Budapeşt yaxınlığında, istidən dayazlaşan Dunaydan iki Vermaxt əsgərinin və İkinci Dünya Müharibəsindən qalan bir motosikletin qalıqları tapılıb. Hazırda onların nişanlarından istifadə edərək şəxsiyyətlərini müəyyənləşdirməyə cəhd edilir.
Ölənlərin şəxsiyyətini müəyyən etmək üçün şəxsiyyət nişanlarından - jetonlardan istifadə olunur.
Alman Hərbi Məzarları Assosiasiyasının (Volksbund Deutsche Kriegsgräberfürsorge e.V.) üzvü Diana Tempel-Bornettin Euronews telekanalına verdiyi məlumata görə, İkinci Dünya Müharibəsindən sonra bir çox əsgər itkin düşmüş kimi siyahıya alınıb və heç kim onların öldüyünü və ya sağ qaldığını bilmir. Bu, 80 ildir Dunayın dibində qalıqları qalan iki əsgərə də aid idi. İndi Volksbund, macar tərəfdaşları ilə birlikdə onların şəxsiyyətini müəyyən etməyə çalışır. Onların 2026-cı ilin noyabr ayında Budapeşt yaxınlığındakı Budaörs hərbi qəbiristanlığında dəfn edilməsi planlaşdırılır.
Dunayda tapılan jetonlardan biri Vermaxt əsgərinə, digəri isə SS üzvünə məxsusdur. Lakin, bu nişanlarının tapılan iki cəsədlə əlaqəli olub-olmadığı hələ müəyyən edilməyib. Volksbund tərəfindən edilən hər hansı ilkin identifikasiya daha sonra Almaniya Federal Arxivi tərəfindən rəsmi olaraq təsdiqlənməlidir.
1945-ci ildə sovet və Rumıniya qoşunları Budapeştdə 102 gün alman və macar birləşmələrinə qarşı vuruşublar. On minlərlə əsgər və mülki şəxs həlak olub. Bu döyüşləri xatırlamaq üçün Dunaydan tapılan motosiklet sonradan muzey eksponatının bir hissəsinə çevriləcək.
Qalıqlar toplanaraq Macarıstanın ən böyük Volksbund hərbi qəbiristanlığı olan Budaörsdəki anbara daşınıb. Orada onlar təmizlənəcək, antropoloji cəhətdən təsvir ediləcək, qeydiyyata alınacaq və payızda, oktyabr ayında bu il tapılan digər əsgərlərlə birlikdə yenidən dəfn ediləcək.
Volksbund-un işi davam edir, deyə Diana Tempel-Bornett vurğulayır: "Təkcə keçmiş Sovet İttifaqında həmin müharibədən təxminən iki milyon əsgər hələ də itkin düşüb. Macarıstanın itkilərinin təxminən 54 min olduğu təxmin edilir. 1992-ci ildən bəri Macarıstanda həlak olmuş 29.956 əsgəri eksqumasiya edib yenidən dəfn etmişik."
Ən azı iki həlak olmuş əsgərin 80 ildən çox müddətdən sonra nəhayət ki, məzarı ola bilər - və bəlkə də adları baş daşı üzərində yazılacaq. Volksbund və Macarıstan Hərbi Tarix İnstitutu və Muzeyi üçün bu iş sülhün təşviqi səylərinin bir hissəsidir.
Rizvan CƏFƏROV,
"Azərbaycan"