Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafı tarixində yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər, dövlət başçılarının mətbuata verdiyi bəyanatlar göstərdi ki, Bakı və Bişkek münasibətləri strateji müttəfiqlik modelini praktik müstəviyə keçirirlər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva söyləyib. Deputat vurğulayıb ki, Azərbaycan Prezidentinin “müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” fikri səfərin siyasi mahiyyətini ən dolğun şəkildə ifadə edib: “Bu bəyanat təkcə iki ölkə arasında münasibətlərin hüquqi statusunun yüksəldilməsi deyil, eyni zamanda, gələcək üçün müəyyən edilən ortaq siyasi kursun, qarşılıqlı etimadın və strateji baxışın ifadəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazla Mərkəzi Asiya arasında etibarlı siyasi və iqtisadi körpü rolunu daha da möhkəmləndirir”.
Müsahibimiz qeyd edib ki, səfər çərçivəsində mübadilə edilmiş sənədlər paketi iqtisadiyyat, investisiya, energetika, nəqliyyat, logistika, kənd təsərrüfatı, təhsil, mədəniyyət, humanitar əməkdaşlıq, rəqəmsal inkişaf və digər istiqamətləri əhatə etməklə münasibətlərin sistemli xarakter aldığını nümayiş etdirdi. Diqqətçəkən mühüm qərarlardan biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun kapitalının iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması olub. Prezidentin qeyd etdiyi kimi, fondun fəaliyyəti artıq konkret layihələrlə zənginləşir. Qırğızıstanda həyata keçirilən birgə istehsal layihələri yeni iş yerlərinin açılmasına, iqtisadi potensialın genişlənməsinə və biznes dairələri arasında etimadın daha da artmasına xidmət edir. Səfər çərçivəsində İssık-Kul gölünün sahilində “Baku Resort & SPA” hotelinin açılışı da xüsusi diqqət çəkib. Azərbaycan dövlətinin vəsaiti hesabına tikilən və “Bakı” adını daşıyan ilk beşulduzlu hotel iqtisadi layihədən daha çox strateji dostluğun rəmzi kimi qiymətləndirilir. Bu layihə iki ölkə arasında əməkdaşlığın genişlənməsinə, turizm axınının artmasına və investisiya əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verəcək.
Mehriban Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutan məsələlərdən biri Qarabağın bərpasına Qırğızıstanın verdiyi dəstək haqqında oldu: “Ağdam rayonunda inşa edilən və “Manas” adını daşıyan məktəb təkcə təhsil müəssisəsi deyil, eyni zamanda, Azərbaycan–Qırğız qardaşlığının canlı simvoludur. Qırğızıstanın işğaldan azad olunmuş ərazilərin bərpasında iştirakı Türk dövlətləri arasında həmrəyliyin konkret nəticələrindən biridir”.
“Səfər çərçivəsində qəbul edilən Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi dialoqun, iqtisadi inteqrasiyanın, enerji əməkdaşlığının, nəqliyyat-kommunikasiya əlaqələrinin və humanitar tərəfdaşlığın yeni inkişaf mərhələsini müəyyənləşdirən mühüm sənəd kimi qiymətləndirilə bilər. Bəyannamə Türk Dövlətləri Təşkilatının fəaliyyət istiqamətlərini tamamlayan və regional inteqrasiyanı gücləndirən siyasi sənəd kimi də böyük əhəmiyyət kəsb edir”, - deyə müsahibimiz vurğulayıb.
“Səfər zamanı dövlət başçılarının qarşılıqlı ali dövlət mükafatları ilə təltif olunması münasibətlərin yüksək etimad səviyyəsinin rəmzi oldu. Prezident İlham Əliyevin Qırğız Respublikasının I dərəcəli “Manas” ordeni ilə təltif edilməsi onun Türk dünyasının inteqrasiyasına, Azərbaycan–Qırğız dostluğunun inkişafına və regional əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfənin yüksək qiymətləndirilməsidir. Eyni zamanda, Prezident Sadır Japarovun Azərbaycanın ali dövlət təltifi – “Heydər Əliyev” ordeni ilə təltif olunması iki ölkənin rəhbərləri arasında qarşılıqlı etimadın, dostluğun və strateji tərəfdaşlığın ən yüksək səviyyədə təsdiqi kimi qiymətləndirilə bilər.
Bu gün Azərbaycan və Qırğızıstan münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də bütövlükdə Türk dünyasının gələcək inteqrasiya modelinin mühüm tərkib hissəsi kimi inkişaf edir”, - deyə Mehriban Vəliyeva fikrini yekunlaşdırıb.