Azərbaycan dili xalqımızın milli kimliyini, tarixini, mədəniyyətini və mənəvi dəyərlərini özündə yaşadan ən qiymətli sərvətlərdən biridir. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın düşüncə tərzini, dünyagörüşünü, həyat fəlsəfəsini və tarixi yaddaşını nəsildən-nəslə ötürən mənəvi xəzinədir. Ana dilinə sevgi və hörmət hər bir vətəndaşın milli mənsubiyyətinin, vətənpərvərlik hissinin və mənəvi məsuliyyətinin mühüm göstəricisidir.
Dil xalqın düşüncə tərzidir, onun yaddaşıdır, mənəvi dünyasının ifadəsidir. Bir xalqın tarixini, ədəbiyyatını, musiqisini, dünyagörüşünü və milli xarakterini anlamaq üçün ilk növbədə onun dilinə müraciət etmək lazımdır. Buna görə də ana dilinin qorunması milli varlığın qorunması ilə eyni məna daşıyır.
Avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsi dövlətimizin ana dilimizə verdiyi yüksək dəyərin ifadəsidir. Bu əlamətdar tarix Azərbaycan əlifbasının inkişaf yolunu, ana dilimizin saflığının qorunmasının vacibliyini və onun cəmiyyətin bütün sahələrində düzgün tətbiqinin əhəmiyyətini bir daha diqqətə çatdırır. Bu əlamətdar gün bizi ana dilimizin zənginliyini öyrənməyə, onu qorumağa və gələcək nəsillərə ötürməyə çağırır.
Azərbaycan dili əsrlər boyu ən ağır sınaqlardan keçib. Tarixin müxtəlif mərhələlərində yad təsirlərə məruz qalmasına baxmayaraq, bu dil öz mahiyyətini və zənginliyini qoruyub.
Qloballaşmanın sürətləndiyi, beynəlxalq əlaqələrin, informasiya mübadiləsinin genişləndiyi bir dövrdə yaşayırıq. Belə bir şəraitdə ana dilinin qorunması daha böyük əhəmiyyət kəsb edir. Müasir dövrdə bir sıra dillər müxtəlif təsirlərlə üzləşərək sıradan çıxıb. Azərbaycan dili isə öz zəngin lüğət tərkibi, ifadə imkanları və qədim ədəbi ənənələri ilə milli varlığımızın təzahürü olaraq qalır.
Azərbaycan dilinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlət dilinin hüquqi statusunun möhkəmləndirilməsi, onun inkişafı üçün şərait yaradılması və cəmiyyətin bütün sahələrində istifadəsinin təmin olunması milli maraqlara xidmət edir. Eyni zamanda ana dilinə hörmət insanın öz milli kimliyinə hörmətidir. Çünki dilimizin hər bir sözü xalqımızın yaddaşını, hər bir ifadəsi tariximizin müəyyən bir səhifəsini yaşadır. Ona görə də Azərbaycan dilini qorumaq, onun düzgün və zəngin şəkildə istifadəsi hər bir vətəndaşın mənəvi borcudur.
Müstəqil dövlətimiz dilimizin saflığının qorunması üçün ciddi addımlar atır. Prezident İlham Əliyev dövlətimiz, xalqımız üçün mühüm əhəmiyyət daşıyan bu məsələni hər zaman diqqətdə saxlayır. Ötən il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında dövlətimizin başçısı ana dilimizin qorunması və inkişaf etdirilməsi ilə bağlı vacib məsələləri diqqətə çatdırdı, görülmüş və görülməsi zəruri işlərdən danışdı: "On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram".
Bu gün Azərbaycan dili təkcə ölkəmizdə deyil, dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız üçün də milli bağlılığın əsas vasitələrindəndir. Xaricdə yaşayan azərbaycanlıların ana dilini mükəmməl bilməsi, bu dili yaşatması milli həmrəyliyin mühüm şərtlərindəndir. Çünki dil yalnız danışıq vasitəsi deyil, həm də xalqın öz kökləri ilə əlaqəsini qoruyan mənəvi körpüdür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir.
Dövlət başçısının səsləndirdiyi fikirlər göstərdi ki, Azərbaycan dilinin saflığının qorunması yalnız dil siyasətinin deyil, həm də milli kimliyin, dövlətçilik düşüncəsinin mühüm istiqamətlərindən biridir.
Ana dilinin saflığının qorunması, ilk növbədə, onun daxili imkanlarına hörmətlə yanaşmaqdan başlayır. Azərbaycan dili zəngin lüğət tərkibinə, geniş ifadə imkanlarına malikdir. Bu səbəbdən dilimizdə mövcud olan sözlərin əvəzinə, ehtiyac olmadığı halda xarici sözlərin gətirilməsi dilin inkişafına deyil, əksinə, onun təbii imkanlarının zəifləməsinə səbəb ola bilər. Dövlət başçısının çıxışında diqqət çəkilən əsas məsələlərdən biri də Azərbaycan dilində mövcud olan imkanlardan düzgün istifadə olunmasıdır. Prezident İlham Əliyevin nəzərə çatdırdığı kimi, ana dilimiz qədimdir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur: "Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir".
Müasir dövrdə dilin qarşısında yeni çağırışlar dayanır. Rəqəmsal platformalar və qlobal informasiya axını dillərə müxtəlif təsirlər göstərir. Bu şəraitdə Azərbaycan dilindən düzgün istifadə, xüsusilə gənc nəslin yazı və nitq mədəniyyətinin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Dilimizin imkanlarını qorumaq və genişləndirmək üçün elm, təhsil, media və texnologiya sahələrinin imkanlarından səmərəli istifadə olunmalıdır. Azərbaycan dili yalnız gündəlik ünsiyyət vasitəsi kimi deyil, elm, texnologiya və intellektual fəaliyyət dili kimi də inkişaf etməlidir.
Azərbaycan Respublikasının dövlət dil siyasəti də məhz bu məqsədlərə xidmət edir. Dövlət dilinin qorunması, inkişaf etdirilməsi və cəmiyyətin bütün sahələrində tətbiqi üçün hüquqi baza yaradılıb. Dövlət dilinin nüfuzunun artırılması, onun saflığının qorunması və gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bununla yanaşı, dilin qorunması yalnız qanunlarla və rəsmi tədbirlərlə məhdudlaşa bilməz. Dil hər bir insanın gündəlik davranışında yaşayır. Küçə reklamlarından tutmuş rəsmi yazışmalara, televiziya və internet məkanından sosial şəbəkələrə qədər bütün sahələrdə Azərbaycan dilinə diqqətli münasibət göstərilməlidir.
Prezident İlham Əliyevin bildirdiyi kimi, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər.
Azərbaycan dili bizim keçmişdən gələn ən böyük mənəvi mirasımız, milli dayağımız və gələcəyimizin təminatıdır. Dilimizi qorumaqla tariximizi, kimliyimizi və dövlətçilik yaddaşımızı qoruyuruq.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"