Azərbaycan təsviri sənət tarixinə nəzər saldıqda, təkcə
fırçası ilə bütöv bir dövrün mənzərəsini, millətin ruhunu və qadın azadlığını rənglərlə
dastanlaşdıran bir çox unudulmaz simalar görürük. Bu simalar arasında ilk peşəkar
rəssamlıq təhsili almış azərbaycanlı qadın, Xalq rəssamı Maral Rəhmanzadənin
adı xüsusi ehtiramla çəkilir.
O, XX əsr Azərbaycan mədəniyyətinin ən parlaq və cəsarətli səhifələrindən
birini yazmışdır. Zamanın çətin sınaqlarından, müharibənin ağrılı-acılı illərindən
keçərək sənətinin zirvəsinə ucalan rəssam, öz yaradıcılığı ilə milli qrafika və
rəngkarlıq məktəbimizə tamamilə yeni, bənzərsiz bir nəfəs gətirmişdir. Onun əsərləri,
sadəcə, vizual təsvirlər deyildi, onlar Azərbaycanın neft sənayesinin qəhrəmanlıq
salnaməsi, ucqar dağ kəndlərinin etnoqrafik yaddaşı, Şərq qadınının daxili qüdrətinin
tərənnümü idi.
Ömür yolu
Maral Rəhmanzadə 1916-cı ildə Bakıda (Mərdəkan qəsəbəsində),
sənətə və mədəniyyətə böyük dəyər verilən bir ailədə dünyaya göz açmışdır. O
dövrün mütərəqqi baxışlı, nəcib və elmli insanlarından olan rəssamın atası
Yusif bəy Bakıda tanınan usta zərgərlərdən idi. Evlərində Azərbaycan sənətinin
qədim ənənələri qorunur, övladlarının təhsilinə xüsusi önəm verilirdi.
Maral xanımın sənət sevgisi erkən yaşlarından özünü göstərir
və bu sevgi onu Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna gətirir. 1930-1933-cü
illərdə Bakıda rəssamlığın sirlərini dərindən öyrənir. İstedadı sayəsində təhsilini
davam etdirmək üçün Moskvaya yollanır. 1934-1940-cı illərdə V.İ. Surikov adına
Moskva Dövlət Rəssamlıq İnstitutunda oxuyur. O, bu ali təhsil ocağını bitirməklə
professional ali rəssamlıq təhsili qazanmış ilk azərbaycanlı qadın rəssam kimi
tarixə düşür. Rektor İqor Qrabar onu "məzunların ən istedadlısı"
adlandırır və o, dərhal paytaxtın məşhur "Xudojestvennaya literatura"
nəşriyyatında qrafik rəssam kimi fəaliyyətə başlayır. Lakin gənc qızın uğurları
tezliklə ailəsinin üzərinə çökən qara buludlarla kölgələnir.
Azərbaycan incəsənətinin zirvələrindən olan Xalq rəssamı
Maral Rəhmanzadənin tablolarındakı parlaq rənglərə, məğrur qadın obrazlarına və
əzəmətli dəniz mənzərələrinə baxanda insan bu əsərlərin arxasında dərin bir ailə
faciəsinin dayandığını təsəvvür edə bilmir. O, sənətdə böyük ilklərə imza atsa
da, şəxsi taleyi XX əsrin ən amansız siyasi dalğaları - Stalin repressiyaları və
İkinci Dünya müharibəsinin ağrıları ilə yoğrulmuşdur. Böyük ustadın ömür
yolunun ən ağrılı, lakin onun iradəsini daha da möhkəmləndirən ailə salnaməsi zərif
bir qadının imperiya qorxusuna meydan oxuyur.
