrətini möhkəmləndirirdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Cəbrayıl istiqamətində həyata keçirdiyi uğurlu döyüş əməliyyatları xüsusi əhəmiyyət daşıyırdı. Oktyabrın 4-də Cəbrayıl şəhərinin azad edilməsi cənub istiqamətində irəliləyiş üçün mühüm imkanlar yaratdı. Lakin qarşıda möhkəmləndirilmiş müdafiə mövqeləri və strateji yüksəkliklər var idi. Arazboyu ərazilərdə düşmənin müdafiə xətlərinin yarılması, ehtiyat qüvvələrinin, hərəkət imkanlarının məhdudlaşdırılması və təminat marşrutlarına nəzarətin ələ keçirilməsi sonrakı əməliyyatların uğuru üçün vacib şərtlərdən idi. Soltanlı-Əmirvarlı istiqamətində aparılan döyüş əməliyyatları düşmənin müdafiə sisteminin yarılması və Azərbaycan Ordusunun cənub istiqamətində irəliləyişinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyırdı. Təqdim olunan hərbi məlumatlara əsasən, düşmənin üçüncü müdafiə səddi möhkəmləndirilmiş mövqeləri, ehtiyat qüvvələrinin yerləşdirildiyi sahələri və silah-sursat anbarları ilə seçilirdi. Belə bir müdafiə xəttinin yarılması qarşı tərəfin müqavimət imkanlarını zəiflətməklə yanaşı, Xudafərin istiqamətində irəliləmək və dövlət sərhədinə çıxışı təmin etmək baxımından da mühüm əməliyyat əhəmiyyəti daşıyırdı. Azərbaycan Ordusunun ardıcıl və məqsədyönlü hücumları nəticəsində döyüş meydanında təşəbbüsün ələ alınması, düşmənin müdafiə imkanlarının məhdudlaşdırılması və hərbi vəzifələrin yerinə yetirilməsi Zəfərə aparan yolun mühüm mərhələlərindən oldu. Bölmələrimizin ərazinin relyefindən məharətlə istifadə etməsi, maneələri aşması və strateji yüksəkliklər uğrunda mübarizədə üstünlük qazanması Xudafərin istiqamətində irəliləyişə yol açdı.
Nəhayət, 2020-ci il oktyabrın 18-də Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı ucaldıldı. Bu hadisə 27 illik işğalın yaratdığı mənəvi ağrının aradan qaldırılması və tarixi ədalətin bərpası istiqamətində mühüm mərhələ oldu. Körpünün üzərində dalğalanan bayrağımız dövlətimizin tarixi-mədəni irsinə sahib çıxmaq əzmini, xalqımızın milli birliyini və ərazi bütövlüyünün bərpası iradəsini təcəssüm etdirirdi.
Həmin gün Xudafərin azad edilmiş ərazi olmaqla yanaşı, milli yaddaşın sarsılmazlığını ifadə edən Zəfər rəmzinə çevrildi. Prezident İlham Əliyevin həmin gün özünün "X" ("Twitter") hesabında paylaşdığı fikirlər hadisənin milli və siyasi əhəmiyyətini aydın ifadə edirdi: "Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!"
Ali Baş Komandan 2021-ci il oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Xudafərinin azad edilməsinin əhəmiyyətini bir daha vurğulayaraq demişdir: "Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünə çıxdı və Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırdı. Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir, Azərbaycan xalqının istedadının sübutudur. Biz Azərbaycan xalqına məxsus olan bu möhtəşəm memarlıq əsəri ilə haqlı olaraq fəxr edirik".
Dövlət başçısının bu fikirləri Xudafərinin tarixi və mədəni mahiyyətini dolğun şəkildə ifadə edir. Körpü xalqımızın keçmişindən yadigar qalmış memarlıq əsəri olmaqla yanaşı, quruculuq qabiliyyətimizin və sənətkarlıq ənənələrimizin göstəricisidir. Belə abidələrin qorunması və bərpası tarixi məsuliyyətimizin, milli maraqlarımızın və gələcək nəsillər qarşısında borcumuzun ayrılmaz hissəsidir.
Xudafərinin azad olunmasının əhəmiyyəti Arazboyu ərazilərdə dövlət nəzarətinin bərpası qanunsuz keçidlərin qarşısının alınması, hərəkət marşrutlarının nəzarətə qaytarılması və sərhədyanı ərazilərdə təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi üçün imkanlar yaradırdı. Bu uğur hərbi nailiyyətlə dövlət suverenliyinin təminatı arasındakı əlaqəni aydın göstərdi və regionda yeni siyasi reallığın formalaşmasına töhfə verdi.
Vətən müharibəsi başa çatdıqdan cəmi altı gün sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl rayonuna səfəri də azad edilmiş ərazilərin gələcəyi ilə bağlı dövlət siyasətinin əhəmiyyətini nümayiş etdirirdi. Bu səfər dağıdılmış yaşayış məntəqələrinin bərpasına, tarixi irsin qorunmasına və həmin torpaqlarda həyatın yenidən qurulmasına verilən önəmin göstəricisi idi.
Xudafərin bu gün də xalqımız üçün keçmişə baxış nöqtəsi olmaqla yanaşı, gələcəyə yönəlmiş mənəvi çağırışdır. Onun daşları bizə tariximizi öyrənməyi, milli sərvətlərimizi qorumağı və dövlət müstəqilliyinin dəyərini unutmamağı xatırladır. Bu qədim körpünün hər daşı xalqımızın əsrlərdən gələn quruculuq ənənələrini, tarixi yaddaşını və gələcəyə inamını yaşadır.
Xudafərinin azad olunması isə müasir Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Bu hadisə ordumuzun hərbi qüdrətini, dövlətimizin siyasi iradəsini, xalqımızın milli birliyini və tarixi yaddaşımızın sarsılmazlığını bir araya gətirən mühüm Zəfər hadisəsidir. 2020-ci il oktyabrın 18-də Xudafərin körpüsü üzərində ucalan Azərbaycan bayrağı 27 illik işğalın yaratdığı ayrılıq və ədalətsizlik mənzərəsinə verilən tarixi cavab idi. Həmin bayraq bir daha göstərdi ki, xalqın öz tarixinə bağlılığını, dövlətin suverenlik iradəsini və Vətənin bütövlüyü uğrunda mübarizə əzmini heç bir işğal əbədi olaraq susdura bilməz.
Elşən QƏNİYEV,
"Azərbaycan"