2020-ci il oktyabrın 17-də Prezident İlham Əliyev xalqa ənənəvi müraciətini edərək Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində qazandığı növbəti zəfərlərdən danışdı. Çıxışının sonunda bütün azərbaycanlıların illərdən bərı gözlədiyi qələbə xəbərini verdi: "Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!"
Sentyabrın 27-dən Füzulinin azadlığı uğrunda gərgin döyüşlər gedirdi. Erməni işğalçılarına sarsıdıcı zərbələr vurulurdu. Amma düşmən geri çəkilmir, müdafiə olunur, torpaqlarmızdan çıxmaq istəmirdi. Düşmən ötən illər ərzində rayonun ərazisində möhkəm istehkamlar qurmuşdu, demək olar ki, hər addıma mina basdırmışdı. Ona görə də bu istiqamətdə döyüşlər uzanırdı. Hətta bəzi hərbi ekspertlər yaranmış vəziyyəti təhlil edərək Füzulinin işğaldan azad olunmasının aylarla çəkəcəyini bildirirdilər.
Amma zaman göstərdi ki, onlar Azərbaycan Ordusunun gücünü, qüdrətini, bacarığını, döyüş qabiliyyətini düzgün hesablamayıblar. Ordumuz düşmənin uzun illər ərzində qurduğu və keçilməz hesab etdiyi istehkamlarını bir neçə gün ərzində darmadağın etdi. Gərgin döyüşlərdən sonra düşmənin ön müdafiə xətti yarıldı. Bundan sonra Azərbaycan Ordusu mühüm strateji üstünlüklər qazandı. Ağır itkilər verən düşmən döyüş meydanlarındakı məğlubiyyətinin əvəzini dinc əhalidən çıxır, müharibə ocaqlarından xeyli uzaqlarda yerləşən Gəncə, Bərdə, Mingəçevir və başqa şəhərlərimizi raket atəşinə tuturdu. Dinc insanlar həlak olurdu.
Azərbaycan Ordusu isə düşməndən qisasını döyüş meydanında alırdı. Füzuli uğrunda gedən döyüşlərdə ordumuzun qüdrəti qarşısında dayana bilməyən qəsbkarlar silahlarını, yaralılarını, meyitlərini mövqelərində qoyub qaçırdılar. 17 oktyabr 2020-ci il müasir Azərbaycan dövlətinin tarixinə Füzulinin erməni işğalçılarından azad olunduğu gün kimi yazıldı.
2020-ci il noyabrın 16-da Füzulinin tarixində əlamətdar hadisə baş verdi. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Füzuliyə səfər etdilər. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 30 ilə yaxın erməni işğalında qalmış və darmadağın edilmiş Füzuli şəhərində təntənəli şəkildə Azərbaycan bayrağını qaldırdı. Həmin gün xalqımız bu qürurverici mənzərəni böyük sevinc içində izlədi.
Prezident İlham Əliyev Füzuli şəhərinin erməni işğalından azad edilməsinin 44 günlük müharibədə xüsusi əhəmiyyətə malik olduğunu vurğulayaraq demişdir ki, Cəbrayıl və Hadrutdan sonra Füzulinin azad olunması Azərbaycanın irəliləyişində mühüm mərhələ olub. Əslində, Füzuli istiqamətində əldə edilən uğur sonrakı hərbi əməliyyatların gedişinə də ciddi təsir göstərdi. Füzulinin azad edilməsi ilə Azərbaycan Ordusu həm mühüm yaşayış məntəqəsini nəzarətə götürdü, həm də qarşıdakı istiqamətlər üçün daha əlverişli strateji mövqe qazandı. Bu Zəfərin miqyasını anlamaq üçün Füzulinin azad edildiyi ilk günlərə nəzər salmaq kifayətdir. "Şəhər azad edilərkən bir salamat bina belə qalmamışdı və Azərbaycan bayrağını qaldırmaq üçün yalnız bir hərbi hissənin həyətindəki bayraq dirəyindən istifadə etmək mümkün olmuşdu. Bu mənzərə işğalın Füzuliyə vurduğu dağıntının miqyasını bütün çılpaqlığı ilə göstərirdi..."
Prezident İlham Əliyevin sərəncamı ilə Füzuli uğrunda gedən döyüşlərdə iştirak edənlərin şücaət və qəhrəmanlığının qiymətləndirilməsi üçün 2020-ci il noyabrın 26-da "Füzulinin azad olunmasına görə" medalı təsis olundu. Təsis olunmuş bu medala rayonun azadlığı uğrunda gedən əməliyyatlarda igidlik və qəhrəmanlıq göstərmiş 25167 hərbi qulluqçusu layiq görüldü.
Uğurla başa çatan Füzuli əməliyyatından sonra ordumuz Cəbrayıl və Xocavənd rayonlarının da bir neçə yaşayış məntəqələrini azad etdi. Qələbə ardınca yeni qələbələr gəldi.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli sərəncamına əsasən, 17 Oktyabr - Füzuli Şəhəri Günü kimi qeyd edilir. Bu tarix xalqımız üçün qürur və iftixar günüdür. Bu tarix 30 illik həsrətə son qoyulduğu, Azərbaycanın tarixi ədaləti bərpa etdiyi gündür, Zəfərinin bir səhifəsidir.
Bu gün Füzulidə də böyük quruculuq və abadlıq işləri aparılır. Artıq rayon sakinləri doğma yurdlarına, ata-baba ocaqlarına qayıdır, dövlətimizin yenidən tikdiyi hərtərəfli şəraiti olan evlərdə yaşayırlar. Yenidən qurulan, dirçələn Füzuli şəhərinə uzun illərin işğalından sonra həyat yenidən qayıdır.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"