1941-ci ildə rəssamın mütərəqqi düşüncəli atası Yusif Rəhmanzadə
heç bir günahı olmadan şərlənərək həbs edilir və ona "xalq düşməni"
damğası vurulur. Həbs edildikdən sonra Özbəkistana - Daşkənd həbsxanasına
sürgün edilən Yusif bəy buradakı ağır və dözülməz şəraitə cəmi 6 ay tab gətirə
bilir və orada vəfat edir. Atasının həbsi xəbərini alan Maral xanım Moskvadakı parlaq
gələcəyini, vəzifəsini və işini dərhal buraxıb Bakıya qayıdır. O, ailənin böyük
övladı kimi evdə tək qalan anasına baxmaq və ailənin qayğılarını çiyinlərinə
götürmək məsuliyyəti ilə üz-üzə qalır. Bitməyən sınaqlar onun həyat yolunda
böyük maneələrə çevrilir. Bakıya qayıdan gənc rəssamın yaradıcılıq fəaliyyəti
repressiya olunmuş ailənin övladı olduğu üçün böyük təzyiqlər altında keçirdi.
Üstəlik, elə həmin il İkinci Dünya müharibəsinin başlaması onun şəxsi həyatına
növbəti ağır zərbəni vurur.
Maral xanım Moskvada oxuduğu illərdə ailə həyatı qurmuşdu.
Lakin müharibə alovlananda gənc həyat yoldaşı evliliklərindən cəmi bir həftə
sonra cəbhəyə səfərbər olunur və geri qayıtmır. Buna müharibə və itirilmiş səadət
də deyirlər. Beləcə, gənc rəssam həm ata itkisinin, həm də gənc yaşda tənha
qalmağın dərin psixoloji acısını yaşayır. Ailəni dolandırmaq üçün fədakarlıq
göstərir. O dövrdə "xalq düşməni"nin qızı kimi damğalanan rəssam rəsmi
sifarişlər ala bilmirdi. Gecə-gündüz qəzet və jurnallara kiçik illüstrasiyalar
çəkməklə, vərəqələr hazırlamaqla həm yaradıcılığını qoruyur, həm də ailəsini
acından ölməkdən xilas edirdi. Atasından bəhs edərkən Maral Rəhmanzadə illər
sonra öz xatirələrində yazırdı: "Deyirlər qız övladları anaya daha bağlı
olur. Amma yox, mən atamı çox sevirdim. İndi də siması gözlərimin önündədir.
Baxmayaraq ki, repressiyanın qurbanı olub, aradan 60 ildən artıq vaxt keçib, hərdən
mənə elə gəlir ki, lap yanındayam".
Əbədi yaşayan miras
Maral Rəhmanzadə Azərbaycan təsviri sənətinə sənaye
mövzusunu, xüsusilə də dəniz neftçilərinin fədakar əməyini gətirən ilk rəssamlardandır.
O, aylarla açıq dənizdə, məşhur "Neft Daşları"nda yaşamış, fəhlələrin
ağır, lakin qürurlu iş rejimini müşahidə etmişdir. "Bizim Xəzərdə"
silsiləsində çəkdiyi əsərlərində dalğalar qoynunda ucalan estakadalar, qazma
qurğuları və dəniz sənayesinin əzəməti əks olunur. Tablolarında neftçilər, sadəcə,
işçi deyil, təbiət qüvvələrinə meydan oxuyan romantik qəhrəmanlar kimi
canlandırılır. "Sabunçuda neft mədəni" və "İliç buxtasında
neft" əsərləri bu janrın ən parlaq nümunələridir.
Rəssamın erkən yaradıcılıq dövrünün ən mühüm fəlsəfəsi Azərbaycan
qadınının cəmiyyətdəki yerini və təkamülünü göstərmək olmuşdur."Azərbaycan
qadını keçmişdə və indi" adlı litoqrafiya silsiləsində müəllif çadradan
azad olub elmin, sənətin, sənayenin zirvələrinə ucalan çağdaş Azərbaycan
qadınının portretini yaradıb. "Qadınlar müharibə illərində" silsiləsində
isə arxa cəbhədə kişi əməyini əvəz edən, dözümlü və məğrur Azərbaycan
qadınlarının obrazı böyük psixoloji dərinliklə işlənmişdir.
