Baş prokuror Kamran Əliyev Rusiyada rəsmi səfərdədir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində sentyabrın 30-da Baş prokurorun rəhbərlik etdiyi, tərkibinə Azərbaycanın hərbi prokuroru-baş prokurorun müavini Bəhruz Əhmədovun da daxil olduğu nümayəndə heyəti Kazan şəhərində MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib. İclas çərçivəsində MDB məkanında prokurorluq orqanları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, cinayətkarlıqla mübarizə, qanunçuluğun və hüquq qaydasının təmin olunması, habelə beynəlxalq hüquqi əməkdaşlığın aktual məsələləri müzakirə edilib.
İclasda Kamran Əliyev “Xaricdən aktivlərin qaytarılması sahəsində müasir çağırışlar və yeni həllər” mövzusunda çıxış edərək, cinayət yolu ilə əldə edilmiş aktivlərin xarici yurisdiksiyalardan qaytarılması sahəsində mövcud çağırışlar, bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və praktiki mexanizmlərin təkmilləşdirilməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Səfər çərçivəsində Baş prokuror Kamran Əliyevlə Rusiyanın Baş prokuroru Aleksandr Qutsan arasında ikitərəfli görüş keçirilib.
Səmimi qəbula və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Kamran Əliyev Azərbaycan ilə Rusiya arasında dostluq, qarşılıqlı anlaşma və etimada əsaslanan münasibətlərə ölkəmizdə yüksək önəm verildiyini qeyd edib. Dövlətlərarası münasibətlərin inkişafında Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin təmaslarının mühüm rol oynadığı vurğulanıb.
Həmçinin qeyd edilib ki, hər iki ölkənin prokurorluq orqanları arasında səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Görüş çərçivəsində konkret cinayət işləri üzrə hüquqi yardım məsələləri müzakirə edilib.
Yekunda Azərbaycanın Baş Prokurorluğu ilə Rusiyanın Baş Prokurorluğu arasında 2027–2028-ci illər üçün Əməkdaşlıq Proqramı imzalanıb. Sənədin iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsinə, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə praktiki əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev, həmçinin Laos Xalq Demokratik Respublikasının Baş prokuroru Livonq Laoli ilə görüşüb. Görüş zamanı iki ölkənin prokurorluq orqanları arasında ötən il imzalanmış Əməkdaşlıq Memorandumu əsasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər arasında prokurorluq orqanlarının qarşılıqlı faydalı əməkdaşlığın hüquqi bazasının genişləndirilməsi barədə razılıq əldə olunub. Tədbir çərçivəsində, həmçinin MDB-yə üzv dövlətlərin və Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin baş hərbi prokurorlarının dəyirmi masası keçirilmiş, bu sahədə əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə edilmişdir. Bəhruz Əhmədovla dəyirmi masaya qatılan Rusiyanın və Çinin hərbi prokurorları arasında ikitərəfli görüşlər keçirilərək qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Nümayəndə heyətinin səfəri davam edir.