Bəlkə də təbiətdə möcüzə baş verir!
Yaxud səbəbini, necə yarandığını bilmədiyimiz hadisələri möcüzə kimi qəbul edirik.
Cəmiyyətdə isə möcüzə olmur!
Onu görkəmli şəxsiyyətlər və qeyri-adi insanlar yaradırlar!
Həm də möcüzəyə bənzər hadisələr formasında!
XXI əsrdə rəqəmsal texnologiya və süni intellekt sahəsində möcüzəvi yeniliklərin baş verməsi gözləniləndir!
Hərb sahəsində isə möcüzəyə bənzər qələbəni Azərbaycan otuz il düşmən işğalında qalan torpaqlarını "dəmir yumruq"la geri qaytararkən nümayiş etdirdi!
Həm də cəmi 44 gün ərzində!
Bu möcüzənin başlanğıcı 27 sentyabr 2020-ci ildə qoyuldu!
***
Ermənilər nə qədər Cənubi Qafqazda "yerli xalq" olduqlarını "sübut etmək" istəsələr də, nə qədər saxsı qırığı basdırıb sonra çıxarsalar da, alban, udi kilsələrini saxtalaşdıraraq "qriqoryan"a çevirsələr də, Qarabağdakı yaşayış məntəqələrinə "qədim" erməni adları qoysalar da, buraya gəlmə olduqlarını, həm də çar Rusiyasının əli ilə yerləşdirildiklərini gizlədə bilmirlər.
Dəfələrlə erməni "alimləri" belə cəhdlər etsələr də, hər dəfə "xoruzun quyruğu" görünüb.
Üstəlik, "Kürəkçay" (1805-ci il), "Gülüstan" (1813-cü il) və "Türkmənçay" (1828-ci il) müqavilələri onların XIX əsrdə Azərbaycan torpaqlarına gətirilərək yerləşdirildiklərini tarixi sənəd olaraq sübut edir.
Rusiyanın ermənilərə bu "canıyananlığının" səbəbi də bəllidir:
* Forpost dövlətdən plasdarm kimi istifadə edərək ərazisində Türkiyəyə qarşı hərbi bazalar yerləşdirmək;
* Türk dövlətlərinin quru yolla əlaqələrini kəsərək bir-birindən ayrı salmaq və sıx əməkdaşlıqlarına imkan verməmək.
Uzun illər boyu istədiklərinə də nail olublar.
Çar Rusiyası dövründə Azərbaycandan torpaq qoparıb ermənilərə vermək tendensiyasını sovetlər dövründə də daim davam etdiriblər.
Bir tərəfdən, Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarlarını verərək 1948 - 1953-cü illərdə Ermənistanda yaşayan azərbaycanlıları dədə-baba torpaqlarından zorakılıqla çıxararaq yerlərinə xaricdən erməni daşıdılar, digər tərəfdən, heç bir zərurət olmadığı halda 1923-cü ildə Azərbaycan ərazisində "DQMV" adlı qondarma qurum yaradaraq, əslində, separatçılıq toxumu basdırmaqla becərməyə başladılar.
SSRİ laxlayaraq dağılanda, Azərbaycan yenidən özünə müstəqil dövlət qurmaq istəyəndə isə yenidən "Qarabağ problemini" ortaya ataraq ölkəmizə qarşı ondan təsir və təzyiq vasitəsi kimi istifadəyə başladılar.
Azərbaycan xalqının müstəqil dövlət kimi yaşamaq, öz sərvətlərinə sahib olmaq niyyətini gördükdə isə erməniləri silahlandırmaqla, onlara hərbi-siyasi dəstək verməklə ərazilərimizin işğalında dəstəkçilərinə və köməkçilərinə çevrildilər.
Bundan ruhlanaraq quduran ermənilər:
* DQR adlı qondarma "respublika" yaratdıqlarını bəyan etdilər;
* həmin "respublikanın" Ermənistana birləşdirilməsi barədə qərar çıxardılar;
* qondarma qurumda "prezident üsul-idarəsi" yaradaraq dəfələrlə saxta seçkilər keçirdilər;
* öz "parlament"lərini yaratdılar, "deputat"lar seçdilər;
* hətta həmin "parlament"i sonradan Şuşaya köçürmək barədə qərar qəbul edərək bu qədim Azərbaycan şəhərində "parlament" binası da tikdilər.
Rus əsgərlərinin yaxından iştirakı ilə ələ keçirdikləri Azərbaycan ərazilərində genosid, urbisid, ekosid həyata keçirərək yaşayış məntəqələrini xarabalıqlara çevirdilər, talan etdikləri əmlaklarımızı, dağıtdıqları evlərin tikinti materiallarını İran bazarlarında sataraq pula çevirdilər.