Maral Rəhmanzadə Azərbaycanın təbiət gözəlliklərini və
etnoqrafik zənginliyini sənətə köçürmək üçün bölgələrimizi qarış-qarış gəzmişdir.
1963-cü ildə o, gediş-gəlişi çox çətin olan Qubanın ucqar Xınalıq kəndinə gedən
ilk rəssam olmuşdu. Buranın unikal memarlığı, sıldırım qayaları və yerli əhalinin
qədim həyat tərzi rəssamın fırçasında əbədilik qazandı. "Bizim
qızlar", "Mənim bacılarım" və "Doğma vətənim" silsilələri
Azərbaycan kəndinin, Naxçıvanın, Lənkəranın füsunkar təbiətini, insan və mühit
vəhdətini nümayiş etdirir.
Təkcə kətan üzərində deyil, həm də kitab səhifələrində böyük
iz qoyan sənətkar Azərbaycan və dünya ədəbiyyatının klassik nümunələrinə bənzərsiz
illüstrasiyalar çəkmişdir. Nizami Gəncəvinin poemalarına, Xurşidbanu Natəvanın
qəzəllərinə və "Min bir gecə" nağıllarına verdiyi bədii tərtibatlar
kitab qrafikası sənətimizin Qızıl fonduna daxil olub. M.S.Ordubadinin
"Qılınc və qələm", M.F.Axundzadənin "Aldanmış kəvakib",
A.S.Puşkinin "Yevgeni Onegin" və M.Y.Lermontovun "Zəmanəmizin qəhrəmanı"
əsərlərinə illüstrasiyaları da bu janrın qiymətli örnəklərindəndir. Eləcə də,
1945-ci ildə tərtibat verdiyi Şah İsmayıl Xətainin "Dəhnamə"
kitabındakı illüstrativ materiallar Maral Rəhmanzadənin həm rəssamlıq, həm də ədəbiyyat
tarixindəki çox böyük və nadir xidmətlərindəndir.
Görkəmli rəssamın sənəti çoxşaxəli, çoxcəhətli bir
yaradıcılıq kimi daim diqqəti cəlb edir. O, rəssamlıq sənətinin demək olar ki,
mümkün olan bütün qollarında, istiqamətlərində, önəmli sahələrində ölməz əsərlər
yaratmışdır. Tədqiqatçılar yazırlar ki, cağdaşları hələ 24 yaşında ikən onu
"dahi" adlandırırdılar. Öz intellekti, istedadı, kübarlığı ilə hamını
heyran qoyan sənətkar əsərləri ilə sübut etmişdi ki, fırçanı əlinə təsadüfən
götürməyib. Çünki Maral Rəhmanzadə Bəhruz Kəngərli, Əzim Əzimzadə kimi köklü sənət
şəcərəsindən idi.
Görkəmli sənət ustadı M.Rəhmanzadə 1964-cü ildə Azərbaycanın
Xalq rəssamı adına layiq görülüb. Milli təsviri sənətin inkişafındakı böyük
nailiyyətlərinə görə "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı"
ordenləri, həmçinin bir sıra medallarla, eləcə də müstəqillik illərində,
1996-cı ildə "Şöhrət" ordeni ilə təltif edilib, Prezidentin fərdi təqaüdçüsü
olub.
2008-ci ildə dünyasını dəyişən Maral Rəhmanzadənin yaratdığı
bədii irs bu gün, sadəcə, muzeyləri bəzəyən eksponat deyil, Azərbaycan xalqının
milli kimliyini, zəhmətsevərliyini və estetik zövqünü dünyaya tanıdan gerçək
bir yaddaş kitabəsidir. Böyük sənətkarımız haqqında gerçəkləri danışan, onun həyat
həqiqətini bütün çalarları ilə canlandıran isə rəssamın ömür dəftəri sayılan,
bir-birindən rəngarəng, dərinməzmunlu əsərləridir.
İradə ƏLİYEVA,
"Azərbaycan"