Azərbaycan və Mərkəzi Asiyanın strateji müttəfiqliyi Avrasiya qitəsində təhlükəsizlik, nəqliyyat və enerji xəritəsini yenidən formalaşdırır, türk dünyasının birliyini möhkəmləndirir
Avrasiyanın nəqliyyat, enerji və təhlükəsizlik xəritəsi köklü şəkildə yenidən formalaşır. Bu tarixi dəyişikliyin mərkəzində isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının sürətli, hərtərəfli inteqrasiyası dayanır. İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycanın mövqeyi, enerji bazarındakı əhəmiyyətli rolu və milli maraqlara söykənən çoxvektorlu xarici siyasəti ölkəmizin beynəlxalq nüfuzunu kəskin artırıb. Şərqlə Qərbin arasında əvəzedilməz körpü olan və əsas tranzit mərkəzinə çevrilən Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə tarixi, mədəni və mənəvi köklərə dayanan əlaqələri Prezident İlham Əliyevin uzaqgörən və praqmatik diplomatik strategiyası sayəsində strateji müttəfiqlik müstəvisinə yüksəlib.
Bu uğurlu strategiyanın parlaq təzahürlərindən biri kimi Azərbaycanın Qırğızıstanla münasibətləri özünün ən yüksək inkişaf mərhələsinə çatıb. İyulun 30-31-də dövlətimizin başçısının Qırğızıstana dövlət səfəri və iki ölkə arasında strateji müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi müstəsna tarixi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində ikitərəfli əlaqələrin təməlini təşkil edən mühüm sənədlərin imzalanması, Prezident İlham Əliyevin Qırğızıstanın ali mükafatı ilə təltif olunması və yüksək səviyyədə keçirilən görüşlər Bakı ilə Bişkek arasında qarşılıqlı etimadın, siyasi dialoqun zirvədə olduğunu nümayiş etdirir. Qazaxıstan və Özbəkistanla rəsmiləşən müttəfiqlik statusunun Qırğızıstanla tamamlanması Azərbaycanın Mərkəzi Asiya regionu ilə hüquqi və siyasi bağlarını daha da gücləndirir.
Azərbaycanın ümumilikdə Mərkəzi Asiya dövlətləri ilə qurduğu çoxşaxəli əməkdaşlıq modeli qlobal miqyasda diqqət çəkir. Region ölkələri arasında formalaşmış yüksəksəviyyəli siyasi dialoq Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri çərçivəsində özünün əyani təsdiqini tapıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü ilin sentyabrında Düşənbədə və 2024-cü ilin avqustunda Astanada keçirilən sammitlərdə xüsusi qonaq qismində iştirak etməsindən sonra, 2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşündə ölkəmizin bu platformada tamhüquqlu iştirakına dair tarixi qərar qəbul olundu. Bununla da əvvəllər "5+1" kimi tanınan format faktiki olaraq C6 müstəvisinə keçərək, Azərbaycanın regionun siyasi, iqtisadi və təhlükəsizlik gündəliyinin formalaşmasında aparıcı və bərabərhüquqlu subyekt olduğunu rəsmiləşdirdi.
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın institusional əsaslarının daha da möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addım iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşünün keçirilməsi oldu. Prezident İlham Əliyevin xüsusi əhəmiyyət kəsb edən bu görüşdə iştirakı ölkəmizin bu region ilə formalaşdırdığı uzunmüddətli strateji tərəfdaşlıq xəttinin növbəti mühüm göstəricisidir. Görüşün sonunda tərəflərin ortaq siyasi iradəsini əks etdirən, əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirən Çolpon-Ata Bəyannaməsinin imzalanması Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın mövcud səviyyəsini və gələcək inkişaf istiqamətlərini aydın göstərir. Bəyannamədə ilk növbədə tərəflər arasında əsrlər boyu formalaşmış tarixi, mədəni və sivilizasiya əlaqələrinin xüsusi vurğulanması göstərir ki, bu tərəfdaşlıq təkcə siyasi və iqtisadi maraqlara deyil, ortaq tarixi köklərə, mədəni yaxınlığa və ümumi mənəvi dəyərlərə söykənir. Xüsusilə türk xalqları arasında mövcud olan ortaq dil, mədəniyyət və ənənələr bu münasibətlərin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.
Çolpon-Ata Bəyannaməsində Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakının xüsusi təqdir olunması isə ölkəmizin regionun ayrılmaz tərəfdaşı kimi qəbul edilməsinin göstəricisidir. Bu status Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu və ölkənin regional qərarların qəbulunda mühüm rol oynadığını nümayiş etdirir. Həmçinin bu, Azərbaycanın türk dünyasının inteqrasiyası istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin beynəlxalq səviyyədə dəstəkləndiyinin növbəti təsdiqidir.