Azğınlaşmış ermənilər törətdikləri qəddarlıqlara və özbaşınalıqlara görə cəzasız qalacaqlarını güman edirdilər!
***
Ermənilərin belə azğın davranışlarının bir səbəbi isə münaqişənin həlli məqsədilə xüsusi olaraq yaradılan ATƏT-in Minsk qrupunun riyakar fəaliyyəti və həmsədr dövlətlərin açıq-aşkar şəkildə onların müdafiəçisinə çevrilmələri idi.
Ermənistan hərbi yolla Azərbaycan ərazilərini işğal edərkən BMT-nin Təhlükəsizlik Şurası erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etmələri barədə 822, 853, 874 və 884 nömrəli xüsusi qətnamə qəbul etdi.
Ermənistan bu qətnamələrə əhəmiyyət vermədi, BMT isə qəbul etdiyi sənədlərin icrasını təmin etmədi.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin "sülh danışıqları yolu ilə həlli" məqsədilə yaradılan ATƏT-in Minsk qrupu fərsizlik, dişsizlik və saxta fəaliyyət simvoluna çevrildi.
ABŞ, Fransa və Rusiyadan ibarət olan üç həmsədr dövlətin hər biri açıq şəkildə ermənipərəst mövqe tutur, nəinki münaqişəni beynəlxalq hüququn tələbləri əsasında və ədalətlə həll etməyə çalışır, əksinə, hərəsi bir vasitə ilə Ermənistana dəstək verirdilər.
Çünki bu dövlətlərin prezidentləri "erməni səsi" ilə dövlət başçısı seçildiklərindən özlərini ermənilərə borclu sayır, bəzi siyasətçiləri və konqresmenləri isə erməni diasporu tərəfindən ələ alındıqlarından erməni marağını güdürdülər.
* ABŞ 1992-ci ildə təcavüzkara qarşı deyil, torpağı işğal olunan Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişi qəbul etdi.
Hətta ABŞ prezidenti C.Bayden ermənilərə xoş gəlsin deyə çıxışlarından birində "erməni soyqırımı" ifadəsini işlətdi.
* Fransa parlamentində dəfələrlə Azərbaycan əleyhinə qərəzli, yalan qətnamələr qəbul edildi.
Fransa prezidenti E.Makron isə daim ermənilərdən betər ermənilik edirdi.
* İki dəfə Ermənistana bir milyard dollarlıqdan artıq silah-sursat hədiyyə edən Rusiya isə II Qarabağ müharibəsinin davam etdiyi müddətdə İranın hava səması vasitəsilə Ermənistana silah-sursat daşınmasını təmin etdi.
***
Ermənistanın yeni rəhbəri N.Paşinyan isə BMT qətnamələrinin adi kağız parçasına çevrildiyini, ATƏT-in Minsk qrupunun sülh danışıqlarını acı bağırsaq kimi uzatdığını, beynəlxalq qurum və təşkilatların ermənipərəst mövqedə dayandığını, beynəlxalq hüququn ayaqlar altında qaldığını görərək daha da azğınlaşdı.
Xankəndi stadionunda çıxışı zamanı həddini aşaraq "Qarabağ Ermənistandır, nöqtə" söyləyərək artıq məsələnin bitdiyini və torpaqları qaytarmaq niyyətində olmadıqlarını açıq şəkildə bəyan etdi.
Əslində, bu açıqlama sülh danışıqlarının əhəmiyyətsiz olduğunu da göstərirdi.
Azərbaycan isə heç zaman bir qarış torpağını belə kimsəyə güzəştə getməyəcəyini dəfələrlə açıq şəkildə bəyan etmişdi!
Bu, həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin qəti və açıq mövqeyi idi!
Məsələnin belə bir məqama çatmasında Azərbaycanın əvvəlki rəhbərlərinin də böyük təqsiri vardı.
* Ə.Vəzirov münaqişənin başlanğıcında hadisələrin ciddiliyini dərk etməmişdi.
* A.Mütəllibov qətiyyətsiz və qorxaq mövqe göstərərək hələ SSRİ-nin saxlanılması barədə referendum da keçirirdi.
* AXC-Müsavat iqtidarı isə əsl xəyanət yolunu tutmuşdu.
