Qlobal rəqabətin kəskinləşdiyi, sərhədlərin bağlanması və iqtisadi özünütəcrid cəhdlərinin artdığı bir dövrdə yaşasaq da pərdəarxasında tamamilə əks bir proses gedir. İnsanlar, xüsusilə gənclər sülh və əməkdaşlığı seçirlər. Çünki ortaq qlobal problemləri yalnız bir ölkənin daxilində həll etmək mümkün deyil. Məhz bu reallığı dərk edən yeni nəslin təfəkküründə "biz və onlar" bölgüsü yer almır.
Beynəlxalq rəy sorğularına, sosial tədqiqatlara əsaslansaq və real statistik rəqəmlərə nəzər salsaq görərik ki, qlobal vətəndaşlıq şüuru cəmiyyətin ən dərin qatlarına qədər nüfuz edir. İnsanlar böyük fəlakətlərlə mübarizə üçün beynəlxalq təşkilatların daha qətiyyətli addımlar atmasını və vəsaitlərin qlobal problemlərə xərclənməsini dəstəkləyirlər. Siyasi gərginliklərə baxmayaraq, gənclər daha çox qlobal məsuliyyəti öz üzərlərinə götürməyə hazırdırlar. Onların birliyi və fəallığı böhranlar içindəki dünya üçün ən böyük ümiddir. Bəşəriyyətin gələcəyi məhz bu yeni nəslin formalaşdırdığı adil, təhlükəsiz və sarsılmaz qlobal həmrəylikdən keçir.
Beynəlxalq əlaqələr üzrə araşdırmalar aparan "Global Nation" Təşkilatının təqdim etdiyi "2026 Qlobal Həmrəylik Hesabatı" dünya miqyasında ictimai rəyin necə köklü şəkildə dəyişdiyini aydın göstərir. Nüfuzlu "Ipsos" sosial tədqiqatlar şirkəti tərəfindən aparılan bu genişmiqyaslı sorğu planetimizin 31 müxtəlif ölkəsini əhatə edib. Tədqiqat çərçivəsində 22 mindən çox yetkin insan arasında sorğu keçirilib. Nəticələrdən məlum olub ki, son bir neçə ildə davam edən durğunluq və geriləmə artıq arxada qalıb. Beynəlxalq əməkdaşlığa olan ictimai dəstək sürətlə bərpa olunur və yüksələn xətt üzrə inkişaf edir.
Mütəxəssislər qlobal həmrəyliyi qiymətləndirmək üçün üç əsas göstəriciyə əsaslanıblar. Birincisi, insanların özlərini, sadəcə, doğma ölkələrinin daxilində yox, həm də planetin bərabərhüquqlu "dünya vətəndaşı" kimi görüb-görməməsidir. İkincisi, ödənilən vergilərin bir hissəsinin aclıq, xəstəlik və qlobal fəlakətlərin həllinə xərclənməsinə razılıq dərəcəsidir. Üçüncüsü isə iqlim dəyişikliyi kimi ümumi təhlükələrə qarşı beynəlxalq təşkilatlara məcburi qərarlar çıxarmaq hüququnun verilməsinə münasibətdir. Sorğu keçirilən 31 ölkənin 24-də hər üç göstərici üzrə artım qeydə alınıb. Ən diqqətçəkən məqam isə odur ki, heç bir ölkədə geriləmə müşahidə olunmayıb. "Global Nation" ekspertləri bu mənzərəni müsbət vəziyyət kimi qiymətləndirirlər. Rəqəmlərdən aydın olur ki, insanlar təcrid olunmaqdan yorulub və birlikdə addımlamağın vacibliyini yenidən dərk edirlər.
Sorğunun təfərrüatları cəmiyyətin artıq daha geniş düşündüyünü aydın göstərir. Son bir ildə özünü "dünya vətəndaşı" hiss edənlərin sayı 33 faizdən 40 faizə yüksəlib. Vergilərinin bir hissəsinin qlobal böhranlara yönəldilməsinə razı olanların sayı 40 faizdən yuxarıya qalxıb. Beynəlxalq təşkilatların məcburi qərarlarını dəstəkləyənlərin göstəricisi isə 50 faizdən 66 faizə çataraq rekord vurub.
