25 ildir ki, ölkəmizdə 1 avqust tarixində Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd edilir. Bu ənənə Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanı əsasında yaradılmışdır. Bu tarix yalnız latın qrafikalı Azərbaycan əlifbasına keçid tarixini xatırlamaq üçün deyil, eləcə də müstəqil dövlətçiliyimizin əsas rəmzlərindən biri olan dövlət dilinin hüquqi statusuna və zəngin ədəbi irsimizə ehtiram bildirmək üçün gözəl bir fürsətdir.
Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Onun dövlət dili kimi hüquqi statusunu nizamlamaq məqsədilə 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanuna əsasən “Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır”.
Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri arasında Azərbaycan Respublikası Konstitusiyasının və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun tələblərinə uyğun olaraq dövlət dili ilə bağlı hüquq qaydalarının müəyyənləşdirilməsini; dövlət dilinin tətbiqi işinə, bu dilin işlənməsi və qorunması ilə bağlı qanunvericiliyin müddəalarına riayət olunmasının təmin edilməsini; dövlət dilinin inkişaf proqramının hazırlanması və dövlət büdcəsinin vәsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsini; dövlət dilinin saflığının qorunması, dilçilik elminin nәzәriyyәsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsini; dövlət dilinin işlənməsi üçün zəruri olan maddi bazanın yaradılmasını, eləcə də xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə kömək göstərilməsini qeyd etmək olar.
Dövlət dilinin saflığının qorunması və onun hüdudsuz imkanlarından düzgün istifadə edilməsi bu gün aktual mövzulardan biridir. 2025-ci ilin 3 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında etdiyi çıxışında xüsusi olaraq bu məsələyə diqqət yetirmiş və vurğulamışdır: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər”.
Əfsuslar olsun ki, bəzən media və internet resurslarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi və digər hallara rast gəlinir. Belə halların qarşısının alınması istiqamətində bütün müvafiq qurumların və eləcə də cəmiyyətin səyləri birləşdirilməlidir.
Bu gün ana dili Azərbaycan dili olan on milyonlarla insan qonşu İran, Gürcüstan və Rusiya Federasiyasında, eləcə də bir çox xarici ölkədə yaşayır. Azərbaycan dilində peyk yayımı həyata keçirən platforma yayımçıları Azərbaycanda və dünyada baş verən ən son xəbərlər, o cümlədən günün siyasi, iqtisadi, sosial, hərbi, idman, mədəniyyət və sair hadisələr haqqında məlumatları bu insanlara çatdırmaqla, onları vahid informasiya və mədəni mühitdə birləşdirir.
Azərbaycan dilinin nüfuzunun müasir rəqəmsal mühitdə artırılması üçün məqsədyönlü fəaliyyət aparılmalıdır. Bu baxımdan keyfiyyətli media məzmununun, eyni zamanda filmlərin, podkastların, təhsil platformalarının və ensiklopedik resursların yaradılması olduqca vacibdir. Azərbaycan dilinin rəqabət qabiliyyətinin qlobal məkanda təmin edilməsi üçün rəqəmsal xidmətlər yerli mühitə uyğunlaşdırılmalı və Azərbaycan dili süni intellekt texnologiyalarına inteqrasiya edilməlidir.
Bu resursdan səmərəli istifadə edilməsi bir sıra vacib vəzifələrin, o cümlədən, Azərbaycan dilinin xarici dil kimi tədrisi metodikasının daha da təkmilləşdirilməsinin, xaricdə nəşriyyat dəstəyinin sistemləşdirilməsinin, dilin İT sahəsində iştirakının genişləndirilməsinin və sair həllini tələb edir. Sevindirici haldır ki, bu gün Azərbaycan dili yalnız ölkədaxili ünsiyyət vasitəsi çərçivəsinin hüdudlarından çıxaraq, tədricən xarici siyasət və mədəni diplomatiyanın dinamik və perspektivli alətinə çevrilməkdədir.
Gülşən PAŞAYEVA,
Milli Məclisin deputatı