R.Qazıyevin müdafiə naziri qoyulması, Şuşa və Laçının xəyanətlə düşmənə verilməsi, vədəsində ordu yaradılmaması və torpaqların müdafiəsinin təmin edilməməsi, xalqın ən ağır günündə isə dövlət başçısı Elçibəyin gizlicə Kələkiyə qaçması torpaqların işğalına şərait yaratmaqdan başqa bir şey deyildi.
***
ATƏT-in Minsk qrupu boş danışıqlarla vaxtı uzadanda, Paşinyan torpaqları sülh yolu ilə qaytarmayacaqlarını bildirərək məsələyə "nöqtə" qoyanda, həmsədr dövlətlər isə münaqişənin hərbi yolla həlli variantının olmadığına inandırmağa çalışanda Azərbaycan Prezidenti İlham Əliyev güclü ordu hazırlığı ilə məşğul idi!
Yeni xüsusi təyinatlılar dəstəsi yaradılır, ən yeni texnologiyaya əsaslanan silah-sursat alınır, sistemli şəkildə hərbi təlimlər keçirilirdi...
"Biz heç zaman torpaqlarımızın işğalı ilə barışmayacağıq", - deyə açıq şəkildə bildirən cənab İlham Əliyev ilk dəfə 2016-cı ilin dördgünlük Aprel müharibəsində yaratdığı yeni ordunu sınaqdan çıxardı!
Nəticə möhtəşəm oldu!
Ancaq kimlərəsə arxalanan düşmən bundan da lazımi dərs almadı!
Əksinə, "yeni müharibə, yeni ərazilər olacaqdır", - deyə bizə hədə-qorxu gəlməyə başladılar.
Sonra isə Tovuz bölgəsində hərbi təxribatlar törətməyə can atdılar.
Artıq azğınlaşmış düşmənin cəzalandırılması zamanı çatmışdı!
2016-cı ildə baş verən dördgünlük Aprel müharibəsində düşmənə möhkəm qulaqburması verilmiş, bir sıra əhəmiyyətli yüksəkliklər geri qaytarılmışdı.
Lakin Ermənistanın eyforiyaya qapılmış başbilənləri bundan zəruri nəticə çıxarmağı bacarmamışdılar.
Odur ki, "dəmir yumruq" işə qarışmalı oldu!
***
Ermənistan Rusiyaya, onun simasında KTMT-yə arxalanırdı...
Düşünürdü ki, torpağı bizdən alaraq haylara verənlər yenə arxalarında duracaq, müharibənin başlayacağı təqdirdə onları hərtərəfli müdafiə edəcəklər!
Lakin nə ermənilər, nə də onların müdafiəçiləri və havadarları ağıllarına belə gətirmirdilər ki, bu müharibə başqa bir müharibə, yeniliklər və möcüzələrlə dolu bir müharibə olacaqdır!
Hərbi birləşmələri, silahları 1990-cı illər müharibəsi səviyyəsində qalan Ermənistan Ağdam istiqamətində yaratdıqları altıqat müdafiə xəttinə, "Ohanyan səddi"nə, dostlarının yardımı ilə qurduqları istehkamlara, tikdikləri beton bunkerlərə, yaratdıqları atəş nöqtələrinə arxalanırdılar.
İlham Əliyev möhtəşəm yeni ordu yaratmış, onu ən müasir texnologiyaya əsaslanan silah-sursatla silahlandırmış, Qarabağı görməyən yeni gənclər nəslini tərbiyələndirərək orduya cəlb etmiş, xüsusi təyinatlılar hazırlayaraq analoji təbii şəraitdə onlarla uzunmüddətli təlimlər keçirmiş, müharibələr tarixində yenilik edəcək ən yeni strategiya və taktika hazırlamışdı!
Həm də bütün bunlar o qədər məxfi şəkildə baş vermişdi ki, Ermənistanın dostlarının yerdə-göydə olan, müasir avadanlıqlarla təmin olunmuş kəşfiyyatı belə xəbər tuta bilməmişdi.
Beləliklə, Azərbaycan hərbi yolla torpaqlarını qaytarmağa tam hazır idi.
***
Yeni müharibənin başlanmasını zərurətə çevirən isə məhz Ermənistan oldu!
"Qarabağ Ermənistandır - nöqtə" - deyə lovğalanan Paşinyanı əvvəlcə "Valday" diskussiya klubunda, sonra isə Münxen Təhlükəsizlik Konfransında üzbəüz şəkildə cavablandıraraq "Qarabağ Azərbaycandır və nida" söyləyən cənab İlham Əliyev dediyini əyani şəkildə də təsdiq etməyi bacardı!