Dövlətimizin başçısı İlham Əliyev Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Görüşündə çıxış edərkən bu strateji kursun mahiyyətini xüsusi vurğulayaraq bildirib ki, Azərbaycan məşvərət formatının fəal üzvü olacaq və öz tərəfindən əməkdaşlığın daha da inkişaf etdirilməsi, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması üçün bütün səyləri göstərəcək. Dövlətimizin başçısı bəyan edib ki, Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyev qeyd edib ki, 2023-cü ilin əvvəlindən bu günə qədər Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 səfər edib, həmin ölkələrdən həmkarları isə 26 dəfə Azərbaycanda səfərdə olublar: "Bu statistika münasibətlərin dinamikasından və yaxınlığından açıq şəkildə xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib". Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan mediasında da Azərbaycanın bu aktivliyi regional liderlik mövqeyinin göstəricisi kimi dəyərləndirilir.
Siyasi müstəvidə formalaşan yüksək etimad və sıx dialoq öz əməli təzahürünü nəqliyyat-logistika sahəsində də göstərir. Xüsusilə yeni geosiyasi reallıqlar fonunda Azərbaycan və Mərkəzi Asiyanın coğrafi mövqeyi logistikanın əsas hissəsinə çevrilib. Nəzərə alaq ki, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik Avrasiya logistika xəritəsini dəyişərək Orta dəhlizin əhəmiyyətini artırıb. Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Türkiyə və Avropaya birləşdirən əsas məkandır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması, Ələt Azad İqtisadi Zonası və gələcəkdə Zəngəzur dəhlizinin açılması region ölkələrinin dünya bazarlarına çıxışını asanlaşdırır. Təsadüfi deyil ki, son 5 ildə Orta dəhliz vasitəsilə daşımaların həcmi 1 milyon tondan 4,5 milyon tona çataraq əməkdaşlığın real iqtisadi töhfəsini sübuta yetirib.
İki region arasında yüksəksəviyyəli siyasi dialoq real iqtisadi layihələrin və birgə kapitalın dövriyyəyə daxil edilməsi ilə dəstəklənir. Xüsusilə qarşılıqlı sərmayə qoyuluşlarının təşviqi tərəfdaşlığın əsas hərəkətverici qüvvəsinə çevrilir. 300 milyon ABŞ dolları dəyərində Azərbaycan-Qazaxıstan, 500 milyon ABŞ dolları dəyərində Azərbaycan-Özbəkistan və 200 milyon ABŞ dolları dəyərində Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya fondlarının yaradılması münasibətləri yeni müstəviyə daşıyıb. Bu fondlar sənaye, kənd təsərrüfatı, maşınqayırma, gəmiqayırma, loqistika və yüksək texnologiyalar sahələrində birgə layihələrin maliyyələşdirilməsinə birbaşa xidmət edir.
Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin inteqrasiyası və "yaşıl enerji"nin Xəzər dənizinin altı ilə Avropaya ixracı layihələri geostrateji əhəmiyyətə malikdir. Eyni zamanda Xəzərin dibi ilə çəkilən Bakı-Aktau sualtı fiber-optik kabel layihəsini əhatə edən "Trans-Xəzər Rəqəmsal İpək Yolu" region ölkələrinin rəqəmsal transformasiyasına və rəqəmsal iqtisadiyyatın inkişafına mühüm töhfə verir.
Türk Dövlətləri Təşkilatının bir çox sahəni əhatə edən strateji mexanizmə çevrilməsi türk dünyasının inteqrasiyasını sürətləndirir. Bundan əlavə, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində də tərəflər vahid mövqedən çıxış edirlər. Bu uğurlu həmrəyliyin göstəricisi kimi Azərbaycan, Qazaxıstan və Özbəkistanın G-20 sammitinə qonaq qismində dəvət olunması Azərbaycan-Mərkəzi Asiya formatının qlobal səviyyədə tanınan nüfuzunu nümayiş etdirir.
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasındakı əməkdaşlıq ənənəvi ikitərəfli və ya üçtərəfli formatlarla kifayətlənmir, əksinə, daha geniş platformalarla bütövlükdə Avrasiyanın dayanıqlı, təhlükəsiz və iqtisadi baxımdan özünü təmin edən yeni qütbünü formalaşdırır. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşü siyasi dialoq platforması olmaqla yanaşı, həm də Avrasiya məkanında yeni iqtisadi və geosiyasi əməkdaşlıq modelinin formalaşmasına töhfə verən mühüm mexanizmdir. Azərbaycanın platformada tamhüquqlu iştirakı ölkənin Mərkəzi Asiya siyasətinin institusional əsaslarını daha da möhkəmləndirir, regional nəqliyyat və enerji layihələrində rolunu artırır. Eyni zamanda türk dünyasında inteqrasiyanın dərinləşməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə verir.
Beləliklə, Prezident İlham Əliyevin Qırğızıstanda keçirilən Məşvərət Görüşündə iştirakı Azərbaycanın regionun gələcəyinə dair strateji qərarların qəbulunda fəal rol oynayan əsas tərəfdaşlardan biri olduğunu növbəti dəfə təsdiqləyir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"