Xaricdən gətirilən bu arı növü zərərverici qəhvəyi mərmər bağacığının qənimidir
Son illər Azərbaycanda kənd təsərrüfatı üçün yeni təhlükələrdən biri də qəhvəyi mərmər bağacığının sürətlə yayılmasıdır. Mənşəcə Şərqi Asiyadan olan bu invaziv zərərverici hazırda dünyanın ən təhlükəli kənd təsərrüfatı zərərvericilərindən biri hesab edilir. Onun sürətlə çoxalması, 300-dən artıq bitki növü ilə qidalanması və müxtəlif iqlim şəraitinə asan uyğunlaşması nəticəsində meyvəçilik, tərəvəzçilik və meşə təsərrüfatına ciddi iqtisadi ziyan dəyir. Dünyanın bir çox ölkəsində olduğu kimi, artıq Azərbaycanda da dövlət qurumları tərəfindən monitorinq və mübarizə tədbirlərinin həyata keçirilməsi bu zərərvericinin nə qədər təhlükəli olduğunu göstərir.
Bu zərərvericinin əsas təhlükəsi yalnız yüksək məhsuldarlığında deyil, həm də müxtəlif bitkilərlə qidalanaraq ilboyu populyasiyasını qoruyub saxlamasında və yaşayış məntəqələrinə daxil olaraq insanların məişətində də narahatlıq yaratmasındadır.
Dünya təcrübəsi göstərir ki, yalnız insektisidlərdən istifadə etməklə bu zərərvericini tam nəzarət altında saxlamaq mümkün deyil. Odur ki, son illərdə dünyanın aparıcı ölkələri inteqrə olunmuş zərərvericilərin idarə edilməsi (IPM) sisteminə üstünlük verməyə başlamışdır.
İnteqrə olunmuş mübarizə sisteminin əsasını monitorinq təşkil edir. ABŞ, İtaliya və digər ölkələrdə feromon tələləri vasitəsilə zərərvericinin ilk görünmə vaxtı, populyasiya sıxlığı və yayılma istiqaməti müəyyən edilir. Əldə olunan məlumatlar elektron xəritələrə daxil edilir, risk zonaları müəyyənləşdirilir və yalnız zərurət yarandıqda kimyəvi mübarizə aparılır. Bu yanaşma həm pestisid sərfiyyatını azaldır, həm də faydalı entomofaunanın qorunmasına imkan yaradır. Son illərdə pilotsuz uçuş aparatları, avtomatik tələlər və süni intellekt texnologiyalarından istifadə etməklə monitorinq sistemləri daha da təkmilləşdirilir.
Qəhvəyi mərmər bağacığına qarşı dünyada ən perspektivli bioloji mübarizə vasitələrindən biri Samuray arısı (Trissolcus japonicus) hesab olunur. Bu kiçik ölçülü yumurta parazitoidi mənşəcə Şərqi Asiyadan olub, qəhvəyi mərmər bağacığının təbii düşmənidir. Dişi Samuray arısı öz yumurtalarını bağacığın yumurta paketlərinin içinə qoyur. Nəticədə bağacığın embrionu inkişaf etmir və onun yerinə yeni Samuray arısı çıxır. Beləliklə, zərərvericinin populyasiyası təbii yolla azalır və kimyəvi insektisidlərdən asılılıq müəyyən dərəcədə azalır.
Azərbaycanda qəhvəyi mərmər bağacığının sürətlə yayılması nəzərə alınaraq, son illərdə bu zərərvericiyə qarşı bioloji mübarizə tədbirlərinin tətbiqinə başlanılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və FAO-nun dəstəyi ilə Samuray arısı ölkəyə introduksiya edilmiş, laboratoriya şəraitində çoxaldıldıqdan sonra ilk sınaq buraxılışları Balakən və Zaqatala rayonlarında həyata keçirilmişdir. Bu rayonların seçilməsi təsadüfi deyil. Həmin ərazilər həm qəhvəyi mərmər bağacığının geniş yayıldığı, həm də meyvəçilik və fındıqçılığın inkişaf etdiyi bölgələr olduğuna görə bioloji mübarizənin effektivliyinin qiymətləndirilməsi üçün əlverişli hesab olunur.