Ermənistanın Tovuz istiqamətində hərbi təxribatlarına cavab olaraq Azərbaycan Prezidenti İlham Əliyev 13 avqust 2020-ci ildə Təhlükəsizlik Şurasının iclasında son xəbərdarlığını etdi:
"Bu gün sərhəddə gərgin vəziyyət davam edir. Dünən gecə bütün aidiyyəti qurumlarla, komandanlarla əlaqədə idim.
Bu gün səhər tezdən də mənə operativ məlumat verilib və sərhəddə vəziyyət sabitləşməyib. Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq!"
***
27 sentyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan xalqının həsrətlə gözlədiyi "İrəli!" əmrini verdi!
Beləliklə, 44 gün ərzində möcüzələr yaradan, azğın düşməni diz üstə çökdürərək kapitulyasiya aktına qol çəkdirən, otuzillik işğala son qoyan, müharibələr tarixində yeni səhifə açan Azərbaycan Ordusu hərəkətə keçdi!
Bu müharibənin daha bir qeyri - adiliyi onda idi ki, biz hamımız evimizdə rahat kresloda oturaraq gündəlik hərbi əməliyyatlarda qəhrəman əsgər və zabitlərimizin ən yeni silahlarla düşmənin canlı qüvvəsini, zirehli texnikasını, atəş nöqtələrini, hərbi sursat anbarlarını dəqiq zərbələrlə necə məhv etdiyini, onların döyüş mövqelərini və silahlarını ataraq necə qaçdıqlarını mavi ekranlarımızda ləzzətlə seyr edirdik.
Bu müharibədə hamımızın böyük sevinc və həsrətlə, səbirsizliklə gözlədiyi daha bir məqam da vardı:
Müzəffər Ali Baş Komandan İlham Əliyevin televiziya vasitəsilə xalqa müraciətləri və yeni yaşayış məntəqələrinin azad edildiyi barədə verdiyi müjdələr!
Üstəlik, azad olunmuş ərazilərdə fəxr və qürur hissi ilə üçrəngli Azərbaycan bayrağını yüksəyə qaldırması...
27 sentyabr 2020-ci ildə cənab İlham Əliyevin Azərbaycan xalqına ilk müraciəti yayımlandı.
Bu müraciət inamlı bir sonluqla bitirdi:
"Biz öz torpaqlarımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, "Dağlıq Qarabağ ordusu"nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.
Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!"
***
Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi bütün vədləri şərəflə yerinə yetirdi!
* "Dəmir yumruq"la düşmənin başını əzərək qarşısında diz çökdürdü, ona kapitulyasiya aktını imzalatdırdı!
* Düşmənin silahlı qüvvələrini və terrorçu qruplaşmalarını darmadağın edərək otuzillik işğala son qoydu!
* Müharibələr tarixində yeni səhifə açaraq bu gün dünya hərbində istifadə olunan XXI əsrin yeni müharibə nümunəsini ortaya qoydu!
* Özü üç cəbhədə - həm hərb meydanında, həm diplomatiya sahəsində, həm də informasiya meydanında çarpışaraq möhtəşəm qələbə qazandı!
* İşğal etdiyi əraziləri xarabalıqlara çevirən düşməndən xalqımızın qisasını müharibə meydanında aldı!
* 44 günlük Zəfər müharibəsindən sonra imzaladığı üçtərəfli Bəyanatın bir neçə bəndini icra etməyən düşməni "dəmir yumruğ"u ilə yenidən cəzalandırdı!
* Hərbi əməliyyatlar yolu ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, "Laçın qapısı"nı düşmənin üzünə birdəfəlik qapatdı!
* 23 saatlıq antiterror tədbirləri keçirməklə düşmənin hərbi təyinatlı tör-töküntülərini, terrorçu dəstələrini ağ bayraq qaldırmağa vadar etdi!
* Azərbaycanın Dövlət suverenliyini və Konstitusiya əsaslarını bərpa etdi, yüksək alicənablıq göstərərək ərazimizdə yaşamaq istəməyən Ermənistan vətəndaşlarının dinc şəkildə getmələrinə şərait yaratdı!
* Rusiya sülhməramlı kontingentini musiqi sədaları altında yola saldırdı.
* Azərbaycanı qalib və qürurlu dövlətə, xalqımızı qalib xalqa çevirdi!
* "Qarabağ Azərbaycandır!" tezisini "dəmir yumruq" ilə əyani şəkildə təsdiq etdi!
Bütün bu uğurlara isə sentyabrın 27-də başlanan əks-hücumla start verdi!
Bəxtiyar SADIQOV