İqtisadiyyat Nazirliyinin Tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkına mediatur təşkil edilib. Mediatur çərçivəsində jurnalistlər ərazidə yaradılan sənaye infrastrukturu, fəaliyyət göstərən müəssisələr, istehsal prosesi ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Taleh Quliyev jurnalistlərə məlumat verib ki, Ağdam Sənaye Parkı işğaldan azad edilmiş ərazilərin bərpası, sənaye potensialının inkişaf etdirilməsi məqsədilə dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb. Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli biznes mühiti formalaşdırılıb. Bunun nəticəsidir ki, Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkəmizdə mövcud sənaye zonaları arasında Sumqayıt Sənaye Parkından sonra ikinci sənaye parkıdır.
Parkda ümumi investisiyalarının həcmi 300 milyon manatadək olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 177 milyon manatdan çox investisiya yatırılıb, 1230 daimi iş yeri yaradılıb.
Hazırda Ağdam Sənaye Parkında 12 müəssisə fəaliyyət göstərir, 12 müəssisənin tikintisi davam edir, 10 müəssisənin isə layihələndirilməsi işləri görülür. Ağdam Sənaye Parkının ərazisinin 60 faizədək sahibkarların istifadəsinə verilib.
Sənaye parkında 2026-cı ilin 6 ayı ərzində (yanvar-iyun) sahibkarlar tərəfindən 976 milyon manat dəyərində məhsul satışı edilib ki, bunun da 42 milyon manatlıq hissəsi ixrac olunub.
Media nümayəndələri sonra “BAFCO İnvest” MMC-nin ayaqqabı fabriki ilə tanış olublar. Burada 2024-cü ilin aprelindən başlayaraq müxtəlif təyinatlı ayaqqabıların və poliuretan çəkmələrin istehsalına başlanılıb. İstehsal gücü xüsusi təyinatlı ayaqqabılar üzrə ildə 360 min cüt, poliuretan çəkmələr üzrə isə ildə 150 min cütdür.
İstehsal üzrə direktor müavini Musa Alızadə bildirib ki, fabrikdə hazırda 80-ə yaxın əməkdaş çalışır ki, bunların da böyük əksəriyyəti Ağdam rayonundan keçmiş məcburi köçkünlərdir. Hazırda fabrikdə 20-yə yaxın modeldə müxtəlif təyinatlı ayaqqabılar və poliuretan çəkmələr istehsal olunur: “Məhsullar həm daxili, hə də xarici bazarlarda satışa təqdim olunur. Artıq bir neçə ölkəyə ixrac həyata keçirilib. Məhsullar əsasən Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Qazaxıstana göndərilir. Bu yaxınlarda məhsulların növbəti hissəsi Qazaxıstana yola salınıb. Bundan başqa müxtəlif qərb ölkələri ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik. Danışıqlar apardığımız ölkələrdən müsbət geri dönürlər almışıq. Artıq yaxın zamanlarda, Yaxın və Orta Şərq ölkələrinə, həmçinin Avropa bazarlarına məhsullarımızı çıxarmağı nəzərdə tutmuşuq”.
Jurnalistlər sonra “Construction” MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinə gəliblər. Müəssisənin əməkdaşı Vüsal Kərimov bildirib ki, zavodun metal elektrik dirəkləri üzrə illik istehsal gücü 7 min 200 ton təşkil edir. İstehsal olunan məhsullar ölkənin hər yerində istifadə edilir. Müəssisədə istehsal prosesi Çin texnologiyası əsasında qurulub.
Media nümayəndələri daha sonra “Eel Electric” MMC-də istehsal prosesini izləyiblər. Elektrik mühəndisi Elvin Məhizzadə bildirib ki, müəssisədə aşağı və orta gərginlikli elektrik paylayıcı qurğuları istehsal edilir. Ümumilikdə qlobal bazarı hədəfləyirik. Hazırda qlobal bazarda tələbatın olduğu məhsullara maraq göstərir və yeni texnologiyalarla onları istehsal etməyə çalışırıq. İstehsal prosesində gənc kadrlara üstünlük veririk. İşçilərin çoxu yerli sakinlərdən ibarətdir.
Mediatur çərçivəsində jurnalistlər Ağdam Sənaye Parkında ixrac potensialı ilə seçilən müəssisələrdən biri “Mister Decor” MMC-nin divar kağızları istehsalı zavodunda da olublar. 1,6 hektar ərazidə yaradılan müəssisə Cənubi Qafqazda bu sahə üzrə ixtisaslaşmış ilk zavod hesab olunur. 2024-cü ilin sentyabrında fəaliyyətə başlayan zavodun istehsal avadanlıqları Çindən gətirilib, xammal isə Çin və Avropa ölkələrindən tədarük olunur. Müəssisənin illik istehsal gücü 2,1 milyon rulon divar kağızı təşkil edir. Müəssisədə istehsal olunan məhsullar əsasən daxili bazarda satılır. Xüsusən Qarabağda inşa edilən evlərdə zavodda istehsal olunan divar kağızlarından istifadə olunur. Lakin hədəf daha genişdir - artıq Özbəkistan, Gürcüstan, Türkiyə və Rusiyaya ixrac həyata keçirilib. İxrac coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Ağdam Sənaye Parkında icra olunan layihələr regionda modern sənayeləşmənin inkişafına təkan verməklə, Böyük Qayıdış prosesinin iqtisadi əsaslarını daha da möhkəmləndirir.