Samuray arısının buraxılması xüsusi metodika əsasında aparılır. Dünya təcrübəsində ən geniş istifadə olunan üsul laboratoriyada əvvəlcədən parazitləşdirilmiş qəhvəyi mərmər bağacığı yumurta paketlərinin karton və ya plastik kartlara bərkidilərək ağacların budaqlarına asılmasıdır. Təxminən 2-5 gün ərzində yumurtalardan yeni Samuray arıları çıxır və ətraf sahəyə yayılaraq təbii şəraitdə bağacığın yeni qoyulmuş yumurta paketlərini axtarmağa başlayırlar. Bəzi ölkələrdə isə laboratoriyada yetişdirilmiş yetkin arılar xüsusi konteynerlərdə sahəyə gətirilərək birbaşa buraxılır. Lakin yumurta kartları üsulu həm iqtisadi, həm də bioloji baxımdan daha səmərəli hesab edilir.
Samuray arısının buraxılma vaxtı onun bioloji xüsusiyyətləri ilə sıx əlaqədardır. Bu parazitoid yalnız qəhvəyi mərmər bağacığının yumurta mərhələsində inkişaf etdiyindən, buraxılış zərərvericinin kütləvi yumurta qoyduğu dövrə uyğunlaşdırılmalıdır. Mülayim iqlim şəraitində bu dövr əsasən may ayının ikinci yarısından başlayaraq avqust ayına qədər davam edir.
Samuray arısının buraxılış norması ölkənin iqlim şəraitindən, zərərvericinin sıxlığından və tətbiq olunan proqramdan asılı olaraq dəyişir. Yüksək yoluxma riski olan ərazilərdə mövsüm ərzində bir neçə təkrar buraxılış aparılması tövsiyə olunur.
Bioloji mübarizənin uğuru yalnız Samuray arısının buraxılması ilə məhdudlaşmır. Buraxılışdan əvvəl və sonra feromon tələləri vasitəsilə qəhvəyi mərmər bağacığının populyasiya sıxlığı müəyyən edilməli, sahədə tapılan yumurta paketlərində parazitləşmə faizi qiymətləndirilməlidir. Eyni zamanda Samuray arısının buraxıldığı sahələrdə geniş təsir spektrli insektisidlərin tətbiqi məhdudlaşdırılmalıdır. Əks halda, kimyəvi preparatlar yalnız zərərvericiləri deyil, həm də buraxılmış faydalı parazitoidləri məhv edə bilər və bioloji mübarizənin səmərəliliyi kəskin şəkildə azalır.
Azərbaycan üçün bu istiqamətdə görüləcək işlər təkcə Samuray arısının buraxılması ilə məhdudlaşmamalıdır. Buraxılmış populyasiyaların qışlama qabiliyyəti, təbii şəraitdə məskunlaşması, yayılma sürəti və qəhvəyi mərmər bağacığının populyasiyasına təsiri uzunmüddətli monitorinq proqramları çərçivəsində öyrənilməlidir. Əgər əldə olunan nəticələr müsbət olarsa, Samuray arısının laboratoriya şəraitində kütləvi çoxaldılması genişləndirilməli və onun Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara və digər risk bölgələrində mərhələli şəkildə tətbiqi təmin edilməlidir.
Beləliklə, Samuray arısının Azərbaycanda tətbiqi qəhvəyi mərmər bağacığına qarşı ekoloji cəhətdən təhlükəsiz və uzunmüddətli mübarizə strategiyasının formalaşdırılması istiqamətində mühüm addımdır. Dünya təcrübəsi göstərir ki, bu parazitoidin inteqrə olunmuş zərərverici idarəetmə sistemi (IPM) çərçivəsində monitorinq, aqrotexniki tədbirlər və zərurət yarandıqda seçici insektisidlərin tətbiqi ilə birlikdə istifadə edilməsi ən yüksək səmərəliliyi təmin edir. Bu yanaşmanın Azərbaycanda da ardıcıl şəkildə tətbiqi qəhvəyi mərmər bağacığının iqtisadi zərərinin əhəmiyyətli dərəcədə azaldılmasına kömək edə bilər.