Qısa müddətdə baş verən bu artım insanlarda ümumbəşəri dəyərlərin ön plana keçdiyini göstərir. Mütəxəssislər xüsusi olaraq vurğulayırlar ki, özünü dünya vətəndaşı hesab etmək heç də doğma vətənini sevməmək və ya vətənpərvərlikdən imtina etmək demək deyil. İnsanlar həm öz ölkələrinə dərin sevgi bəsləyə, həm də eyni vaxtda bütün insanlığın rifahını düşünə bilərlər. Bu, sadəcə olaraq milli kimliyin üzərinə daha geniş və əhatəli bir qlobal kimlik qatının əlavə olunmasıdır.
Maliyyə dəstəyi vermək istəyi həmrəyliyin, sadəcə, sözdə qalmadığını göstərir. Respondentlərin 40 faizindən çoxu vergilərinin qlobal fəlakətlər və yoxsulluqla mübarizəyə xərclənməsini dəstəkləyir. Ötən il bu göstərici 35 faiz olub. İnsanların öz vəsaitlərini başqalarının çətinliklərinin azaldılmasına yönəltməyə razı olması həqiqi birliyin göstəricisidir.
Eyni zamanda ən böyük dəstək beynəlxalq qurumların səlahiyyətlərinin artırılmasına gəlib. Sorğuda iştirak edənlərin üçdəikisi, təxminən 66 faizi iqlim dəyişikliyi, ətraf mühit və təhlükəsizlik məsələlərində beynəlxalq təşkilatların məcburi qərarlar qəbul etməsini dəstəkləyib. Qərarların əleyhinə olanlar isə 10 faizdir.
Sorğunun ən maraqlı tərəfi isə müxtəlif yaş, gəlir və təhsil qrupları arasındakı müqayisələrdir. Həmrəylik meyli cəmiyyətin bütün təbəqələrində artsa da, bəzi qruplar xüsusilə önə çıxır. Ən böyük sıçrayışı Z nəslinin gəncləri edib. Onlar əvvəlki lider olan M nəslini geridə qoyaraq "ən qlobal düşüncəli nəsil" adını qazanıblar. İnternet dövründə doğulan həmin gənclər üçün sərhədlər şərtidir, onlar başqa ölkələrdəki hadisələrə dərhal reaksiya verir və tez təşkilatlanırlar. Digər diqqətçəkən məqam yaşlı nəslin mövqeyidir. Adətən mühafizəkar olan bu qrupda da qlobal həmrəyliyə dəstək kəskin artıb. Ağsaqqallar gələcək nəsillərə daha dinc planet saxlamaq üçün əməkdaşlığın vacibliyini qəbul edirlər.
Sosioloji təhlillər göstərir ki, həmrəylik dalğası bütün sosial təbəqələri əhatə edir. Məsələn, yüksək gəlirli ailələr vergilərin qlobal problemlərə xərclənməsinə ən böyük dəstəyi verirlər. Əvvəllər beynəlxalq qurumlara şübhə ilə yanaşan aşağı təhsilli qruplar da artıq qlobal qərarları müdafiə edirlər. Son siyasi və sosial proseslər də bunu təsdiqləyir.
Həmçinin 101 ölkədə keçirilən başqa bir sorğuya əsasən, çoxluq vahid dünya parlamenti ideyasını dəstəkləyir. Eyni zamanda "Artemis II" kimi beynəlxalq kosmik layihələr, Sakit okean dövlətlərinin regional icmalar yaratması və BMT-nin insan hüquqları ilə bağlı atdığı addımlar praktiki əməkdaşlığın real nümunələridir.
Beləliklə, 2026-cı ilin göstəriciləri bəşəriyyətin daha şüurlu mərhələyə qədəm qoyduğundan xəbər verir. Böhranlar içində insanların özünəqapanma əvəzinə, həmrəyliyi seçməsi böyük zəfərdir. Ağsaqqallardan tutmuş Z nəslinə qədər milyonlarla insan bu gün eyni dildə danışır. Gələcək məhz bu həmrəylik ideyasını müdafiə edən insanların əlindədir.
Təhminə VERDİYEVA,
"Azərbaycan"