Bununla yanaşı, aqrotexniki tədbirlər də mühüm rol oynayır. Bağların sanitar vəziyyətinin yaxşılaşdırılması, alaq otlarının məhv edilməsi, məhsul qalıqlarının sahədən uzaqlaşdırılması, bağ kənarlarının təmiz saxlanılması və qışlama yerlərinin azaldılması zərərvericinin sayının azalmasına kömək edir. Bir sıra ölkələrdə tor örtüklərindən, tələ bitkilərindən və mexaniki toplama üsullarından da istifadə olunur. Bu tədbirlər kimyəvi mübarizənin səmərəliliyini artırır və pestisid yükünü azaldır.
Azərbaycanda qəhvəyi mərmər bağacığının yayılması ölkənin meyvəçilik və tərəvəzçilik sektorunda yeni risklər yaradır. Xüsusilə fındıq, alma, armud, şaftalı, xurma, sitrus bitkiləri, qarğıdalı, tərəvəz və digər kənd təsərrüfatı bitkilərində iqtisadi zərər ehtimalı yüksəkdir. Buna görə də yalnız mövcud mübarizə tədbirləri ilə kifayətlənmək deyil, uzunmüddətli milli strategiyanın hazırlanması vacibdir.
Bu strategiyada ilk növbədə ölkə üzrə vahid monitorinq sistemi yaradılmalıdır. Bütün iqtisadi rayonlarda feromon tələlərinin yerləşdirilməsi, nəticələrin rəqəmsal bazada toplanması və yayılma xəritələrinin hazırlanması erkən xəbərdarlıq sisteminin əsasını təşkil edə bilər. Dövlət qurumları, elmi-tədqiqat institutları və ali təhsil müəssisələri arasında məlumat mübadiləsinin gücləndirilməsi monitorinqin səmərəliliyini artıracaq.
Digər mühüm istiqamət fermerlərin maarifləndirilməsidir. Təcrübə göstərir ki, zərərvericinin biologiyasını və inkişaf mərhələlərini bilmədən aparılan mübarizə tədbirləri çox vaxt istənilən nəticəni vermir. Buna görə mütəmadi təlimlər, metodik vəsaitlər, videomateriallar və mobil tətbiqlər hazırlanmalı, fermerlərə vaxtında tövsiyələr çatdırılmalıdır.
Bundan əlavə, süni intellekt, coğrafi informasiya sistemləri (GIS), uzaqdan zondlama, pilotsuz uçuş aparatları və rəqəmsal feromon tələləri kimi müasir texnologiyaların tətbiqi Azərbaycanda zərərvericinin erkən aşkar edilməsinə və proqnozlaşdırılmasına imkan verə bilər. Bu texnologiyalar artıq dünyanın bir sıra ölkələrində uğurla tətbiq olunur və gələcəkdə fitosanitar xidmətlərin ayrılmaz hissəsinə çevriləcəyi gözlənilir.
Nəticə etibarilə, qəhvəyi mərmər bağacığına qarşı mübarizədə dünya təcrübəsi göstərir ki, ən yüksək nəticələr yalnız inteqrə olunmuş idarəetmə sistemi tətbiq edildikdə əldə olunur. Monitorinq, aqrotexniki tədbirlər, bioloji mübarizə, məqsədyönlü kimyəvi tətbiqlər, rəqəmsal texnologiyalar və fermer maarifləndirilməsi bir-birini tamamlayan komponentlər kimi həyata keçirildikdə həm məhsul itkisi azalır, həm də ətraf mühitə mənfi təsir minimuma endirilir. Azərbaycanın da bu istiqamətdə elmi əsaslara söykənən milli fəaliyyət proqramı hazırlaması və beynəlxalq təcrübədən səmərəli istifadə etməsi ölkənin fitosanitar təhlükəsizliyinin təmin olunmasına və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verəcək.
Yaqub CƏFƏROV,
Vüsal MƏMMƏDOV,
ADAU-nun Bitki mühafizə kafedrasının dosentləri